Sabir Etibarlı - Fikirlər
Həyat eşqini olduqca tez itirən Rizvan qamətinində get-gedə artan əyrilikdən daha çox əziyyət çəkirdi. Üstəlik bir müddət idi ki, boynunda donqarlıq hiss edirdi. Bu, onda həm utancaqlıq, həm də aqressiya hissini artırırdı. Güzgüdəki əksinə baxanda gördüyü nataraz kökəlmə - qollarının və budlarını nazik qalması, qarnının isə şişməsi onda ikrah hissi yaradır, meymununkuna bənzəyən bədəni ruhundakı son həyat qığılcımlarını da söndürürdü. Otuzlu yaşların əvvəlində olmasına baxmayaraq saçı artıq ön tərəfdən bir xeyli seyrəlmişdi. Uzun boyu əyri burnun və yöndəmsiz, xoşagəlməz sarı dişlərin yaratdığı eybəcərliyi ört-basdır edə bilmirdi. Nə dostluqda, nə sevgidə bəxti gətirməyən Rizvanın iş eşqi - tutacaq tək budağı da artıq çürümüşdü. Tələbələrin maraqsız münasibətlərini, dəqiq mövqedən çox uzaqdakı qeyri-səlis fikirlərini, dərsə qarşı olduqca biganə rəftarlarını fikirləşdikcə hər gün gözünü açdığı səhərə lənətlər yağdırırdı. Metrodakı basabasdan qurtulduqdan sonra ayaqlarını sürüyərək universitetə gedir, işdən sonra isə eyni bezginlik və tükənmişlik ilə evinə qayıdırdı. Hərdən Rizvana elə gəlirdi ki, səssizliyi pozmaqları üçün sahibləndiyi iki tutuquşu da ona nifrət edir. Hər şeydən uzaqlaşmaq üçün kitab oxumaq, idman etməyə çalışmaq, ya da yatmaq əl vermədikdə xəyallara dalırdı. Məktəbli olarkən gödəkcəsini sevdiyi qızın - Gülzarın gödəkcəsinin üstünə asmağını tez-tez xatırlayırdı. Xəyallarında qəhrəmanlıqları ilə Gülzarın qəlbini qazanır, onunla ailə qurur, ən azı 5-6 uşaq sahibi olurdu. Digər bir xəyalında qonşuları Lalənin üstünə hücum edən xuliqanları döyür, onun rəğbət və ehtiramını qazanırdı. Daha başqa bir xəyalında isə rəqəmlərə, dualara, simmetriya və təmizliyə xəstəlik kimi aludə olan tələbəsi Şəbnəmi müalicə edir və onun ömür boyu davam edəcək minnətdarlığı ilə mükafatlandırılırdı.
Xəyallara daldığı bir axşam özünü toplayıb fikir-düşüncə aləmindən ayrıldı. Ayağa durub bir az aralıdakı sərinkeşi işə saldı. Qulaqları səssizlikdən çəkilir, heçlik onu yenidən olmayan dünyalara aparmaq istəyirdi. Sərinkeşin yanından divana gedərkən aynadakı əksi ilə göz-gözə gəldi. Miskin üzündə ümidsizlik, torbalanmış göz altlarında yorğunluq həkk olunmuşdu. Öz-özünü məzəmmət edərək gileyləndi:
- Gör bir nə gündəsən! Səni bu halınla kim nə eləsin? Heç özü-özünə belə lazım olmayan fərsiz, axmaq, yazıq.
Elə bu sözləri demişdi ki, şagirdinin səmimi üzrxahlığıyla ürəyi yumşalan müəllim ədası ilə mehriban tonda öz-özünü təsəlli verməyə başladı:
- Can, can... Sən yazıq deyilsən, sadəcə çox fikirləşirsən. Sən yaxşı adamsan, daha yaxşısına da layiqsən.
Elə bu anda gözləri bərəldi, dərin nəfəsdən sinəsi qabardı. Üzündə heyrət, həyəcan, qorxu və sevinc işartıları göründü. Yəqin ki, şeytanın ağlına Adəmlə Həvvanı aldatmaq fikri düşəndə də üzü bu ifadəni almışdı. Elə indicə əsrarəngiz, bir o qədər də məhvedici bir şey kəşf etmiş alim ədası ilə yenidən dilləndi:
- İndi o Herostratı anladım. O vaxt onun sırf yadda qalmaq üçün məbəd yandırdığını anlaya bilməmişdim. İndi isə anladım. Madam ki, mən belə xoşbəxt ola bilmirəm, qoy onda Herostrat kimi xoşbəxt olum! Mənim məhvim mənim uğurum, xoşbəxtliyim olsun...
Səhəri gün Rizvan caynaqlarını ovuna keçirmək üçün səbirsizlənən vəhşi heyvan baxışları ilə evdən çıxdı. Kimi seçməli? Bu sual beynini gəmirirdi. Düşüncələrlə keçən bir ay boyunca vəziyyəti daha da pisləşdi. Öz-özüylə daha çox, həm də artan emosionallıqla danışmağa, məsələləri daha yorucu formada çürütməyə başlamışdı:
- Kimi ölümə qovuşdurmaq daha doğrudur? Qocalıqda əldən-ayaqdan kəsilən əlacsız halda başqalarına möhtac olan birini, yoxsa xəstəlikdən ahu-zar edib cana doyan, ağrıdan hər dəqiqə ölüm diləyən birini? Metrolarda, avtobuslarda qadınları narahat edənləri, yoxsa uşaqlara Tamah salacaq qədər insanlıqlarını itirmişləri? Bilmirəm, ilahi, bilmirəm. Mənə doğru yolu göstər. Bəlkə məktəb yanında ağ ölüm satanları, ya onun-bunun qeybətini edib, adına söz çıxarıb camaatın yanında rüsvay edənləri?
Uzun axtarışdan sonra nəhayət ki, 3 nəfəri ağlında dəqiqləşdirdi. Birinci namizəd üzbəüz qonşusu Eldar idi. Elə bil ki, dünyada pis nə var idisə, hamısı bu adamda cəmlənmişdi. Qumardan tutmuş faizə pul verməyə, satqınlıqdan arvadbazlığa, dava-dalaşdan yalana qədər hamısı onda toplaşmışdı. Həm də arvadını döyməsi ilə məşhur idi.
İkinci namizəd 2-3 bina o tərəfdən yaşaya dollar Əhməd idi. Cavanlıqda yetim Əhməd kimi ad çıxarmış bu kişi indi bazarda balaca bir piştaxtası olan, kifayət qədər bahalı maşın sürən, bir neçə evə sahib olan biri idi. Balaca boyu, yekə qarnı ilə topa oxşayan, həmişə ötkəm olan bu adamın nə işlə məşğul olduğu bilinmir, haqqında çoxluq şayiələr gəzirdi. Bəziləri onun silah, ya da narkotik satdığından danışır, bəziləri mafiya başçısı olduğuna inanır, bir qisim adam isə onun şantajla məşğul olduğunu deyirdi. Nə olmasından asılı olmayaraq Rizvan onun pis adam olduğuna, kimlərinsə həyatları ilə oynayıb onları bədbəxt etdiyinə öz-özlüyündə əmin idi.
Rizvanın ölümə layiq sonuncu namizədi isə yaxınlıqdakı məktəbin təmizlik işçisi Rövşən idi. Səssiz-səmirsiz, dindirməsən danışmaz biri olan Rövşən Rizvan üçün qaradinməz, yaşantısı təəssüf doğuran, dinc görünüşü altında fırtınalar qopduğuna əmin olduğu bütün insanları öz timsalında birləşdirə bilmişdi.
Beləliklə, namizədlər hazır idi, onda işə başlamaq olardı. Namizədləri müəyyən etdikdən sonra Rizvan hazırlıq görməli idi. İlk olaraq yanında cib bıçağı gəzdirməyə başladı. Əvvəl bıçağa nifrət edir, gözünün qabağında aqressiya və şiddət səhnələri canlandırırdı. Ona görə də bıçaq görmək istəməzdi. Ancaq indi işlər dəyişmiş, bıçaqsız keçinmək mümkünsüz olmuşdu. Çünki seçilmişlər canlı-cüssəli olduqlarından və ya güclü olduqları təəssüratı yaratdıqlarından Rizvan hər cür əks-hücuma hazırlıqlı olmalı idi. Qərardan bir neçə gün keçmişdi ki, Rizvan məhəllədə Eldarı gördü. Onsuz ucaboy olan Eldar indi onun gözündə qaladan fərqsiz, bununla yanaşı üzü tamamilə yanmış adamdan daha eybəcər görünürdü. Düzü, Rizvan anidən Eldara hücum edib onu cibindəki bıçaqla öldürə bilərdi. Amma düşünürdü ki, hamının ölümə nəyə görə layiq görüldüyünü bilmək haqqı var. Eldara yaxınlaşdıqca arvadını saatlarca döyməsini xatırlayırdı. Yazıq qadının səsi az qalsın bütün binanı başına götürəndə qonşular Eldardan qorxub heç nə demir, ürəkdağlayan ağlaşmaya qulaq asmalı olurdular. İndi isə Rizvan Eldardan elədiyi hər şeyin əvəzini çıxmağa hazırlaşırdı. Qulaqlarındakı ağlaşma səsi onun ayaqlarına, qollarına güc verirdi. Eldarın yanına çatıb qışqırdı:
- Sən utanmırsan Nigarı elə döyürsən?!
Arvadının adını məhəllənin ortasında hündür səslə, başqa kişinin ağzından eşidən Eldar qızmış buğa kimi Rizvanın üstünə atıldı. Rizvan heç əlini cibinə atmağa da macal tapa bilməmişdi ki, yumruq zərbəsindən sarsıldı. Müəllimin döyülməsini vicdanlarına sığışdıra bilməyən məhəllə camaatı qan içində olan Rizvanı Eldarın əlindən zorla ala bildi. Rizvan bir daha nəinki Eldara yaxınlaşmaq, uzaqdan onu görəndə belə yolunu dəyişdirəcəyini özünə söz verdi. Ürəyi soyumayıb hələ söyüş də söydü.
Rizvanın gözü qorxmuş, inamı sınmış, qarşısına qoyduğu məqsədindən daşınmışdı. Fikirləşirdi ki, bəlkə bu yoldan hələ mümkün ikən əl çəksin. Bunun üçün neçə-neçə haqlı səbəblər tapır, yaşamağın, yaşatmağın fəzilətinə özünü inandırmağa cəhd edirdi. Bir neçə təsirli dəlil ilə artıq özünü razı da salmışdı. Belə söhbətlərin birində məhəllə qadınlarının gülüş səsləri eşidilməyə başladı və uzun müddət kəsilmədi. Elə bu da bəs idi ki, Rizvan özündən çıxsın:
- Mən nələr fikirləşirəm, hansı vacib məsələləri həll edirəm. Amma gör bunlar nə edir?
Bu hadisə kiçik görünsə də, Rizvanın zehnini alt-üst elədi. Məhz bu hadisədən sonra daha çox ətrafa qulaq verməyə başladı. Gülüş hər yerdə idi. Dayanacaqda, metro stansiyasında, universitetdə, parkda: hər yerdə. Hamı gülürdü, balacasından tutmuş böyüyünə qədər. Gənc oğlanların, yetkin qadınların, tələbələrin, qocaların - bir sözlə, hamının ağzından gülüş saçılırdı. Rizvan isə artıq paranoyaya düşərək əqli sağlamlığını itirmək üzrə idi:
- Ay Allah, görəsən bunlar bu qədər güləcək şeyi haradan tapırlar? Nəyə gülürlər? Bəlkə mənə gülürlər? Hə, elə mənə gülürlər. Fikir ver, üzümü çevirəndə arxadan gülüş səsi gəlir. Soldakı qız da mənə qəribə baxır. Bilmirəm, bəlkə mən ona baxdım deyə baxır. Yox, nəsə eləmək lazımdır. Vaxtım az qalıb, nəsə eləmək lazımdır. Elə bir şey ki, ona görə həm məni tanıyıb sonra da xatırlasınlar, həm də hörmət eləsinlər. Hələlik isə tez stansiyaya çatıb bu qızın baxışından canımı qurtara bilsəm, bəsimdir.
Metrodan çıxıb yeyin addımlarla irəliləyirdi. Adətən yol gedərkən qarşıya yox, yerə baxardı. İndi isə başını qaldırıb qarşıya baxdığı nadir halların birində qarşıdan gələn olduqca tanış sima gördü. Bu simanı illər boyunca görməsə də, tanımaq çətin olmadı. Onsuz da ilk sevgilər heç vaxt unudulmur. Keçən zaman, illər bu simanı - Gülzarın üzünü sadəcə yetkinləşdirmiş, gözəlliyindən, təravətindən bir şey qopara bilməmişdi. Amma eyni zaman Rizvanın üzündə yalnız təxribat törətmişdi. Təsadüfi görüşdən və ayaqüstü qısa söhbətdən sonrakı günlər boyunca Rizvanın ağlında bu cümlələr fırlanırdı:
- Hə, evlənmişəm. Bir qızımız da var.
Aradan bir neçə gün keçmişdi. Müştərilərin gur olduğu bir bazar günündə Rizvan Əhmədin piştaxtasinin qabağında dayanmışdı. Özünə nələr bacara biləcəyini sübut etmək istəyirdi. Bıçağını çıxarmamışdan əvvəl Əhmədin yaxasını tutub bağırmağa başladı
- Bilirəm sən kimsən ! Etiraf et, etiraf et.
Ətrafdakılar çevrilib səs gələn tərəfə baxanda artıq Əhməd Rizvanın üstündə oturub onu yumruqlayırdı. İnsanlar onları ayıranda Rizvan qulağında bu pıçıltıları eşidirdi:
- Səsini kəsməsən, öləcəksən.
Yaxın vaxtlarda baş vermiş iki dava məhəllədə dedi-qoduya səbəb olmuşdu - Rizvan müəllim dəli olub. Universitetdəki dərslərə də üz-gözü yaralı halda girməsi xoş qarşılanmayan Rivzan bir yandan artıq təslim olduğunu öz-özlüyündə anlayır, digər tərəfdən isə təslim olmağı qüruruna sığışdıra bilmirdi. Əsəblərini sakitləşdirmək üçün köhnə adəti üzrə parklara gedib quşları yemləməyi yoxladı. Quşların yerə atılanları dənləmələri onda özündən məmnunluq hissi yaradır, dünya qayğılarından uzaqlaşdırırdı. Amma bu xoşbəxtlik zərrəciyi də tez sönürdü:
- Onları yemlədiyim müddətcə mənim yanımda olacaqlar, yem yoxdursa, onlar da yoxdur.
Günlər adəti üzrə keçir, hər şey unudulurdu. Təkrarlanan yeknəsəq fikirlərin içində Rizvan da artıq axara düşmüşdü. Nə qədər ara-sıra ağlına naqis fikirlər gətirmiş olsa da, hər səhər quşları yemləmək adətinə davam edirdi. Günlərin birində isə görmək istədiyi axırıncı adam - Rövşən onun yanında peyda oldu:
- Sabahınız xeyir, Rizvan müəllim, necəsiniz?
Təəccüb içində qarşısındakına baxan Rizvan bir də gördü ki, artıq 10 dəqiqədir Rövşənlə söhbətləşir. Özünü olduqca qəribə hiss edirdi:
- Görəsən, onun haqqında nə fikirləşdiyimi bilir? Rizvan, axmaqlama, əlbəttə ki, yox.
Dəqiqələr ötdükcə Rövşən Rizvanın gözündə dəyişilirdi. Ağsaçlı, azca qarınlı, ortaboylu, yaşı əllidən bir az çox olan bu adam Rizvana get-gedə daha da sevimli görünür, sakit görünüşünün altında həyat eşqi ilə döyünən ürəyi ilə ətrafı isidirdi. Məlum olurdu kı, onun bir xeyli zarafatcıl dili, onu sevən ailəsi və dostları, üstəlik razı olduğu işi var.
On beş dəqiqədən sonra Rizvan bədbəxtliyi ilə təsəlli tapdığı sonuncu insanın da əslində xoşbəxt olduğunu anlayaraq ölümə layiq bildiyi tək adamı son mənzilə yola salmaq üçün evinə yollandı.