Tahir Həsənli - Şahnazın təsnifi
Proza
Tahir Həsənli - Şahnazın təsnifi
Çöldən yorğun gələn Əliməmməd arvadının bir neçə rənglə bəzək vurduğu dəmir darvazadan daş döşədiyi həyətə girdi. Axşamadək həyət-bacada çalışıb səliqəsini qoruduğundan özünə baxmağa belə macal tapmayan ömür-gün yoldaşı Şahnazı adəti üzrə səslədi:
--Ay Şahnaz, hardasan, ay qız?
Eyvanın o başında ayaqqabıların içərisini yaş əski ilə silib tez quruması üçün günəşə qənşər düzmüş Şahnazın cavabı eşidildi:
--Nə olub , ay baba, gəldiiim.
İlk nəvəsi dünyaya gələn gün Əliməmməd öz adını nəvəsinə verib demişdi: “Bu gündən ailəmizdə bu uşağın gəlişi ilə mən yeni ad alıram: “Baba”. Odur ki öz adımı nəvəmə verirəm”.Belə də ollmuşdu. Evdə hamı Əliməmmədə “Baba” deyə müra-ciət edirdi. Hətta həyat yoldaşı Şahnaz da.
Əliməmmədin “ay qız” deyə çağırdığı Şahnazın yaşı yetmişi ötmüşdü. Cavanlığın-dan böyüklərin yanında çağırdığı adamın kimliyi bilinməsin deyə “ay qız” deməsi bir vərdişə çevrilmişdi. Şahnaz pilləkənin başında görünəndə Əliməmməd ona sarı baxmadan:
--Çayın var? – deyə soruşdu.
--Bir evə çıx sonra, istəyirsən həyətə gətirim.
--Lazım deyil, əllərimi yaxalayıb gəlirəm.
Evdə çayı qabağına çəkən Əliməmməd ani olaraq ətrafa göz gəzdirdi. Hər şey öz yerində idi; səliqəli, təmiz. Yalnız yıxıb-dağıdanlar yox idi. Fikrinə gəldi ki, elə bil balaca nəvəsi küncdə durub deyir: “Baba, mən armutam, gəl ye məni”. Əliməm-məd durub uşağı tutacaq, qıdıqlayacaq, sanki yeyirmiş kimi, yanağını dişləyəcək, öpəcək, sonra da “ay tülkü bala” deyib buraxacaq, uşaq da o biri küncə qaçıb tək-rar eləyəcək: “...mən armutam...”
--Çayını iç,- deyə Şahnaz onu xəyalından ayırdı,- nə olub, nə fikrə getdin? Şükür Allaha.
Şahnaz birbaşa deməsə də Əliməmmədin fikrini duyduğundan təsəlli verməsinə davam etdi:
--Bax, bizdən aşağıdakı qonşunun on uşağı var idi. Görürsən tək-tənha qalıb. Yandakı qonşularımızın ata yurdları qıfıllıdır,ildə bir dəfə qapısını açan da yoxdur. O biri qonşumuz da bizim kimi; qızlar köçüb, oğul da xaricdə. Bir biz deyilik ki? Hələ mən oğlu qalıb kürəkənə sığınan anaları demirəm.
Şahnaz ani nəfəsini dərdi, Əliməmmədin dinmədiyini görüb sözünə davam elədi:
--Bu gün gəlin zəng eləmişdi. Hamı yaxşıdır. Nəvən Əliməmməd də danışıb, deyir sərhəddə sakitlikdir. Babaya deyin, rahat yuxulasın, vətəni qoruyan oğullara etibar edə bilərsiniz.
Əliməmməd düşmənlə üzbəüzdə olan nəvəsini xatırlayıb bir az da sıxıldı, bildir-məmək üçün qalxıb noutbuku açdı. Yutuba girib xəbərlərə baxmaq istədi. Səhifə açılanda öndə bir video göründü: “Şahnaz təsnifi”. Çoxdandı bu təsnifi eşitmirdi. İfasını xoşladığı müğənni də yaşlanmışdı, indi başqa mahnılar oxuyurdu. O, düyməni basdı. Musiqinin ecazkar ahəngi otağı doldurdu, Əliməmmədi öz dünyasına apardı: “Cavan vaxtları idi. Telefon dirəyinə vurulmuş radionun səsi dalğa-dalğa yayılırdı. Nahar fasiləsində verilən günorta konserti ruhən hamıya dinclik gətirirdi. Cavan müğənni qəlbinin gənclik həvəsini səsinə köçürərək haray-layır, ilk eşqini soraqlayırdı:
Siz ey ilk eşqimin şahidi, dağlar...
Əliməmməd də sevirdi. Bu mahnı sanki onun qəlbinin tərcümanı idi: “Aylı, işıqlı bir gecə idi. Şahnaz görüşə təzə tikdirdiyi şahnaz paltarında gəlmişdi. Ayın solğun işığında ipək paltarın zər sapları parıldayır, sanki paltar deyil, Şahnazın qəlbinin parıltıları Əliməmmədin gözlərini qamaşdırırdı. Köçüb getmış qonşunun bağında, çəpər boyu qalxmış gicitgənliyin arxasında, ilin gözəl vaxtında, ətirli bağçaların, çiçəkli bağların, uzaqdan qürurla baxan dağların şahidliyi ilə Əliməmməd qəlbini Şahnaza açırdı. Yadına düşmüş bir şairin məşhur misrası ilə “Bu mənəm gəlmişəm, ay qara tellim” deyirdi.
--Şahnaz, bu gün radioda eşitdin? Bir cavan müğənni sənin adına təsnif oxuyurdu. Amma onun sevgisi naləyə çevrilib adamı yandırıb yaxırdi. Sevən ürəyi üzü dönmüş sevgilisini soraqlayırdı. Bizim eşqimiz belə olmayacaq. Biz həmişə bir yerdə olacağıq.
Şahnaz susur, öz sükutu ilə Əliməmmədin dediklərini təsdiq edirdi”.
Ərinə diqqətlə göz qoyan Şahnaz birdən:
--Yenə fikrin hara getdi? - deyəndə Əliməmməd qarşısında sifətinə qırışlar düşmüş, saçları ağarmış, beli bir az donqarlaşmış qarını görüb, əl-ayağı ilə oyna-yan şən, gözəl simalı Şahnazı görmək istəyi ilə başını döndərib divarda yenicə evləndikləri vaxt çəkdirdikləri şəklə - Şahnaza baxdı. O zamanlar bu mahnını eşidəndə ürəyində “Şahnazın təsnifidir” deyərdi. Sanki bu mahnı onların sevgisini
tərənnüm edirdi. İndi də elə bil bu günləri üçün yazılmışdı. Müğənni isə cavab gözləyirdi:
Deyin hardadır, o üzü dönmüş...
Sanki bu suala Əliməmməd cavab verəcəkdi. “Doğrudan, hardadır o Şahnaz? Yalniz şəkildə qalıb. Eh, Şahnazı itirib əvəzində mənə ömür-gün yoldaşı olmuş bir qarını tapmışam. İndi bizim sevgimiz bahar çağına yox, qışın ortasında doğan günəşin bir günlük istisinə bənzəyir. Amma ürəyimdən o Şahnazı itirə bilmirəm”.
Müğənni də bu sevgisindən əl üzməyəcəyini izhar edirdi:
Sevən ürəyim onu soraqlar...
“Nə qədər soraqlasam da onu tapa bilməyəcəkdim. Amma kiçik qız nəvəmin bəzi tərpənişləri, rəftarı Şahnazın gəncliyini xatırladır. Özümdən asılı olmadan, bildirməməyə çalışsam da o nəvəmi çox istəyirəm”.
Kamança vüsal həsrətilə inildəyir, müğənni sanki yaralı qəlbini öz naləsilə ovudurdu. Əliməmməd gizli-gizli qocalmış Şahnaza baxdı, sinəsində gizlədiklərini sifətində göstərməməyə çalışdı. Amma Şahnaz müğənni oxuduqca gah ona , gah da şəklə baxan Əliməmmədi duymuşdu, ürəyindən keçənləri oxumuşdu. Əliməm-məd də Şahnazın baxışlarında onun qəlbindən keçənləri oxumağa başladı: “Ay fağır, Şahnazı axtaran qara, gur saçlı, bir az utancaq, gülərüz Əliməmməd hanı? Bir dön özünə bax”.
Əliməmməd qeyri-ixtiyari dönüb yaxınlıqdakı şifonerin güzgüsünə baxdı. Saqqalı, saçı, bığı ağarmış, qaşlarına dən düşmüş bir qoca küsgün nəzərlərlə ona baxırdı. Əliməmməd tez üzünü divardakı qoşa şəklə döndərdi...
Bir anlıq otağa sükut çökdü. Mahnı bitmişdi, lakin Əliməmmədlə Şahnaz hələ də öz düşüncələrindən ayrila bilmirdilər. Birdən müğənninin başqa bir mahnısının gur sədaları otağı doldurdu. Əliməmməd mahnını saxlamadı. Bu mahnı da müğənninin özünəməxsus, sevilən, dillər əzbəri olan mahnısı idi. Əliməmməd videoya baxdı. Sanki musiqi sədaları zalı doldurub bu binaya sığmır, divarları dələrək hər yana yayılırdı. Müğənni səhnədə pəhləvan kimi məğrur-məğrur ətrafa göz qoyurdu. Zal ölkənin tanınmış, məşhur adamları ilə dolmuşdu. Elə bil hamı musiqinin təsiri ilə hipnoz altına düşmüşdü. Müğənni isə oxuyurdu:
Dünya sənin, dünya mənim, dünya heç kimin...
Həyatın fəlsəfəsini ecazkar musiqi və şairin dərki ilə çatdıran müğənni həyat gözəllikləri qarşısında aldanmışları, həyatı öz ağlı və duyğuları ilə öyrənməyə çalışanları bir daha düşünməyə sövq edirdi.
Tamaşaçılar arasında öz sözlərinin düşüncəsinə dalan, qocaya qoca, cavana cavan, uşağa təptəzə gorünən dünyanın yeni rənglərini görən yaşlı, dünyanın çək-çevirinə qalib olmaq əzmini itirməmiş cavan şairlər də musiqinin yaratdığı heyrətə bürünmüşdülər. Müğənni əbədiyə qəh-qəh çəkən əbədi dünyanı təqdim edirdi.
Zalda dünyanın dərd-əzablarına, iztirablarına dözsələr də qəlblərini riqqətə gətirən musiqinin təsiri ilə göz yaşlarını silənlər də vardı. Hərənin öz dərdindən başqa hamının qəlbini bürüyən bir kədər, qəm yükü var idi. Videoda 1990-cı illər idi...
Əliməmməd də doluxsunmuşdu. Axı onlar da bir vaxt ; uşaqlarını oxudanda, evləndirəndə çox sevinir, dünyanın heç kimin olmadığını fikirlərinə gətirmirdilər. Övladları ilə bağlı nə qədər arzuları vardı... Qeyri-ixtiyari olaraq Əliməmməd əlini gözünə apardı. Bu anda Şahnaz da eyni hissləri keçirdiyindən Əliməmmədin göz yaşlarını boğa bilməsi üçün dilləndi:
--Nə olub, a bibisur, axır vaxtlar gözüvun yaşı ovcundadır?
-- Şahnaz, mahnılar məni doluxsundurdu. Mən nə vaxt “Şahnaz təsnifi”ni eşitsəm, o günlərə qayıdıram.Allah bütün canlılara sevgini nəslini yaşatmaq üçün verib. Körpəlikdə ata-anasına sığınıb yaşayan insan, yaşlananda Allaha sığınıb yaşayır, sonda isə Allahdan qeyri heç kəsə möhtac olmaq istəmir.Mən övladdan heç nə ummuram, yaşlananda bir külfətin böyüklüyündən məhrum edilmək, gərəkliyini itirmək insanı dünyadan küsdürür. Eh... Nə etmək, buna həyat deyilir. Amma mənim dünyanı özünün bilib gözü gördüyünü qamarlamağa çalışan xəstə təfəkkürlü insanlara daim yazığım gəlir. İnsan dünyaya gələndə təmiz, pak ruhla doğulur. Ruh Allahın insana bəxş etdiyi bir əmanətdir. İnsanların çoxu bu əmanətə xəyanət edir. Onu Allah dərgahına kirlənmiş şəkildə qaytarır. Biz öz valideynlərimiz qarşısında üzüqara deyilik. Nəyə nail olmuşuqsa o da bizim birliyimizdən, həmfikir olmağımızdan, bir-birimizi başa düşməyimizdəndir. Dünya isə nə sənindir, nə də mənim. Amma bizim məxsusi dünyamız var. Bu dünyamızda da mənim üçün Şahnazın yaşadığı həyatın təsnifi yaşayır...
Bayaqdan dinlədiyi musiqilərin təsirindən duyğulanmış, kövrəlmiş Əliməmməd daxili aləmində bir az da qəribsəmişdi. Eynən gəncliyində, o aylı-işıqlı gecədə olan sayaq Şahnaz isə yenə susur, yenə öz sükutu ilə onun dediklərini təsdiq edirdi.
Quba rayonu, Yerfi kəndi.
.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: