Edebiyyat.az » Esmira Hüseynli - Sonuncu stansiya

Esmira Hüseynli - Sonuncu stansiya

Esmira Hüseynli - Sonuncu stansiya
---
admin
Müəllif:
17:02, 09 yanvar 2023
1 562
0
Esmira Hüseynli - Sonuncu stansiya




 

Metroya ömürlük minən adam da

İçərişəhərdə düşməli olur. (El Roman)

 

I

 

Metro hər dəfə mənə kənddən Bakıya gəldiyim ilk günü xatırladırdı. Tələbə adını qazandıqdan sonra universitetdə qeydiyyatdan keçmək üçün anamla birgə taksi tutub Bakıya gəlirdik. Yol boyu ağzımı ayırıb pəncərədən çölü seyr edirdim. Anam da tez-tez: “Ay bala, özünü görməmiş kimi aparma”, - deyib məni danlayırdı. Axı mən yazıq, həqiqətən də, ağacları kölgədə qoyan belə hündür binaları, tıxac yaradan çoxlu maşınları, qarışqatək qaynaşıb harasa tələsən bu qədər insanı bir arada görməmişdim. İndi bütün bunlar hamısı gözlərimi qamaşdırırdı. Gördüyüm hər şeyi, hər yeri beynimə həkk etmək istəyirdim. Bizə verilən ünvana çatdıqdan sonra anam kirayə pulunu ödəyib əşyaları yerləşdirməyə başladı. Həmin gün gecə həyəcandan yata bilmirdim. Niyəsə içimi vahimə də bürüyürdü. Bəlkə də, anamın getməsindən sonra tək qalacağımı düşünmək məni qorxudurdu. Səhər açılan kimi hazırlaşıb yola üz qoyduq. Doğrusu, necə getməli olduğumuzu bilmirdik. Elə ona görə də anam bir neçə adamdan yolu soruşdu. Yaxınlıqdakı metrostansiyaya doğru getdik. Sən demə kart olmadan içəri keçmək olmurmuş. Bu zaman növbə ilə içəri keçməyə çalışan insanlara yaxınlaşıb xahiş edirdik ki, bizi də keçirsinlər. Amma çoxu bizi heç eşitmədi, eşidənlər isə əhəmiyyət vermirdilər, hətta bəlkə, onlara mane olduğumuz üçün əsəbiləşirdilər də. Nəhayət, qırmızımtıl qısa bir don geyinmiş, şabalıdı saçları, qəhvəyi gözləri olan bəyaz tənli gözəl bir qız bizi keçirdi. Hətta kartını bizə verərək başa saldı ki, bu kart təkcə metro üçün yox, bəzi avtobuslar üçün də keçərlidir. Hara getmək istədiyimizi öyrəndikdən sonra bizə sağ tərəfdən gələn metroya minməli olduğumuzu dedi. Ona çoxlu təşəkkür etdim. Metroya mindikdən sonra anama: “Ay ana, çox şükür qarşımıza yaxşı biri çıxdı. Allah ondan razı olsun”, - dedim. Anam: “Hə, hə sağ olsun, amma geyimi abırlı deyildi”, - deyib üz-gözünü turşutdu. Əsəbiləşdiyim üçün artıq heç nə demədim. Metronun qoxusunu çox sevmişdim, mənə qəribə xoş bir hiss verirdi. Bilmirəm niyə, sonralar bir də bu hissi yaşaya bilmədim. Vaqondakı insanların qəribə baxışlarına tuş gəlirdik. İstər geyimimizlə, istər duruşumuzla fərqlənirdik. Anamın zəhmətkeş əlləri, ağarmış saçları, gündən qaralmış dərisi baxımsız qalırdı. Deyəsən, bütün bunlara görə bu insanlar göz zövqlərini korlamaq istəmirdilər. Hətta bizdən çox aralı durmağa çalışanlar da var idi. Sonralar buna nəinki üstümüzə, ruhumuza sinmiş bir qoxunun səbəb olduğunu anlamışdım. Bu mal-qaranın, toyuq-cücənin, peyinin, torpağın – bir sözlə, kəndin qoxusu idi. Qeydiyyatdan keçdikdən bir neçə gün sonra anam kəndə geri qayıtdı, mən də iki otaq yoldaşımla birgə qalmağa davam etdim. Otaq yoldaşım Akif də kənd uşağı idi. Alim isə rayondan gəlmişdi. Özü də dəfələrlə atası ilə birlikdə bal satmağa Bakıya gəldiyi üçün bizdən fərqli olaraq az-çox şəhəri tanıyırdı. Elə bir çox şeyi də o bizə öyrətdi.   Universitetin ilk günü almağa o qədər kitab deyilmişdi ki, pulumun çatmamasından qorxuya düşmüşdüm. Sağ olsun, yenə Alim bizi başa salmışdı ki, kitabxanaya yazılaq, kitabları oradan əldə edək, olmayanları da ikinci əl kitab satanlardan alaq. Ümumiyyətlə, zamanla artıq hər bir mövzuda Alimlə məsləhətləşər olduq. Bir gün ikinci əl kitab almaq üçün sosial şəbəkə vasitəsilə danışdığım xanımla görüş yeri və saatını təyin etdik. Yeri gəlmişkən onu da qeyd edim ki, ilk telefonumu mənə universitetə daxil olmam münasibətilə almışdılar. Telefonun dilini, sosial şəbəkələrdən necə istifadə edildiyini də mənə Alim öyrətmişdi. 

Kitabı alacağım gün gəlib çatmışdı. Gecikməmək üçün cəld evdən çıxıb metroya tələsdim. Sonuncu stansiyada- “İçərişəhər”də düşüb “SOS”-a doğru yeridim. Budur, kitabı alacağım xanım məndən daha tez çatmışdı. Addımlarımı sürətləndirdim, yaxınlaşdıqca bu simanın haradansa tanış gəldiyini sezirdim. Onunla üzbəüz iki addımlıq məsafədə ayaq saxladım. Gözlərim onun gözləri ilə toqquşanda ayaqlarımdan yuxarıya doğru qalxan üşütmə yanaqlarımda dayanıb od oldu. Ürəyim döş qəfəsimi parçalayıb qarşıya atlanmaq üçün çırpınırdı. O da məni tanıdığı üçün gülümsədi və yanaqlarının kənarında yaranan səmadan bir ulduz uçdu, mən o ulduza baxaraq dilək tutdum. “Salam, sizi yenidən görməyimə şadam. Buyurun kitabınız”, -deyərək kitabı mənə uzatdı. Özümü toplayıb pulu uzatdım. O isə : “Xeyr, ehtiyac yoxdur. Mənə sadəcə adınızı desəz, ödəşmiş olarıq”, - gülümsəyərək dedi. “Mehman”, -deyə cavab verdim. Mənim susduğumu görüb: “Məmnun oldum, indi isə mən getməliyəm, görüşənədək sağ olun”, - deyib metroya minmək üçün qaçdı. Yol boyu sanki donmuş beynimin buzları əridikcə mən olub bitəni daha yaxşı anlayır, özümə əsəbiləşirdim. Amma ən çox da onun adını soruşmadığıma görə özümü danlayırdım. Evə çatanda əhvalımın birtəhər olduğunu görən otaq yoldaşlarım məni sual atəşinə tutdular. Mən də əhvalatı danışdım. Xeyli güldükdən sonra məni cəsarətləndirdilər ki, yenidən ona yazım. Doğru-düzgün ona təşəkkür edə bilmədiyim üçün üzrxahlıq etdim və təşəkkürümü bildirdim. Daha sonra ondan adını soruşdum. O isə mənim adımı kitab qarşılığında öyrəndiyi üçün öz adını havayı deməyəcəyini bildirdi. Daha sonra təklif etdi ki, mənə şəhərdəki ən gözəl yerləri göstərsin.  Beləliklə, biz yeni bir görüş vaxtı təyin etdik. 

 

 

II

 

Təxminən beş-altı dəqiqə gözlədikdən sonra onun iti addımlarla mənə doğru gəldiyini görüb dərindən nəfəs almağa çalışdım. Amma o, hər bir addımını atdıqca mənim nəfəs almağım daha da çətinləşirdi:  

- Salam, necəsən, çox gözlətmədim ki?

-Yaxşıyam, çox sağ olun, siz necəsiniz?  Yox, elə mən də bir az olar gəldim.

-Bu artıq bizim üçüncü görüşümüzdür. Bəlkə mənə “siz” deməyəsən? Yox, əgər problemdirsə, heç mən də “sən” deyə müraciət etmərəm. 

-Yox, problem deyil. 

-Yaxşı, əvvəlcə sənlə vacib bir yerə getməliyik sonra isə gəzərik.

 Razılıq əlaməti olaraq başımı salladım. Vacib yer dediyi Şəhidlər xiyabanı imiş. Deyirdi ki, Bakını gəzməzdən əvvəl buraya gəlmək borcumdur. Dağüstü parkdan bütün Bakı ayaqlarımızın altında imiş kimi görünürdü. Bir xeyli müddət küləyə qarışmış   səssizliklə mənzərəni izlədik. Geri qayıdanda yolboyu köhnə müsəlman qəbiristanlığının tikilməsindən tutmuş dağüstü parkın salınmasına, Kirovun heykəlinin sökülməsindən şəhidlər xiyabanının necə salınmasına qədər bütün tarixçəni mənə danışdı. Elmlərdə bir kitab kafesinə getdik oturduğumuz masanın divar tərəfi Vinsent van Qoqun məşhur əsəri olan “Ulduzlu gecə”  ilə bəzədilmişdi. Təbii ki, o vaxtlar nəinki rəsm əsərləri heç məşhur rəssamlar haqda da heç bir biliyim yox idi. Peçenye ilə qəhvə içə-içə söhbət etməyə başladıq: “Mənə ən sevdiyin yazıçı, yaxud ən sevdiyin kitab haqqında danışa bilərsən?”- onun bu sualı qarşısında aciz qaldım, axı indiyədək dərs kitablarından başqa heç nə oxumamışdım. Ədəbiyyat dərsliklərindən oxuduğum şairlar, yazıçılar, əsərlər bir zövqə sahib olmağıma və bu suala cavab verməyimə kifayət edərdimi? Deyəsən, üz ifadəmdən anlamışdı: “Bircə demə ki, bədii kitablar oxumamısan”. Susdum. Bu dəfə isə: “Yaxşı, eybi yox, bundan sonra oxuyarsan. Bəs kəndinizi təsvir edə bilərsən?”- deyə soruşdu. Haradan bilmişdi deyə soruşmaq istədim, amma bəlkə də, təxmin etmək elə də çətin deyildi deyə vaz keçdim: “Kəndimiz elə də böyük deyil. Sanki düz meşənin içində yerləşir. Meşənin ardından da dağlar görünür. Yəni belə, başqa nə deyə bilərəm bilmirəm”. “Bəs kəndinizin insanları, yəni necə insanlardır?”- sanki mənim daha çox danışmamı istəyirmişcəsinə baxan gözlərlə soruşdu. “Zəhmətkeş insanlardır”,- elə bunu demişdim ki, anidən susdum. Çünki, deyəsən, heç vaxt bu haqda düşünməmişdim. Sonra beynimdə ilk dəfə düşündüklərimi səsli şəkildə də deməyə başladım: “Amma gözlərinin qarşısındakı gözəllikləri görə bilməyəcək qədər də kor və naşükürdürlər”. Görünür, ağzımdan çıxan bu cümləyə təkcə mən təəccüblənməmişdim. O, daha da maraqla baxan gözlərlə sözümə davam etməmi gözləyirdi. “Yəni, bilmirəm, xoşbəxt ola biləcəkləri halda sanki bunu istəmirlər. Deyəsən, onlar üçün monoton bir həyat yaşamaq daha asandır. Üstəlik, həmişə nədənsə narazıdırlar. Tanrı ilə də qəribə bir savaş içərisindədirlər”,- demişdim ki, onun son sözlərimə güldüyünü görüb susdum. Bu zaman o, dilləndi: “ Onda bilməlisən ki, tanrı ilə savaşanlar sadəcə o insanlar deyil”. Qəhvələrimizi içib bitirdikdən sonra kiçik səyahətimizə davam etdik. Xüsusilə, İçərişəhəri çox sevmişdim. Amma buradakı gəzintimiz boyunca aramızda çox da maraqlı dialoqlar yaşanmadığı üçün yadımda qalan tək şey Qız qalasının önündə çəkdirdiyimiz şəkil oldu. Hə, bir də anamın təbirincə desək, “görməmiş” kimi ancaq onu izləməklə məşğul idim. Artıq hava qaralırdı. Deyəsən, getmək vaxtı idi. Birlikdə vaqona mindik. İki stansiyanı geridə qoymuşduq ki, növbəti stansiyada düşəcəyini dedi.  Hər şey üçün təşəkkür etdikdən sonra cəsarətimi toplayıb : “Bəs adını deməyəcəksən?” - deyə soruşdum. O isə : “Bir an yenə soruşmayacaqsan deyə qorxmuşdum”, - deyib çantasından bir kitab çıxardı. “Buyur, anamın ən sevdiyi kitabdır. Adımı da buradan götürüb”, -kitabı verib cəld vaqondan düşdü. Heç evə getmək istəmirdim, axı möcüzə kimi bir gün yaşamışdım, əslində isə möcüzənin özü elə o idi. Əgər bir başqası ilə Bakını gəzsəydim, yenə özümü nağıllar aləmində imişəm kimi hiss edərdimmi? İnanmıram. Hərçənd ki, onun adını öyrənmək üçün səbirsizlənirdim, yolboyu kitabın üzünə belə baxmadım. Sadəcə bütün günü xəyalımda yenidən canlandırmaq istəyirdim. Evə çatanda otaq yoldaşlarımın səs-küyündən anladım ki, televizorun qarşısında futbola baxırlar. Cəld mətbəxə keçdim ki, məni görməsinlər. Bir az tək qalmaq istəyirdim. Özümə bir çay süzdüm və kitabı qarşıma qoyub Çarlz Dikenzin “Böyük ümidlər” romanını oxumağa başladım. Nə qədər müddət keçmişdi bilmirəm, bir də hiss etdim ki, Akiflə Alim başımın üstünü kəsdiriblər. Başımı qaldırdım ki, ikisi də üzümə baxıb   mırışır. Məndən əl çəksinlər deyə onlara günümün qısa xülasəsini nəql etdim. Alimin: “Heç bu işdən baş aça bilmirəm. Sən adını deyirsən, qarşılığında kitab alırsan. O, adını deyir, yenə sən kitab alırsan. Kefdəsən ki”, - deməsilə gülməyə başladılar. Bir az sonra Akif : “ Yaxşı, bəs adının nə olduğunu bildinmi?” – deyə soruşdu. “Estella”,- deyə cavab verdim. “Pəh, ada bax e. Nəsə xarici ada oxşayır. Qız dəqiq azərbaycanlıdır?”- Alim soruşdu. Boşboğazlıqları artıq canımı sıxmağa başlayırdı, onları necə başımdan edim bilmirdim. Əlacsızlıqdan söhbəti baxdıqları futbol üzrə dəyişdim. Elə hay lazım imiş kimi, dayanmadan müzakirə etməyə başladılar. 

 

 

 

 

III

 

Artıq Bakıdakı həyatıma alışırdım. Otaq yoldaşlarımla yaxşı yola gedirdim.  Dərslərim də qaydasında idi. Ailəmlə olan telefon danışıqlarımın sayı da həftənin hər günündən  bir-iki gününə qədər enmişdi. Həftəsonlarını səbirsizliklə gözləyirdim. Ona görə yox ki, dərslər olmurdu, mən yuxudan tez oyanmaq məcburiyyətində deyildim. Ona görə ki, hər həftəsonu Estella ilə görüşərək birlikdə vaxt keçirirdik. Hər dəfə həftə ərzində izləmək üçün bir film, oxumaq üçün bir kitab seçirdik. Beləliklə, həftəsonları baxdığımız film ilə oxuduğumuz kitabı kəşf etdiyimiz yeni bir məkanda görüşüb müzakirə edirdik. Bir dəfə Herman Hessenin “Demian” kitabını müzakirə edirdik. Çox təsirlənmişdim. Mən coşub-daşan düşüncələrimi bölüşərkən Estellanın bu qədər soyuqqanlı şəkildə məni dinləməsi az qala məni özümdən çıxarırdı. Mənə elə gəlirdi ki, dediklərimə məhəl qoymur, fikri ayrı yerdədir. Ah, hərdən onun insanı dəli edən qəribə baxışları, anlaşılmaz üz ifadəsi onu məndən çox uzaqlarda hiss etdirirdi. Sonra küsmüş şəkildə sözümü kəsib dayandım. O, məni, həqiqətən, dinlədiyini və anladığını desə də, nədənsə inanmırdım. Məni inandırmaq üçün : “Hətta dur təxmin edim, əminəm ki, ən təsirləndiyin və üzərində çox düşündüyün hissələr xanım Evanın danışdığı nağıllar olub”, - deyərək hər zamankı kimi yenə məni təəccübləndirdi. Ardınca bir sualını verib cavab gözləmədən bir nəfəsə: “ Tam sevdiyi ulduza qovuşacaqkən qorxduğu üçün yerə çırpılan gənc, səncə, daha azmı sevirdi? Yaxud bir digər nağılda deyildiyi kimi sevgi özünü tapmaqdırmı? Bəs özünü sevgidə itirənlər?”- deyə soruşdu. Deyəsən, indi anladım ki, onu bayaqdan bu düşüncələr məşğul edirmiş. “Açığı, sən haqlısan, həmin iki nağıl məni çox düşündürdü. Digər tərəfdən də, bəs sevdiyin şəxsdə özünü tapırsansa, əslində, həm də özünü, yaxud keçmiş özünü onda itirmiş olmursanmı? Ümumiyyətlə, mövzu sevgidirsə, “mən” anlayışı var olmalıdırmı?” – deyə mən də öz suallarıma cavab axtarırdım. Deyəsən, Estellanın ağlında yeni bir sual daha peyda olmuşdu: “ Sevgi sadəcə qovuşmaqdır?”. Birdən-birə xoş olmayan bir kölgə sanki üzərimə düşürmüş kimi içim daraldı : “ Of, bilmirəm, nə isə. Bu söhbəti “Hər kəsin sevgi anlayışı, sevmək tərzi fərqlidir” deyib bağlaya bilərik”, - deyərək özümü gülümsəməyə məcbur etdim. Niyə bu qədər gərildiyimi özüm də anlamırdım. Estella anidən xəyallar adasından bu dünyaya geri dönmüş kimi diqqətlə gözlərimə baxdı. Mən də hipnoz olmuşcasına gözümü qırpmadan ona baxmağa davam etdim. Hiss edirdim ki, o, nə isə deməyə hazırlaşır. Birdən : “Mehman!” – deyə sanki mən ondan çox uzaq məsafədə imişəmmiş kimi səsləndikdə səksəndim. Ardınca gülümsəyərək: “Səni tanıdığım üçün çox xoşbəxtəm!” – deyib ilk dəfə əlimdən tutdu. Dilim tutuldu və sadəcə ayaqlarım onun əlimdən tutub apardığı yerə sürüklənməyi bacarmışdı. Əslində, Estellanın mənim səssizliyimi belə anladığına adım kimi əmin idim. Ümumiyyətlə, çox zaman bizim sözlərə ehtiyacımız yox idi. Bəzən sadəcə bir baxış, bir gülüş hislərimizə mütərcim olurdu. Bəzən isə haraya qoyacağımızı bilmədiyimiz əllərimiz, hətta ayrılarkən gedə bilməyən ayaqlarımız bizdən daha çox danışırdı. Dost-tanışlarımız, bizi görən hər kəs sevgili olduğumuzu düşünürdü. Təkcə Alim bizim   aramızdakı münasibəti necə qiymətləndirəcəyini  bilmirdi. Hər dəfə məndən : “ Siz nə yaşayırsınız?” – deyə soruşub gülürdü. Akifə görə isə, ümumiyyətlə, bizim aramızdakı sevgi deyildi, axı mən Estellanın geyimi, hara gedib-getməməsi, hər an nə işlə məşğul olması ilə maraqlanmırdım. Eyni ilə o da məni qısqanmır, hər hansı bir şey üçün açıqlama tələb etmirdi. Hər kəsin nə düşünüb-düşünməməsi mənə heç maraqlı olmasa da,  Estellanın bizi necə görməsi, qəbul etməsi maraqlı idi. Hətta bəzən “biz” anlayışının sadəcə mənim üçünmü  var olub-olmadığını sorğulayırdım. Odur ki, ondan münasibətimiz haqda nə düşündüyünü soruşmaq qərarına gəlmişdim. Yenə görüşdüyümüz günlərdən birində Xəzəri seyrədərkən sükutu pozub gecə-gündüz ağlımda dolaşan o sualı verdim: “ Estella, biz indi nəyik? Yəni, sən və mən... aramızdakı bu münasibətin adı nədir?”. Estella gülümsəyərək gözlərimin içinə baxdı. Sanki bu suala cavab vermək üçün tərəddüd edirdi. Nəhayət, o, dilləndi: “ Mənə elə gəlir ki, adı olmayan hər şey çox gözəldir. Niyə insanlar hər şeyi adlandırmaq ehtiyacı duyurlar? Məncə, sözlərin belə ifadə etməkdə aciz olduğu hislərə ad qoymaq hər şeyi  bir çərçivəyə salaraq yaşadıqlarımızı bəsitləşdirməkdən başqa bir şey olmaz”. Dediyi bu cümlələri bütün gün ərzində düşündüm. Hər düşündükcə sanki nə demək istədiyini yenidən anlayıb ona haqq verirdim. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

IV

 

Universiteti bitirməyimə bir neçə ay qalmışdı. Bu illər ərzində çox şeylər öyrəndim və öyrəndiklərimin çoxunu da məhz Estellaya borclu idim. Açığı, aramızdakı hər şey o qədər gözəl idi ki, bir dəfə belə olsun ciddi mübahisə etdiyimiz və bir-birimizi incitdiyimiz an  olmamışdı. Zamanla, ətrafımızdakı dost-tanışlarımız da bizə göstəriş verməkdən, münasibətimiz haqda fikir bildirməkdən əl çəkmişdilər. Artıq uzun müddət idi ki, Estella bir şirkətdə tələbə hüquq məsləhətçisi kimi təcrübə qazanırdı.  Ailəm isə mənim əvəzimə gələcək planlarımı qurmağa davam etməkdə idi. Elə kəndimizdəki məktəbdə tarix müəllimi olmamı istəyirdilər.  Novruz bayramını ailəmlə birlikdə keçirmək üçün kəndə getmişdim. İlk fürsətdə cəsarətimi toplayıb Estella barəsində söhbət açdım. Anamın   bu məsələyə yaxşı baxmayacağını təxmin etsəm də, atamın da mənim istəklərimə qarşı çıxa biləcəyini ağlımın ucundan belə keçirməmişdim. Estellanı nə qədər çox sevdiyimi, ciddi düşündüyümü dəfələrlə desəm də, sanki dediklərim buxar olub uçurdu. Heç kəs məni anlamaq istəmirdi. İş o yerə çatdı ki, məni seçim qarşısında qoymaqla təhdid etməkdən də çəkinmədilər. Bakıya kor-peşman şəkildə qayıtmışdım. Beynimi daim qurcalayaraq məni narahat edən bir şeyin olduğunu Estella da hiss edirdi. Odur ki, vəziyyəti ondan gizlədə bilməzdim. Mən ailəmin onu istəmədiyini deyəndə onun üzülməsindən qorxurdum. Halbuki, mən hər şeyi izah etdikcə Estellanın gözləri parlayır, özü də üzümə baxaraq gülürdü. Təəccübümü gizlədə bilməyərək bu sevincinin səbəbini soruşanda məlum oldu ki, mənim onun haqqında ailəmə danışmağım, gələcəyimi onunla birgə düşünməyim xoşuna gəlib. Daha sonra isə hələ bunlar haqqında düşünməmizin tez olduğunu deyib boş yerə özümü yormamağımı dedi. Amma mən bu məsləhətə əməl edə bilmədim. Sanki günlərin keçməsini istəmirdim. Hər gün daha da gərgin hiss edirdim. Yalnız gələcək haqqında düşünür və düşünməkdən başqa əlimdən heç nə gəlmədiyini anladıqca  daha da məyus olurdum. Bəli, indi öyrəndiklərimi həyatımda tətbiq etməyin zamanı idi. Və mən artıq hər şeyi çəhrayı rəngdə göstərən xəyal adlı eynəklərimi çıxarıb, ətrafıma çılpaq gözlərlə  baxmağa cəsarət etməli, həqiqətlərlə üzləşməli idim. Bəlkə də, birdən-birə böyüdüyüm o qısa müddət həyatımın ən bədbin olduğum dönəmləri idi. Vaxt azaldıqca hiss edirdim ki, artıq bir qərar verməliyəm. Amma hər dəfə özümü cəsarətləndirsəm də, Estella ilə görüşəndə gələcəyimizlə bağlı etməli olduğumuz söhbəti aça bilmirdim. Bu hal təkrarlandıqca başa düşürdüm ki, beynimlə ürəyim ortaq məxrəcə gələ bilmir. Deyəsən, Estella gərginliyimin səbəbini anlayırdı. Odur ki, hər zamankı kimi yenə ilk addımı o atdı. İngiltərədən təklif gəldiyini, əgər qəbul edərsə,  orada hüquq təhsilini davam etdirərək iş təcrübəsi də qazana biləcəyini dedi. Daha sonra əlavə etdi ki, əgər onun burada qalmasını istəsəm, heç yerə getməyəcək. Üstəlik, Estellanın anası nə olursa olsun ona qarşı çıxmayacaqdı. Nə də olsa, özü də bir zamanlar Estellanın atası ilə imkansız olanı mümkün etmişdi. Amma təəssüf ki, xoşbəxtlikləri sadəcə bir neçə il sürmüşdü. Atasının faciəvi şəkildə - dənizdə bataraq ölməsindən sonra, həmin sevginin bəhrəsi olaraq geriyə sadəcə Estella qalmışdı.   Beləliklə də, Estella indi bizim hekayənin gələcək taleyini mənim əllərimə buraxmışdı: “Mən səni incitməkdən qorxuram”, - deyərək məni anlayacağına ümid edirdim. O isə: “Sənin ruhun o qədər incədir ki, məni itirməkdən yox, məni xoşbəxt edə bilməməkdən qorxursan. Məhz buna görə də, doğru qərarı verəcəyindən əminəm” , - deyib məni bərk-bərk qucaqladı. Həmin gün bütün gecəni yata bilmədim. Verəcəyim qərara görə ehtimalları dəyərləndirirdim. Gah Estellanı kəndimizdə oradakı qızlar kimi inək sağmağa çalışarkən təsvir edib gülür, gah da özümü şəhərdə Estella ilə ayaqlaşa bilməyəcəyimi bilə-bilə evə qazanc gətirməkdən ötrü “həlak edərkən” təsvir edib halıma acıyırdım. Növbədə həyatımı Estellasız təsəvvür etmək də var idi. Zamanın necə keçdiyini hiss etmədən artıq səhər də açılmışdı. Beləliklə, qəti qərara gəlmişdim ki, Estellaya mənimlə evlənməsini təklif edəcəm. Dəfələrlə özümə sadəcə onunla yaşamaq istədiyimi başqa heç bir şeyin önəmli olmadığını təkrarlayırdım.  Heç bir saniyə belə gözləmək istəmirdim. Sanki hər dəqiqə əleyhimizə işləyirdi, zaman irəlilədikcə mən nə isə itirirdim. Ona görə də, Estellaya zəng edərək dərhal görüşməli olduğumuzu dedim. Ayaqqabılarımı necə geyindiyimi, metrostansiyaya necə qaçdığımı, özümü vaqona necə atdığımı bilmirdim. Tək bildiyim, daha çox düşünməmək üçün beynimdə eyni cümlələri təkrarlamalı olduğum idi : “ Mən onu sevirəm. Onu çox sevirəm. Başqa heç nə. Heç nə...”. Doğrudan, axı niyə bu dörd il ərzində bir-birimizə “Mən səni sevirəm” deməmişdik? Onu sevdiyimi, özü də necə çox sevdiyimi demək üçün səbirsizlənirdim. Amma bu metronun niyə məhz indi belə yavaş sürətlə hərəkət etdiyini heç cürə anlamırdım. Son bir stansiya qalanda qapılara doğru irəlilədim. Aynada öz əksimi görəndə irkildim. Sanki bir saat futbol oynayıb meydandan qaçmış biritək tər su içindəydim. Sonra aynada özüməmi baxmağa davam etdim, yoxsa qaranlığamı? Xatırlamıram.  Xatırladığım tək şey o anın önəmli olduğu idi. Və bütün önəmli dediyim, hər nədirsə artıq, hər şey sanki bir neçə saniyə ərzində baş vermişdi. Və budur, metro sonuncu stansiyada dayandı. Onu görürdüm, Estella məndən sadəcə bir neçə addım uzaqda idi. Və mən indi  düşünürdüm : “Doğrudanmı o məndən sadəcə bir neçə addım uzaqdadır? “. Qapılar bağlanırdı, mənim ayaqlarım isə çoxdan bağlanmışdı. Bir azdan gəldiyim yolu geri qayıdacaqdım. Beynimdə bir səs :  “ Kaş son dəfə mənə tərəf baxsa, kaş son dəfə göz-gözə gəlsək”, - deyə qışqırdı. Amma çox sürmədi ki, digər bir səs ona qarşı çıxdı: “ Ən yaxşısı, onun həyatından heç olmamışammış kimi çıxmaqdır. Bəli, onun ağlında qalan ən son epizod bu olmamalıdır”. Qatar hərəkətə düşən kimi üzünü çevirib vaqonlara baxdı. Getməkdə olan qatarın olduğum vaqonu onun önündən keçəndə gözlərimiz bir neçə saniyəlik toqquşdu. Qeyri-ixtiyari dolan gözlərim cəld özlərini toxtayıb yaşlarının içəri axmasına və insanların diqqətini cəlb etməmin qarşısını almağa nail oldu. 

 

O gündən sonra bir də Estella ilə qarşılaşmadım.  Nə də onun haqqında hər hansısa bir xəbər aldım. Həmin gün sonuncu stansiyadan  niyə düşmədiyim barədə sonralar da hər kəs öz fantaziyasını işə salaraq hökmlər çıxarırdı. Guya Estella ilə birlikdə olsam, anam mənə südünü halal etməyəcəkdi deyə çıxılmaz vəziyyətdə qalmışdım. Sonralar kəndə geri dönüb orada yaşamadığımı da, yeganə övlad olaraq evlənmədiyimi də ailəmi cəzalandırmaq üçün etdiyimi deyənlər var idi. Doğrusu, onların necə  düşündükləri mənə heç maraqlı da deyildi. Çünki heç kim anlamasa da,  Estellanın məni anladığına və haqq verdiyinə əmin idim. Hətta, bəlkə də, o, bizim sonumuzu çox daha əvvəldən bilirdi. Bəzən həyatda qaranlıq səmadan bir ulduzun uçması qədər həyəcanverici və ecazkar hadisənin çox qısa bir anda baş verməsinə üsyan etməkdənsə, o ulduzu görə bilmənin bir möcüzə olduğunu dərk edərək şanslı olduğunun fərqinə varıb şükür etmək lazımdır. 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)