Edebiyyat.az » Proza » AFAQ ƏBDÜLQIZI - QUŞXANƏ VƏ YA KÜTUBXANƏDƏN VİDA

AFAQ ƏBDÜLQIZI - QUŞXANƏ VƏ YA KÜTUBXANƏDƏN VİDA

AFAQ ƏBDÜLQIZI - QUŞXANƏ VƏ YA KÜTUBXANƏDƏN VİDA
Proza
admin
Müəllif:
23:15, 29 avqust 2020
1 787
1
AFAQ ƏBDÜLQIZI - QUŞXANƏ VƏ YA KÜTUBXANƏDƏN VİDA

                                                       

 

                                                                

     Əclaflar! Elə bildilər ki, aldatdılar, fikirlərinin çirkabına buladılar, girdaba batırdılar məni... Fikirləşdilər ki, başımı aldada bildilər,  mən də vəziyyətlə barışıb oturmuşam. Ha-ha! 

     Bəlkə də indi yuxuda olduğumu zənn edirlər. Mən isə burada, dörd divarın arasında təkliyim, illah da  tənhalığımla bərabərəm. Əsla aldanmamışam, amma halım yaxşı deyil, hərarətim var, elə bil ki, “ Nesonun daş hamamı”ndayam. İstilikdən burnum, ağzım,bədənim nəfəs almır, ən qəribəsi də budur ki, odlu-alovlu qızdırmanın içində üşüyürəm. Bir yandan da öskürək lap nəfəsimi kəsir.  Tərləyirəm, qalın yorğanın altında yavaş-yavaş zəiflik hiss edirəm. Deyəsən, bədənim azacıq soyumağa başlayır, lap az, dediyimdən də, deyə bildiyimdən də az, gücdən düşürəm.

      Ayağa qalxıb yerimək istədim, amma başımı qaldıranda gözlərim qaraldı, bədənim əsdi, yenidən yataqda düşüb-qaldım. Çarəsizliyin nə olduğunu belə vaxtlarda yaxşı başa düşürsən. Əla dərs alırsan, qanmadıqlarını da qanırsan...  Amma heç qanm aq da asan iş deyil, ya da hər kəsin işi deyil.

     ... Onlardan qaçmışam. Elə bil hərəsi bir tərəfdən tor hörürdü, hiylə toru. Dəli deyiləm, yox, danışanda  əllərini elə ölçürdülər ki, barmaqları ilə havada çəkdikləri cızıqların tor olduğuna şəkk-şübhəm qalmırdı.  Gözlərimi o mənfur torun iplərinə zilləyib durmuşdum. 

Aralarından kimsə ilan kimi zəhər atır havaya, birisi şərləyib-böhtanlayır, o biri – boyca hamıdan uzun      olan gözümdən pərdə asırdı ki, toru görməyim. Heç danışmayan, bayaqdan ağzına su alıb dayanan isə bütün bu baş verənləri seyr edib, həzz alırdı. Məni elə o zəhərli hava bu kökə saldı, dərmanlarımı da  içə bilməmişdim. Həkim hər dəfə ay deyir, ay tapşırır, ay qorxu salır canıma, “yaxşı”deyirəm, “baş üstə” deyirəm, nolsun?! Onlar, o əclaflar dəvalarıma da əl qoydular...

      Qaçıb güclə yaxamı əllərindən qurtara bildim. İndi bu dörd divarın arasında, həm də tavanın altında, hə, hə, əlbəttə ki, tavanın altında özümü amanda hiss edirəm. Həm də heç bir təhlükə, məni qorxudan heç nə yoxdur burada. Onların gözlərinin içindən gözlərimin içinə dik-dik, abırsızcasına boylanan şeytandan qorxmuşam. Gah yalandan üzümə gülən, gah da qəsdinin nə olduğunu bildiyim üçün mənə kin bəsləyən şeytandan... Elə baxırdı ki, bütün bədənim ürpərirdi.

     Bu daxma babamın quşxanəsi olub. Quşxana yox aa, quşxanə. Qəfəslərin içində əzizləyib, yemlədiyi nəğməkar quşların səsləri hopub divarlara. Rəhmətlik həm də kütubxanəsini yerlədirmişdi buraya. Əlbəttə ki, kitabxana deyil, kütubxanə... Quşxanəni quşxanadan, kütubxanəni də kitabxanadan ayıran çox mətləblər var, əfsus ki, indi onlardan söz açmağa, bu kəlmələrin  haqqında uzun-uzadı danışmağa taqətim qalmayıb. Halsızam, həm də acam. 

     Bayaqdan “bədənim azacıq soyuyur” deməklə, qürurumun son işartılarına sığınmaq, möhkəm bir istinad tapıb ayağa qalxacaq qədər güclü olduğumu beynimə yedirtmək istəyirdim, amma... Halım fənadır, ürəyim çırpınır, başım ağırlaşır. Özüm ağır, ruhum ağır, əfkarım ağır, əfkarımın yükü də ağır...

     Amma hər dəfə “bu sondur, bitdi” deyəndə, elə həmin nöqtədə dəyişirdi vəziyyət. Deyəsən, indi başqadır məsələ... Ah, əclaflar, heç eybi yoxdur, sabah, birisi gün, ya bəlkə də iki il, beş il sonra məğlub olacaqlar. Bu qədər ağrının, hərarətin içində bir şeydən möhkəm həzz alıram. Çünki doğrudan da onlar elə fikirləşdilər ki, məni aldatdılar...

      Bir gün feillərinə özlərinin  düşəcəyini bilirəm. Heyif, gözləyə bilmirəm, həm də nə yaxşı ki, gözləyə bilmirəm...

     Oh, bir fincan isti çay olsaydı, limonlu, ləzzət verərdi, heç yaxınlaşmaqda olan Əzrayılın əlindən qurtulmaq istəməzdim. Onu da çaya qonaq edərdim, deyərdim ona ki, gəl çay iç, başa düş ki, aləmdə sənin işindən maraqlı zövqi-səfalar var. Sonra canımı al nə qədər istəsən... 

     Ölümə qənşər bir çay, isti, limonlu, heç pis olmazdı. Ha, ha, əclaflar, çox istədiyim o çayı içə bilməsəm də, zaval yoxdur, aldanmadım, yoldan çıxmadım, şərt bu idi... Niyə?! Çünki ölümdən o yana heç nə qalmır! Heç nə!... O “heç nə” ki, ömür boyu istinadım olub. Hə, həmin o “heç nə”!

     Sabah necə rəzil, gülünc olduqlarını başa düşəcəklər, ya da heç vaxt anlamayacaqlar. Amma... Ammaya gəlincə,  quşxanə ilə quşxananın, kütubxanə ilə də kitabxananın fərqini qanmaq gərək. Qana-qana da ölümdən qabaq limonlu,  isti çay istəmək və ona tamarzı qalmaq hissini yaşamaq...

 

 

 

 

                                                                                                                                               

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)