Əlisa Nicat - Heyvan, həşərat və bitkilərin ağlı.
Ədəbi tənqid
Əlisa Nicat - Heyvan, həşərat və bitkilərin ağlı.
Məncə, ən ağıllı canlı bitkilərdir…
Böyük Darvin qarışqanı ən ağıllı canlı məxluq hesab edirdi. Bunu zarafat deyil, Darvin deyirdi və alimlər uzun müşahidələrdən sonra həqiqətən də, belə olduğunu təsdiq edirlər. Bu yaxınlarda isə onlar qarışqaların eynilə insanlar kimi qul əməyindən də istifadə etdiyini müəyyənləşdiriblər. Bir növ qarışqalar, digər bir növün nümayəndələrini əsir edir, sonra qul kimi onların əməyindən müxtəlif işlərdə istifadə edirlər.
Bundan başqa, qarışqaların ən iradəli canlı olduqları da çoxdan məlumdur.
Rəvayətə görə, Teymurləng gəncliyində döyüşlərin birində dəstəsiylə pərən-pərən düşür. Özü də güclə qaçıb bir yarğanda gizlənməklə canını qurtarır.
Qürub çağı imiş. Gün yavaş-yavaş batırmış. Düşmənləri pərən-pərən olmuş Teymur dəstəsinin qənimətlərini bölüşdürmüklə məşğul olan vaxt Teymurləng acı qəmlər içində yarğanda gizlənərək neyləyəcəyini bilmirmiş. Əlbəttə, necə qaçıb aradan çıxmaq haqqında düşünən cavan sərkərdə bir də görür ki, qabağında bir qarışqa kiçik torpaq yarğanla dırmaşır. Yarğan çox sərt imiş. Teymur görür ki, qarışqa bir az çıxıb, sonra sürüşüb aşağı, yarğanın dibinə düşür. Buna baxmayaraq, o yenə dırmaşmağa başlayır.
Teymurləng hər şeyi, hətta öz vəziyyətini də unudub qarışqanın neyləyəcəyinə tamaşa etməyə başlayır.
Və nəhayət, haçandan-haçana qarışqa düz 79-cu təşəbbüsdən sonra yarğandan çıxır.
Teymurləng öz-özünə fikirləşir, ay axmaq, sən bir qarışqa qədər də deyilsən, beləcə, o dəqiqə ruhdan düşüb, yarğanda gizlənib canının hayına qalırsan.
Və o, gizləndiyi yerdən çıxıb öz dəstələrini çağırır. Sərkərdənin ölmədiyini bilən tərəfdarları dərhal onun başına yığışırlar və onlar gözlənilmədən hücum edərək, başları qənimət bölüşməyə qarışan düşmənləri qırıb məğlub edirlər.
Şəxsən mən, ağcaqanadların heyrətamiz hərəkətləri barədə çox danışa bilərəm. Məsələn, bir zərrə və ya bir neçə nöqtə boyda olan bu məxluqlar gecələr bəzən evdə məni yatmağa qoymurlar. Məsələn, onlar əllərimi yorğan altda gizlətdiyimi görüb (çünki əllərin, xüsusilə barmaqların qanı çox şirin və qiymətlidir) başımı ötəri, yüngülcə sancaraq əllərimi çıxarmağa məcbur edirlər. Əllər çıxanda onlar bir anda qonub neştərlərini sancaraq, istədikləri qədər içirlər.
Darvin bir adada isə kiçik bir quşun ağacın dəliyindəki tırtılı götürmək üçün (çünki dimdiyi içəri girmirmiş) kiçik bir çubuq kəsib dimdiyi ilə deşiyə salaraq, tırtılı çıxarıb yediyini görüb.
Bu cür nümunələr çoxdur. Adicə toyuq-cücəyə diqqət versən, nə qədər heyrətamiz şeylər görmək olur.
İnsan nəyi yemək olar, nəyi isə yox, xeyli yaşa dolandan sonra bilir və yenə yalnız dilinə, dişinə vuraraq bunu təyin edir. Yenicə yumurtadan çıxan cücə isə bunu artıq bilir və zərərli şeyə qətiyyən dimdik vurmur.
Lakin məncə, ən ağıllı canlı bitkilərdir. Onlar dünyada hər şeyi hiss edir, bir-birləriylə «danışır», lazımi şeylər və təhlükələr barədə bir-birlərini xəbərdar edir, lazım olanda torpaqdan zəhərli maddəni yarpaqlarına ötürərək düşmənlərini məhv edirlər. Məsələn, ağacın ən hündür pöhrəsindəki yarpaqları yeyən zürafəni öldürürlər.
Bitkilər sahiblərini tanıyır, onun gəlişinə sevinir və hətta qapı ağzındakı gül kolu onun qayğısına qalmayan, su və qida verməyən qoca ev sahibinin öldüyünü biləndə neçə gün sevinirlər.
Alimlər bunu çox həssas cihazlar vasitəsilə qeydə alıblar.
Və nəhayət, son vaxtlar delfinlərin öz balalarına ad qoyduqlarını da alimlər müəyyən ediblər.
Ona görə insanı ağılca bütün Təbiətin zirvəsində qoymaq qətiyyən düz deyil. Doğrudur, insanlar içində hədsiz qüdrətli zəka sahiblərinə rast gəlmək olur. Lakin belələrinə yüz milyonda bir halda rast gəlmək mümkündür.
Ümumilikdə götürdükdə isə heyvanlar aləmində, hətta cəmiyyət halında yaşayanlarında belə heç bir yazılı qayda-qanun, heç bir cinayət və həbsxana yoxdur. Əksinə, insan cəmiyyətlərində isə cinayətkar və həbsxana əlindən tərpənmək olmur. Əgər Təbiətdə bu lazım olsaydı, heç şübhəsiz ki, milyon illər ərzində dərhal yaranardı. Lakin şüurlu heyvanlar və başqa məxluqlar heç vaxt cinayətə getmirlər və bunun nə olduğunu bilmirlər. İnsan qəlbi və beyni isə cinayətlər toplusudur: xəbislik, paxıllıq, yalan, hiyləgərlik, məkr, riyakarlıq insandan başqa heç bir canlı varlıqda təsadüf olunmur.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Əlabbas Bağırov - Köhnə kişi