Edebiyyat.az » Proza » Fərid Muradzadə - Tarix yazanlar (hekayə)

Fərid Muradzadə - Tarix yazanlar (hekayə)

Fərid Muradzadə - Tarix yazanlar (hekayə)
Proza
admin
Müəllif:
19:10, 29 sentyabr 2021
1 184
0
Fərid Muradzadə - Tarix yazanlar (hekayə)




 
 Son günlər avtomobillərin arxa şüşəsinə həkk olunmuş ilk dəfə kim tərəfindən işlədildiyi bilinməyən bir cümlə daha çox diqqətimi cəlb edir"Biz tarix yazdıq, siz oxuyarsınız" Bəli, onlar tarix yazdılar. Onlar,  44 günlük Vətən müharibəsinin qəhrəmanları olaraq tarixin daş kitabələrinə qanları ilə əbədi həkk olunmuş yeni səhifələr yazdılar.  Məhz o tarix yazanlar,  adları məzar daşları ilə bərabər milyonların da qəlbinə həkk olanlar bizə qələbə bəxş etdilər.  Onların sayəsində biz xalq olaraq son iki əsr ərzində ilk dəfə qələbə çalmış olduq. Biz onların sayəsində tarixi ədaləti bərpa etdik. Kölə damğası kimi üstümüzə,  ruhumuza vurulmuş qaçqın, köçkün kəlmələrindən qurtulduq. Öz balalarını yetim,  ailələrini gözüyaşlı qoyanlar,  muradına yetməyənlər xalqın övladlarının firavan, gülərüz, xoşbəxt və azad olmaları üçün canlarından,  qanlarından keçdilər. Onlar şəhadət zirvəsinə ucaldılar, qazilik məqamına yetdilər. Qazilər yaşayan əfsanə oldular,  şəhidlər dillərdə dastana döndülər.
    "Nur üzlü şəhidim".
Mənə elə gəlir ki bu ifadə yalnız bizlərə məxsusdur. İstər birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhid olan hər bir azərbaycanlının üzündə xüsusi bir təbəssüm, fərqli bir gülüş, məğrur duruş,  qartal baxış və nur var. Nur içində yatmağa hazırlaşanların üzündə də nur varmış. Elə onun da… Üç il eyni binada yaşamışıq. Cəmi bircə dəfə görüşüb salamlaşmışdıq. Doğrusu tanımırdım onu. Ancaq bircə dəfə o gülərüz, xoşrəftar insanı görməyim onu bir ömürlük hafizəmə həkk etdi. Hərbçi olduğu üçün çox az-az evinə gələrdi. Yay aylarında isə məktəb bağlanan kimi ailə-uşağını hərbi xidmət keçdiyi bölgədə kirayələdiyi evinə aparardı. Asya adlı böyük qızı bizim uşaqlarla tay-tuş idi. Bizə gəlib-gedərdi. Atasına çox oxşayan əsmər bənizli Asyanın gözlərində məsumluq qarışıq bir həsrət vardı. Onu bəlkə də tanıyanlardan heç birisi bunu hiss etməmişdi. Ancaq mən bu balaca qızın gözlərinin dərinliyindəki həsrəti görmüşdüm. Utancaq, ürkək baxışlı Asya gözlərinin dərinliyində qərar tutmuş bu sirli həsrətlə görəsən kimə oxşamışdı?  Mən çox sonralar bu sualıma cavab tapdım. Həmin o məşum gecə...
    Fatimə anasız böyümüşdü. Anasızlığın həsrəti qor olub ürəyini əzabla yandırmışdı. Özünü hər zaman bir qolu olmayan birisi kimi hiss etmişdi.
Yetimliyin ağrı-acısı onun həssas və kövrək qəlbini hər zaman gah aşkar, gah da gizlicə sızıldatmışdı. Körpə uşaqlar kimi illər boyu ana yolunu gözləmişdi. Anasızlığın həsrəti, əzabı onu hər zaman ağlatmışdı, hətta ən xoşbəxt günündə belə…
Eldar Fatimənin anasızlıq yarasına məlhəm olmuşdu. Eldar onun kimsə ilə bölüşə bilmədiklərinə həmdəm olmuşdu. Fatimə ona o qədər bağlanmışdı ki... O, Eldarı kölgəsinə sığındığı yalçın qaya bilmişdi.   Eldar onun hər yerdə hər işdə hamisi idi. Onun yanında özünü atasına  qısılan ərköyün qızcığaz kimi hiss edirdi. Eldarın yanında dünyanın ən xoşbəxt qadını olurdu Fatimə.
Bir-birilərini çox sevirdilər. Tale onları həyatın keşməkeşindən dolandırıb, ələyində ələyib, xəlbirindən keçirib bərkə-boşa salıb gətirib bir nöqtədə birləşdirmişdi. Lakin bu nöqtədən sonra heçliyə açılan bir tire işarəsi də vardı… 
Bu il dünyanı cənginə almış pandemiya səbəbindən məktəblər fəaliyyət göstərmədiyinə görə may ayından ailəsini öz yanına aparmışdı. Uşaqlar atalarını daha çox görə biləcəklərinə görə çox sevinmişdilər. Onların ataları ilə birlikdə keçirdikləri bu ilki yay ayları ömürləri boyunca  unutmayacaqları, həyatlarının ən gözəl yay ayları olacaqdı. Atalı-analı balaca uşaqlar üçün həyat nə qədər gözəl və maraqlı idi. Ötən hər gün onlar üçün daha əyləncəli keçirdi. Hərbi mundir geymiş atalarına baxanda uşaq qəlbləri fərəhlə dolur və qürur hissi keçirirdilər. Eldarin rayonda kirayələdiyi bu evin divarları da, həyət-bacası da cana gəlmişdi. Günlər adi qaydada öz axarı ilə gedirdi. Artıq avqust ayı yekunlaşmağa doğru gedirdi.  Tovuz hadisələrindən , general Polad Həşimovun şəhid olmasından sonra Asərbaycan Ordusunun şəxsi heyətində qisas hissi daha da alovlanmışdı. Bu hisslər davamlı olaraq keçirilən hərbi təlimlərdəki şərti düşmənin məhv edilməsində, əsgər və zabitlər arasındakı motivasiyanın, intiqam hissinin gündən-günə artmasında da özünü biruzə verirdi. Son günlər hərbi təlimlətin sayı daha da artmış, miqyası genişlənmişdi. Sentyabrda daha genişmiqyaslı hərbi təlimlərin başlanacağı söylənirdi. Bu təlimlərə müddətli hərbi xidməti başa vurmuş və ehtiyatda olan hərbi qulluqçuların da cəlb olunacağı deyilmişdi. Axşam evə qayıdan Eldar Fatiməyə :
-Hazırlaşın!  İki gün sonra sizi şəhərə göndərəcəyəm. Biz təlimlərdə olacağıq. Burda tək qalmayın-dedi.
 Onun bu sözlərindən həm Fatimə, həm də uşaqlar narahat oldular.
Axı Eldar onları hələ on gün sonra -sentyabrın 6- da yola salacaqdı. Birdən-birə niyə fikrini dəyişdi?
Onların nigaran olduqlarını hiss edirdi. Odur ki, hamınln könlünü almaq üçün gülə-gülə dedi:
 -Siz gedin,  narahat olmayın. Mən də oktyabrda mütləq gəlib sizə baş
çəkəcəyəm.Bu sözləri deyəndən sonra Fatimənin azacıq üzü güldü. Axı oktyabrda onların toylarının ildönümü idi. Eldar həmişə bu tarixdə onların yanında olardı. Ya özü gələrdi, ya da onları bir günlük də olsa yanına aparardı.
 Həmin gecə Eldar ailəsinə vəd verdi. O vədini yerinə
yetirdi. Eldar sözünü tutub oktyabrda geri döndü. Həm də həmişəlik…
  Füzuli istiqamətində gərgin döyüşlər gedirdi. Hər tərəf qan içində idi. Eldar Aprel döyüşlərində də iştirak etmişdi. O zaman da neçə-neçə yaralı əsgər və zabiti döyüş meydanından çıxarmış, onlara ilkin tibbi yardım göstərmişdi. O hərbi həkim idi. Indi də öz peşəsini layiqincə yerinə yetirirdi. Amma bu dəfəki döyüşlər tam başqa idi. Azərbaycan Ordusunun bütün şəxsi heyəti şir kimi vuruşurdu. Hər kəsin bir məqsədi vardı- murdar düşmənin ayağını müqəddəs torpaqlarımızdan təmizləmək. Yurdumuza uzanmış, iyirmi yeddi il torpaqlarımızı işğal altında tutan qəlbləri kimi qara olan əlləri kəsmək. Qəsbkarları yurdumuzdan qovmaq. İyirmi illik hərbi xidməti boyunca o nə belə döyüş görmüşdü nə də belə bir şey eşitmişdi. Azərbaycan Ordusu yeni tarix yazırdı. Azərbaycan əsgəri özü yaralı olduğu halda döyüş meydanında şəhid olan hərbçi yoldaşını od-alovun içindən çıxarırdı. Bu müharibədə general əsgərlə bir səngərdə döyüşürdü. Bu müharibə Azərbaycanın haqq savaşı idi. Bu müharibə dünyanın güc dövlətlərinin təsəvvür belə edə bilməyəcəyi bir müharibə idi. Bu müharibə hərb tarixinə , hərb dərsliklərinə sözün əsl mənasında qızıl hərflərlə yazılacaq müharibə idi. Bu müharibə hərb tarixinin yeni dastanı idi. Bu müharibə xeyirlə şərin müharibəsi idi. Bədxah şər xeyirə məğlub olurdu. Ədalət zəfər qazanırdı, haqq öz yerini tuturdu.
Hava soyuq idi. Hər tərəfdən mərmi qoxusu,  qan qoxusu gəlirdi. Ağır artilleriya və raket qurğularından atılan mərmilər torpağın altını üstünə çevirmiş, ağacları param-parça etmiş, neçə-neçə canlar almışdı. Azad edilən hər qarış Azərbaycan torpağında qan izi vardı. Başını qaldırıb səmaya baxdı. Göy üzü  ulduzla dolu idi. Ayazlı hava adamı üşüdürdü. Elə bil dağların soyuğu üzüaşağı axıb onların canına sığınmış, isinmək istəmişdi. Sanki bu soyuq havanın da məhrəm insanları üşütmək Vətən eşqi ilə döyünən ürəklərin hakim olduqları bədəndə isinmək ehtiyacı vardı. Torpaq kimi hava da qəribsəmişdi.
   Füzulidən  Hadruta   gəlmişdilər.  O döyüş yoldaşlarına baxdıqca qəlbində qürur hissi keçirirdi. Burdakı hər kəs sücaət göstərmişdi. Amma deyilənə görə onun fədakarlığı daha çox olmuşdu. Yoldaşlarının dediyinə görə o altmışa yaxın yaralını birbaşa döyüş meydanlnda dolu kimi yağan mərmilərin altından çıxararaq həyatlarını xilas etmişdi. Tərifdən xoşu gəlməsə də həqiqət belə idi. O bir yaralını belə döyüş meydanında qoymamışdı. Eldar ən çox Xocavənddə xüsusi qəhrəmqnlıqlar göstərmişdi. Xocavənd döyüşlərində o təkcə yaralıları döyüş meydanından çıxarmamış, həm də aparılan döyüş əməliyyatlarına bilavasitə qatılaraq şəxsi igidlik və sücaət nümayiş etdirmişdi.  Saata baxdı.  Gecə
00.00-ı göstərirdi. Təqvim dəyişdi. Artıq oktyabrın 18-i idi. Bu gün onun üçün əziz bir gün idi. Bu gün onların ailə qurduqları gün idi. Telefon çəkmirdi. Dalğa yoxdu. Yoxsa mütləq Fatiməyə zəng edərdi. Ailə qurduqları 12 ildə ilk dəfə idi ki,  bu günü ailəsindən uzaqda keçirirdi. Amma buna dəyər. Çünki iyirmi yeddi il düşmən tapdağında qalan yurd yerləri ilə görüşürdü Eldar. Axı Vətənə Ana deyirlər və Eldar da minlərlə azərbaycanlı kimi bu gün Ana Vətənin işğaldan azad edilən bölgələri ilə görüşə gəlmişdi. O həm də Ana Vətəni düşmən tapdağından azad etməyə gəlmişdi.Göy üzü necə də tərtəmiz idi…  Yerdə baş verənlərin ora dəxli yox idi,  amma hilal şəkilli ay hər şeyə şahidlik edirdi. Ona elə gəldi ki, göylər yerin hard diskidir. Hər şeyi çəkib özündə saxlayır. Bütün bunları o bəlkə də beş-on dəqiqəlik mərmisiz , atəşsiz ötüşən dəqiqələrdə düşünmüşdü...
 Hadrut
özü işğaldan azad edilsə də hələ rayonun şimal və qərb hissələrindəki yüksəkliklər və kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Dayanmadan yağan mərmilər neçə-neçə gənc ömrü yarıda durdurmuş, neçə -neçə ailələri gözüyaşlı qoymuşdu. Bu il oktyabr ayında göydən yağış deyil, mərmi yağırdı. Qırmızı dilli, alov saçan,  canlar alan vahiməli mərmilər. Nə soyuq hava , nə ölüm gətirən mərmilər, nə yorğunluq, nə yuxusuzluq, nə qorxu Azərbaycan Ordusunun qarşısını kəsə bilərdi. Hamımın ürəyindən yalnız bu kəlmələr keçirdi: -İrəli! Ancaq irəli!
 Hərbi tibb xidmətinin əməkdaşları yaralıları döyüş mövqeyindən kənara çıxarır, ilkin tibbi yardım göstərir, ağır yaralıları tibb maşınları ilə hosoitallara daşıyırdılar. Düşmən geri çəkilirdi. Lakin erməni hiyləgərliyi və vəhşiliyi hər yerdə özünü göstərirdi. Geri qayıdan Eldar döyüş mövqeyində qalmış yaralıların olduğunu eşidən kimi yenidən ora qayıtdı. İki maşınla getmişdilər. Tez yaralıları təcili tibbi yardım maşına yerləşdirdilər.
Ərazi olduqca təhlükəli idi. Hər an mənfur düşmənin diversiya qrupu ilə üzləşmək olardı. Yaralıları götürən kimi yoldaşları tez burdan uzaqlaşmalı olduqlarını xaırlatdılar. O da buranın çox təhlükəli olduğunu bilirdi,lakin birdən yenə yaralı olar deyərək ətrafı bir daha nəzərdən keçirməyin vacib olduğunu vurğuladı. Yaralılardan biri danışa bilməsə də əli ilə irəlini göstərdi. Təxminən 30-35 metr irəlidə yaralı bir əsgər vardı. Çox qan itirmişdi. Yarası ağır idi. Onu tez xərəyə qoyub apardılar. Eldar xərəyi aparan  sürücüyə yaralıları təcili olaraq tibb məntəqəsinə çatdırmağı əmr etdi. Özü isə yenə yaralı ola bilər deyə ətrafı bir daha nəzərdən keçirdi. Tam arxayınlaşandan sonra maşına əyləşdi. On-on beş metr getmişdilər ki, düşmən tərəfdən güclü atəşə məruz qaldılar. Sürücü maşını sağa-sola qaçırsa da bu gülləbarandan qurtulmağın çox çətin olacağını anlamışdı. Bircə artilleriyadan atəş aşmasınlar, amma... Torpaq yolu burulanda maşını minaatanla vurdular. Hər yer toz-duman içində idi. Qulaqları küyüldəyirdi. Gözləri tozdan və hisdən başqa heçnə görmürdü. Az sonra özünə gəlib avtomatı hazır vəziyyətə gətirdi. Bura döyüş meydanıdır. Hər şey ola bilər. Toz dumanının içindən keçdi və düşmənin diversiya qrupu ilə üzbəüz gəldi. Ürəyinə damdı ki, bu sondur. Amma Eldar mənfur düşmənə nə təslim olacaqdı, nə də əsir düşəcəkdi. O son nəfəsə qədər vuruşacaqdı. Əlini tətiyə atdı. Neçəsi gəbərə-gəbərə deyib tətiyi çəkdi. Atəş səsləri bir-birinə qarışdı. Sinəsi od tutub yanırdı. Gözləri tor gətirdi. Arxası üstə torpağa düşdü. Göy üzü yenə də tərtəmiz idi. Ruhu can evini tərk edib billur kimi parıldayan lacivərd səmaya qalxırdı.
   Azərbaycan əsgəri Eldargilin qisasını aldı. Ordakı erməni diversiya qrupunun bütün üzvləri məhv edildi. Eldarın ölümü silah yoldaşlarını , tibb kollektivini çox sarsıtmışdı. Həmişə üzündə özünəməxsus  bir təbəssümü olan Eldar şəhidlik zirvəsinə ucalanda da təbəssümlü idi. O da ölümün üstünə gülərək gedən qəhrəmanlardan idi. Toy gününün ildönümündə şəhadətə ucalan Eldar yolunu gözləyənlərə sarı gedirdi. Tabut qaranlıq olsa da o görürdü. Göy üzü yenə tərtəmiz idi. Elə Fatimənin gözləri kimi. Amma bir neçə saat sonra göylər kimi təmiz gözlərdən leysan yağacaqdı.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)