Edebiyyat.az » Söhbət » Nemət Mətinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi müsahibə

Nemət Mətinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi müsahibə

Nemət Mətinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi müsahibə
Söhbət
admin
Müəllif:
17:31, 27 sentyabr 2023
408
0
Nemət Mətinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi müsahibə







Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün portalımızın Qonaq otağında sizləri gənc yazar Nemət Mətinlə görüşdürəcəyik. 

 

-Nemət Mətin, xoş gördük. Bir çoxumuz sizi “Sonuncu Uçuş" kitabı ilə tanıdıq. Digərləri isə sonuncu kitabınız olan "Gözəgörünməzlər" əsəri ilə sizi sevdi. Lakin istərdim özünüz haqda da bir az məlumat verəsiniz.

 

-Xoş gördük. Salamlayıram hamını. Təxəllüsümü Mətin götürmüşəm, çünki Nemət Hacıəliyev adı ilə bir neçə məqalə verdikdən sonra mənə bildirdilər ki, Hacıəliyev adı çox uzun səslənir. Bir təxəllüs olsa daha yaxşı olar. Mən də düşündüm ki, Mətin sözü Nemət adı üçün çox uyğun gəlir. Həm də ki, bildiyiniz kimi, Mətin sözü dözümlü, iradəli deməkdir. Yazı yazanda dözümlü və iradəli olmaq vacibdir. Roman yazarkən iki qat dözümlü, iradəli olmalısan ki, əsəri yazıb istədiyin kimi tamamlaya biləsən.

 

-Kitablarınızı hansı ardıcıllıqla yazmısınız?

 

-Ən birinci məqalələr kitabım “Ədəbiyyat və Kütlə” çap olunmuşdu. İçində nümunə kimi bir hekayəni də yerləşdirmişdim. Pis deyildi, uğurlu saymaq olar. Ardınca "Sonuncu Uçuş" kitabım çapdan çıxdı. Mənə görə, yetərincə uğurlu olmuşdu və məni daha çox tanıtmışdı. Həmçinin bu kitabım Türkiyədə də çap olundu. Səhv etmirəmsə, 1000 tiraj olmuşdu, sayını tam xatırlamıram. O kitab da yarısı hekayə, yarısı isə məqalələrdən ibarət idi.

Üçüncü kitab "Gözəgörünməzlər" kitabı isə istədiyim tərzdə hekayələrdir. Və bununla da hekayə kitablarına son deyirəm. Gələcəkdə, təbii ki, saytlar və qəzetlər üçün hekayələr yaza bilərəm, ancaq hekayə kitabından doymuşam artıq. İndi daha çox romanlar üzərinə fokuslanmaq fikrindəyəm.

Yeri gəlmişkən “Gözəgörünməzlər” kitabı Cənubi Azərbaycanda da çap olunacaq. Artıq çap prosesi gedir və yayınlanmasına çox az bir vaxt qalıb. Bundan başqa digər ölkələrdən də təkliflər gəlib, onun üzərində də işləmək lazımdır.

 

-Sizcə, yazıçı deyilən şəxs sırf ədəbiyyatçı və ya qələm adamı olmalıdır, yoxsa digər peşələrdə də çalışaraq gözəl əsərlər yarada bilər?

 

-Mənə elə gəlir, harada işləməyinin o qədər də əhəmiyyəti yoxdur, çünki indiyə kimi fərqli peşələrdə çalışan yetərincə çox yazıçılar olub. Sadəcə, ədəbiyyatda tanınana qədər müvəqqəti haradasa işləmək lazımdır. Sonra artıq kitabların satıldıqca heç vaxtın olmayacaq ki, başqa işlər görəsən.

Rayonda bir nəfərdən soruşurlar ki, “oğlun Bakıda nə işləyir”? O da cavab verir ki: “Bakıda şair işləyir”. (gülür)

Belə, həqiqətən, gülməli səslənir, amma kitablarının satılmağı özü böyük bir işdir. Yəni otur, səhərdən axşama kimi düşün, yaz, sonra üzərində işlə özü böyük bir vaxt tələb edir. Çünki baxırsan ki, artıq Netflixin özü belə yeni ideyalar axtarışındadır. 70-ci illərin filmini təkrar 2023-cü ildə bir az yeniləyib çəkirlər. Çünki yeni ideya yox dərəcəsindədir. Yeni ideya vermək dünyadakı ən böyük işdir.

 

-Hər bir yazıçı bu peşəyə yiyələnməzdən öncə yaxşı oxucu olmalıdır deyə düşünürəm. Bəs sizə ədəbiyyatı sevdirən hansı janr olub? Hansı kitablar sizdə yazıçılıq ruhunu oyadıb?

 

-Uşaqlıqdan çox kitab oxumuşam. Atamın kitabxanası var idi. Görürdüm ki, kitabları açıb vərəqləyir. Günlərdən bir gün kitab rəflərinə baxarkən “Hophopnamə” qarşıma çıxdı. Kitablarının arasında Hophopnamə hamısından böyük idi. İçində şəkillərinin olması nəsə marağımı çəkdi. Çox köhnə nəşr idi. Açdım vərəqlədim. Ordakı şeirləri oxudum və Sabirin yaradıcılığı xoşuma gəldi.

Belə-belə oxumağa başlamışdım digər kitabları da. Lakin ciddi oxumağa hərbi xidmətdəki  dövrlərdə başladım. Dəhşət sıxıldım. Xidmətə çıxıb qayıtdın, yemək yedin, idman elədin, yatdın-durdun, bəs sonra nə edəsən? Həmin ərəfələrdə əsgər yoldaşım evdən kitablar yollatdırmışdı. Elə oldu ki, o özü kitabların heç birini oxumadı, mən onun 5 kitabını 5 günə bitirmiş oldum. Rusca, Azərbaycanca və Türkcə oxumağa başladım. Amma sırf yazıçılığa addım atmağım Köhnə Azərbaycan kitablarını oxumağa başlamağımla oldu.

 

-Yeri gəlmişkən, yazarlığa necə başlamısınız?

 

-Mənim bir əsgər yoldaşım var idi. Onunla düşmənə çox yaxın idik. O mənə bütün arzularını danışmışdı. Özü də ali təhsil almadan 1 il 6 aylıq müddətlə gəlmişdi. O mənə deyirdi ki, gedib kollec oxuyacağam, evlənəcəyəm və digər işlərimi qaydasına qoyacağam. Çox səliqəli insan idi. Yəni mən o adama valeh olmuşdum. Elə oldu ki, xidmətlərin birində düşmən atəş açdı, onlar da iki nəfər gedirdilər. Qarşıdakı əsgərin “buşlat”ından keçib güllə ona dəymiş və beləcə, şəhid olmuşdu. İndi də yadıma düşəndə mənə bu çox pis təsir edir. Həmin zamanlarda isə mənə o qədər pis təsir etmişdi ki, neçə gün nə yemək yedim, nə də danışa bildim. Həyatını itirən o, ölən isə mən idim. Ruh kimi hiss edirdim özümü. Sonra elə oldu ki, əlimə dəftər keçdi, yazmaq istədim. Mən heç zaman şeir yazmamışdım. Götürdüm, 4 bənd olmaqla şeir yazdım. Çox zəif şeir idi, lakin müharibəni və bütün hissləri təsvir etməyə çalışmışdım.

Təxris olduqdan sonra gəldim və yenə çoxlu kitablar oxudum. Daha sonralar köhnə Azərbaycan əsələrini oxumağa başladım. Bu, sanki mənim yaradıcılığım üçün yeni bir mərhələ açdı. Çünki orda elə sözlər var idi ki, insanın ədəbi dil biliyini çox zənginləşdirir. Baxsan, indiki dilimizdə o sözləri demək olar ki, çox az, yox dərəcədə istifadə edərik, ya etmərik. Nə qədər istifadə etməsək də yazanda bu sözlər cümlənin içinə xüsusi bir ahəng qatır.

 

-Bəs şeirlərinin axırı necə oldu? Yenə şeir yazırsanmı?

 

-3-4 müğənni də mənə mahnı üçün müraciət etmişdi. Hətta aralarından biri oxudu, 3-4 saytda da yayımlandı. Lakin hiss edirdim ki, şeir mənlik deyil. Daha sonralar məqalələrə keçəndə bu şeirlərimi sildirdim saytlardan. Əslində şeir yazmaq istəyərəm. Mənə görə, insanlar poeziya ilə doğulur, yəni ritm üstündə, romantik anlarda şeir formasında gəlir düşüncələr.

 

-“Gözəgörünməzlər" kitabını 3 cümlə ilə necə təsvir edərdiniz?

 

- “Həyatda, baxırıq, elə adamlar var ki, görməzdən gəlirik. Ancaq görməzdən gəldiyimiz bu adamın başına çox maraqlı hadisələr gələ bilir.” – Mənə elə gəlir hər yazıçı belə eksperimentlər etməlidir. Tanımadığı adam gördükdə və ya maraqlı bir adamla qarşılaşdıqda onu qələmə almağı sınamalıdır.

 

-Elə olubmu ki, hansısa bir adam sizin üçün maraqlı olub və onun həyatını, hansısa yaşantısını qeydə almısınız?

 

-Misal üçün, “Sonuncu Uçuş” kitabımda da bir hekayə var: Adam dayanıb güllərə dua oxuyur. Maraqlıydı ki, o kiminlə danışır? Yaxınlaşıb araşdırdığım zaman sonradan bildim ki, iki qızı xəstələnib rəhmətə gedib. Ən sonunda adam başını itirib və ona elə gəlir ki, güllərə dua etməklə Tanrıyla təmas qurur. Beləcə, onun haqqında bir hekayə canlandırdım.

 

-Ədəbiyyatdan kənar incəsənətin hansı növü ilə yaxından maraqlanırsınız?

 

-Mənə elə gəlir ki, yazıçı hər bir şeylə maraqlanmalıdır. Tək yazıçı yox, misal üçün sən rejissorsansa araşdırırsan ki, Tarkovski musiqiçi olub, ən azı musiqiyə gedib və skripkanı bilir. Belə-belə çox nümunə saymaq olar. Mən də rəssamlığın tarixini araşdırıram və yazan adam olduğuma görə yazdığım şeylərin dərin qatı ilə maraqlanıram. İstər musiqinin yazılma prosesində, istərsə də rəssamlığın da fəlsəfi mənasını araşdırmaqla, elə-elə adama çoxlu ideyalar gəlir.

 

 -Sizcə, yazıçılar birlik olduğu zaman daha gözəl əsərlər ortaya çıxar, yoxsa yazıçı yalnız başına olanda daha da güclü əsərlər yarada bilər?

 

- Hər iki cür olub, baxır özünü hansı janrda görür. Məsəlçün Nicat Həşimzadə ilə Nəcəf Əsgərzadə çalışaraq birlikdə kitab yazıblar. Və belə nümunələr dünyada çoxdur. Misal üçün tək adam oturub yazsa bu, beş ilə başa gələr. İki adamdırsa, iki ilə bitirmiş olacaq. Və iki nəfərin düşüncəsi bir nəfərə nisbətdə daha möhkəm ola bilər. Əsasən elmi əsərlərdə belə olur...

 

-Lakin mənim nəzərdə tutduğum sual bu deyildi. Demək istədiyim, sadəcə sənin əsərin ola bilər, amma o əsərin arxa planında səninlə birlikdə on nəfər adam ola bilər. Sənə dəstək olmaq üçün oxuyub tənqidlər bildirə bilər ki, sən roman üzərində işləyərək kitabı yenidən söküb yığmış olarsan.

 

-Hə, düz deyirsən. Nobel almış Orxan Pamuk necə edir? Osmanlı haqqında bir roman yazmaq istəyir, oturub onu ən xırda detalları əvəzinə oxumur, çünki bunu etsə uzun 10 illiklər alar, buna isə vaxt yoxdur. Ona görə bir adam tutur və tarixləri qısa-qısa yazır. Misal üçün “həmin dövrdə gəmi nə cür olub?”, “həmin dövrdə nə cür geyinilib. Bir o, bir də yazandan sonra artıq sən inanıb zövqünə güvəndiyin on nəfərə onu paylamalısan. Düzdür, yazıçı öz fikrini dəyişmir çox vaxt, amma yenə də hansısa bir hissəni yönləndirə bilər, yaxud daha möhtəşəm bir ideya ilə zənginləşdirə bilər. Ona görə bu dediyin çox lazımlı bir məsələdir.

 

-Bernard Şounun bir sözü var: “Yaşlı insanlardan şam kimi yox, məşəl kimi istifadə edib onların biliklərini gələcək nəsillərə ötürmək lazımdır”. Ustadlarımızdan özünüzə müəllim kimi gördüyünüz yazıçılar varmı?

 

-Sağ olub yanımda olanlardan Azad Qaradərəlinin adını çəkə bilərəm ki, ondan çox şeylər öyrənmişəm. Geniş yazmaq necə olur, biri var ki, yazıb fikri bitirirsən, biri də var yazıb o fikri genişləndirə bilirsən. Daha sonra Azər Qismətin adını çəkə bilərəm. Özü həm jurnalist, həm yazıçıdır. Mən fikir verirəm ki, yazıçı həm də jurnalist olmalıdır. Sən müsahibə ala, insanları söhbətə tutub onların həyatını araşdıra bilməlisən. Bunlar hamısı jurnalistikaya aiddir və ondan çox şey öyrənmişəm.  Çünki yazıçı iki şeyə fikir verir, bir sujet xəttinə, bir də yazı üslubuna. Təbii ki, ümumi ideya da olmalıdır. Misal üçün az öncə də dedin, “əsəri iki cümlə ilə ifadə elə”. O iki cümlə o qədər möhtəşəm olmalıdır ki, oxuyan ondan yüz il, iki yüz il sonra nəsə götürməlidir. İncilər suyun altında olur, gərək üzüb gedib onları tapasan.

 

-Eynən. Yüz dahinin həyatını oxuyub 101-cini yaradırsan, yəni özünü. Çünki çevrənə kimi yığırsansa, zaman keçdikcə onlara çevrilirsən.

 

-Maraqlı yanaşmadır, razıyam. İnsan özünə dahi deməz, amma özündən əmin olmaq lazımdır.

 

-Oxumadan yazmaq mümkündürmü, sizcə?

 

-Deyirlər, Kafka oxumadan yazırmış, amma  mən Kafkanın məktublarını tapdım. Dostu ilə məktublaşarkən oxuduğu kitabların adlarını saymağa başlayır. Bəstəkar bir dostu ilə əsərləri geniş həcmdə müzakirə edirlər, görürsən ki, adam çox oxuyub.

 

-Gənc yazıçıların uğurlu ola bilməsi üçün etməsi gərəkən ən önəmli şeylər nələrdir?

 

-Birinci növbədə özünü təkmilləşdirmək. Hiss etməlisən ki, hər dəfə daha yaxşı yazmağa başlayırsan. Məsəlçün növbəti kitabı yazanda düşünürəm ki, əvvəlkindən yaxşı olmalıdır. Yaza bilmədiklərimi də yazmağa çalışıb oxucuya daha da gözəl əsərlər bəxş etməyə çalışıram. Və ikinci növbədə reklamdır. Reklam sektoru bizdə yetərincə inkişaf etməyib, yazıçı çalışır ki, özü özünü reklam etsin. Reklama baxan nəşriyyatın bir qolu olmalıdır. O səni tanıtmalıdır. Amma bizim ölkədə bu olmadığına görə yazıçı çalışır özü-özünü reklam etsin. Və onun da yolları var. Kim istəsə maraqlana bilər və onun haqqında da danışa bilərəm növbəti müsahibələrimizdə.

 

-Vaxt ayırıb müsahibəmizdə iştirak üçün sizə minnətdaram. İşlərinizdə və yeni kitablarınızda sizə müvəffəqiyyətlər arzu edirəm!

 

-Çox sağ olun, var olun, mən də sizə, sizin portala və rəhbərliyə təşəkkürümü bildirirəm.

 

Mənbə: “Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)