Nemət Mətin - Sağlam tənqid, proses və çıxış yolu
İtalyanların bir pritçası var. Qısa məzmunu danışım, sonra bəzi məslələrə aydınlıq gətirərəm. Şah öləndən sonra onun taxtına oğlu çıxır. Cavan şah ilk növbədə sahibi olduğu əraziləri gəzmək istəyir. Səhər ağ atına minib, vəzir-vəkili ilə birlikdə gəzintiyə yollanır. Qaranlıq düşməmiş əzəmətli sarayına geri dönür. Yorğun halda taxta oturandan sonra vəzirdən xəbər alır:
-Öz məmləkətimin hər yerini görə bildimmi?
-Şah sağ olsun, bircə şəxsi zindanınız qalıb. Başdan-başa qaranlı məkanda olmamısınız.
-Mən təcili olaraq ora getməliyəm.
-Şah sağ olsun, gecə zülmət məhbusları ağuşuna alır.
-Zindan gündüzlər də qaranlıq olur.
Tonqalları yandırın gedək. Beləliklə şah və onun itaətində olan insanlar ucu-bucağı görünməyən zirzəmiyə düşürlər. Bütün məhbuslar şahın qarşısında bir sıra düzülürlər. Şah hər bir məhbusa eyni sualı verir:
-Nə üçün sizi həbs ediblər?
Birinci məhbus: Tanrı şahiddir ki, heç bir günahım yoxdur. Mən sadəcə meydanda yemək yeyirdim. Tutub zindana gətirdilər.
İkinci məhbus: Göz yaşıma and olsun, ey məmləkətin tək sahibi, mənim günahım yoxdur. Üçüncü məhbus: Bir günahım varsa, başımı vurdurun.
Dördüncü, beşinci, onuncu günahsız olduqlarını bildirdilər. Nəhayət sonuncu məhbus gülümsəyərək deyir:
-Şah sağ olsun, mən alçaq insanam. Oğurluq etmişəm, adam öldürmüşəm, saraya hücum etmişəm.
Şahın gözlərinə qan dolur:
-Heç utanırsınız? Bu qədər günahsız insanın içində sizin kimi oğrunun, dələduzun, cinayətkarın yeri yoxdur. Rədd olun zindanımdan.
Həmin məhbusun qandalını açaraq azadlığa buraxırlar.
Deyilmiş yüz, iki yüz eyni fikrin içində fərqli fikir söylənilirsə, avtomatik olaraq qıcıq yaradır. Bəzən xilas yolu buradan başlayır. Hamı yalan danışanda doğrunu söyləmək şok effekt yaradır. Aydınlanma prosesi baş verir. Qarşı tərəf gözləmədiyi nöqtədən zərbə alır. İnkişafın əsas meyarı qarşı tərəfin olmasıdır. Batareyanın hər iki tərəfi müsbət və ya mənfi olanda enerji verə bilmədiyi kimi yalnız tərif eşidən insan həqiqəti görə bilməz. Ədəbiyyat sferasında tənqidi məqalələr olmasa, həmin ədəbiyyat məhvə məhkumdur. Tənqidçinin cibinə yüz manat qoymaqla deyil. Folkner müsahibəsində Heminqueyi sözün məcazi mənasında yıxıb sürümüşdü. Belinski Dostoyevskinin, Lamartin Hüqonun əsərlərini ciddi təhlil edib tutarlı tənqid yazmışdı.
Bir dəfə gənc şair S.Vurğunu yolda görür. Şair gənc müəllifdən xəbər alır: -Şairlərin seminarına gedirsənmi? -Mən artıq şairəm, getməyə ehtiyac yoxdur. Bunu eşidən S.Vurğun yağlı bir şilləni gənc şairin qulağına tutuzdurur. Bəzən bir şillə də tənqid kimi qəbul olunur. Daha yaxşı effekt verir. Necə deyərlər, hər şeyin öz məqamı var.
Azərbaycan ədəbiyyatı bir xətt üzərində getdiyi üçün o yolla getmək istəməyənlər kənarda qalır. Qarşı tərəf olsa da, görünmür. A.Qaradərəli, A.Canıyev, sağ olmayan müəlliflərdən V. Məmmədovu görəndə yolunu dəyişənlər olub və var. Azərbaycan ədəbi mühitinin bir balaca qızışdığı vaxtlar AYO-nın dövründə olub. İndi yenə sönük dövr davam edir. Bir oyunu rəqibsiz oynamaq maraqsızdır. Tənqidi sevməyən yazıçı, vaxt ötdükcə, daha da bərbad yazır. Ağaca rəndə çəkməsən döşəməlik taxta olmaz. Tənqid olduğu təqdirdə zəif əsərlərin sayı azalacaq. Hər kəs daha yaxşı yazmaq üçün mübarizə aparacaq. Daha 25-30 manat qonorara görə tərif və ya havadan, quşdan yazmayacaq. Yazıçı tənqidə reaksiya verməsə belə, onu oxumalıdır, eşitməlidir. Özünü dağın başına çəkən kəslər yamacdan xəbərsiz olurlar. Zaman-zaman yazıçı və tənqidçilər bir-biri ilə yola getməyiblər. Lap əlbəyaxa davaya çıxanlar da olub. Lakin heç vaxt susmaq olmayıb. Görməməzlikdən gəlmək olmayıb. Ədəbi proses mübarizələrdən yoğrulduğu kimi, ədəbiyyat da tənqidlə bişir, qidalanır, böyüyür...
Azərbaycanda nə üçün kafe, restoran, dönər evləri həddindən artıq çoxdur? Çünki mənəvi qidanın daha vacib olduğunu bilən kəslər azlıq təşkil edir. "Azərbaycan vətəndaşı kitab oxumur"- demək asandır. Günah bizdədir. Oxumağa maraq oyada bilmirik. Bunun üçün nə etməliyik?
1. Təhsil sistemi asanlaşdırılmalıdır. Səbəb odur ki, gündə yeddi dərs oxuyan, kürəyindəki çantada 10-15 kitab-dəftər daşıyan şagirdin evə yorğun gələndən sonra, bədii kitab oxumağa həvəsi, gücü qalmır.
2. Oxucular yazıçıya, tənqidçiyə, şairə inanmalıdır. O inamı aşılamalıyıq. Lazım gələndə ziyalı mövqeyindən qaçan kəsə heç kəs inanmaz.
3. Tərcümə işlərinə ciddi nəzarət olmalıdır. Hər hansı tərcümə yoxlanılmadan kitab şəklində çıxa bilməz. Bərbad, tezbazar hazırlanmış kitablar oxucunun psixikasına mənfi təsir edir. Oxucu oxumaqdan soyuyur.
4. Yazıçıların həyat tərzi normaya düşməlidir. Yazıçı, şair "günorta yeməyə heç nə yoxdur" - deyə düşünsə, enerjisi boş gedəcək.
5. Seminarlar, yarışlar, müsabiqələr keçirilməlidir. Ən əsası isə ədalətli şəkildə qaliblər seçilməlidir.
6. Təbliğat, reklam yüksək səviyyədə olmalıdır. Bu günlərdə Almaniyanın rok qrupunun klipi çıxdı. Efir üzü görən kimi klipi küçələrdə nümayiş etdirdilər. Binaların divarlarında proyektorlar klipi göstərirdilər. Eyni ilə kitab çap olunan kimi və ya daha öncədən kitabın reklamı aparılmalıdır. Üz qabığı hər yerdə görünməlidir. Hətta metroda reklam pulsuz olmalıdır.
7. Və nəhayət kitablara qoyulan vergi azaldılmalıdır. Bütün bunların yerinə yetməsi üçün birgə çalışmalıyıq.
Növbədən kənar qeyd: Malı, məli şəkilçilərinin çoxluğuna görə üzr istəyirəm.