Nəcəf Əsgərzadə- Trier Epidemiyası
Avropa triologiyasının ikinci filmi
Əgər yazdığımız yazı(ssneri) ortadan qeyb olarsa və onu tapa bilməyib çox qısa müddətdə həmin ssnerini yenidən yazmaq məcburiyyətdə qalsanız nə edərdiniz?
Dəliyə dönərdim deyənləri eşidirəm.
Yazmağa başqa mövzu düşünərdim deyənləri eşidirəm.
"Həmin mövzu onsuzda mənim beynimdədir, oturub yazaram yenidən. Beş aşağı- beş yuxarı fərq eləyəcək" deyənləri eşidirəm.
Ssnerini təhvil verməyə qısa sürə qalıb. Rejissor və onun ssnerist dostu yenidən işə başlayırlar. Amma demək olar ki, əvvəlki ssneridə yazılan əhvalatları tamamilə unutduqları üçün bu dəfə başqa şeylər yazmaq məcburiyyətində qalırlar. Amma bu onların əhvalını heç cürə korlamır. Əksinə kameranı götürərək bu yazı prosesinə tamaşaçını da ortaq edirlər.
Film çəkilmə prosesləriylə əlaqədar olaraq müxtəlif filmlər izləmiş olmağımıza rəğmən bizə təqdim bu film müəyyən qədər öz üslubundan kənara çıxmağa cəhdlər edir. Və ərsəyə gələn bu film avangart, türklər demişkən " amator" , bizim dildə desək həvəskar film adlana bilər.
Ssnerinin yazılma prosesi zamanı rejissor( Lars Von Trier) və ssneristin(Niels Vorsel) ruh hallarının dəyişməsinə şahid oluruq. Onlar Almaniya doğru səyahətə çıxırlar. Yazı makinasını da özləriylə götürən dostlar yolboyu yazmağa davam edirlər. Kamera isə onların söhbətlərini, Almaniyaya qədər uzanan uzun yolu lentə köçürür.
Bəs onların yazdığı ssnerinin adı yoxdur? Əlbəttə var. Epidemiya. Bu ad həmçinin filmin adıdır. Və alışıq olmadığımız şəkildə film boyu ekranın sol küncündə "Epidemiya" sözü gözlərimizi yorur. Bəs bunun anlamı nədir?
Biz yazılanları izləyirik. Ssnerinin içində gəzişirik. İki dostun yazılma prosesi zamanı nələr etdiyini görürük.
Epidemiya.
Qəribədir. İki dost ssnerini yazmağa başlayandan ölkəyə böyük epidemiya yayılmağa başlayır. Yazılanlar gerçəkliyə dönüşür sanki.
Tamaşaçı təkcə iki dostun axtarışlarına şahid olmur. Ssneridə yazılan hadisələrin içərinə daxil olur.
Ssnerinin baş qəhrəmanı həkim Mesmer ölkədə yayılan epidemiyanın qarşısını almaq üçün cəhdlər edir. O həkim yoldaşlarıyla birgə sığındıqları məkanı tərk edib epidemiyanın yayıldığı əraziyə doğru getmək istəyir. Yoldaşları onu bu yoldan çəkindirməyə çalışırlar. Hətta onu daxil olduğu assosiasiyadan çıxartmaqla təhdid edirlər. Həkimlərdən biri ölü siçanlar olan boşqabı həkim Mesmerə və tamaşaçıya göstərir.
Aha. Bu bizə nəyisə xatırladır sanki. Ölü siçanlar. Albert Kamyü. Taun əsəri. Taun şəhərə yayılan zaman şəhəri bötövlüklə ölmüş siçanların cəsədləri basmışdı.
Və biz bilirik ki, Albert Kamyü "Taun" əsərini müharibə, faşizm əleyhinə yazıb. Taun burada müharibəni əvəz edən detaldır. Bəs bunun bizim film ilə nə əlaqəsi var? Səbrli olaq. Görək nə olur.
Əvvəldə qeyd etdiyimiz kimi dostlar Almaniyaya doğru yol alırlar. Bəs niyə onlar Almaniya gedirlər? Onların orada nə işləri var?
Dostlar orada bir nəfərlə görüşürlər. Birdən-birə filmin tempi yüksəlir. Film müsahibəyə dönüşür. Kresloda oturan şəxs müharibədən danışır. Daha doğrusu müharibənin sıravı şəxslərə yaşatdığı dəhşətlərdən söhbət açır. Nazi Almaniyasının onun qohumlarının və digər insanlara nələr yaşatdığını ağlayaraq danışır. Dostlar insanların gizlənmək üçün girdikləri bumbuz gölün ətrafına gəlirlər. İnsanların bir çoxu gölün içində donaraq ölüb.
Həkim Mesmer epidemiyanın yayılma ərazinə gedir. İnsanların həyat şəraitiylə tanış olur. Ərazi böyük bir samanlıqdır. Təcili yardım maşınını görürük. Tarkovskinin "Qurban" (Offret) filmi yada düşür. İnsanlar epidemiyadan əziyyət çəkirlər.
Səfərdən dönən dostlar ssnerinin davamını yazırlar. Dostlardan biri Amerika ilə məktublaşmasından danışır. Yeniyetmə qızlara məktublar yazır və cavab məktubları da alır. Özünü yaşından kiçik göstərən Niels qızlardan aldıqları məktublar vasitəsilə Amerikada yaşayan qızların daxili dünyasını, onların hansı hissləri keçirdiklərini öyrənir. Müəyyən qədər gülməli, lağ-lağı səviyyəsində olan bu səhnə tamaşaçını güldürür.
Həkim Mesmer orada tanış olduğu zənci dostuna yardım edir. Yağışla onlar yollarına davam edirlər. Epidemiyanın yayılma mənsəbini tapmağa çalışırlar. Suyun içində zəncinin tutması başlayır həkim ona iynə vurur. Sonrakı səhnə də tamaşaçı həkim Mesmeri və onun yanındakı insanları böyük su hövzəsinin içində görür və onlar durmadan dua edirlər. Bu vəziyyət bizə əvvəldə ağlaya-ağlaya danışan şəxsin Nazi Almaniyasının insanların başına gətirdikləri dəhşətləri yada salır. Hadisələr arasında bənzərlik duyulur.
Rejissor və dostu bu yolla Nazi Almaniyasının dəhşətlərinə etirazını bildirir, anti-faşist mövqeləri ortaya qoyurlar.
Filmin sonlarına doğru iki dost onlardan ssnerini təhvil almağa gələn film stüdoyusunun göndərdiyi işçi ilə şam edirlər. Yemək boyu Danimarkadakı film sənayesinə, filmlərdəki mövzü qıtlığına toxunan bu şəxs ona təqdim olunan ssnerinin qısalığından təəccüblənir.
Şam yeməyi bitəndən sonra dostların gözlədikləri qonaqlar gəlib çıxır.
Hipnozçu və qadın.
Hipnozçu qadını yatıraraq epidemiya ssnerisinin içinə salır. Hadisələrin əvvəldə kontrol halında olduğu sanırsa da, get-gedə hadisələr kontroldan çıxır. Qadın salındığı epidemiya yayılan sehrli şəhərdən çıxıb ayıla bilmir. Gördüyü hadisələri dəhşətlər içində, nəql etməyə başlayır. Qışqırtılar içində özünü divara çırpır. Boğazında yaranan böyük irin parçasını çəngəli soxaraq patladır. Artıq epidemiya xəyali dünyadan çıxıb dostların ərazisinə daxil olur.
Trier yerdə oturaraq baş vermiş qarışıqlıqdan yorğunluğu alarkən film sona çatır.
Nəticə nə olur?
Biraz əvvələ qayıtsaq həkim Mesmerin yoldaşlarından ayrılıb epidemiya yayılan əraziyə gəlməsi sonra həmin ərazi də hamının ölməsiylə, Mesmerin sağ qalması epidemiyanın mənsəbinin elə həkim Mesmer olduğunu bariz şəkildə göstərir. Qəribəsi odur ki, həkim Mesmer rolunu Trier oynayır. Burada məsələyə baxış bucağımız genişləndirək, Trier və həkim Mesmer son səhnə də bir-birinə qovuşur. Həkim Mesmer Trierin prototipidir. Onun beyninin xəyali obrazıdır. Bu obrazla Trier faşizmi tənqid edirdisə, digər tərəfdən həmçinin yaradacağı film xəttiylə izləyiciləri öz epidemiyasına hazırlayır. Yeni film epidemiyasını yaratmaq üçün ilk qədəmləri bu film ilə irəliyə atan Trierin bundan sonrakı filmləri seyrçilərə nələr vəd edir. Maraqlıdır.
P.s Trier dostu Niels ilə filmin bir hissəsində yazdıqları ssnerinin təsvirini divarda fırça ilə çəkib bizə nümayiş etdirir. Həmin çəkilmiş sxem nə qədər film boyu dostların yazdıqları "Epidemiya" ssnerisinin təsviri olsa da, bir o qədər tamaşaçılara "Dogville" və " Manderlay" filmlərini xatırladır sanki. Deməli irəlidə Trierin çəkəcəyi iki möhtəşəm filmin ilk ideya toxumları elə o vaxtdan cücərməyə başlayıb.
P.s.s Film iç-içə keçən iki hadisə zəncirindən ibarətdir. Müəyyənn qədər darıxdırıcı gələ bilər seyrcilərə. Filmin zəif tərəfləri, hadisələrdən qopmalar hiss olunur. Trier dostu Niels ilə yaşadıqları hadisələrə daha çox yer verib.