ŞvartsMan - Dronqo və Anti-Dronqo(esse)
Bu yazımda Çingiz Abdullayevi tərifləməyəcəyəm, baxmayaraq ki, yeniyetməliyim onun kitablarını böyük maraqla oxumaqla keçib. Bu yazımda Çingiz Abdullayevi tənqid etməyəcəyəm, baxmayaraq ki, o, iqtidar tərəfdə olan yazıçıdır. Mənim digər yazıçılardan fərqim budur ki, mən tərif-tənqidlə məşğul olmuram; mənim işim başa düşməkdir. Məsələn, Dronqonu.
İlk oxuduğum kitablar Çingiz Abdullayevin kitablarıdır. Bunu inkar edə bilmərəm. Əgər bu gün yaxşı və maraqlı yaza bilirəmsə, onun da bunda təsiri danılmazdır. Ç. Abdullayevi oxuyub yarımçıq qoymaq olmur. O, bilir necə yazmaq lazımdır. Onun kitabları insana həyat eşqi, macərapərəstlik, dünya səyahəti arzusu aşılayır. Dronqo tək-tənha yaşasa da, onun tənhalığı gözə batmır. Kafka demişkən, mənim tənhalığım insanlarla doludur. Dronqo isə belə deyərdi: "Mənim tənhalığım cəsədlərlə doludur". Dronqoda daim qəribə şəkildə tənhalığa meyil olsa da, mizantrop deyil. Telefonuna zəng gəlir və bilir ki, nəsə bədbəxt hadisə baş verib. Bu dəfəki cinayət ona da, oxucuya da maraqlıdır necə olacaq. Dronqonun içində qatili tapmaq və həqiqəti üzə çıxarmaq instinkti yaranır. Məhz instinkt! Artıq Dronqoda qatili tapmaq istək, məqsəd, peşəkarlıq deyil - bu, artıq onun instinktidir. Maraqlısı da budur ki, hər cinayətdən sonra Dronqoda başadüşülən məyusluq yaranır. Sanki qatili tapmaqla istəyinə nail oldu, amma bu həqiqət onu daha da insanlardan uzaqlaşdırdı və kədərləndirdi. Artıq qatili tapmaq onu sevindirmir, ədaləti bərpa etdiyini düşünür, amma kədərlidir. Cinayətin üstünü açdı, qatili tapdı, heç kimi mühakimə etmədi və sakitcə ordan uzaqlaşdı bir də geri qayıtmamaq üçün - Dronqo olan kitabların gedişatı belədir. İnsan naturası ilə bağlı yeni bir məyusluq onun həqiqətinə çevrilib. O öyrəşib bunlara, amma yenə də kədərlənir. Qatili tapana kimi söhbət etdiyi və tanıdığı insanların həyatı onun yuxularındakı kabusa çevrilir. Hər cinayət onu müdrikləşdirir. Dronqo qocaladıqca illərin yox, insanların ağırlığını çiyinlərində hiss edir.
Ç. Abdullayev yaradıcılığını iki hissəyə ayırmaq olar: Dronqo olan və Dronqo olmayan. Dronqo olan kitabları çox oxuduqdan sonra məndə bezmə hissi yarandı. "Bezmə" deməyək, daha doğrusu, yorulma. Eyniliklərdən yorulma başladı məndə. Yenə telefon zəngi, yenə cinayət baş verib, Dronqo cinayət yerində, qatil tapılır və Dronqo oradan öz tənhalığına uzaqlaşır. Yoruldum belə davam etməyindən. Fasilələr oldu. Çingiz Abdullayevin hər kitabı məni həyəcanlandırırdı -2000-ci illərin əvvəllərindən gedir söhbət. Tam bitdi deyə düşünürkən, əlimə Dronqo olmayan kitab keçdi: Mənim gözəl alibim ( Hə, bu trilogiyanın birinci hissəsidir. Sonradan ikinci (Üçüncü variant- Третий вариант) və üçüncü hissəsini (Saturnun tövbəsi- Исповедь Сатурна ) oxudum. Hə, tam istədiyim bu idi. Məndə sönməkdə olan ocağı yenidən alovlandırdı. Solaxay killerin bioqrafiyası. Bax, roman budur. “Çingiz Abdullayevin kitabları detektivdir, ədəbiyyat deyil” deyirlər. Bir tərəfdən bu düzdür. Amma “Mənim gözəl alibim”dəki Voronin, “Məhşər ayağında”kı Kamal, “Pəri busəsi”ndəki Nadya kimi personajlar romandırlar. Dronqo detektiv təsiri bağışlayır, amma solaxay killer Voronin, sovet casusu Kamal, killer qadın Nadya kimi obrazlar bizə daha həyati, canlı gəlir. Çünki biz Dronqoda cinayətdə yaşadıqlarını öyrənirik, Voronin, Kamal, Nadya kimi obrazların isə bioqrafiyasını, yaşadığı cinayətləri öyrənirik. Dronqonu sevə bilmirik, çünki uzaqdır bizə. Voronin, Kamal, Nadya bizə daha yaxındır. Dronqonun zəif cəhəti yoxdur, Voronin, Kamalın, Nadyanın var. Dronqo xeyirxahdır, amma ağlamır. Voronin xeyirxahlığı görünmür, amma ağlayır. Bu onu bizdən biri edir. Dronqo rassionaldır, Voronin irrasional. Dronqo beyin, Voronin ürəkdir. Dronqo Apollon, Voronin isə Dionisosdur. Bəlkə bu səbəbdən tərcüməçi, Nizami muzeyinin elmi işçi Təbəssüm Muxtarova Voronin haqqında dissertasiya müdafiə edib. Bəlkə buna görə, dostum Murad Mirzəyev "Məhşər ayağında"kı Kamalı sevir. Bəlkə də buna görə, məni killeri sevməyə vadar edən Voroninin və Nadyanın faciəli həyatlarıdır.
Deyirlər, Çingiz Abdullayev yazıçı deyil. Bəs kimdir yazıçı? Voronin, Kamal ədəbiyyat deyilsə, nədir? Bu ölkədə Edqar Poya "o, yazıçı deyil, çünki müasir detektivin atasıdır" demirlər. Bu ölkədə Umberto Ekoya, Dostoyevskiyə yazıçı deyirlər, halbuki onlar detektiv yazıblar. Eko tarixi-fəlsəfi detektiv yazırdı, Dostoyevski də psixoloji detektiv. Hətta yunan dramaturuqu Sofoklun "Tiran Edip"i ilk detektiv nümunələrindən biri hesab olunur. Detektiv gənclik həyəcanıdır, ruhən qocalmış adam detektiv yaza bilməz. Detektiv ədəbiyyatdan ayrı bir şey deyil, onun içindən olan bir parçadır. Bu gün insanların ən çox detektiv və məhəbbət romanları oxumaqları onların axmaq olduğunu bildirmir. Əksinə, insanlar öz təbiətlərinə xas bir şeyi oxumağı sevirlər. Detektiv nədir? Ölüm (öldürmək) və qan. İnsana xas bir şey. Məhəbbət nədir? Seks və qan. İnsana xas bir şey. İnsan özünə oxşar şeylərə can atır. Buna görə, ədəbiyyat detektivi və sevgi romanlarını da özündə yaşadır. Çünki ədəbiyyat insandır. İnsansız ədəbiyyat yoxdur.
Bu yazıma görə AYB-nə üzv olmaq istəmirəm. Sadəcə, istədim şəxsləri düzgün qiymətləndirək. Kiminsə iqtidaryönümlü olması onu pis yazıçı etmir. Kiminsə AYB-nin sədri olması, sənin yazıçı olmağına mane olmur. Həmçinin mənim AYB-nin üzvü olmamağım yazıçı olmadığım mənasına gəlmədiyi kimi.
27. 02. 2022
Müəllif haqqında
ŞvartsMan (Tamerlan) 1991-ci ildə Bakıda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuşdur (2011-2015). 19 yaşında “Məktub”adlı ilk hekayəsini, 29 yaşında isə ilk romanını –“Məhəbbət üçün ürəkbulanma”nı yazmışdır. Saytlarda “ŞvartsMan” imzası ilə bir çox esselər və hekayələri çap olunmuşdur. Hekayələr: “Ştaynerin evi”, “Əlcəyini çıxarmadın”, “Sukaşnik”, “Üçbucaq”, “Ailə komediyası”, “İyrənc” və s. Esseler: “Mənim üç muşketyorum: Bodler, Niçe və Şirvani”, “Dağıdıcılıqdan yaradıcılığa” , “Ecce homo: Jesus, yoxsa Nietzsche” və s.