Həmidə Məhəmmədin şeirləri
İşıq varsa
Gedirəm ki, bir də gələm,
getməsən, gəlmək olmur.
ayrılığın zülmünü
çəkməsən, bilmək olmur..
İşıq varsa gözündə,
taqət qalar dizində.
təbəssümü üzündə,
əkməsən, gülmək olmur.
Müşkü ənbər qoxudu,
dil açıb, bal oxudu.
əlacımız yuxudu,
yatmasan, görmək olmur.
Hərə özündə təkdi
Çiçəklədi gilənar,
Çiçəklədi badam da.
Eh, dünyaya nə deyim,
Hal qoyur ki, adamda?!
Dərd yağır ara, çiskin,
Ruh gedib hara köçkün.
Divarlar nura küskün!
Qaranlıqdı o dam da.
Yüzündən birə çəkdi,
Göy üzü yerə çökdü.
Hərə özündə təkdi,
Mən də təkəm odamda...
Salam, necəsən?
-Salam, illərimin küskün
qadını,
necədi əhvalın, halın
necəsən?
-Sağ ol, sən necəsən,
mən hələ yenə,
elə həminkiyəm
zəhər tuluğu.
Hələ öyrəşməyib
bu kasıb ruhum,
yenə çəkə bilmir
bu yoxsulluğu.
mən yenə çox susub,
az danışıram.
yenə kəlimələr üzümə durur.
yenə o qədərdi çəkəsi dərdim
necə bacararam
gözümə durur.
yenə qucaqlayıb xatirələri
doyunca darıxmaq
keçir içimdən
məni öldürməmiş durmayacaqsan,
çəkil ay həsrətim,
çəkil içimdən !
qoy özüm özümün
qeydinə qalıb
özüm özümə,
bir gün ağlayım.
onsuzda gələcək ömrə
ümid yox,
töküb ötənləri heyy
varağlayım.
bəlkə bir təsəlli çıxar
içindən
bəlkə bir ümidə
işıq yandıra.
ya da, ya da ki,
sussam yaxşıdı!
çətin ki, bu qadın,
təsəllilərlə,
öz küskün könlünü,
alovlandıra.