Şvartsman - İnsan necə ağıllı ola bilər?(esse)
Mən insan deyiləm, dinamitəm.
Fridrih Niçe
“Haçansa əziyyət çəkdiyimi xatırlamıram, həyatımda mübarizə apardığıma dair bir iz yoxdur; bir qəhrəmanın sahib olduğu yaradılışın tam tərsinə sahibəm. Bir şeyi "istəmək", bir şey üçün "cəhd etmək", ağlımda bir "məqsəd" və ya "arzu" olmağı - bunların heç birini yaşamadım mən. Bu an belə gələcəyimə – uzaq gələcəyə- dalğasız dəniz baxan kimi baxıram: heç bir arzu dalğası belə yoxdur! Heç bir şey istəmədim; başqa cür ola da bilmədim. Amma mən həmişə belə yaşadım. Heç bir arzum olmadı. Qırx dördüncü yaşında olan biri şan-şöhrət, qadın, pul və s. şeyləri heç bir zaman vecinə almadığını deyə bilir; istəsəydim bunları mən də əldə etməzdimmi..." -Niçe “Ecce homo”da özü haqqında bunları yazır.
Bildiyimə görə, “Ecce homo” azərbaycan dilinə tərcümə olunmayıb, tərcümə olunubsa da, xəbərim yoxdur. Türk dilinə çoxdan tərcümə olunsa da, kitabın orjinal dili olan alman dili ilə müqayisə edib yoxlamalı olursan. Alman dilini az-maz bilmək mənə nələr qazandırmadı ki… Alman dili fəlsəfənin və psixologiyanın dilidir. Bir filosof yaxud psixoloq alman, ya da heç olmasa, ingilis dilini bilmirsə, onun peşəkar olduğuna inanmayın.
“Ecce homo” haqqında əvvəlki yazılarımda danışsam da, bu, təkrara qaçıram demək deyil, əksinə, gözdən qaçan bir hissə var və onun üzərində möhkəm dayanmaq lazımdır.
Kitabda bu hissə var: “Warum ich so klug bin” (Niyə belə ağıllıyam). Bu ifadə təkcə xristianlıq təliminin müdafiə etdiyi təvazökarlığa qarşı eqoizm deyil. Başqa tərəfi də var və bizə lazım olan kimi oxuyaq: insan necə ağıllı ola bilər. Əminəm ki, Niçe sağ olsaydı, yuxarıdakı ifadəni eqoist, özünütərif kimi yox, necə ağıllı ola bilərik kimi oxumağımızı istəyərdi.
Niçe kitabda necə ağıllı ola bilməyindən yazır. 44 yaşında yazdığı bu kitabda insanı ağıllı edən amillərin bunlar olduğunu deyir:
-Qidalanma
-Yer və iqlim
-İstirahət
1.
Niçe kitabında yazır ki, uşaqlıqdan bəri “allah”, “ruhun əbədiliyi”, “o biri dünya” kimi anlayışlar nə diqqətini çəkib, nə də vaxtını sərf edib. Bunun üçün insan gərək uşaq kimi saf olsun. Bu anlayışlara inanmaq üçün uşaq olmalısan, bu da beyinin yetərincə inkişaf etmədiyini göstərir. Ağıllı olmaq üçün vaxtını və enerjini belə şeylərə sərf etməməlisən. Allah -biz düşünənlər üçün kobud cavabdır. Əslinə baxanda bir qadağadır: düşünməyəcəksən! Niçe insanın ağıllı olmağına ən böyük əngəlin allah olduğunu demək istəyir. Allah ölməlidir ki, sən doğulasan.
Sonra yazır, “insanlığın sağlamlığı” (Heil der Menschheit) üçün onu maraqlandıran teoloqların bambıllığından daha vacib bir məsələ var: Qidalanma. Niçe bu məsələdə başına gələnlərin pis təcrübə olduğunu, qidalanma məsələsinin vacibliyini necə gec hiss etdiyini, hətta yaşadıqlarının onu belə gec “ağıllandırdığına” təəccüblənir. Yetkin dövrünə kimi pis qidalandığını, özünü düşünmədən başqalarının xeyirinə yediyini etiraf edir. Şopenhauer və Lyapsiq yeməklərinin uyuşmazlığında şikayətlənir. Alman mətbəxini günahlandırır: çox bişmiş ətlər, yağlı, unlu, ağır xəmir yeməkləri. Niçe alman düşüncəsinin pozulmuş bağırsaqlardan çıxdığını deyir. Alman düşüncəsi pis həzmetmədir. Həmçinin İngilis mətbəxinin də onun instinktlərinə zidd olduğunu bildirir. Spirtli içkilərin onun həyatını cəhənnəmə çevirə biləcəyini, orta yaş dövrünə gəldikdə tamamilə onlardan imtina etdiyini, su içməyi sevdiyini deyir. Ət yeməməyi təcrübədən keçirmək istədiyini, ancaq Vaqnerin sayəsində vegeterianlığa düşmən olduğundan yazır. Niçe düşüncə adamlarını tamamilə spirtli içkilərdən uzaq olmalarını məsləhət görür. O, burada öz əxlaq anlayışının bir neçəsi haqqında danışır: çox yemək az yeməkdən daha tez həzm edilir. Yaxşı həzm etmənin şərti, mədənin tam işləməsidir. Mədəsinin böyüklüyünü bilməlidir insan. Qəhvə içməməlisən, çay isə səhərlər yaxşıdır, az, amma tünd olmalıdır. Hər kəsin öz qaydası olmalıdır, öz sərhədini, orqanizmini bilməlidir insan. Bacardıqca az oturmalısan və açıq havada gəzərkən doğulmayan, əzələlərin də birlikdə əylənmədiyi heç bir düşüncəyə güvənməməlisən. Qərəzli fikirlərin hamısı bağırsaqlardan gəlir. İnsanı ağıllı edən bağırsaqlarıdır. Azərbaycanlıların ağıllı olmamaqlarının səbəblərindən biri, mədə-bağırsaq sisteminin pozulmuş olmasıdır. Atamız Homo Erectusun ayağa qalxmasına səbəb bağırsaqların qısalması ilə beynin böyüməsidir. Bağırsaqların yaxşı işləmirsə, başın da yaxşı işləməyəcək. Nə deyir Niçe baba? Yaradılışın Müqəddəs Ruhuna qarşı əsl günah ətli götə (Das Sitzfleisch) sahib olmaqdır.
2.
Qidalanma məsələsi yer və iqlimə yaxından bağlıdır. İqlimin orqanizmin yavaşlamasına və sürətlənməsinə təsiri o dərəcədə böyükdür ki, yer və iqlim məsələsində ediləcək səhv addım, bizi özümüz olmaqdan uzaqlaşdırar və axmaqlaşdırar. Azca da olsa bağırsaq tənbəlliyi pis vərdiş halını aldısa, bir dahini belə orta səviyyəli birinə çevirər. Orqanizmin sürəti, düşüncənin ayaqlarının çevikliyi ilə düzmütənasibdir; bir növ orqanizmdir düşüncənin özü də. İndiyə kimi böyük beyinlərin, xainliklə xoşbəxtliyin ayrı sayılmadığı, dahiliyin harada məcburi özünə məskən saldığı yerlərə baxın: hamısının bənzərsiz quru havası vardır. Paris, Provans, Florensiya, Qüds, Atina (Afina) – bu şəhərlərin adları sübut edir ki, dahilik quru havaya, aydın səmaya, orqanizmin sürətinə, dayanmadan özünü böyük ölçüdə yeniləməyinə bağlıdır. Niçe demək istəyir ki, dahilər, ağıllı adamlar yuxarıdakı şəhərlərdən çıxıb. Misal çəkir: tanıdığım, ağıllı, azad iradəli bir adam vardı, iqlim məsələsində instinktiv incəliyə malik olmadığı üçüm dardüşüncəli, maymaq birinə çevrildi. Və deyir ki, xəstəliyim olmasaydı, mənim də axırım elə olacaqdı. Bildirir ki, son on ilinin xaricində həyatını təhlükəli yerlər, sağlamlığı üçün dağıdıcı olan şəhərlərdə keçirib: Naumburq, Şulpfort, Türinqen, Lyapsiq, Bazel və Venesiya (İtaliya). Niçe fiziologiya haqqında savadsızlığının onu yanlış və düzəldilməsi mümkün olmayan addımlara vadar etdiyini deyir və əlavə edir ki, yaşadığım yeri dəyişməyə və yaxud gözümü açmağa kömək edən bir həkim niyə olmadım ki? Vaxtını və enerjisini boşa xərclədiyindən və incə eqoistliyin əksikliyindən danışır, hamı ilə özünü bir tutmaq və özünü düşünməmək – buna görə Niçe özünü bağışlamayacağını deyir. Hardasa hər şeyin məhv olacağı vaxtda xəstəlik ağılını başına gətirdi. Niçe xəstəliklərinə görə univeritetdəki professorluq işindən ayrılır. Yayı İsveçrə dağlarında və qışı İtaliyanın sahillərində keçirir və kitablarını yazır.
3.
Qidalanma, yer və iqlim və üçüncü isə ,istirahət mədəniyyətidir. Niçeyə görə, kitab oxumaq istirahətdir. Lakin axırıncı dəfə altı ay bundan əvvəl əlində kitab tutduğunu deyir. Daim seçilmiş və sınaqdan çıxmış kitabları oxuyur. Tez-tez isə köhnələrə qayıdır. Deyir ki, fikir vermisiniz, hamiləlik dövründə qıraqdan gələn təsadüfi təsirlər dərindən təsir edər. Buna görə, insan düşüncə hamiləliyində təsadüflərdən, xarici təsirlərdən uzaq olmalıdır. Belə insanın instinktiv olaraq edəcəyi ilk ağıllı hərəkət, özü ilə ətrafı arasında divar hörməkdir ki, yad bir düşüncənin ona yaxınlaşmasına icazə verməsin. Bu da kitab oxumaqdır…
Sonra Niçe uzun-uzadı fransız yazıçılarından danışır, Haynrih Hayne və Vaqneri göylərə qaldırır. Haynenin ona lirik poeziyanın yüksək anlayışını verdiyini və Hayne ilə birlikdə özünün alman dilini istifadə etmək baxımından rəqibsiz ilk sənətkarlar olduğunu deyir. Filosof “Vaqner musiqisi olmasaydı dözülməz olardı gəncliyim” yazır. Almanların arasında yaşamağa dözmək üçün tiryək lazımdır. Bax belə, Niçeyə də Vaqner lazımdır. Niçeyə görə, Vaqner alman olan hər şeyə qarşı anti-zəhərdir – amma yenə də zəhərdir…
Niçe beləcə davam edərək, bəstəkarlardan danışır. Musiqidən nə istədiyini bildirir. Musiqi onun üçün dərin, özünəməxsus, nazlı, şirin və xəyanətkar qadın kimi olmalıdır… Mənə Şopeni verin, musiqiyə aid nə varsa, sizin olsun. Amma bunun xaricində Vaqner, Lizç və Rossinidən imtina edə və musiqini göz yaşlarından ayıra bilmərəm- deyir.
4.
Qidalanma, yer və iqlim, istirahət seçimləri bizim yaşamaq instinktimizdir və bu instinkti yaradan da özünü müdafiə instinktidir. Niçeyə görə, çox şeyi görməmək, eşitməmək, yanına yaxınlaşdırmamaq – ağıllı olmağın ilk əlamətidir; yəni ağıllı olmaq təsadüfi bir şey deyil, zərurətdir. Özünü müdafiə instinktinin başqa adı Qeşmakdır (alm.Geschmack-dad, ləzzət, zövq). Qeşmak təkcə hər şeyə “hə” demək deyil, eyni zamanda, mümkün qədər az “yox” deməkdir. Niçe demək istəyir ki, həmişə “kirpi” olmaq lazım deyil, lazım gələndə “kirpi” olmaq lazımdır.
Ağıllı olmağın və özünü qorumağın başqa yolu da, bacardıqca az reaksiya verməkdir. Filosof ancaq reaksiya verəcəyimiz vəziyyət və münasibətlərdən qaçmağımızı məsləhət görür. Misal çəkir ki, ancaq kitabları açıb-bağlayan adam axırda öz düşünmə qabiliyyətini itirir. Düşünəndə yalnız oxunmuş bir düşüncəyə cavab verir – yəni ancaq reaksiya verir. Bütün gücünü “hə” və “yox” deməyə, çoxdan düşünülmüş şeyləri tənqid etməyə xərcləyir – özü fikirləşməz heç. Özünü qorumaq instinkti pozulub onda, yoxsa kitablara qarşı özünü qoruyardı. Niçe, gözümlə gördüm, deyir, istedadlı, azad iradəli adamlar hələ otuz yaşlarında “oxumaqdan çöküblər”, kibrit çöpü kimi sürtməsən “düşüncə” qığılcımı yaranmaz. Səhər tezdən, gücünün şəfəqində kitab oxumağı “ayıb” hesab edir Niçe.
Niçenin bu müşahidələrinə öz fikirlərimi əlavə etmək istəyirəm. Sosial şəbəkələrdə il ərzində oxuduqları kitabları paylaşan kitabsevərlər var. Onlar məni paylaşdıqları kitab siyahılarına lağ etdiyim üçün sevmirlər. İl ərzində oxunan kitabların siyahısı 50-dən 150-ə kimi dəyişir. İl ərzində heç mən bu qədər kitab oxumuram. Onlara baxıram: bəzilərini şəxsən tanıyıram, bəzilərini də yazdıqlarından – niyə onlarda oxuduqları kitabların ağırlığını görmürəm!? Oxucular kimi yazıçılarımız da azərbaycansayağıdır: keyfiyyət yoxdur, kəmiyyət var. Çox yeyib arıq olan adamlar var. Onlardan soruşuruq: “ Yediklərin hara gedir?” Çox oxuyub ağıllanmayan adamlar var. Onlardan soruşuram: “ Oxuduqların hara gedir?”.
5.
Və sonda Niçe "İnsan necə özü ola bilər" sualının cavabını verir. Özünü müdafiə sənətinin şahəsəri olan hissəyə toxunur: X u d b i n l i k. Niçeyə görə, xudbinlik öz mənfəətini güdmək, başqalarını vecinə almamaq deyil, əksinə, vaxtını və enerjini özünə sərf edəcək düşüncədə olmaqdır. Eqoist olmasan ağıllı ola bilməzsən. Çünki ağıllı olmaq üçün insanın özünə ayıracaq vaxt və enerji lazımdır. Deyir ki, insanın özünə çevrilməsinin şərti, kim olduğunu heç vaxt bilməmiş olmasıdır. Buna görə, yanlış adamlarla qarşılaşmağın, yanlış yollara getməyin, gecikmələrin, təcazökar əməllərin, başqalarına sərf edilən əməyin özünə görə bir mənası və dəyəri vardır. Burada isə ən böyük ağıllılıq (Klugheit) özünü göstərir: İnsanı yanlış yola çəkən nosce te ipsum-dur (lat. özünü bil). Halbuki özünü unutmaq, səhv başa düşmək ağıllı olmağın əlamətidir. Yəni ağıllı olmağa gedən yol bədəndən keçir, başdan yox. "Nosce te ipsum"u Dionisosun Apollona atdığı ox kimi başa düşə bilərik. Niçe, səhvlərin bizi doğruya götürdüyünü, səhv etməsək doğrunu tapa bilməyəcəyimizi deyir. Şvartsvari desək, səhv etdim ki, səhv etməyim.
Və indi düşünməyin vaxtı çatıb. Niçe yazır ki, “soruşacaqsınız, niyə sizə belə kiçik və əhəmiyyətsiz şeylərdən danışıram? Cavabım belədir: Bu kiçik şeylər (qidalanma, yer, iqlim, istirahət, xudbinlik) indiyə kimi əhəmiyyətli sayılan şeylərdən daha çox əhəmiyyətlidir. Lap başdan öyrənməyimiz lazım olan yer buradır. İnsanlığın bu günə kimi ələ aldığı və vacib olaraq düşündüyü mövzular əslində həqiqət belə deyil. Daha təsirli demək lazımdırsa, insanlığın vacib bildiyi mövzular ən zərərli, xəstə naturaların instinktlərinin yaratdığı yalanlardır hamısı: "Allah", "ruh", "müdriklik", "günah", "o biri dünya", "həqiqət", "əbədi həyat" . Fəqət insanlar öz təbiətlərinin böyüklüyünü, "ilahiliyini" həmişə bunlarda axtardılar. Bütün siyasəti, cəmiyyəti və təhsil sistemini başdan-ayağa korladılar, çünki ən zərərli insanlar ən böyük insanlar olaraq qəbul edildi; çünki insanlara "kiçik" şeyləri alçaltmağı öyrətdilər”. Beləliklə, insanları axmaqlaşdırdılar. Daha açıq ifadə etsək, Niçe demək istəyir ki, insanı axmaqlaşdırmaq üçün ona "kiçik" şeylərin(qidalanma, yer və iqlim, istirahət, xudbinlik) yox, "böyük" şeylərin (allah, ruh, din, günah, o biri dünya, əbədi həyat) vacib olduğunu öyrətməkdir.
Nəticə: insanı ağıllı edən "böyük" şeylər deyil, "kiçik" şeylərdir.
6.
Niçe danışdı, indi mən danışım. Gör necə fırıldaqçıyam ki, söhbəti Niçedən özümə fırladıram - yazılarımın dəyişməyən qaydası budur.
Sizinlə qidalanma, yer və iqlim, istirahətlə bağlı şəxsi təcrübələrimi bölüşmək istəyirəm. İş yoldaşlarım mənə “sən savadlı, ağıllı oğlansan” deyir. Doğrudan? Yaxınlarım mənim necə yolagetməz biri olduğumu bilirlər, dost(lar)um məni sevir, yazılarımı və kitabımı oxuyanlar “ŞvartsMan” imzasının alman keyfiyyəti olduğunu bilirlər. Məni oxuyan heç vaxt mənə nifrət edə bilməz, sanki təmiz hava qəbul etmiş kimi özünü rahat hiss edər. Çünki mən şəxsən kiməsə qarşı deyiləm, başqaları tərəfindən yedizdirilmiş düşüncələrə qarşıyam.
Heç vaxt ağıllı olmağa çalışmadım, sadəcə, içimdə ağıllı olmaq potensialı var idi, şərait də əlverişli olduqda üzə çıxdı. Azərbaycanlılarla çox ünsiyyətdə olsaydım, belə ağıllı olmazdım. Axmaqlıq qrip kimidir, tez yoluxur adama. Qidalanmaqdan danışmaq lazımdırsa, azərbaycanlılar kimi qoyun əti yemirəm. Qoyun ətində yüksək təzyiq var və insanı qoyunlaşdırır. Axırıncı dəfə nə vaxt kabab yediyimi xatırlamıram -uzun illər keçib. Dönər və Koka-kola düşmənimdir. Toyuğu və balığı xoşlayıram. Qırmızı ət çox az yeyirəm. Mümkün qədər ət az yemək lazımdır. Ət adamı qocaldır və incə düşünmək qabiliyyətini öldürür. Başqasının ətini yemək üçün insana ağıl yox, böyük kəsici dişlər lazımdır. İnsan isə otyeyən heyvandır.
Yer və iqlim niyə önəmlidir? İnsanı köklü və dəyişməz şəkildə formalaşdıran amillərdir. Naxçıvanda doğulmaqla Bakıda doğulmaq eyni şey deyil. Cənubdakı insanla Şimaldakı insan eyni ola bilməz. Mirzə Ələkbər Sabirin satirik olmasının səbəbi Şamaxıdır. Bakıda doğulsaydı və yaşasaydı, satirik olmazdı. Meyxana Bakı kəndlərindən çıxır. Azərbaycanın cənub bölgəsi iki şey istehsal edir: din və narkotik. Cənubdansansa, ya molla əmisən, ya da Dartanyan (nəşəxor). Səbəb? İranla həmsərhəd olmağıdır. İran narkotikin və dinin tranzit yoludur. Məsələn, Azərbaycanın şimalında yaşayanlar cənubdakılar kimi çox dindar deyillər, çünki Dağıstan (Rusiya) və Gürcüstanla həmsərhəddirlər. Bakılısansa, repi, cazı, klassik musiqini sevərsən, naxçıvanlısansa, açıq fikirli olmazsan- blokada şəraitində yaşadığın üçün. Naxçıvanlıların tez-tez “Naxçıvan Bakıdan təmizdir” dediklərini eşidərsiniz. Hə, düzdür, çünki Bakıda insanlar sözün hər mənasında yaşayırlar. Naxçıvandan fərqli olaraq, heç kim Bakıdan qaçmır, hamı Bakıya qaçır.
İqlim də məkan kimi çox vacibdir. Azərbaycanlıların fəxr etdiyi, Prezidentin də çıxışlarından birində xüsusi olaraq qeyd etdiyi, “on bir iqlim qurşağından doqquzu bizdədir” kimi coğrafi üstünlük əslində bizim axmaq olmağımızın səbəbidir. Səhər günəş çıxır, günorta hava buludlu olur, axşam isə yağış yağırsa, sənin ağıllı olmaq yox, gicdıllaq olmaq şansın çoxdur. Səhər optimist olursan, günorta pessimist, axşam isə romantik. Bir gündə üç əhval-ruhiyyədə olmaq ağıl işi deyil. Bu orqanizmin işləmə mexanizmini də pozur. Doqquz iqlim qurşağı olan Azərbaycanda doqquz dahi çıxmır. Yeri gəlmişkən deyim ki, iqlim barəsində indicə dediklərim cəfəngiyyatdır, çünki dinçilər kimi olmayan şeylər üzərindən fikir yeridirəm. Olmayan şey deyərkən, başqaları “doqquz iqlim qurşağımız var” deyib, biz də araşdırmadan inanmışıq. Bəs həqiqət nədir? Azərbaycanda doqquz yox, iki əsas iqlim qurşağı var: subtropik və mülayim. İllərdir blefli saqqızı çeynəməkdənsə,Google-da Azərbaycan iqlimini araşdırmaq, ya da bir coğrafiya müəllimindən soruşmaq ağıllı hərəkət olardı. İqlim siyasəti və mədəniyyəti də müəyyən edir. Hər bir ölkə siyasətini və iqtisadiyyatını coğrafi yerinə və iqliminə görə yaradır. Hətta mən sərgilərdə kitab satışına da hava şəraitinə görə gedirdim: tutqun, buludlu, yağışlı, küləkli hava alıcılıq qabiliyyətinə mənfi təsir edir.
İstirahət enerjinin yenilənməsi üçün ayrılması vacib olan asudə vaxtdır. Mənim enerjili olmağım üçün səhər tezdən yox, saat 9 və ya 10-da yuxudan oyanmağım vacibdir. İstirahətim yuxu və musiqidir. Ağıllı ideyalar yalnız piyada gəzərkən qulaqcıqdakı sevdiyim mahnı ilə hərəkət halında yaranır. Gəzəndə düşünürəm, oturanda yazıram. Mənim narkotikim musiqidir, ondan başqa heç nə beyinimi aktivləşdirmir. Qadınlar da bu işdə mənə kömək etmədilər – onlar ancaq istirahət hüququmu əlimdən aldılar. İnsanın özünə ayıracaq vaxtı olmalıdır. Uzun müddətdir yaşadığım, sonra zamanlarda dərkinə vardığım qaydalar bunlardır: qoyun əti yeməmək, toya və yasa getməmək, nikah və uşağın olmaması. Bu qaydalar pozulmur və artıq həyatımın bir hissəsinə çevriliblər. Bu qaydalar məcbur imtina etdiyim şeylər deyil, sadəcə, bir seçimdirlər. İmtellektual adamlar kabab yemir, anti-sosialdırlarsa, deməli, onların adamların çox olduğu toy və yaslarda yeri yoxdur. Ağıllı insan oturub-duracağı, rəqs edəcəyi və ağlayacağı adamı özü seçir, təsadüfən məclisdə qarşılaşdığı adamla söhbət edib yemək yemir. Nikah və bu rəsmiləşmiş birlikdən doğulan uşaq isə insanı çərçivəyə salır. Vaxt və enerjisini alır. Artıq özün üçün yox, başqaları üçün yaşayırsan. Uşaqlarım və arvadım olsaydı, sizə bu esseni yazmağa vaxt və enerjini haradan tapardım? Subaylıq sultanlıq deyil, bir lüksdür. Hər kəs bu lüksə sahib olmur, yaxud olmaq istəmir. Çox deyirlər, tənhalıq çətindir, inanın ki, pulsuzluq ondan da çətindir. Pulsuz qalmaqdansa, tək qalmağı seçərəm. Mənə birlikdə yaşayacağım insan lazımdır, birlikdə öləcəyim insan lazım deyil. Özüm tək də ölə bilərəm.
25 iyun 2022-ci il
ŞvartsMan