Günel Mehridən yeni şeir

Ruhumu sevdim...
Mən özümü sevmədim ki...
Əhvalıma görə rəngdən-rəngə düşən gözlərimi çox sevdim...
Zülmətləri belə parlaq baxışlarla süzən gözlərimi...
Mən özümü sevmədim ki...
Amma əllərimi sevdim...
Balaca əllərimin böyük işlər görmək üçün mürəkkəbə bulaşan halını,
Barmaqlarımın sübhədək klaviaturada qaçıb-qaçıb yorulmağını,
Körpə saçlarına nəvazişlə toxunmağını,
Gözüyaşlı analara bərk-bərk sarılmağını sevdim...
İpə-sapa yatmayan saçlarımın küləklə rəqsini,
Günəş şəfəqləri tək üzümə yayılmağını sevdim...
Ən çılğın rəqslərdə yorulmayan ayaqlarımı,
Keçilməz yollarda, sıldırım qayalarda mənə yoldaş olduqca sevdim...
Gərgin-qızğın məqamlarda doğru kəlimələri tapıb pıçıldayan dodaqlarımı sevdim...
Mən özümü heç sevmədim ki...
Ruhumdakı ahəngi, rəngləri, burulğanları sevdim...
Amma ən çox ruhu ruhumla ucalanları,
Ruhu ruhumda qalanları sevdim...
Özümü rənglərinin axışında, sənin baxışında sevdim...