Çimnaz Calalovadan üç şeir
Ürəyim dinc durmur da.
Şeir, şeir atır...
İki adlı şeir...
"Qurban olum"
"Darıxmağın qolları var..."
Hərdən elə istəyirəm sənə; -"Qurban olummm" -demək,
Ürəyimi yarıb, vallah köksümə basaraq sevmək,
Hərdən bir udum sərin su, hərdən ac könlümə çörək,
Kor gözümə işıq kimi, nur kimi sevirəm səni...
Niyə bu düyün açılmır, açmaq niyə bu cür çətin?
Az qalır əhvalım düşə dilinə dişinə millətin,
Sənin mənə verdiklərin, aldığın, götürdüklərin,
Ana ilə körpəsinin doğum sancısı kimidir.
Saçımdan dırnağımadək həsrətin yağıb tökülür,
Yuxularım ərşə çıxıb gözlərimin altı sokülür,
Darıxmağın qolları var, hər tərəfimə bükülür,
Elə qucaqlayır məni, sarmaşıq kolu kimidir...
19.06.23
Hüzurlu gecələr!
Bu nə işdir, ilahi! Bu nə sirri Xudadır?
Neçə qırıq üreyin harayıdır görəsən?
Gecənin yuxusunu külək hara aparır?
Kaş külək ilə birgə pencərəmi döyəsən
O ki, mənim ruhumun fəryadını qoparır!
Elə səssiz dayanıb, ele gözəl susursan...
Bu nə işdir, İlahi? Bu nə sirri Xudadır?
Sabah doğacaq günə ümidimi yıxırsan
Elə bil ki, varlığın su üstdə boş adadır.
Daha buna nə qədər dözə bilər ürəyim?
Sən ki, göz görə-görə, daş olursan ürəyim,
Mənim evim, eşiyim, şirin arzum, diləyim,
Axı niyə bu qədər ümidimi yıxırsan?
18.06.2019
Bakı
Tərpəşən metal yığını
Kirli, hündür binalar.
Havası boğazında
Tüstü-tüstü daralar.
Xəzərin sahilində
Qocalır bu aralar.
Ürəyi dərdlə dolu
Adamlardan usanar.
Necə mənə bənzəyir
Köksündəki yaralar.
Bir zamanlar sanardım xoşbəxtliyim səndədir...
Yanılmışam, Bakı!
Küsməyə adam tapmadım...
Ya adamsızlıq deyə bir carəsiz xəstəlik
işğal edib ruhumu,
Ya adamlar küsülməyəcək qədər müqəddəsdir.
Ən çox sənə və özümə küskünəm.
Qoynunda yaşamaq və ölmək istəməyəcək qədər çox...
Ey gözəlliyi başına bəla olan bir zamanlar çox sevdiyim...
05.04.23