Mirbağır Bünyatov - Təkcə darıxmaq qalıb
Onda hələ daş deyildi çəpərlər…
Onda nənəm qıvraq idi, açığı
onu gətir, bunu götür demirdi..
Onda sarı tulamız da sağ idi,
onda hələ ala-qaşqa əmirdi...
Onda hələ daş deyildi çəpərlər,
oyadardı şirin-şirin yuxudan,
azan səsi, xoruz banı səhərlər..
Əmimdəki ölməmişdi şəkərdən,
düzdü, artıq əvvəlkitək yemirdi...
Biz çox idik, bu evdəki dar idi.
Bir tut vardı qapımızda - xar idi..
Kəndimizdən hələ də çay axırdı,
qonşumuzda bir rus qızı var idi,
ayıbçıydı, göz önündə çimirdi...
İlk dərs günü sevinməkdən uçurduq.
Doslardaki; İbiş, Ramin - üç idik...
Sonra bir vaxt o əlimiz çatmayan,
pəncərədən düşüb necə qaçırdıq,
müəllim də guya bizi görmürdü...
Gör vaxt bizi hardan-hara sürüdü,
dostlar vardı inqilabçı- kiridi...
Son zamanlar sol tərəfim quruyur,
həkim elə hey deyir ki, sinirdi.
Mən bilirəm, mən bilirəm, İlahi
sinir deyil, sinir deyil - könüldü...
Bircə darıxmaq qalıb.
Keçib bəlkə yaşımız 40 dan 50 dən keçib
Keçib cavan canımız neçə güllədən keçib..
Bəzən qadın tumarı bircə şillədən keçib
Təkcə darıxmaq qalıb
Nə gözəl üzlü qızlar evlərə qurban gedib
Nəyi dogru bilirdim səhvlərə qurban gedib
Göydən düşən almalar divlərə qurban gedib
Bircə darıxmaq qalıb
Əkibsən ağac bitə' yerində sütun bitib
Ağrı bitər deyirdin yenə də tütün bitib
Ahh tütün cəhənnəmə həm də kibritin bitib
Bircə darıxmaq qalıb.
Ah bu ipək qəfəsin quşu itib deyirlər
Ah bu uşaqlı evdə kişi itib deyirlər
Nə vaxt ağzımı açdım başı itib deyirlər...
Bircə darıxmaq qalıb
Tanrı hamı yıxılıbsa necə uca qalmısan?!
Əvvəl - əvvəl min idin indi neçə qalmısan?!
Elə bil hamı ölüb tək sən qoca qalmisan
Bir də bir də mən adda
yekə darıxmaq qalıb.
Borc aldığım dostlarım' əvəzizdə darıxsam.
Bir az öz xarabamda' bir az sizdə darıxsam.
Siz aranda olanda mən dənizdə darıxsam
Uzağı' su altında neçə - neçə dağ qalar.
Görən mənə' ilahi' neçə darıxmaq qalar?!..
" Səs " siz qalıram!
Gəlirik cəm oluruq mən yenə "biz" siz qalıram.
Hər yanım aynadısa bəs niyə "üz" süz qalıram?!.
Hamıdan nişanə var, özümsə izsiz qalıram
Bax yenə " Səs" siz qalıram!
Gözlərim qumla dolu səhrada dərya gəzirəm.
Leylalar çoxdan ölüb, mən güli - Zəhra gəzirəm.
Tapmıram, tapmayacam çünki müəmma gəzirəm
Amma ki " Səs" siz qalıram!
Bu elə taledi ki, zərində " du" dur, bilirəm.
Göldəki qurbağalar gözümdə " qu " dur, bilirəm!
Tanrının əvvəli də, axrı da " Hu " dur, bilirəm,
Bilirəm, " Səs " siz qalıram!
Görəsən, nə qaldı ki, Göyündə " Ol " dan yuxarı?!
Sənə mən yol gəlirəm, gözümsə " Yol " dan yuxarı.
Hələ ki heç nə yoxdu Yerində puldan yuxarı,
Yuxarı " Səs" siz qalıram!
Daha əla yaşadım, ax nəfəsim gəlməyəli.
Qapılar qaldı açıq bircə kəsim gəlməyəli...
Axtardılar " söz" ümü ta ki " səs " im gəlməyəli,
Yaxşı ki, " Səs " siz qalıram!!!
Ara – sıra ürəyimiz sındı ha
Yadındadı, pəncərəzə daș atdım,
o gün - bu gün bağrım başı yandı ha.
Evinizdə xəbərləri olmadı,
anan dedi pəncərələr köhnəlib
atan yeni çərçivələr yondu ha.
Onda yoxdu sıx növbələr çörəkçün
Bircə baxıș bəs edərdi ürəkçün.
Sonra bir gün uçurduğum göyərçin
gəlib sizin damınıza qondu ha...
Ağrıyardıq, deyərdilər nəzərdi
Kimsə tapıb yandırardı üzərlik.
Böyüdükcə, pəncərələr düzəldi,
ara - sıra ürəyimiz sındı ha.
Bir iynəylə qorxuzardıq cinləri.
Bölüșərdik bir balaca kündəni
Ta düşünmə görəcəyin günləri,
bizimkisi bir yaşamlıq andı ha.
Böyüdükcə, pəncərələr düzəldi,
ara - sıra ürəyimiz sındı ha....