Edebiyyat.az » Proza » Azad Müzəffərli - Kişi qırığı

Azad Müzəffərli - Kişi qırığı

Azad Müzəffərli - Kişi qırığı
Proza
admin
Müəllif:
17:43, 13 iyul 2020
1 116
0
Azad Müzəffərli - Kişi qırığı





  İndicə doğuldum... O birilərini demirəm, mamaça elə görməmiş kimi baxır ki, guya fövqəladə nəsə olasıdır. Əlbəttə, ağlayacam, lap belə çığıracam. Nə üçün? Mən də varam, artıq mən də varam! Hələ bu dünyaya yoldaykən Tanrı baba dedi ki( elə beləcə də dedi), bacar hökmündən qalma, yoxsa qapazaltı olacaqsan. Həmişə haqqını yeyəcəklər, uf demədən üstündən də su içəçəklər... Yoxsa, bəzi sadəlövhlər də elə düşünür ki, guya uşaq dünyaya gələndə qorxudan ağlayır; vay dədə, görəsən irəlidə məni nə gözləyir? Yalandır, ağ yalan. Sadəcə, ilk nəfəsdəcə körpə bir az xam sayağı səsinin simlərinə əl gəzdirir. Ağlamaq bizə verilən ilk mükəmməl silahdır. Elə ki xətrinə dəydilər, guruldat getsin, anındaca quzuya dönəcəklər...  Şükür, yaddaşım babatdır, son doqquz ay, doqquz gün birə-bir yadımdadır. Elə bu dünyaya göz açar-açmaz Tanrı babanın xeyir-duasını da əzbərlədim: hökmlü olmaq, özünə yiyə durmaq, vəssalam!

      Mamaçanın hələ də mənə xam-xam baxışına çaşıb qalmışam. Yaxşı onu bir təhər başa düşdük, bəs, siz – doxtur müəllimə, tibb bacıları niyə gözünüzü döyürsünüz, xırda-xuruş nə işiniz var, əldən zirək olun, belə yaramaz? Niyə mənə elə baxırsınız, xeyri yoxdur, çığıracam, lap o yana da keçəcəm. Mənə təcili yemək lazımdır, yemək. Hələlik ana südü.  Axı, ağlamayana bu dünyada məmə, pəpə yoxdur, siz ki, bunu əzbər bilirsiniz. Cəld olun, məni anama çatdırın. Dediklərimi deyəsən yenə qulaq ardına vurdular, yaxşı indi görərsiniz. Bir nərə çəkdim ki, yəqinki, Koroğlunun özü də buna heyran qalardı. Hələlik mənin yeganə silahım budur, zəngulə vurmaq... Aha, necə də əl-ayağa düşdülər; “ağlama balaca, ağlama” deyərək yüyrək məni anama yetirdilər. Ağızları nədir aparmasınlar, hökmlü olmağın təməl daşı bəyirməkdir. Gərək, hələ qundaqdaykən səsini necə lazımdır başına atıb tarazlayasan ki, bir ömrə yetə...

          Valideynlərimin bircə gilə də olsun səbirləri yoxdu. Elə istəyirlər ki, tez böyüyüm. İmkan vermədilər körpəliyin ləzzətini doyunca çıxarım...

          Balama qurban inəklər,

          Bu balam haçan iməklər?

          Bizimkilər özlərinə əl qataraq zümzümə eləyib bir ucdan elə şənimə mahnılar qoşurlar. Düzü, xoşuma gəlir, canıma yağ kimi yayılır... Mən də balaca canımla borclu qalmadım, budu, bala-bala iməkləyirəm. İndi işim lap cağbacağ gedir... Dizlərim döyənək bağlasa da, elə bir şikayətim yoxdur. Bu vaxtacan bələkdə xırda-xuruş oyuncaq-moyuncaqla başımı bir təhər qatırdılarsa, indi isə istədiyim yerə qafamı soxa bilirəm. Evimizin bütün künclərinə necə lazımdır bələdəm. Ən əsası mətbəxi su yoluna döndərmişəm. Gözümə şirin gələni azcana səsimə güc verən kimi ovucuma basırlar.

         Elə ki qapının zəngi çalındı, dördnala özümü yetirirəm. Bunu əzbər bildiklərindən xam bəstəkarın simfoniyasına tuş gəlməmək üçün məni qətiyyən yaddan çıxarmırlar. Mənzilin kandarından içəri qədəmlərini basmaqları ilə yeyəcək-içəcək, satışa yenicə çıxarılan ən son model oyuncaqları  gözlərimin önündəcə yellətməli olurlar. Əksər hallarda çalışıram insaflı olum, keflərinə soğan doğramayım. Əslində bilirəm ki, mənə nəyisə sırımağın mümkünsüzlüyünü yatanda da unutmurlar. Zövqümə bələddirlər. Qabaqkılara baxmayın, indiki uşaqlar yaman şeydi, başları çıxmadığı nəmənə yoxdur. Boynuma alıram, bir az cüvəllağıyam, oyuncaqlara od qoyuram. Neyləyim, sökməsəm, sakitlik tapa bilmirəm. Elə bilirsiniz, əllərim gicişir. Əsla yox, sadəcə zamanə uşağıyam, axı, cikinə-bikinə bələd olmasam, özümə yer tapa bilmirəm.

      Ağlamaq hələ də karıma gəlir. Bu işdə bir az da püxtələşmişəm. Sinəm (ağciyərlərim) də genişlənməlidir, axı.  Körpə fəhmiylə bəmin də, zilin də məqamını babat tuturam.  Bizimkilər arada-bir xətrimə dəymək xəyalına düşəndə ustad dərsi də keçirəm; xeyri yoxdu istədiyimi qoparıram, hələ üstəlik başımı da sığallamalı olurlar. Səsimin üstündə işləməyi bir an da olsun unutmuram.  Mənimki buna bağlıdır. Avazım püxtələşib, zəngulələrim çeşidbəçeşiddir. Doğmalarımın qəlbinə ürəyimcə yol tapa bilirəm. Elə ki tərslikləri tutdu, mən də valın üzünü dəyişirəm. Həmişə axırda mən deyən olur. Qarnım toxdu, oyuncaqlarım da itətök. Başqa nə istəyim olacaq ki?! Bunu heç cür mənə çox görə bilməzlər. Ağızları nədir, vaxtında yaxşı bilməliydilər ki, bala baldan şirindir. Bu dünyada havayı heç nə yoxdu, əvəzində necə lazımdır tərləməyi bacarmalısan, onda qala ki övlad. Çaşmasınlar deyə bir gözüm sezdirmədən həmişə üstlərindədir. Axı, təşəbbüsün cilovunu qətiyyən əldən vermək olmaz. 

        Bizlərə münasibətdə böyüklərin hamısı belədir, deyəsən? Kəmhövsələ və sinədəftər. İmkan vermədilər, iməkləməyin həzzini təzəcə duyurdum ki, qulaqlarıma yeni bir kövrək avaz dəydi...

        Xırdasan, məzəsən,

        Sən hər güldən təzəsən.

        O günə qurban olum,

        Tıpbır-tıpbır gəzəsən.

       Dilimiz-ağzımız yoxdu deyə, bizi lap hərifləyiblər ey, mən ölüm. Hələ qazlayıblar demirəm, xətirlərinə dəyər. Necə olmasa, böyüklərimizdir, elimizin adət-ənənəsi var.

       Hə, budur, sözlərini yenə yerə sala bilmədim. İlk addımlarımı da atdım. Ayaqlarımı yerə basandan, vay, vay, popuşum gömgöydür, ufuldamaqdan məndə can qalmayıb. Məcburam ayaqlarım üstə möhkəm dayanım. Sizə daha bir şad xəbər də verim; yeri gəldi-gəlmədi az-az qırıldatmağa da başlamışam. Hərdən karıma gəlir, növbələşdirirəm ağlamaqla. Bəzən sözümü yerə salanda cütləşdirmək məcburiyyətində də qalıram. Əvvəlcə adam dilində deyirəm, elə ki, alınmadı, səsimi başıma atıb qara buludları toqquşdururam, ildırımları da işə salıram. Bir leysan yağdırıram ki, gəl görəsən. Pis alınmır, hələ də işə yarayır. Di gəl, boynuma alıram, o gün nə təhər cığallıq elədimsə, səbrinə yiyə dura bilmədiyindən dədəm mənə nə desə yaxşıdır? - Bəsdir, yetər, kişi ağlamaz! Ayağını yerə basdınsa, özünə yiyə dur!

     O gündən məni yamanca fikir götürüb. Elə bir yaşım olmasa da, bilirəm ki, atam mənim yaxşılığıma çalışır. Pis kişi deyil. Özümünkü olduğuna görə demirəm. Az-çox qırımına bələdəm. Di gəl, mənə ağlamağın daha şirin gəldiyi, işimə yaradığı indiki məqamda bu şakərimdən asanlıqla necə əl çəkim, bunu anışdıra bilmirəm. Bir də ki, dədəmin dediyi o kişilik nə təhər olur axı, o da hələ mənim üçün dumanlı bir nəmənədir. Özümdən böyük suallarla dueldəykən bir də baxdım ki, atamın nəzərləri mənə dikilib.  Ürəyimi oxuduğuna şübhəm yoxdu. Mən də eləmə tənbəllik, dirəndim baxışlarımla, bəlkə bir az da xırdalayasan anlamında. Başladı, nə başladı...

-      Oğul, görürəm səni fikir götürüb. Çox darıxma, hələ balacasan, möhlətin kifayət qədərdir. İlk addımlarından bəllidir, yanılmıramsa, səndən babat kişi alınacaq, məncə. Dərrakəlisən, deyiləni göydə qapırsan...

         İstədim deyəm, dədə, məni elə işə salmısan ki, daha nağıl-mağıl mənlik deyil. Keç birbaşa mətləbə.  

-      Ey mənim ciyərparəm, ömür dediyin göz yaşından başlayıb elə göz yaşıyla da bitir. İnsan müqəddəs göz yaşı ilə doğulur, körpələrin axıtdıqları göz yaşları hamısı belədir.  Bu dünyadan da göz yaşı ilə köçürsən. Həyatını düzgün qura bilənlər, qisməti ayaq üstə olanlar əzizləri ilə sevinc yaşları ilə ayrılır, gözü də arxada qalmır.  Vay bunu bacarmayanların halına, son nəfəsdə zəhər dadan göz yaşlarını yalamalı olurlar.

         Birtəhər özümə yiyə durdum. Hələ də mətləb üstə gəlməmişdi. Bəlkə də, bu dəfə mən səbirsizlik eləyirəm. Düzü, bunu ayırd eləmək mənim üçün elə də asan deyil. Amma fitil onluqdu deyə birbaşa “mustafa”ya keçməsini istəməkdə məncə haqlıyam. Deyəsən, o da nə demək istədiyimi bu dəfə göydə tutdu:

-      Oğul, kişiliyin əlifbasını evdə görüb-götürürsən. İlk imtahanı isə məhəllədə verirsən. Bu, bir növ ibtidai təhsili başa vurub orta təhsilə başlamaq üçün götürülən imtahanlara bənzəyir. Əgər, ilk imtahandan uğurla keçdinsə, deməli, kişiliyin zirvəsinə gedən yolun cığırındasan. Yadında möhkəm-möhkəm saxla, əsl kişilik doqqazdan o tərəfə başlayır. Evdə kişi olmağa nə var ki, özünküləri asıb-kəsməyi hamı bacarar. Bax, doqqazdan o yana cəmiyyətdə nə qədər sayılıb-seçilən şəxsiyyət olacaqsansa, deməli sən məhz o boydasan.

         Çatdı anlamında cubbulu kəlləmi ağırtaxta kişilər təki yellətdim. Deyəsən, döşünə yatdı. Çöhrəsinin bir az da işıqlanmasından duydum. Dədə Qorqud sayağı davam elədi:

-      Hə, gözümün işığı, indi isə lap diqqətlə qulaq as... Hazırda əsl oğul, ölkəmizin darvazasından o yana sinəsinə necə lazımdı döyməyi bacaranlardır.Yəni müstəqil bir məmləkətin vətəndaşı kimi gərək elə hayqırasan ki, səsin təkcə ölkəmizdə deyil, planetin dördbir tərəfində eşidilsin.

         Bu lap xoşuma getdi. Qığıltılı səslə işarə elədim ki, qandım.  Duruxdu. Onu başa düşürəm. Öz aləmində götür-qoy eləyir ki, deyəsən çox irəli getdim. Əl boyda körpəni indidən nataraz mətləblərlə yükləməkdə nə qədər haqlıyam. Yəqin, siz də mənim həqiqətən qandığıma bir o qədər əmin olmadınız, anlayıram. Özünüz bilərsiniz. Unutmayın ki, mən hələ yalan-palandan xəbərsiz yaşda-başdayam. Dədəm gözlərimin dərinliyindən duydu ki, dediklərinə tamarzı-tamarzı diqqət kəsilmişəm. Qaranəfəsə keçdi növbəti abzasa:

-      Oğul bala, az qala yadımdan çıxmışdı... Ən vacib məqamlardan biri də türk balası olduğunu heç bir zaman unutmamaqdır. Biz Tanrının say-seçmə bəndələrindənik. Düzdü,düşmənlərimiz də saya gəlməz. Ən yaramazlarından biri də böyrümüzə pərçimlənib, qəmiş olub bizlərə. Hayqırtımız tarixin ənginliklərindən qaynaqlanır. Çalış, buna kişi oğlu kişi kimi yiyə dur, yağı düşmənə daim sipər ol.

         Günəş odasına yönəlməkdə olsa da, hələ də al şəfəqləri ilə çöhrəmə xəfif sığal çəkməkdəydi. Təzəcə yeriməyə başlamağıma baxmayaraq bayaqdan qibləgahımla gözgözəydim. Bircə dəfə də olsun qıçlarımın səyriməsinə imkan verməmişdim, ayaqlarımın üstə bacardıqca möhkəm dayanmışdım. Axı, qarşımdakı məhz əsl məqamında mənə kişilik dərsi keçməyi mənəvi borcu bilən dədəmdi, dədəm. Bu halətimi aydınca sezən atamın köksü qürurdan dağa dönmüşdü.

       Əlimi şəstlə ona sarı uzatdım. Körpə pəncəmi doğmacasına ovucuna aldı. Gözlərimlə doqqaza işarə elədim. Deyəsən, məramımı anındaca tutdu. Özünü hər bir əmrə müntəzir əsgər kimi aparırdı, sanki mən onun yox, o mənim oğlumdur.  Bundan bir az da ürəkləndim. Etibardan sui-istifadə mənlik deyil. Qətiyyən çaşmaram. Atam mənim üçün dünyanın ən uca zirvəsidir, birmənalı. Doqqazın əlqapısını araladı. Ehmallıca başımı çölə çıxardım. Məhəllə uşaqları top qovurdular. Daravazamızdan çölə ilk qədəmlərimi basdım.

-      Salam, kişi qırığı... – küçənin o biri tayındakı  oturacaqda əyləşən nurani  babalardan biriydi, - qədəmlərin mübarək!

-      Sayam, - bacardıqca səsimin gur yerinə salmağa çalışdım.

          Xoşbəxt idim. Bunu sözlə ifadə eləməkdə acizəm. Ona görə yox ki, təzəcə dil açmışam. Axı, ayağımı çölə qoymağımla məni kişi saymışdılar, özü də kim, dünya görmüş ağsaqqallardan biri.  Başa düşürəm, bu hörmət-izzət dədəmə görəydi. Olsun. Fərli bir kişinin oğlu kimi dünyaya gəlməyin özü də ələdüşməz fürsətdi. Bu həm də kişiliyin zirvəsinə doğru sənin qismətinə düşən bəlli çığır deməkdir. Qalanı özünlükdür... Mən isə təpərimə güvənirəm. Yəqinki Tanrı da kəramətini əsirgəməz, yolum açıq olar...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)