Edebiyyat.az » Proza » Şamil Həsən - Məccani Tamaşa (Bir pərdə, beş şəkilli pyes)

Şamil Həsən - Məccani Tamaşa (Bir pərdə, beş şəkilli pyes)

Şamil Həsən - Məccani Tamaşa (Bir pərdə, beş şəkilli pyes)
Proza
admin
Müəllif:
23:23, 08 oktyabr 2024
585
0
Şamil Həsən - Məccani Tamaşa (Bir pərdə, beş şəkilli pyes)




Birinci şəkil


Iştirak edirlər: 


Əhmədov – keçmiş rejissor (50 yaşında)

Səfil – kimsəsiz dilənçi (30 yaşında)

Mühafizəçi – gənc oğlan

Polis

Və digərləri


(Teatr binasının qarşısı. Pilləkənlərdən üstdə tamaşalarla bağlı afişalar var. Pilləkənin üstdən ikinci pilləsində köhnə paltarlı dilənçi oturub, qarşısından dəstə-dəstə uşaqlar, cavanlar, tövşüyən qocalar keçir. Hamı ona ötəri nəzər yetirib öz yolunu gedir, hərdən bir-iki nəfər onun qabağındakı boşqaba qəpiklər atıb gözdən itirlər. Adamlar seyrələndə iki nəfər qız peydə olur, onlar səfilə baxıb  bir-birinə nəsə deyərək gülüşürlər. Səfil qabağındakı boşqabı aşağı itələyir, qəpiklər dağılır.)


Səfil (qızlara baxaraq) –     Gülmə mənə,

İnsan, uçmuşam 

Ənginliklərə;

Baxıram göylərdən

Yerlərə,

Duyuram üzlərdəki

Nifrəti,

Küdurəti,

Beyində qoxan üfunəti.


(ayağa qalxaraq)


Qarşındadı boşqabım,

İstəmirəm qəpik-quruş,

Yığıram yalnız

Sənin də özgəsindən

Dilənərək beh aldığın

Ümidini,

Sevgini,

Asta-asta məhv olan,

Tükənən

İnsanlığını.


(qızlara tərəf yeriyərək)


Qorxma,

Zərər gələn deyil

Məndən!

Ümid dilənirəm,

Sənin gözündə

Ümid dilənçisiyəm

Və bir fərqimiz var

Səndən,

Yanır

Mənim qəlbimdə

Ümidin son atəşi.


Qızlar (bir-birinə baxaraq) – Bu ki dəlidir, özü də zırından. (gedirlər)


(İşıqlar zəifləyir. Səfil yerinə qayıdır. Əhmədov onun qarşısında burnunu çəkərək asta-asta get-gəl edir.)


Əhmədov (əlini burnuna tutub) – Üf... üf... Lap zirzəmidə çürüyüb iylənən siçovul qoxusu gəlir. Üff...


(Yaxınlaşıb Səfilin üstünü iyləyir.)


Əhmədov (qorxaraq) – Oy... Üfunət qoxusu bədəninə çöküb. Dur, dur ayağa, gedək, səni yuyundurum.


(İşıqlar gurlaşır. Əhmədov ətrafa göz gəzdirəndə afişaları görür. “İnsanın şiddətli əzabı”-tarix 13 yanvar, saat 15.00, qiymət 10 AZN”. “Səfillərdən xilas olmaq”-tarix 13 yanvar, saat 17.00, qiymət 5 AZN”. “Müzəffər Kratos”-tarix 13 yanvar, saat 19.00, Giriş pulsuzdur”.)


Əhmədov (əliylə başını yuxarı qaldırıb afişalara baxaraq) – Nə deyir, nə deyir?


“Alırıq canını düşmənin

Zəkasıyla müzəffər Kratosun.

Ulular ulusudur,

Bizimdir o.

Qalibidir

Titanomaxiyanın.

Eşidir o

Bizi bir budaq başından.

Yetirir o

Qəlbimizdəki diləyi

Ocaq başından”.


(Ağzını marçıldadaraq)


Bəh-bəh... Yenilməz Kron gör Olimp tanrıları səni necə məğlub edib.


(Əhmədov yenə get-gəl edir. Anidən dayanır və barmağını dişləyir.)


Əhmədov (qışqıraraq) – Evrika! 

(Səfilin yaxasından tutub yaxınlaşdırır)

(öz-özünə) Oyun başladı. (Səfilə) Burda bilirsən nə yazıb, ay qanmaz? (Səfil başını bulayır) Üf, iy verirsən... Bax, burda yazıb ki, hər yoldan ötənə bir şapalaq vursan, Olimp tanrıları sənə qalmağa ev verəcək, amma cəmi bir dəfə ha.

Səfil (anlamır) – Doğrudan? Yaxamı burax! Aldadıb edərsən, işə keçəcərəm, qoy sakitcə dilənçiliyimi edim. (Səfil yerdəki qəpikləri götürür. Bu dəfə yerini dəyişib pilləkənlərin o biri başında gedib oturur) Bir, iki, beş...


Əhmədov – Bunu mən demirəm, vallah, de afişaya yazılıb.


(Səfil ayağa qalxır. Əhmədov cəld plakatın arxasına gizlənir. Cavan oğlan qarşıdan keçəndə Səfil onu vurmaq istəyir, amma özü döyülür. Əhmədov gizləndiyi yerdən çıxır, yenə əliylə başını yuxarı qaldırıb həmin afişanı oxuyur. “Akkad imperiyası” musiqisi çalınır. İşıqlar azalır.)


                    İkinci şəkil


(Səfil pilləkənlərin tən ortasında oturur. Qarşısında yerə sərilmiş qara papağı var. Teatrın mühafizəçisi onun qolundan tutur)


Mühafizəçi (amiranə) – İnsanları narahat etdiyinə və üfunət qoxuduğuna görə səni burdan aparmağı tapşırıblar.

Səfil (əlini yellədərək) – Qoxu sizin bədəninizdədir. Getmirəm. (pilləkənlərə uzanır) Mən gecələr burda yatıram, sabahımı bu pilləkəndə açıram. Məni evimdən qova bilməzsən. Çıx get, günorta yuxumun vaxtıdır!

Mühafizəçi – Məni başqa vasitələrə əl atmağa vadar eləmə. Yaxşı, yaxşı... 


(Dəyənəyini əlinə götürüb onu döyür. O qışqırır, amma hərəkət eləmirdi. Mühafizəçi onun saçlarından tutub qaldırır)


Səfil – Müzəffər Kratos, müzəffər Kratos! (qışqırır) Yaşasın müzəffər Kratos!

Mühafizəçi – Ə, düş qabağıma görüm, müzəffər “Krokodil” kimdir?!


(İşıq azalır. Əhmədov pilləkənlərə qalxır. Fonda yenə “Akkad imperiyası” musiqisi çalınır. Səfil axsaya-axsaya qayıdır.)


Əhmədov (barmağını yuxarı qaldırır) –     Eşidir o

Bizi bir budaq başından.

Yetirir o

Qəlbimizdəki diləyi

Ocaq başından.


Səfil (əsəbi) – Əşi, cəhənnəm ol başımdan! İki gündür, döyülürəm, söyülürəm. Rədd ol təpəmin üstündən!

Əhmədov (gülüb pilləkəndən tullanır) – Sən yavaş-yavaş mənim xoşuma gəlirsən, and ola. Ha-ha.


(İşıq artır. Səfil nəsə deməyə çalışır, lakin onun epilepsiyası tutur. Əhmədov onun qəfil rənginin dəyişməyini görüb qorxur, cığır-bağır edir. Insanlar onun yanından keçir, reaksiya vermirlər. Bir uşaq anasının əlindən çıxıb onların yanına gəlir, əlindəki su qabını Əhmədova verir.)


Əhmədov (Səfili yerə uzadır) – Budur, bax, budur sənin taleyin. (Qışqırır) Qalx ey lənətlə damğalanan kimsəsiz zavallı! (Üzünə su çiləyir) Dur, dur, ölsən belə ehsanını yeməzlər. (Səfili qucaqlayır)


(Camaat onların başına yığışır)


Əhmədov (iyrənərək) – Üf, yenə iy çoxaldı.

Camaat – Tamaşa neçədə başlayacaq?

Biri – Biletimi qaytaracam, tamaşasını gecikdirirlər.

Əhmədov – Hansı tamaşanı?

Biri – “İnsanlığın şiddətli əzabı” tamaşası.

Əhmədov (üzünü cıraraq) – O yalandır, əsl səhnə hər gün teatrın qarşısında, supermarketlərdə, restoranlarda, magistral yolların kənarında, inşaatlarda, yerdə, göydə və sənin şüursuz beynində nümayiş olunur.

Digəri (Əhmədova) – Sən kimsən, həkimsən, ya rejissor?

Əhmədov (onu yamsılayır) – Həkimsən? Mən Əhmədovam, bu dünyadan qovulan rejissoram.

Biri – Bu artistliyi bizi aldatmaq üçün edirsiniz? Biz teatra səhnə izləməyə gəlmişik, sizi yox. Pardon, ben buna tahammül edemem.

                    (Əhmədov ona yaxınlaşır)


Əhmədov (kinayə ilə) – Pardon, bayan Tahammül.


(Səfil özünə gəlir. Əhmədov ona su içirir)


Əhmədov (Səfilə təpik vurur) – Qalx, gör nə danışırlar. (camaata) Onlar yenə əsl tamaşanın, həqiqi əzabın zalda, səhnədə deyil, burda (ayağını yerə vurur) teatrın qarşısında göstərildiyini başa düşmədilər. Bəli, biz elə həyatın gerçək artistiyik. Elə bilirlər, mən (zalın qapısını göstərir) onları aldadan teatrın rejissoruyam. Dağılın, gedin, gecikirsiniz, yalanla pərdələnən səhnəyə gecikirsiniz. Hey-hey. Dağılın!


(Camaat dağılışır, çoxu teatrın zalına girir. Sıxlıqda kimsə uşağı Səfilin üstünə itələyir. Səfil inildəyir.)


Əhmədov (onu ayağa qaldırır) – Zırıllama, bayaqdan səni qaldıra bilmirəm, gərək qotur bədənini əzələr.


(Sükut. Əhmədov əlləri ilə üzünü örtən Səfilə baxır, gəzişirdi. Səfil üşüyür, teatrın qapısından içəri keçməyə çalışsa da, qapıçı onu buraxmır. Kor-peşman yerinə qayıdır.)


Əhmədov –     Söyərlər səni

Bir zalımtək,

Döyərlər səni

Yalvaran məzlumtək.

Amma inanmazsan

Ömrünün rəzilliyinə.

Aldanarsan ac pişik kimi

"Piş-piş" səsinə.

Yenə elərsən min şükür

Kitabına, imanına.

Eləməzsən şübhə

Vicdanına, qanına,

Zərifliyindən doğan

Acizliyin cürətinə.


(Səfili qucaqlayır)


Döyərlər səni,

İşıq tutmaz gözlərin

Qatilinin ürəyində gizlətdiyi

Tiyəsinə.

İşıq tutmaz


(Ayağa durur)


Yara basmış bədənində

Cərrahının paslı iynəsinə,

Dişlək-dişlək sapına.

Öldürərlər səni

Bir küçənin bu başından

O başına

Şütüyən,

Yol ortasında yol azan,

Təngiyən,

Fit alan it kimi.

Öldürəmməzlər, yox.

Oyan ey səfil!

Var, yenə qəzəbə var.

Cadula beynini, ruhunu.

Tövbə elə sükunətə,

Qaralanlığa,

Yadlığa,

Yaddaşsızlığa.

Ey səfil, oyan!

Cadulan, ey səfil!

Ölüb diriləcəksən,

Dirilib öldürəcəksən

Səfilliyi,

İnansan ölümsüzlüyə.


            Üçüncü şəkil


(Qışqırışma. İnsanlar teatr binasın təlaşla tərk edirlər. Polislər hərəsi bir yanından tutaraq binadan qara torba çıxarırlar. Səfil və Əhmədov pilləkənə tərəf gəlir.)


Əhmədov (Səfili qucaqlayıb) – Səndən cəsəd qoxusu gələ bilməzdi, mən bu iyi çoxdan hiss edirdim.

Polislərdən biri (Səfilin qolunu qandallayır) – Şübhəlisən!

Camaat – Şübhəlidir. Ədəbi hissə müdirini o öldürüb. Tutulmalıdır. Həbs. Ədalət.

Əhmədov (kütlənin üstünə şığıyır) – Yalan deyirsiniz. O, işçini öldürüb zirzəmiyə tullamaz, hamısı öz oyunlarıdır, cinayəti onun boynuna yıxırlar.

Səfil – Məni müdafiə etmə. Mən onsuz da öldürə bilmərəm, bacarmaram da. Qoy, məni tutsunlar, səfil həyatım sona yetsin. Onların məhkum olan azadlığını istəmirəm, belə azadlığı artıq rədd edirəm. Mənə verin əsl azadlığı!

Əhmədov (Səfili qucaqlayıb öpür) – Mənim həyat aktyorum... mən də sənin üzərində oyun oynadım.


                        (Musiqi)


Səfil –     

Almaram boynuma böyük günahımı,

Mən öldürməsəm, o məsum vicdanımı.

Dilənib dolanar, yaşayıb solaram;

Çəkdirərəm sizə bu ah-fəryadımı.


(Cibindəki qəpikləri çıxarıb camaata atır. )


Milçək belə öldürmərəm bu qüvvətlə.

Gizlətmərəm onu elə ədavətlə,

Ki öldürsəm belə onu dəfn edərəm.

Qafil gedər insan sizin o qəflətlə.


             (Polislər onu aparır)


            Dördüncü şəkil

            İlk epiqram

(Teatr binasının üzərində yazılıb)


Bir, iki, üçləri və s. öldürür, onu yuyur, kəfənləyir, camaatla namazını qılır, yüksək avazla Yasinini oxuyur, qəbirə qoyur, torpaqlayır, mərmərdən baş daşı hazırlayır və ehsan veririk.


                    Beşinci şəkil

                    Son epiqram


Biz, sadəcə, öldürürük.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)