Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - NOÇUYEV TAKTİKASI (hekayə)

AZAD QARADƏRƏLİ - NOÇUYEV TAKTİKASI (hekayə)

AZAD QARADƏRƏLİ - NOÇUYEV TAKTİKASI (hekayə)
Proza
admin
Müəllif:
19:02, 08 dekabr 2020
1 487
0
AZAD QARADƏRƏLİ - NOÇUYEV TAKTİKASI (hekayə)





                Şəhid zabit, tabor komandiri Surxay Noçuyevin xatirəsinə



    Atanın əlləri danışır. Titrəyən barmaqları sızıldasa da, onlara zillənmiş gözləri o sızıltını udur. Mən onun səsini səs kimi deyil, tökülən nahaqq qanın istiliyindən qalxan buğ kimi canıma çəkirəm...
    “Uşaq vaxtı o, köynəyinin bütün düymələrini düymələyər, ayaqqabısının bağını tam bağlayar, yatağını özü yığışdırar, yeriyəndə şax yeriyərdi. Hətta oxuduğu məktəbdə də ona “əsgər” deyirmiş yoldaşları. Qaraqabaq, az danışan, sərt baxışları vardı. Oğlum olsa da, sonralar həqiqətən zabit olanda mən özüm də ondan çəkinirdim... Mən elə bilirdim ki...”
              (Kövrəlir... )
    ...”elə bilirdim ki, əsgərlərinə qarşı da sərtdir... hərdən görəndə istəyirdim deyəm ki, ay oğul, eşidirəm ki, bəzi zabitlər əsgərlərə qarşı çox sərt olurlar... nə olar əsgər olanda, onun da anası var, çox zilə çıxma... amma... belə deyilmiş... əsgəri çox istəy... bircə buna qulaq asın...”
    Telefonunu çıxardıb nəsə axtarır. Boğuq səslə kimsə danışır.
    “...əmi, sənin qadanı alım... o, başqa oğlan idi... burda, bilirsən də set yox idi, neçə gün evlə əlaqə saxlaya bilmirdik... bizimlə elə rəftar edirdi ki... nə deyim vallah... cavan yaşında hamımıza ata, böyük qardaş kimi idi... mənə baş leytenant rütbəsi verilmişdi... taborun önündə məni necə təbrik elədi, necə təbrik elədi!.. sonra gözləmədiyim halda qucaqlayıb öpdü məni...”
    Səs qırılır. Elə bilirəm, bitdi danışıq... Amma bitməyibmiş... Səs xırıltılı olsa da, özünə gəlib davam edir.
    “...həmişə acıqlı olardı... hirsli... bir neçə günə Şuşaya yola düşəcəkdik... Taborun önündə necə çıxış elədi, necə çıxış elədi... barmağını bizə tuşlayıb qəzəblə dedi: ”İllərdir biz dünya xalqlarının yanında başı aşağıyıq. 30 ildir torpağımız erməni quldurlarının tapdağındadır! Bir milyondan çox insanımız qaçqın-köçkündür. Mən, qarabağlı olduğuma görə demirəm, bu gün onsuz da hamımız – on milyonluq Azərbaycan türkü də, əlli milyonluq dünya azərbaycanlıları da qarabağlıdır!.. Sizi bilmirəm, hər il 26 fefralda mən bəlkə neçə dəfə ölüb-dirilirəm! Qisas gününü gözləyirəm!.. Biz axı əsgərik, Vətəni dardan qurtara bilərik!.. İndiyə qədər belə bir imkanımız yox idi, amma indi cənab ali baş komandan bu imkanı bizə yaratdı! Bax, önümüzdə üç yol var: ya şəhid olacaqsan, ya qazi olacaqsan... ya da qalib!.. mən çox istəyirəm ki, hamımız qazi və qalib olaq... amma bilirsiniz ki, bunların ikisindən də uca şəhidlik zirvəsi var! Kimə qismət olacaq, bilmək olmaz... amma sizdən xahiş edirəm, son dərəcə diqqətli olun! Bu həm də əmrdir! Ölmək olmaz! Şuşanı götürmədən heç kimə ölməyə icazə vermirəm!...” 
    Telefonda səs bir daha kəsilir. Mən yenə elə bilirəm ki, danışıq bitdi. Kişi işarə edir ki, bitməyib. Və bayaqkı səs yenidən özünü toplayıb bu dəfə bir qədər şövqlə davam edir.
    “...sonra elə açıq havada, dağın dibində alaqaranlıqda dizimizin üstündə yemək yeməyə başladıq... “möhkəm yeyin” dedi komandir... “bəlkə bu bizim rahat yeyəcəyimiz son yeməyimizdir... bir də Şuşada yeyəcəyik, inşallah... bax, uşaqlar, mən sizin komandirinizəm, amma burada həm də biz sizinlə bir ailə kimiyik... baxın, set də yoxdur ki, evnən danışaq... bu da bəlkə taleyin qismətidir, bizi daha da yaxınlaşdırdı... bir-birimizə həyan etdi... bir: çalışın vurulmayın; iki: vuruldunuz, ən yaxınlığınızdakı yoldaşınıza xəbər verin ki, sizi qoyub getməsin; üç: vurulan yoldaşınızı, yaxud şəhid olan qardaşımızı qəti qoyub getmək olmaz...”
    Səs yenə qəfil qırılır. Fikirləşirəm ki, daha bu dəfə qurtardı. Kişi işarə edir ki, yox, hələ var. Tez dillənir: ”Doqquz dəqiqədir. Hələ var.”
    “...əmi, bilmirəm, xəbərin var, ya yox, indi bizim hərb elmində “Noçuyev taktikası” deyilən bir taktika var... biz Füzulidən Zəngilana, ordan Qubadlıya, ordan da Şuşaya qədər döyüş yolu keçəndə yarandı o taktika... taktikanın iki istiqaməti vardı: birincisi, atışın sərrast olmalıdır; çalışıb ilk güllədə düşməni vurmalısan ki, o qayıdıb səni vurmağa macal tapmasın... ikincisi, özünü və ətrafını qorumalısan... yəni şəxsi heyətin bir-birini mühafizə etməsi...”
    Kişi telefonun düyməsini basır. Atanın nə hala düşdüyünü görmək üçün üzünə baxmağa cəsarət etmirəm. Danışan “barmaqlar” isə deyir ki, onun hələ deyiləsi çox sözü var. 
    “Oğlum bu taktikanın ikisinə də son nəfəsində belə əməl edib... Daşaltını alıb sıldırım qayalıqla Şuşaya qalxanda bir yaralını, şəhidi qoyub getməyiblər - əsgərləri, zabit yoldaşları danışırdılar... düşmənin səngərinə girəndə də döyüşçüləri ilə əldə süngü düşmənlə əlbəyaxa öndə döyüşüb. Şuşanın girəcəyində isə bir işıq dirəyinin arxasında daldalanaraq düşmənə aramsız atəş açıb, hücuma keçən əsgərlərini qoruyub... və... elə ... orda da vurulub... Son nəfəsdə də oğlum öz taktikasına əməl edib...”
    Kişi bir də düyməni basır. Bayaqkı səs bu dəfə hüznlə davam edir...
    “...kanatlarla qalxırdıq dağdan... inanmazsınız, komandir yenə öndə idi... qanımız donmuşdu, ya nə idi, əlimizi, ayağımızı hiss etmirdik... bir onu bilirdik ki, biz Şuşanı almağa gedirik... getdik də, aldıq da... düşmən səngərində əlbəyaxa döyüşdük, bıçaqla, süngü ilə qırdıq onları, 30 ilin qisasını aldıq düşməndən... amma komandirimiz yarıyolda vuruldu, Şuşanın tam azad olunmasını görmədi... müharibənin bitməsinə bir gün, yox, yarım gün qalmış... əmi, sən bir şeyə əmin ol: Surxay komutan şəhidliyi ilə də bizə nümunə oldu... biz hamımız sizin oğlunuzuq, biləsiniz... əmi, biləsən ki, hamımız şəhid olmağa hazır idik... Polad paşanın yanında dəfn olunmağı kim istəməz ...”
    Səs qırıldı və hiss olundu ki, daha danışa bilməyəcək...
    Heç mənim də dinləməyə gücüm qalmamışdı. Eşitdiyimi hiss etmirdim. Anlamırdım... Yaxşı ki, ata mövzunu dəyişdi...
    “Surxay Naxçivanski adına hərbi məktəbə oxumağa gedəndə mən soruşdum ki, ay oğul, sən özünü  hərbçi olmağa hazır bilirsən?”
    Uşaq olsa da çox ağıllı cavab vermişdi onda:
    “Ata, döyüşçünün gərək qardaşı olsun ki, arxada gözü qalmasın... Allaha şükür, qardaşım var, mən şəhid olsam, o nəslimizi davam etdirəcək... ailəmizə baxacaq...”
    ...Ata özünü tox tutmağa çalışsa da olmur, səsi qırılır. Elə o qırıq səslə də deyir:
    “Bir oğlu, bir qızı qaldı... Təskinliyim o uşaqlardı... Amma... Qızı doğulandan sonra heç üzünü görmədi...”
    Qırıq qəlbin qırıq fəryadı duyulur son cümlələrdən. Amma zabit oğlunun bundan xoşlanmayacağını fikirləşirmi, ya qalib şəhidin oğlu oğlduğumu gəlir ağlın... qəddini düzəldir. Səsi də yerinə qayıdır.
    “...Vallah çox fəxr eliyirəm oğlumla... Birincisi Zəngilanımızı, Məmmədbəylimizi almışdı taboruynan, ikincisi Qarabağa qanını tökmüşdü... Bu, asan iş deyil e!.. Qarabağın qara sinəsinə qırmızı şəhid qanı çilənməliydi ki, oralara həyat gəlsin... Mən indi ailəmlə ora rahat qayıda biləcəm... Surxayın getdiyi yolla... Vətən sağ olsun...”

                    ***

     Özümdə deyiləm. Şəhid zabitin atasıyla söhbət içimi yaralayıb. Sonda “Vətən sağ olsun” sözü məlhəm kimi gəldi, amma yara yaradır. Hələ qanı qurumayan yara...
    -Əsgər paltarında bir qaragöz oğlan qapını döydü. Müəllimə heyva gətirmişəm dedi. Tək bircə bu heyvanı verib getmək istəyəirdi, dedim, “a bala, nə heyasıdı belə, sən kimsən, hardan gəlmisən?” Gülümsünüb dedi ki, deyərsiniz bir əsgər gəlmişdi... Zəngilannan... Elə heyva da oranındı... Tağım yoldaşlarım dedilər ki, müəllimə verərsən... – Xanımım bir az heyrət, bir az da fəxrlə mənə baxıb masaya qoyduğu meyvə qabındakı tək heyvanı göstərir...
    Bütün günü bu cənnət ətrli heyvanın başına fırlanıram. Əlimlə tumarlayıram. Qoxlayıram. Gözlərimə sürtürəm. Ovqatım xeyli yaxşılaşıb. Gümraham...
            Sonra xəbər qonum-qonşuya da çatır və mənimçün yurd ərmağanı olan meyvəni kəsəsi oluruq. On dilim... Ən kiçiyi və sonuncu dilimi mənə düşür
            Hamı yeyib “bəh-bəh” desə də, mən yeməmişəm... 
    Hər gün bir az yan-yörəsi qaralan, böyür-başına burnu qırmızısov nünülər yığılan, amma hələ də ətrini itirməyən o dilimə baxır, baxıram...
    O əsgəri isə tanıyan-bilən olmadı. Nə bilim, bəlkə Noçuyevin əsgərlərindən idi?

            SON

    Bu yazı bitdi. Amma bitməyən bir soru qaldı dilimin ucunda.
            “Əcaba, bu nəslin adı niyə Noçuyevmiş?..” 
    Bir neçə gün bu sualı ürəyimdə gəzdirdim. Axırı özümü toplayıb şəhid zabitimizin atası Əbdül kişidən telefonla soruşası oldum. Sağ olsun, anlayışla qarşıladı.
    “Sovet hökümətinin zədəsidir. Əslində soyadımız Ocaqov imiş. Sovet höküməti gələndə, bilmirəm bizimkilər qorxublar, ya hökümət adamları tələb ediblər, dəyişib eləyiblər Ocuyev... Bu da dəyişikliyə uğrayıb zaman-zaman olub indiki kimi Noçuyev...”
    Belə...Heç bir məna kəsb etməyən Noçuyev soyadına Surxay komutan yeni məna, yeni çalar gətirdi. İndi bu soyad bir nəslin, bir elin qürur mənbəyi, fəxarət yeridir.

                                        06.12.2020.    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)