Edebiyyat.az » Proza » Tahir Həsənli - Bulaq

Tahir Həsənli - Bulaq

Tahir Həsənli - Bulaq
Proza
nemət
Müəllif:
14:33, 19 fevral 2020
3 133
0
Tahir Həsənli - Bulaq

                                                             




    Dağların yüksəkliyində, dərələrin birində bir bulaq arxasını qayaya söykəyib günəşin parlaq şüaları altında bərq vurur, qürurla səslənərək axırdı. Suyu gecələr güllərə, yarpaqlara düşən şeh damlaları kimi təmiz, uca dağ zirvələrində yayda da əriməyən qar kimi soyuq idi. Qış fəslindən başqa, qalan fəsillərdə bulağın dörd bir tərəfi yaşıl xalı kimi göz oxşayırdı. Bir qədər yuxarıda, kollar, ağaclar onlara laylay deyən sərin mehin təsiri ilə beşik kimi yırğalanır, dağın döşünə qısılmış bulaq isə gecənin sərinliyində körpə kimi mışıldaya-mışıldaya sanki yuxulayırdı.

   İl yaxşı gəlmişdi. Bütün qışı xeyli qar yağmış, bulağın suyu çoxalmişdı. Həzin nəğmə oxuyan bulağın suyuna ətrafda olan quşlar, heyvanlar, hətta cücülər gəlir,bur- da özlərini sərnilədir, susuzluqlarını yatırırdılar.

 Bulaq özünü çox xoşbəxt sanırdı.

    Havalar istiləşdikcə bulağı yada salanlar, onun təmənnasız bəxşişindən istifadə edənlər çoxalırdılar. Bulağa suya gələn quşların nəğmələrindən, təbiətin gözəlliyindən vəcdə gələn heyvanlar öz xislətlərinə uyğun davranır, bulaq başında ağnayır, ətrafı bulayırdılar. Yavaş-yavaş peyin yığınlarının üstündə cürbəcür milçəklər də görünməyə başlayırdı. Ətrafda qurbağalar, siçanlar yuva qurdular. İlbiz-lərin, kərtənkələlərin sayı artırdı. Həm su, həm yem olduğu üçün ilanlar da tez-tez bulaq ətrafında hərlənirdllər. Qurbağalar, siçanlar fövqəladə vəziyyətə düşmüş kimi ilanların dincəldiyi vaxtlarda gizləndikləri yerdən çıxırdılar. Bulaq başı öz füsunkarlığını itirirdi.

 Yaranmış vəziyyət bulağı da narahat edirdi.

   Yaz gəldi, istilər yaşıllıqlara boy verdilər. Yaxınlıqdaki meşənin heyvanları da bu-lağa təşrif buyurdular. Tez-tez bulaq ətrafında məclis quruldu. Yedilər, içdilər, nərildəyib bulağın daimi sakinlərini də hürkütdülər. Meşə heyvanları arasında böyük nüfuza malik yekəpər ayı bulağın içərisinə girib fınxırdı, sonra da özünü suya basıb ayağa qaxdı və nərə çəkib donquldandı:

    --Bu ərazilər hamısı mənimdir, bu meşə də mənim babalarımdan qalıb. Bu bulaq da atamın yadigarıdır. Biz ayılar tarixən qədim və böyük bir nəsildənik. Nahaq yerə bizə Kələnsə ayıları deməyiblər. Bizim nəsildən olanlar bu dünyadan köçdükdə on-ların ruhları Böyük və Kiçik ayı bürclərində qərar tuturlar. Nəslimizin ən yaxşıları Böyük ayı bürcündədir. Ulu babalarımızın ruhları bizi hər bir təhlükədən qoruyur, bizim yerdə üstünlüyümüzü bərqərar edir. Bu gün bütün canlılar rahat yaşayıb bu nemətlərdən istifadə edirsə, deməli, bizim ulu ruhlarımıza dua etməlidirlər. Hamı-nızın şərəfli borcudur ki, mənə itaət edəsiniz.

   Qorxudan heyvanlar dinmir, ayının sözlərinə süni təbəssümlə cavab verir, razıla-şırmış kimi başlarını tərpədirdilər. Yaranmış vəziyyətdən istifadə etmək istəyən tülkülərin ağsaqqalı hiyləgərcəsinə gülümsünərək :

   -Hörmətli ayı dayı, -dedi, -biz tülkülər də öz nəsli ilə tanınan, böyük bir şəcərəyə malik tayfadanıq. Ona görə  bizi də başqalarından fərqləndirib Hənə tülküsü adlandırıblar.

    Ayı tülkünün bu çıxışına hirslənib ona elə bir qapaz ilişdirdi ki, tülkü zarıldayıb bir neçə metr irəli tullandı və geriyə baxmadan qaçdı. Bir də buralarda görünmədi.

   Meşənin öz qanunları var. Kim güclüdürsə, o haqlıdır. Hər bir canlı özündən güclüdən qorxmalıdır. Ayıdan hamı qorxduğundan susur, amma ürəklərində bu qanmazdan necə və nə vaxt qurtulacaqlarını düşünürdülər. Ayı bulağa gələnə qədər arxayın gəzən xırda canlılar da gizləndikləri yerdən yem axtarmağa, su içməyə çıxanda ayaq altında qalacaqlarından ehtiyatlanırdılar. Bulağın suyu bol olduğu vaxt aşağı axarlarda görünən xırda balıqlar da bulaq başındakı narahatlıqdan qorxaraq bu yerlərdə qala bilməyib, üzüb daha uzaqlara-dənizə getmişdilər. İndi bulağın arxlarında çömçəquyruqlar keflənirdilər. Heyvan tapdaqlarından yaranmış çuxurlarda su dayanıb axmadığından cürbəcür qurdlar da özlərinə rahat yuva tapmışdılar. Qurbağalar suda yaratdıqları örtükləri altında gizlənirdilər.Gündüzlər qorxudan səsləri çıxmadığından qaranlıq düşən kimi səs-səsə verib quruldayırdılar:                              

  -Bizi... öz yurdumuzu... tərk etməyə... vadar edirlər... 

 Yaranmış natəmizliyə, hərc-mərcliyə, nəhayət, ayı da dözməyıb donquldandı:  

     -Mədəniyyətsizlər, gör cənnət kimi yeri nə günə qoyublar? Öz davranışları ilə heyvan olduqlarını sübut edirlər.

    Bu tənədən sonra ayı bulağın başında ağnadı, qalxıb yaxındakı kolun altında peyinlədi və sərinləmək üçün meşəyə öz kahasına üz tutdu. 

   Bulağın baş verənlərə dözməkdən başqa çarəsi yox idi.

   Əfsus ki, həmişə eyni fəsil olmur. Yayın istisi çölü, çəməhi boz, sarı rənglərlə bo-yadı. Bulağın suyu da azalmağa başladı. Quraqlıq özünü göstərdikcə heyvanlar tez-tez gəlir, bulağın gözündən su içir, doyandan sonra da suyun içinə girib sərinlənir-dilər. Havalar istiləşdikcə suyun axarı boyunca olan müxtəlif cücülər, qurdlar bula-ğın gözünə sarı toplaşırdılar. Qurbağaya oxşar çömçəquyruqlar bulağın suyunun yerdən fışqıran hissəsinə soxulub gizlənirdilər. Suyu azaldığından artıq heç  səhər-lər də bulağın səsi eşidilmirdi. Yay boyu hər kəs bacardığı qədər və istədiyi kimi tə-biətdən zövq almışdı. Əzab çəkənisə təkcə bulaq idi. Əvvəlki səs-səmiri yox idi. Ət-rafın gözəlliyi də itib getmişdi. Artıq bulağın axarları bataqlığa çevrilmişdi. Bir vaxt bulağa həvəslə üz tutan canlılar indi buradan uzaqlaşır, daha münasib yer axtarırdılar.

 Bulaq yox olmaq təhlükəsilə üz-üzə qalmışdı.

   Payız gəlirdi. Bütün canlılar yağış istəkli, həsrət dolu nəzərlərlə göylərə boylanırdılar. Daha yaranmış vəziyyətə dözə bilmir, sanki imdad diləyirdilər. Bulağın düşdü-yü vəziyyətə görə elə bil göylər də qəzəblənmişdi. Tez-tez göy üzü qaralırdı. Əks qütblərdən küləyin qovaraq gətirdiyi qəzəbdən qaralmış buludlar bir yerə toplaşdılar, sanki hirslərini, hikkələrini bıldirərək guruldadılar. Yay boyu sərinləmək üçün topladıqları suları yerə endirdilər. Bir anda yer üzünü sel-su alıb getdi. Bulaq ətra-fındakı heyvanlar,quşlar qorxudan hürkmüş kimi meşələrdə gizləndilər. Gələn sel o qədər güclü idi ki, ayını da qorxutdu; nə meşə yadına düşdü, nə bulaq, nə də ki digər heyvanlar. Baş götürüb çox-çox uzaqlara, bu vaxta qədər görmədiyi, yaşama-ığı meşələrə üz tutdu.

 İri heyvanların əksərinin xisləti belədir; yaşadıqları yerin  sabahını düşünməz, harda bol yem olarsa, orda məskən salarlar.

    Qurbağaları, ilanları,siçanları, ilbizləri, qurdları, eləcə də suyun axarında olan xirda canlıları sel özü ilə yuyub apardı. Ətrafı çirkləndirən nə vardısa, sürətlə gələn sel yuyub təmizlədi. Bütün zir-zibil aşağılarda, iri gölməçələrdə toplandı. Qurbağa-lar gölməçələrdə, ilanlar düzənlikdə, siçanlar əkin yerlərində qərar tutdular. Sellə gəlmiş həşəratlar üçün gölməçələrdəki həyat daha rahat idi. Burada ekoloji baxımdan keyfiyyətsiz görünsə də hər cür yem tapmaq olardı.

 Gölməçə həyatı üçün yarananlar bulaqda yaşaya bılməzdilər.

  Sel-su yatandan sonra sanki hər tərəf göz oxşayırdı. Bulaq isə əvvəlki tək-ana qucağındakı körpə kimi –öz dilində oxuyurdu. Səhər günəş dağların arxasından yaşmaqlı gəllın kimi boylananda o, üzünə düşən günəş şüaları altında sanki gülümsəyirdi. Bulaq sevinirdi. O, təmizliyi, sakitliyi sevirdi. O, onu sevənləri, ona qarşılıq verənləri, onu dəyərləndirənləri sevirdi. 

    Qarşıdan qış gəlirdi, bir insan ömrünə bənzər il başa çatacaq, hər il olduğu kimi oxşar şəkildə təkrarlanacaqdır.    

Təbiətı qoruyan isə hər şeyi beləcə nizamlayırdı. Min illər keçsə də bunu başa düşmək istəməyənlər də öz düşüncələri ilə, öz xarakterləri ilə yenidən təzahür edirdilər. Qarın psixologiyası ilə həyatı nizamlanmış canlılar yaşamaq uğrunda mübarızə aparıb həmişə öz istəklərini hər şeydən uca tuturlar.

 Ümumin mənafeyi üçün çalışmaq  isə ali idraka məxsusdur.                                                      

                                                                                                                                      

 

 

                                                                                  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)