Edebiyyat.az » Proza » Azad Qaradərəli - Körpə "əsir"(hekayə)

Azad Qaradərəli - Körpə "əsir"(hekayə)

Azad Qaradərəli - Körpə "əsir"(hekayə)
Proza
admin
Müəllif:
08:01, 09 yanvar 2021
1 135
0
Azad Qaradərəli - Körpə "əsir"(hekayə)









                                                 Vətən Müharibəsi qazisi  Orxan Məmmədzadəyə          

   Top səsi dağların damarını qırıb keçirdi. Bu səs kəsilən kimi pulemyotlar, avtomatlar işə düşür, digər səsləri susdururdu. Quşlar, heyvanlar da səslərini içinə çəkib bu qorxunc səsləri dinləyirdilər.     İldırım da çaxmırdı, su da çağlamırdı. Arılar, kəpənəklər də səslərini udmuşdular.     Yoxmuş dünyada ayrı səs. Müharibə maşını hər şeyin ağası olaraq digər səsləri batırmış, yeganə qalib kimi ərşi-kürşü lərzəyə salmışdı.     İşğalçı ordunun əsgərləri geri qaçdıqca daha da vəhşiləşir, döyüş meydanından uzaqda yerləşən, yalnız dinc insanlar yaşayan şəhərləri raket atəşinə tutur, qan üstünə qan calayır, daha çox qırğın törətməyə çalışırdılar. Azadlıq ordusu isə qarşı tərəfdə düşmən ordusu olsa belə, yaşayış yerlərinə zərbə endirmirdi.     İntiqam qaçan düşmənin qoyub getdiyi ərazilərdə rastlaşdığı mənzərədən çox sarsılmışdı.     Bir gün onlar azad etdikləri kənddə qarı-qocaya rast gəlmişdilər. İntiqam Xocalıdan çıxdıqları gecəni yadına salıb avtomatı çevirmək, bu qoca erməniləri güllələmək istədi. O, köməksiz insanların gözlərinə baxıb, bir anlıq dayanmış, gözləri ilə aman diləyən, yalvaran köməksiz qocaların imdadına dayana bilməmiş, avtomatı aşağı salmış, ermənilərin qoyub qaçdığı bu ahıl insanlara kömək etmək üçün qollarından tutub bayıra çıxarmış, maşına mindirərək arxa cəbhəyə yola salmışdı.     (İntiqam 1992-ci il fefralın 30-da meşədə, qarın üstündə doğulmuşdu. Uşaq sağ olsa da, neçə gün piyada, ayaqyalın, başıaçıq yol gələn zahı ananı xilas etmək mümkün olmamışdı. Elə oradaca birtəhər torpağı qazıb ananı dəfn etmiş, təzədən yola çıxmışdılar. Bu vaxt ermənilər onları yenidən gülləyə tutmuş, yeni doğulan körpə qolundan yara almışdı... Nənəsinin əlləri üstdə böyüyüyən uşağa İntiqam adını da buna görə qoymuşdular... Və İntiqam orta məktəbi beşlə bitirsə də, başqa universitetə deyil, hərbi ali məktəbə vermişdi sənədlərini. Zabit olmaq, ailəsinin, şəhərinin və xalqının intiqamını almaq üçün seçmişdi bu yolu... Müharibə başlayandan öz əsgərləri ilə öndə döyüşən gənc zabit, əslində intiqamını  almış, çoxlu sayda düşmən əsgərini, zabitini məhv etmiş, xeyli sayda əsir də götürmüşdü. Və budur, tale onu belə səhnə ilə də qarşılaşdırdı. Amma onun bu erməni qocalarını öldürməyə əli qalxmadı...)     Kişinin vəziyyəti çox ağır idi, qarı isə hələ canısuluydu. Yaşlı qadın başını maşının pəncərəsindən çıxardıb təmiz Azərbaycan türkcəsində demişdi:     -Mən sizə minnətdaram, əsgər...     Ən dəhşətlisi isə o idi ki, qocaları bizimkilər dərhal Gürcüstan sərhəd-keçid məntəqəsinə çatdıraraq erməni tərəfə onları aparmaq üçün çağırış etsə də, günlərlə qocalara sahib çıxan olmamış, onları aparmaq istəməmişdilər. Nəticədə, qoca kişi vəfat etmiş, qarını isə, nəhayət ki, gəlib aparmışdılar.     Elə səhəri gün İrəvandakı hosbitalların birində erməni müxbirlərə müsahibə verən erməni qarı türklərin onları döydüyünü, incitdiyini bildirmişdi...     İntiqam və yoldaşları bu videonu görüb sarsılmışdılar...                     ***     Qarşıdakı kəndə hücum zamanı artileriyadan istifadə etmədilər. Çünki kənddə hələ də yaşayış vardı və bəlkə də adamların bir çoxu yetirib çıxıb gedə bilməmişdilər. Artileriyanın iştirakı olmadan hücuma keçmək bizimkilərə baha başa gələ bilərdi. Amma qərar verilmişdi. Günortaya doğru hücum olmalıydı.     Yarım saat əvvəl İntiqamgilin dəstəsi artıq düşmən postlarına girmiş, əlbəyaxa döyüş başlamışdı. Bizimkilər düşmənin qısa çəkən müqavimətini qırıb onları əlbəyaxa döyüşdə məğlub etdikdən sonra dayanmadan irəli cumurdular. Artileriyanın atəşi olmadan piyadaların qəfil hücumu düşməni çaşdırmışdı. Belə qəfil  hərəkəti gözləməyən erməni əsgərləri hər şeyi atıb qaçırdılar. Amma bir çoxu buna da nail ola bilmədilər. Səngərlərə doluşan baş leytenant İntiqamın taqımı əlbəyaxa süngü davasına keçərək rəqibin yarıdan çoxunu qırdı. Bəziləri əlini qaldırıb təslim oldu, bəziləri isə qaçıb canını qurtara bildi.     Artıq azad edilmiş sayılan kəndin girəcəyində görünən inəklər, qoyun-keçilər və donuz sürüləri atəş səslərindən ora-bura qaçışırdılar. Bir köhnə evin yanından keçəndə qulağı uşaq səsi aldı. Əvvəl elə bildi qulağı səsə düşüb. Amma yox, səs dayanmadan eşidilir, onu irəli getməyə qoymurdu.     (Elə bu dar macalda oxuduğu bir romandan* səhnə yadına düşdü. Keçən əsrin 90-cı illərində o vaxt adına AZİ dedikləri ali məktəbin həyətində yeni doğulmuş zənci uşaq tapırlar. Bu institutun hansısa əcnəbi tələbəsinin doğub atdığı körpəni uşaq evinə verirlər. Uşağa nə qədər süd, süni yemək versələr də, o kəsib-kirimir, zar-zar ağlayır, səsi bütün internatı başına götürür. Burada işə düzəlmiş qaçqın bir müəllimə, hansı ki, uşaqları ermənilər tərəfindən öldürülmüş, özü isə erməni əsirliyindən yenicə qayıtmışdı, uşağı alıb neçə il əvvəl qurumuş döşlərinə salır... üzünü allaha tutub yalvarır və bir qədər sonra möcüzə baş verir: qadının döşlərinə süd enir, körpə əmib kiriyir...)     Gənc zabit oxuduğu romanın o zillətli səhifəsinin qəfil yadına düşməsini, indi qulağına gələn çağa səsini bir əlamət kimi qəbul etdi. Apardıqları savaşın başından bəri əsl azadlıq savaşı olduğunu, hələ bir sivil insana, adi canlıya belə zərər vermədiklərini gözü önünə gətirərək bu çağa  səsi ilə tanrının onu yeni missiya üçün hazırladığını düşümüb ayaq saxladı. Taybatay açıq olan taxta darvazadan içəri boylandı. Həyətdə kimsə gözə dəymirdi. Güllələnmiş beş-altı ev donuzunun isti qanı axıb həyətdə göllənməkdə idi. O birilər ölsə də, ombasından güllə dəyən kiçik çoşka hələ də çabalayır, zarıyırdı. “Alçaqlar!.. Günahsız heyvanı belə göz qırpmadan güllələyirlər... Guya bizə qalsa, özləri kimi murdar donuz yeyəsiyik... Səs də bu çoşkanınkıymış... necə də uşaq kimi zarıyırdı... Deyirəm axı, erməni olanda nə olar, bu qədər qansızlıq etməzlər... Uşağı qoyub getməz...”     Çağa səsi bu dəfə daha yaxından və daha bərkdən eşidildi. Çoşka isə çabalayıb ölmüş, səsi kəsilmişdi. “Demək, bunun səsi deyilmiş...”             Ayağının altına baxa-baxa həyətə girdi. Səsin bu evdən gəldiyini dəqiqləşdirdi, evin qapısını təpiklə vurub açdı, dərhal divara tərəf  tullandı ki, birdən qapıya qumbara-filan bağlanmış olar. Açıq qapıdan içəri boylananda gözlərinə inanmadı: körpə uşaq bələkdə çığırırdı!..     Ayağını ehtiyatla qoya-qoya çarpayıdakı çağaya yaxınlaşdı. Ağlamaqdan üzü gömgöy göyərmişdi. Əlini uzatsa da, dərhal geri çəkdi. “Bu nanəciblər uşağın altına mina-zad bağlaya bilərlər.”        Ora-bura baxıb, bir ip tapdı. Uşağın bələyinin ucuna bağladı və qapıdan çıxıb ipi dartdı. Bələk bir qədər yataqdan aralalandan sonra arxayın olub, onu qucağına aldı. Qəribədir ki, qucağındakı çağanın erməni uşağı olması heç ağlının ucundan da keçmədi. Çağanın boynuna toxunan ilıq nəfəsi ona müharibəni bir anlığa unutdurdu.     İnsan hənirtisi hiss edən körpə ağlamağına ara verib qığıldadı. Sanki ona nə isə demək istəyən bu 5-6 aylıq körpənin ac olduğunu anladı. Ora-bura baxıb quru çörək qırıntıları tapdı. Sonra çörəyi suya salıb yumşaltdı, körpənin ağzına tutdu...                     ***     Dəstənin irəlidəki üzvləri düşmən əsgərlərini qova-qova kənddən çıxıb xeyli qabağa getmişdi. Əgər o da taqımın yanında qalmış üzvləri ilə irəli getsə, çağa burada öləcəkdi. Bəs nə etsin? Onu bayırda gözləyən gənc əsgərlərə etibar edə bilməzdi.     Avtomatını əsgərlərə verib, uşağı qucağına sıxdı və geriyə, təxminən 5-6 kilometr məsafəni sürətlə qaçmağa başladı. Hər yer minalı olduğundan yalnız gəldikləri bir cığırla qaçırdı. Az sonra düşmən snayperləri onu görüb gülləyə tutdular. Zabit  isə sağa-sola burulur, güllədən yayınmağa çalışırdı. Nəhayət, xeyli keçmiş, o gəlib arxadakı məntəqəyə çatdı. “Əsiri qəbul edin” dedi və özü də öz sözündən şəkləndi: “Beş aylıq da əsir olar?!”         Uşağı təhvil verəndən sonra, yüngülcə yaralandığını da burda bilib, çiynindəki sıyrıntını sarıtdırdı, eyni yolla geri qayıtdı. Qaranlıq düşdüyündən bu dəfə rahat yürüyə bilirdi. İlk dəfə idi ki, qaranlığa sevinirdi. Amma içindəki sevincin daha dərin kökləri vardı. Gənc zabitin isə bunu axtarmağa vaxtı yox idi. O, düşməni qovmaqda olan taqımına çatmaq üçün yerişini yeyinlətdi.                                         15.12.2020. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------- *Söhbət müəllifin “Burda yer fırlanmırdı” kitabındakı “Günəş tutulan yerdə” romanından gedir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)