Edebiyyat.az » Proza » Elvin Rizvangil - Tabut növbəsi

Elvin Rizvangil - Tabut növbəsi

Elvin Rizvangil - Tabut növbəsi
Proza
admin
Müəllif:
08:38, 08 dekabr 2020
1 881
0
Elvin Rizvangil - Tabut növbəsi



            Yeddi yaşımı yenicə qeyd etmişdik. Bir gün atam işdən kefsiz halda gəldi. Anam səbəbini soruşdu, demədi. Anam masanın üstünə boşqabları düzə-düzə bir də soruşdu:
 İlqar, sən canı, nə olub? Niyə bikefsən? Əgər işə görə narahatsansa, fikir eləmə, ali təhsilli mühəndissən. Əlin də ki, maşallah, qızıl... Əlindən gəlməyən bir iş yoxdur. Allah böyükdür, kim ac qalıb?! Hamının süfrəsinə qoyub övnəsini savmağa bir tikə çörəyi var. İş tapa bilməsən də, maşının var. Elə burda taksi dayansan, dolanışığımız çıxar. Mən də işləyirəm.Vallah,  fikir eləmə, ölkəmiz çətin sınaqlardan keçir. 
Bir neçə gün öncə atam demişdi ki, işlədikləri idarə bağlanır. İdarə əməkdaşlıq etdiyi İtiffaq ölkələrin müstəqillik qazanmasından sonra bu respublikalarla yeni sazişlər bağlamamış, yeni iş olmadığı üçün bir müddətlik fəaliyyətini dayandırmaq, işçiləri qeyri-müəyyən vaxta qədər öz hesabına məzuniyyətə buraxmaq qərarına gəlmişdi. Atam bir siqaret yandırıb gözləri dolmuş halda:
 İsmətgili vurublar  dedi. 
 Necə yəni vurublar? Dünən vertolyotla Ermənistana uçmayıblar? 
Vertalyotu vurublar, hamısı şəhid olub. 
Evimizə ani bir sükut çökdü. Əlbbəttə, mən onda söhbətin kimdən getdiyini bilmirdim. Çox sonralar öyrəndim ki, İsmət Qayıbov, Zülfü Hacıyev, Alı Mustafayev, Məhəmməd Əsədov və vertolyotda uçan digər siyasi və ictimai xadimlərdən gedirdi.
                Bu hadisədən bir həftə sonra atamı müharibəyə apardılar. Atam maşınını satıb pulunu anama vermişdi ki, korluq çəkməyək. 
Artıq atamın müharibəyə getməyindən xeyli vaxt keçmişdi. Məhəlləmizdə 12 fin evi var idi. Bu küçədən an azı 12 nəfər müharibəyə getmişdi. 
Müharibə, məncə, ən çox uşaqlara zərbə vurur. Atası döyüşən uşaq ömrünün ən gözəl illərini atasız keçirir. Hələ atanın geri qayıtmamağı və yaxşı halda şikəst qayıtmağı... Güllə yarası almasa belə, aldığı psixoloji zərbələr, keçirdiyi sarsıntılar bu uşaqları ata nəvazişindən məhrum edir.
Müharibəyə gedən atalarımız qayıdırdı artıq. Ancaq bayrağa bükülü taxta qutuda.
        Artıq hər kəs alışmışdı: küçəyə hərbi maşın daxil olanda hamı qapısının ağzına çıxır, cəhbədən gələn "sovqatı" qarşılayırdılar. Çörək növbəsinə bir növbə də əlavə olunmuşdu   tabut növbəsi. Sanki bu insanlar öz növbələrini bilirdilər: Bu gün tabut növbəsi Sevil xalagilin idi, ancaq cəhbədən sovqat Əsmər xalagilə gəldi. Eldar əmi Əkbər əminin növbəsinə girmişdi. 
Heç yadımdan çıxmaz: bir gün məhəlləmizə hərbi maşın girəndə yenə hamı qapısının ağzına çıxdı, "güllə püşkü"nün kimin bəxtinə düşdüyünü səbirsizliklə gözləyirdilər. Şükufə arvadgilin darvazasının ağzından keçib o biri evin qapısına çatanda heç kim görməsin deyə  qoynunda  cəmləşdirdiyi əllərini azca qaldırıb şükür etdi. Həmin gün "püşk" Səlim əmiyə düşmüşdü. Şər qarışırdı, sanki allah pərdəni bağlayıb bugünki seansı bitirirdi. Ancaq bizim küçə üçün seans davam edirdi. Hətta yeni başlamışdı desəm, yalan olmaz. Maşın Səlim əmigilin qapısının ağzında dayandı. Maşından bir hərbi geyimli kişi düşdü. Səlim əminin qızı "Ata... ata..." deyib kişinin üstünə qaçdı. Bəlkə dünya kino sənətində hələ elə bir səhnə çəkilməyib.Hamının qanı donmuşdu. Qız kişiyə çatanda ayaq saxladı,durub kişinin üzünə baxdı. "Atam hanı?" soruşdu. Ağlaşma, vay-şüvən qopdu. Leyla hələ də "Əmi, atam hanı? Niyə düşmür maşından?" deyib qışqırırdı. Hamı ağlayırdı... Səlim əmiyə deyil, qızı Leylaya...Kişi əlinin dalı ilə gözünün yaşını silib, Səlim əminin qardaşına işarə etdi ki, qızı buradan uzaqlaşdırsınlar. Tabutu düşürdülər.
Məhəllə qadınları cəhbədən "sovqatlar"ını gətirən bu çaparlara yüngül qəlyanaltı hazırladılar. Evə dəvət etsələr də, qəbul  etmədilər.                        Əmin-amanlıq vaxtı məhəllənin kişilərinin asuda vaxtlarında nərd, domino oynamaq üçün düzəltdikləri bisetkada əyləşdilər. Mən də yanlarına getdim. Birdən cavan zabit üzünü bayaqdan siqareti-siqaretin közünə calayan, qismən yaşlı zabitə çevirib:
 Komandir, bilirsən mənə təsir edən nədir? Hər dəfə şəhid dostlarımızın nəşini evlərinə gətirəndə ata-anasının gözündəki "Niyə sən yox, mənim oğlum...?", bacısının gözündə "Niyə sən deyil, mənim qardaşım..?", yoldaşının gözündə "Niyə sənin arvadın yox, mən dul qaldım?", uşaqlarının gözündə "Niyə sənin uşaqların yox, mən yetim qaldım?" - suallardır. Öz atamın, anamın, arvadımın, uşağımın üzünə baxa bilmirəm. Lənətə gəlsin bu müharibə. O qız məni atası bildi, üstümə qaçdı. Sonra məndən atasını istədi. Mən onun atasını gətirmişdim. Ancaq  tabutda...
Bu məhəlləyə cəmi üç nəfər qayıtdı cəhbədən. Ənvərin atasının sol ayağı, mənim atamın sağ ayağı, Şükufə arvadın oğlu Qəzənfərin isə bir gözü yox idi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)