Nigar Şahverdiyeva (Sosioloq, araşdırmaçı yazar): Dahilik Romantikası - etik boşluqlar və sosial mif
“Dahi” sözü tarix boyu həm heyranlıq, həm də bəraət aləti olub. Bu anlayış çox vaxt insanın yaratdıqlarını deyil, dağıtdıqlarını görməməzliyə vurmaq üçün
işlədilib. Dahilik istedadın zirvəsi kimi təqdim edildikcə, onun arxasında gizlənən eqoizm, emosional məsuliyyətsizlik və etik boşluqlar adiləşdirilib. Sanki “dahi” olan insan üçün adi insan qaydaları keçərli sayılmır. O, sevirsə sərhədsiz, dağıdırsa haqlı, incidirsə anlaşılmalı olur. Teodor Drayzer “Dahi” romanı məhz bu romantik mifə qarşı yazılmış əsərlərdən biridir. Yazıçı oxucunu heyrətləndirmək üçün ideal bir sənətkar yaratmır, əksinə, dahilik anlayışını insanın zəiflikləri üzərindən sınayır. Romanın mərkəzində duran Yucin Vitr nə klassik qəhrəmandır, nə də açıq-aşkar antiqəhrəman. O, cəmiyyətin “istedadlıdır” deyə bağışladığı, “yaradıcıdır” deyə susduğu, “fərqlidir” deyə məsuliyyətdən azad etdiyi bir fiqurdur. Əsər boyunca oxucu istər-istəməz bir sualla üz-üzə qalır: Yucin doğrudanmı dahidir, yoxsa onun davranışları sadəcə istedad pərdəsi altında gizlədilmiş özmərkəzçilikdir? Drayzer bu suala birbaşa cavab vermir. O, hökm çıxarmağı oxucuya buraxır və məhz bu susqunluq romanı adi bir sənətkar hekayəsindən çıxarıb, dahilik anlayışının tənqidinə çevirir.
Bu yazıda Yucin Vitr obrazı üzərindən “dahi” anlayışının nə dərəcədə gerçək, nə dərəcədə sosial mif olduğu araşdırılacaq, eyni zamanda bu tipajın günümüz insanı ilə oxşarlıqları üzə çıxarılacaq. Çünki Drayzerin yüz il əvvəl yazdığı suallar bu gün də aktuallığını itirməyib: Biz kimə dahi deyirik və bu adın arxasında nəyi görməzlikdən gəlirik?
Elə isə gəlin əvvəlcə “dahi” anlayışının nə demək olduğunu anlamağa çalışaq. Yazının ilk cümləsində dediyim kimi “dahi” anlayışı tarix boyunca sabit və dəqiq tərifə malik olmayıb. Bu söz bəzən fövqəladə intellektin, bəzən estetik yeniliyin, bəzən də sadəcə normadan kənar davranışın sinonimi kimi işlədilib. Filosof İmmanuel Kant dahini “təbiətin sənət vasitəsilə danışması” kimi izah edir və hesab edirdi ki, dahi öyrədilə bilməz, o, qayda yaratmaq gücünə malikdir. Bu baxışda dahilik yaradıcılığın mənbəyi, lakin eyni zamanda nəzarətsiz bir qüvvə kimi təqdim olunur. Lakin XIX əsrdən etibarən sosial elmlər bu anlayışa daha tənqidi yanaşmağa başlayır. Sosioloqların fikrincə, dahilik təkcə fərdi istedadın nəticəsi deyil, həm də cəmiyyətin həmin istedadı necə adlandırması və legitimləşdirməsi ilə bağlıdır. Yəni hər yüksək qabiliyyət avtomatik olaraq “dahi” sayılmır. Bu etiketin formalaşmasında sosial mövqe, cinsiyyət, dövrün ideoloji tələbləri mühüm rol oynayır. Bu nöqtədə “romantik dahilik” anlayışı önə çıxır. Romantizm dövründə dahi, qaydalara sığmayan, əxlaqdan və sosial normalardan kənarda dayanan bir fiqur kimi ideallaşdırılıb. Onun emosional daşqınları, nizamsız həyat tərzi və hətta başqalarına verdiyi zərər belə yaradıcılığın qaçılmaz nəticəsi kimi qəbul edilib. Bu yanaşma dahini adi insandan üstün, demək olar ki, toxunulmaz bir mövqeyə yerləşdirib.
Psixoloji baxımdan isə dahilik tez-tez “hiperfokus”, yəni insanın müəyyən bir sahəyə həddindən artıq yönəlməsi ilə əlaqələndirilir. Müasir psixologiyada bu vəziyyət yaradıcılıq üçün üstünlük sayılsa da, emosional empatiyanın zəifləməsi, münasibətlərdə məsuliyyətsizlik və özünü mərkəzə qoyma kimi risklər də daşıyır. Məhz bu nöqtədə “yaradıcı narsisizm” termini ortaya çıxır. Bu termin ilk dəfə psixoanalitik müzakirələrdə istifadə olunaraq, yaradıcılıq adı altında öz istəklərini mütləqləşdirən şəxsiyyət tipini ifadə edir. Teodor Drayzer də “Dahi” romanında məhz bu romantik və psixoloji anlayışları sarsıdır. O, dahiliyi müqəddəsləşdirmir, onu insanın zəiflikləri ilə üz-üzə qoyur. Drayzer üçün dahi olmaq ilahi bir status deyil, bu, cəmiyyətin müəyyən davranışlara verdiyi sosial imtiyazdır. Əgər bu imtiyaz olmasaydı, eyni davranışlar böyük ehtimalla məsuliyyətsizlik, eqoizm və etik pozuntu kimi qiymətləndirilərdi. Beləliklə, “dahi” anlayışı təkcə fərdi istedadın göstəricisi deyil, həm də sosial razılaşmadır. Cəmiyyət kimin səhvlərini bağışlayacağına, kimin davranışlarını romantikləşdirəcəyinə bu anlayış vasitəsilə qərar verir.
Digər əsas sual isə Yucin Vitr obrazının təzadlı mahiyyəti ilə bağlıdır: o, dahilik anlayışını təmsil edir, yoxsa onu ifşa edir?
Yucin Vitr obrazı Drayzerin ən mürəkkəb və qəsdən ziddiyyətli yaratdığı fiqurlardandır. O, nə sadəcə istedadlı bir sənətkardır, nə də yalnız şəxsi zəifliklərinin əsiri olan adi insan. Yucinin əsas problemi onun qabiliyyətinin olması deyil, problem bu qabiliyyətin ona cəmiyyət tərəfindən xüsusi imtiyazlar qazandırmasıdır. Drayzer məhz bu nöqtədə oxucunu diqqətli olmağa çağırır: istedad insanı avtomatik olaraq “dahi” etmir, lakin ona davranış azadlığı verir. Yucinin yaradıcılıq qabiliyyəti danılmazdır. O, estetik formaya, gözəllik duyumuna və sənət dili qurmaq bacarığına malikdir. Lakin Drayzer bu istedadı heç vaxt ideallaşdırmır. Əksinə, Yucinin sənəti onun daxili boşluqlarını dolduran bir vasitə kimi təqdim olunur. Psixologiyada bu hal “kompensator yaradıcılıq” adlandırılır, yəni fərd emosional və etik çatışmazlıqlarını yaradıcı fəaliyyətlə örtməyə çalışır. Yucin üçün sənət yalnız ifadə vasitəsi deyil, həm də özünü haqlı çıxarma mexanizmidir. Onun şəxsi həyatında bu vəziyyət daha açıq şəkildə görünür. Yucin qadınlarla münasibətlərində ardıcıl olaraq məsuliyyətsiz davranır. Sevgi, bağlılıq və sədaqət anlayışlarını estetik hisslərlə əvəz edir. Psixoanalitik yanaşmaya görə bu, empatiya çatışmazlığının göstəricisidir. O, qarşısındakı insanı subyekt kimi deyil, öz daxili dünyasını qidalandıran obyekt kimi görür. Məhz buna görə Yucinin münasibətləri davamlı olmur, lakin o, bu dağıntıları şəxsi günahı kimi deyil, yaradıcılığın “qaçılmaz nəticəsi” kimi qəbul edir. Sosioloji baxımdan isə Yucin Vitr patriarxal cəmiyyətin klassik imtiyazlı fiqurudur. Onun etdiyi səhvlər “yaradıcı təbiət”, “azad ruh” kimi ifadələrlə yumşaldılır. Eyni davranışlar qadın obrazlar tərəfindən edilsəydi, böyük ehtimalla əxlaqsızlıq və məsuliyyətsizlik kimi damğalanardı. Bu, sosioloq Pyer Burdyenin “simvolik hakimiyyət” anlayışı ilə izah oluna bilər. Yucin yalnız fərdi gücə deyil, cəmiyyətin ona verdiyi simvolik üstünlüyə sahibdir.
Diqqətlə baxsaq görərik ki, Drayzer burada çox incə bir ironiya qurur: Yucin özünü azad hesab edir, halbuki o, cəmiyyətin ona verdiyi rolu oynayır. Onun azadlığı fərdi üsyan deyil, sosial güzəştdir. Bu isə dahilik anlayışının nə qədər selektiv və ədalətsiz olduğunu göstərir. Yucin istedadlıdır, lakin onun “dahi” adlandırılması yaradıcılığından çox, bu yaradıcılığın kim tərəfindən və necə qəbul edilməsi ilə bağlıdır. Beləliklə, Yucin Vitr nə tam mənada dahi, nə də sadəcə zəif xarakterli insandır. O, dahilik mifinin içində formalaşmış, bu mifdən bəhrələnən və eyni zamanda onun əsirinə çevrilmiş bir obrazdır. Drayzer oxucuya Yucini sevdirmək və ya nifrət etdirmək istəmir. O, oxucunu bu tipajın arxasında duran sosial mexanizmləri görməyə məcbur edir.
Bu halda biz sorğulamalıyıq ki, dahilik əxlaqdan azaddırmı?
Fəlsəfi baxımdan bu məsələ etik relativizm anlayışı ilə izah oluna bilər. Etik relativizmə görə doğru və yanlış anlayışları şəraitə, şəxsə və nəticəyə görə dəyişə bilər. Dahilik mifi bu relativizmi maksimum həddə çatdırır: eyni davranış adi insan üçün qınanılır, lakin “dahi” üçün başa düşülən sayılır. Yucin Vitr məhz bu ikili ölçünün içində mövcuddur. Onun münasibətlərdə yaratdığı dağıntılar şəxsi məsuliyyət kimi deyil, yaradıcılığın təbii yan məhsulu kimi qiymətləndirilir. Psixoloji səviyyədə isə bu vəziyyət “moral disengagement”, yəni əxlaqi uzaqlaşma termini ilə izah olunur. Sosial psixoloq Albert Banduranın izahına görə, fərd öz davranışlarının mənəvi nəticələrindən uzaqlaşmaq üçün onları müxtəlif ideoloji çərçivələrlə əsaslandırır. Yucin üçün bu çərçivə sənətdir. O, incitdiyi insanları deyil, yalnız öz daxili təlatümlərini görür və bu təlatümləri legitimləşdirmək üçün yaradıcılığa sığınır. Drayzer burada oxucuya açıq mesaj vermir, lakin ardıcıl olaraq bir sualı qabardır: əgər dahilik əxlaqdan azaddırsa, bu azadlığın yükünü kim daşıyır? Roman göstərir ki, bu yük heç vaxt dahi adlandırılan şəxsin üzərinə düşmür. Onu ətrafındakı insanlar, xüsusən də qadınlar daşıyır. Onların emosional itkiləri, pozulan həyatları və səssiz qurbanlıqları dahiliyin görünməyən tərəfinə çevrilir. Sosioloji baxımdan bu vəziyyət “normalizasiya” prosesi ilə bağlıdır. Cəmiyyət müəyyən davranışları təkrarladıqca və onları xüsusi statusla əlaqələndirdikcə, bu davranışlar normaya çevrilir. Yucinin məsuliyyətsizliyi də məhz bu şəkildə normallaşdırılır. O, cəmiyyətin gözündə nə qədər “yaradıcı”dırsa, bir o qədər də “bağışlanandır”.
Maraqlısı budur ki, bir çox kişi üçün Yucin həqiqətən də əsl dahidir. Amma niyə belə hesab olunur? Gəlin bir az düşünək: Yucin doğrudanmı dahi idi?
Abraham Maslounun özünügerçəkləşdirmə nəzəriyyəsinə görə, insan yalnız daxili potensialını məsuliyyət və balansla reallaşdırdıqda özünü tam formalaşdırır. Yucin Vitr isə bacardığından çoxunu istəyir, amma bu daxili tarazlığı qura bilmir. O, istedadını sərbəst buraxır, həyatın qaydalarını gözardı edir və yaradıcılığını öz ehtiraslarının tərcüməçisinə çevirir. Bir çox kişi üçün məhz bu sərbəstlik və maneələri aşa bilmək bacarığı onun dahi görünməsinin səbəbidir. O, istedadı vasitəsilə həyatın sərhədlərini zorlayır və azad ruh obrazını təqdim edir.
Digər tərəfdən isə Burdyen qeyd edir ki, fərdlər yalnız şəxsi gücləri ilə deyil, cəmiyyətin onlara verdiyi statusla da seçilir və tanınır. Yucinin ətrafındakı insanlar onun azadlığını və davranışlarını romantikləşdirir, ona günah kimi baxmır. Bu, kişilər üçün onu yalnız istedadlı deyil, həm də “dahi” edən ikinci təbəqədir: cəmiyyətin və sosial kodların ona verdiyi pərdədə gizlənən güc. Yucinin hər hansı bir etik çatışmazlığı, qadınlarla münasibətlərindəki məsuliyyətsizliyi və sosial qaydalara qarşı çıxışı bir çox kişi üçün ideallaşdırılır, çünki onlar bu obrazda qayda pozma, fərqlilik və azadlıq arzularının bir simvolunu görür. Beləliklə, Yucin Vitrin dahi kimi görünməsi həm onun yaradıcılıq potensialı ilə, həm də cəmiyyətin ona bəxş etdiyi simvolik imtiyazlarla bağlıdır. Drayzer oxucuya bildirir ki, bu imtiyazlar, baxmayaraq ki, onu heyranlıq obyektinə çevirir, əslində başqalarının çəkdiyi zərərin və etik boşluğun üstündə qurulub. Yucinin dahi görünməsi, bir tərəfdən onun istedadını, digər tərəfdən isə cəmiyyətin göz yumma və romantikləşdirmə qabiliyyətini əks etdirir. Nəticədə bir çox kişi Yucini dahi sayır, çünki o, yaradıcılıq və sərbəstlik adı altında bütün sosial və şəxsi sərhədləri aşır. Lakin Drayzer oxucuya xatırladır ki, dahilik yalnız istedad deyil, əsl dahi, gücünü məsuliyyət və etik balansla birləşdirən şəxsdə formalaşır. Yucin isə bu balansı qura bilmir və beləliklə, əslində, dahi yox, dahilik iddiasının sosial konstruksiyası kimi qalır.
Bəs Yucin Vitr XXI əsrdə olsaydı?
Yucin Vitr obrazı yalnız XIX–XX əsr keçidinin sənət mühitinə aid deyil. Əksinə, bu tipaj günümüzdə daha tanış və daha görünəndir. XXI əsrdə dahilik artıq təkcə sənət əsəri ilə ölçülmür, sosial görünürlük, izləyici sayı və ictimai təsir də bu anlayışın tərkib hissəsinə çevrilib. Bu dəyişiklik Yucin tipli fiqurlar üçün daha geniş imkanlar yaradıb. Müasir cəmiyyətdə “yaradıcı insan” anlayışı çox vaxt məsuliyyətdən azad edilmiş şəxs obrazı ilə üst-üstə düşür. “Mən beləyəm”, “yaradıcılıq sərhəd tanımır”, “azad ruham” kimi ifadələr Yucinin yüz il əvvəl istifadə etdiyi əsaslandırmaların müasir formalarıdır. Sosial psixologiyada bu vəziyyət “özünü-istisna etmə” davranışı adlandırılır. Fərd özünü ümumi qaydalardan kənar sayır və bu istisnanı istedadı ilə əsaslandırır. Sosial media bu prosesi daha da sürətləndirib. Bu gün bir insanın “dahi” kimi qəbul edilməsi üçün onun yaratdığı dəyərdən çox, yaratdığı təəssürat ön plana çıxır. Yucin Vitrin dövründə cəmiyyət onun sənətinə göz yumurdusa, bu gün algoritmlər və auditoriyalar eyni funksiyanı yerinə yetirir. Bu isə dahiliyin daha da səthiləşməsinə səbəb olur. Qalıcı yaradıcılıq yerini ani təsirə verir.
Etik baxımdan isə dəyişən çox az şey var. Yucin kimi müasir “dahilər” də münasibətlərdə ardıcıl məsuliyyət daşımır, lakin bu davranışlar “yaradıcılıq təzyiqi”, “emosional intensivlik” kimi anlayışlarla əsaslandırılır. Xüsusilə qadınlarla münasibətlərdə bu dinamika açıq şəkildə görünür. Emosional uzaqlaşma, qeyri-sabit bağlılıq və qəfil yoxa çıxmalar bu gün “ghosting” kimi terminlərlə adlandırılır, lakin mahiyyət dəyişmir. Ad dəyişir, davranış qalır. Sosioloq Ziqmund Baumanın “axıcı müasirlik” anlayışı bu vəziyyəti izah etmək üçün əhəmiyyətlidir. Bauman qeyd edirdi ki, müasir dövrdə münasibətlər, kimliklər və məsuliyyətlər davamlı deyil, keçicidir. Yucin Vitr bu axıcılığın erkən modelidir. O, bağlanmaq istəmir, çünki bağlanmaq onun azadlıq illüziyasını pozur. Bu gün isə bu illüziya daha geniş yayılıb və normaya çevrilib. Yəni Yucin Vitr XXI əsrdə təkcə mümkün deyil, hətta adi hal alıb. O, bu gün sənətçi, intellektual, kontent istehsalçısı və ya “fərqli düşünən” etiketi ilə qarşımıza çıxır. Bu isə göstərir ki, Drayzerin yüz il əvvəl qoyduğu suallar bu gün də həqiqətlidir: biz hələ də istedadı bəhanə edərək məsuliyyətsizliyi normallaşdırırıqmı?
Nəticədə, Drayzer oxucuya hökm çıxarmır, amma sual qoyur: Dahilik həqiqətən yaradıcılığın zirvəsidirmi, yoxsa bu, yalnız sosial güzəştlərlə qorunan bir mifdir? Yucin Vitrin həyatı göstərir ki, dahilik adı altında bəraət qazanan hər davranış, əslində, başqalarının çəkdiyi zərərin ölçüsünü artırır. Romandan çıxan mesaj aydındır: dahilik yalnız istedad deyil, məsuliyyət və etik balansla tamamlandıqda gerçək olur.
“Sonra o arxaya söykəndi və adətən etdiyi kimi düşünməməyə çalışdı. O, uğur qazanmalıdır. Dünya elə buna görə yaradılıb. O da elə buna görə yaradılıb.”
-Teodor Drayzer, Dahi 1915



