Nemət Mətin - Gözəgörünməzlər
Göy üzünü nəm əskiylə silmişdilər sanki. Ulduzlar aydın görünürdü. Ay qəddini əyib aypara olmuşdu. Ulduzlara tamaşa edirdi. Bircə bulud belə yox idi. Bəlkə də bütün göz yaşını töküb mışıl-mışıl yatırdılar. Arabir bir ulduz okeana baş vururmuş kimi düşürdü. Arzu tutmağı unutmadığım üçün sevinirdim. Külli-kainatın sehrinə göz şahidi kəsilmişdim. Fikrimi dağıdan qəribə səs oldu. Səməd Vurğun adına parkda bir nəfər sərsəri sükanı tuturmuş kimi əlini qabağa verib sürətlə şütüyən maşın səsi çıxarırdı. Park boyu o tərəf-bu tərəfə naqolay addımlarla yeriyirdi. Darıxdığım üçün işdən çıxıb parka gəlmişdim. Yalnız mənim kimi tənha adamlar parkda oturub göy üzünə tamaşa edə bilər. İşdən çıxanda telefondakı nömrə siyahısına baxmışdım. Heç kim mənə doğma gəlməmişdi. Ona görə günü tək keçirməyi düşünmüşdüm. Amma bu sərsəri bütün fikri-zikrimi məndən alıb diqqəti özünə yönəltdi. Ona yaxınlaşmağı düşünsəm də yerimdən tərpənmədim. O yorulub yanımda əyləşdi. İşə bax bir. Bu boyda parkda yer tapmadı...
Təngənəfəs idi. Nəfəsi özünə qayıdanda başını 90 dərəcə çevirib mənə baxdı. Ətim ürpəndi. Qorxdum. Durub qaçmaq istədim. Necəsə özümü toparladım. Sanki maceraya ipucu axtarırdım və tapmışdım. Dilim dodaqlarımın, dodaqlarım da mənim sözümə baxmadı deyə sual verdim.
—Nə məsələdir?
—Maşınla qızımı məktəbdən gətirirəm.
—Qızın hanı?
—Yanımda əyləşib.
Qorxu canıma tam olaraq yayxanıb oturdu. Amma maraq qorxunu yenə bildi.
—Gecikmisən deyə maşını bərk sürürsən?
—Aha...
—Qızının adı nədir?
—Gülzar
—Adıyla böyüsün.
—Çox sağ ol.
—Qızını mənimlə tanış edə bilərsən?
—Danışmağı sevmir.
Gözəgörünməyən qızın taleyi haqda düşündükcə sualdan sual çıxırdı. Hövlnak ayağa qalxıb “maşın”ı işə saldı. Arxasınca düşdüm. Keçmişdə “fəvvarələr meydanı” kimi tanınan ərazinin arxa küçələrindən birinə dönəndə ondan əl çəkmədim. Hamı uzaqdan ona baxırdı. Bəzisi gülür, bəzisi donub qalırdı. Nəhayət binaya daxil oldu. Köhnə üçmərtəbə “xruşşovka”nın ikinci mərtəbəsində qalırmış. Qapını açarla açıb içəri keçdi. Qızıyla danışırmış kimi dedi:
—Ayaqqabılarını çirkli eləmisən.
Qapının arxasında qulağımı söykəyib qızıyla söhbətini dinləyirdim. Səs kəsiləndən sonra evə yollandım. Bütün gecəni ata və qızını düşündüm. Səhər ayılanda divanda yatıb qaldığıma görə özümü söydüm. Böyrəklərimə soyuq olmuşdu gecə. Adətən gecə temperatur aşağı düşür.
İstirahət günüm idi. Dostum vəkilə zəng vurdum. Küçəni, binanın nömrəsini və qızın adını dedim. Dostum araşdıraraq cavab verəcəyini bildirdi. Eyvana çıxıb siqareti alışdırdım. Aşağıda uşaqlar cırcıramanın quyruğuna sap bağlayaraq uçururdular. Yazıq cırcıramanın axırda quyruğu qopub yerə düşdü. Niyə biz itin, filin ölümünə etiraz edirik, amma cırcıramanın, kəpənəyin, qarışqanın ölümünə biganə qalırıq? Məgər canlı kiçik olanda onu görməzdən gəlmək insanlığa sığar? Əsəbim uşaqların gülüşünə qarışıb yox oldu...
Saat ikidə dostum vəkil zəng vurdu. Baş barrmağımı ekranda soldan sağa sürüşdürəndən sonra “alo” dedim. Vəkil özünəməxsus səs tonuyla söhbətə başladı:
—Ataruh, qulaq as. O uşağın həyatı ilə nə üçün maraqlanırsan?
—Lazımdı. Səndən yaxşı olmasın, bir dostum istəyib. Yəqin hekayə yazacaq. Hər halda adları dəyişdirər.
—Gülzar səkkizinci sinifdə oxuyanda valideynlərinin razılığıyla otuz yaşlı kişiyə ərə veriblər. Toy gecəsi qanaxmadan ölüb. Atası qızının ölümünü eşidəndən havalanıb. Gecə-gündüz küçələrdə sülənir.
Birtəhər özümü toparlayıb dedim:
—Oldu, çox sağ ol...
Baş barmağımı ekranda sağdan sola sürüşdürəndən sonra telefonu divanın üstünə atdım.
Öz-özümə pıçıldadım:
— Məgər canlı kiçik olanda onu görməzdən gəlmək insanlığa sığar?