Rafiq Odayın şeirləri (şair, publisist)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, gundelik.info, edebiyyat-az.com saytlarının təsisçisi, "Möhtəşəm Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri, Respublikanın Əməkdar jurnalisti.
"Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Qarabağ şikəstəsi", “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi”, “Ağrıların simfoniyası” kitablarından müəllifi.
KEŞİK ÇƏKİR
Qucaq açdı gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.
Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.
Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
Ahım haradan haraya...
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.
AĞRIYIR
Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb yoxdan, harınsa
Bol yerindən ağrıyır.
Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.
İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.
Yerə girən boy sızlar,
Kök inləyər, soy sızlar.
Bədəsillər, soysuzlar
Döl yerindən ağrıyır.
Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi yaranmış ki var -
"Ol" yerindən ağrıyır.
SƏN YER ADAMI DEYİLSƏN
Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.
Bu necə bir gözəllikdi? –
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.
Baxırsan həyat dolusu,
Qadınsan – adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.
Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!
Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.
Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.
ÖMRÜ
Əyilmədi şaha könlüm,
Ucuz könlüm, baha könlüm,
Talan oldu bahar könlüm,
Gərdiş çəkir qışa ömrü.
Daha bənddir bir hovura,
Kim ələyə, kim sovura,
Heç gördünmü kimsə vura,
Dərd-ələmsiz başa ömrü?!
Oyunsa da gər ki, dünya,
Qəbul etmir ərki dünya.
Qoy mən olum tərki-dünya,
Sən eyş ilə yaşa ömrü.
Qürubdan, dandan keçirib,
Qadadan, qandan keçirib,
Fələk kotandan keçirib,
İndi çəkir xışa ömrü.
VAXTIDI
Bir az ağır olun, nolar,
Batman gəlməyin vaxtıdı.
Savalandan yola çıxıb,
Atnan gəlməyin vaxtıdı.
Görüb oxu - kürəkdəki,
Kimdi əsən külək təki?!
Yaşanarmı ürəkdəki
Çatnan, gəlməyin vaxtıdı.
Dərd sinədə sırıq-sırıq,
Sirr verdiyin ağzıcırıq,
Düşmən neylər ki, bu qırıq
Zatnan, gəlməyin vaxtıdı.
Dözməklə kar aşandımı?
Ruhsuz bir gün yaşandımı?!
Barışmaq yaraşandımı
Matnan?- Gəlməyin vaxtıdı!
TAPDIM SƏNİ
Gələn yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq, çiçək-çiçək,
Həvəsində tapdım səni.
Adaq-adaq nalçasında,
Budaq-budaq alçasında,
Naxış-naxış xalçasında,
Gəbəsində tapdım səni.
Yerdən, göydən qor umduğu,
Qızmar yayda qar umduğu,
Gəncliyimin qorunduğu,
Həbəsində tapdım səni.
Mələklərin qanadında,
Ruhlar yanar eşq odunda.
Bu dünyanın eşq adında
Kəbəsində tapdım səni.
DƏYİŞİM GETSİN
Çarpışmada çoxum, azım,
Nə yol getdim, nə də azım?!
Arxaya bəzək nə lazım? -
Önünü dəyişim getsin.
Bu səs -
bu səmirin deyil,
Bu baş –
bu dəmirin deyil,
Bu su –
bu xəmirin deyil,
Yönünü dəyişim getsin.
Bu çayın suyu lildimi?
Baxdım - əksimi sildimi?
Bu yaşda necə cildimi,
Donumu dəyişim getsin?!
Toy oldu – şənlik olmadı,
Dən oldu – dənlik olmadı,
Bu ömür mənlik olmadı,
Sonunu dəyişim getsin.
DÜŞÜR QARMAĞA
Ölümün gözləri gülür, -
Cavanlar düşür qarmağa.
Yağlılar eyş-işrətində,
Yavanlar düşür qarmağa...
Önümüzə hər tip çıxır,
Xeyir çıxır, şər tip çıxır.
Bicəngələr çərtib çıxır,
"Avam"lar düşür qarmağa.
Bir gün ağı, bir gün layla,
Üzümüz gülməyir ayla,
Kim desə ki, bu dünyayla
Davam var, düşür qarmağa.
ARTIQ
Yeni dünya düzəninin
Təməli görünür artıq.
Şeytanların, iblislərin
Əməli görünür artıq.
Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
Yeməli görünür artıq.
Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
Nə “bəli” görünür artıq.
Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
Bədəli görünür artıq.
ADAM
Niyə axı özün deyib,
Özün də gülürsən, adam.
Ağzında sözlər oynaşır,
Gözündən gülürsən, adam.
Bütöv sırıma çərəyi,
Çox əyilməzi çər əyir,
Gəl olma belə çörəyi
dizində – gülürsən, adam.
Bir nəfi var hər öyüdün,
Dinlə, barın dər öyüdün.
Elə bil ki, Bəröyüdün*
düzündə gülürsən, adam.
*Bəröyüd - Cənnətlə Cəhənnəm arasındakı
yer, Əraf.
KEÇİBDİ SUNAMİ MƏNDƏN
Paşayam, xanam özümə,
Kim gəlsə, ənamı məndən.
Bir kimsə ala bilməyib
Hələ ki, bu namı məndən.
Neçə açılmaz sirr varmış,
Sirri sirr edən BİR varmış.
Qəlbində, zalım, yer varmış,
Daha çox bunamı məndən?!
Göy mənəm, qurşağı odur,
Bir xeyli aşağı odur.
Bax, ana uşağı odur,
Keçibdi Sunami məndən.
BU QARA DONLU GÖZƏLİN
Bu qara donlu gözəlin
Gününü ağ eylə, Tanrım.
Dağ çəkdirmə sinəsinə,
Qəlbini dağ eylə, Tanrım.
Gözündəki buludlardan
Gül ətirli yağış yağdır.
Dalınca da göy qurşağı, -
Yeddi rəngli naxış yağdır.
Cadar-cadar səhrasını
Bəhrəli torpağa döndər.
Tumurcuq arzularını
Yamyaşıl yarpağa döndər.
Nolar, belə tez gətirmə
Yolun sonuna bu qızı.
Tanrım, böyüksən, bağışla
Qara donuna bu qızı.
ÇƏKİRİK BİZ
Dərdlər bomboz səhrada
Gəmidi, çəkirik biz.
"Qəmin kəm" deyənlərin
Qəmidi, çəkirik biz.
Hamı pir, hamı dərya,
Doldurmur camı dərya.
Sırdərya, Amudərya
Nəmidi çəkirik biz.
Üzə durdusa yağı,
Onda qara say ağı.
Ömər Xəyyam sayağı
Dəmidi, çəkirik biz.
Ömrü yoxuşla getsin,
Kotanla, xışla getsin.
Gedəni boşla getsin,
Çəmidi, çəkirik biz.
Sonu gəlməz qışların,
Yuvası boş quşların.
Ömür yaşanmışların
Cəmidi, çəkirik biz.
TANRIM, BİZ EYNİ DƏRDDƏYİK
Dönüb, dönüb, eyni yerə,
De nədən gəlirik, Tanrım?
Bu dərdlər mənim üstümə,
Binədən gəlir ilk, Tanrım.
Boz sərçə kimi heç yerə
Köçmək niyyətində deyil.
Yuvası viran könlümdə,
Özgə həyətində deyil.
Bir ayrı ünvanı yoxmu,
Yaxamı sevən dərdlərin?!
Ya padşaha könül verə,
Ya xanı sevə dərdlərin?!
Bir qurtuluş yolu göstər,
Bu zalım dərdin əlindən.
Nə əhvalım bir əhvaldı,
Hə halım dərdin əlindən.
Bu qədər dərdə mübtəla
Dönməzmi bir könül daşa?!
Tanrım, biz eyni dərddəyik,
Möhtacıq bir könüldaşa.
YAZIĞIM GƏLİR
Bir dərdinə, yüz dərdinə,
Vermə belə üz dərdinə.
Adam dura öz dərdinə,
Oynaya – yazığım gəlir.
Danda, qürubda baxdığım,
Nədən? – sorub da, baxdığım,
Hərdən durub da baxdığım,
Aynaya yazığım gəlir.
Söz kar etməz utanmaza,
Yaşarmı haqqı danmasa?
Nola, qanım bu qanmaza,
Qaynaya – yazığım gəlir.
YIXILDILAR
Səni heçə sayanlar
Heçindən yıxıldılar.
Qurd yemiş ağac kimi
İçindən yıxıldılar.
Əyləndi bic gələnlər,
Öyrəndi gec gələnlər.
Hamıya güc gələnlər,
Gücündən yıxıldılar.
“Bu yiyəsiz sürünün...”
“Arxamızca sürünün...”
Dörd həyat ünsürünün,
Üçündən yıxıldılar.
Allaha uladılar,
Günaha uladılar,
Sabaha uladılar, -
Bugündən yıxıldılar.
Adam olun bir anlıq,
Ərş də, Kürs də bir “O”nluq
Çox gədələr Fironluq
Köçündən yıxıldılar.
OLMADI
Arxasınca quru yuyub, yaş sərənləri,
Gördük üzdə ayağına baş sərənləri,
Bir gün sola, bir gün sağa - çaş "ərən"lərin,
Üzlərindən tüpürcəyi kəsir olmadı.
Məzlumlara ağlamaqçün yaş da saxladım,
Zalımları daşlamaqçün daş da saxladım,
Nəyim varsa, yuxarıda - başda saxladım,
Ağlım heç vaxt gödənimə əsir olmadı.
İkimizin atdığı da eyni zərdisə,
Hanı - hərə əkdiyini özü dərdisə?!
Əgər təsir əks təsirə bərabərdisə,
Niyə zülmü edənlərə təsir olmadı?!
Ömür bizi zaman-zaman sınağa çəkdi,
Səbirsizlər bu sınağı qınağa çəkdi,
Həyat qan-qan deyənləri çanağa çəkdi,
Od üstünə su çiləyən, nə sirr? - Olmadı.
Məcnun kimi səhralara düşdüm bu üzdən,
İnnən belə kim qurtarar məni bu düzdən,
Gecə-gündüz söz toxudum, amma bu sözdən
Məmməd oldu, Nəsir oldu, həsir olmadı.
Başımıza ələnənlər yad daşısa da,
Bu ələklər əsrlərin yaddaşısa da...
Düz əlli il kipriyində od daşısa da,
Rafiq Oday odasından qəsr olmadı.
GÖZLƏYİR
Dimdiyində dən daşıyır sərçələr,
Sərçəciklər ağzıaçıq gözləyir.
Bu dünyanın o ucunda ölüm var, -
Sən özündən burda ha çıx, gözləyir.
Azad etdin, üz bozartdı qulun da,
Öz əməlin kündə oldu qolunda.
Səhl Sumbat tor qurubdu yolunda,
Gözdə nifrət, qəlbdə acıq gözləyir.
Şeytansifət insan görsən, uzaq dur,
Beləsindən şərəf, mənlik uzaqdır.
Səbr eləsən – Haqq yanında üz ağdır,
Səbirsizlər "bir azacıq” gözləyir.
AZDI
Dərə də dünyanın, düz də dünyanın,
Əyri də dünyanın, düz də dünyanın,
Düzləri qalıbdı düzdə dünyanın, -
Onunçün düz olmaq istəyən azdı...
Gədənin bəy olmaq qisməti artıb,
Dosta atmaq kimi hiss, qəti artıb,
Yaraya səpilmək xisləti artıb,
Süfrədə duz olmaq istəyən azdı.
Həyatdı, hamını, "döz" güləşdirir,
Əlində maşası köz güləşdirir,
Çoxları sadəcə söz güləşdirir,
Şeirdə söz olmaq istəyən azdı.
NƏ DƏRİRİK, ƏLİMİZDƏ DƏRD QALIR
Yenə xəyal göylərimiz dumandı,
Biz adayıq, həsrət bizə limandı.
Bu dünyada insan olmaq yamandı, -
Yaman olmaq insan olmaq deməkmiş.
Əsl dərviş minlər içrə fərd qalır,
Namərdlərin arasında mərd qalır,
Nə dəririk, əlimizdə dərd qalır,
Zalım fələk ömrümüzə qəm əkmiş.
Hicran bizi hey yandırır odunda,
Demək, yoxmuş mərhəməti odun da.
Tale qəlbə eşq, məhəbbət adında,
Nə əkmişsə, onu biraz kəm əkmiş.
Öz dərdinə züy tutandı ağlıkəm,
Nə qızardı, nə utandı ağlıkəm.
Haqqın qolu çalın-çarpaz bağlıykən,
Baxıb susmaq haqsızlığa köməkmiş.
QURBAN VERİLİR
İlana yağıştək ələnir lənət,
Ağı da qaraya qurban verilir.
Dar gündə çoxları aradan çıxır,
Qalanlar araya qurban verilir.
Sırsıra bağlayır yenə ayazlar,
Sizi kim qurtarar burdan, ay azlar?!
Getdikcə seyrəlir həzin avazlar,
Quru bir haraya qurban verilir.
O kimdi - kəməndə dilindən düşür?
O kimdi - kəməri belindən düşür?
Fərhadın külüngü əlindən düşür,
Xançoban Saraya qurban verilir.
Yaşamaq bihudə, ölmək bihudə,
Nədən gəlib çatdıq, Tanrım, bu həddə?!
Allaha qovuşan bir mücahid də,
Bilmir ki, haraya qurban verilir.
Bir çirkab cəngində on saflıq girov,
İnsaflıq nə qalıb? - insaflıq girov.
İman, mənəviyyat, din, saflıq girov, -
Çirkli bir paraya qurban verilir.
BİLMƏM
Qalmışam od ilə su arasında,
Suyamı ağlayım, odamı, bilməm?
Məni özgə səmtə çəkir ürəyim,
Özümü bu yerin adamı bilməm.
Dövran verdiyini yenə tərs verir,
Ağılsız gədələr bizə dərs verir.
Ruhum qonan yerin yoxdu təsviri, -
Hücrəmi, xanəmi, odamı, bilməm?!
Fələk böyrümdədi əlində qayçı,
Ruhum didik-didik, bədənim qançır.
Xeyrini güdənlər “xeyir”dən qaçır,
Dostamı güvənim, yadamı, bilməm?!
Sevgidən gör neçə, aman, yetim var,
Bu qəlbdən o qəlbə əmanətim var.
Mən onu sevirəm, zəmanətim var,
İman məsələsi, o damı – bilməm?!
ÖZÜN DEMƏDİNMİ...
Sən mənim dünyada ən şirin yuxum,
Sən mənim ən gözəl dərdimsən, gözəl.
Bir özgə dərd varsa, mən orda yoxam, –
Gecəli, gündüzlü dərdim – sən, gözəl.
Göynətdi sinəmi bu “Göyçəgülü”,
Oxşadım bu yercə, bu göycə gülü.
Harda görmüşəm mən bu göyçək gülü? –
Əl atıb çəməndən dərdim – sən, gözəl.
Özgə aləmi var bu bar dərməyin,
Sevənlər, sevgidən qubar dərməyin!
Qisməti bu günmüş nübar dərməyin, –
Özün demədinmi, “dər, dinsəm…”, gözəl!
TANRININ YER ÜZÜNDƏKİ MƏLƏYİ
(Abbasqulu bəyin qızına)
Sənin səbrin
mənim səbirsizliyimdən
daha böyükmüş,
Səbr edənləri
özünə dost tutan,
Bir adı da Səbr olan Allahın
səbrindən də, -
Tanrının yer üzündəki mələyi.
Sənin o məsum
göz yaşlarında
Mənim günah dolu
hikkələrim yaşayır.
Gəl öpüm
o pak alnından,
Gəl öpüm
sellərin, suların
yatağı olan
o ürkək gözlərindən,
Amma ayrılıq olmasın.
Gözlərdən öpmək
ayrılıq gətirərmiş ya, -
Olmasın ayrılıq,
Tanrının yer üzündəki mələyi.
Mən, bu günə kimi
nə anama şeir yazdım,
nə sənə...
Anamın qüdrətini
vəsf etməyə
söz tapmadım,
sənin səbrini...
İllərdi ziyarət də bilmirəm
anamın qəbrini...
Bir dillənsənə,
bir söz desənə...
Lap qəlbimə dəy,
lap məni acıla...
Nə qədər ki, gec deyil,
Nə qədər ki, fürsət var,
Gəl səbrini ziyarət edim sənin,
Bəlkə... bəlkə onda
o böyük,
o müqəddəs ziyarətin -
Ana məzarını ziyarətin də
yolu açıla.
Tanrının yer üzündəki mələyi.
Qaldır yerə dəyən
kipriklərini,
Qaldır göyə bülənd elə
İllər boyu
ürəyində dustaq etdiyin
üsyan əvəzi,
hayqırtı əvəzi.
Sonra da
ağca-ağca tellərini
buludlara bənd elə, -
Nərdivana döndər
Göylə Yerin arasında.
Qoy göy üzünün mələkləri
bu nərdivanla enib
Əsl mələk necə olurmuş
bir görsünlər, -
Tanrının yer üzündəki mələyi.
Aç, aç qəlbinin
pəncərəsini,
Oxşasın üzümü
əfv fərmanının
küləyi...
QARA QIZLARIN AĞ YUXULARI
Bulud arxasındakı
günəş kimidi
qara qızların ağ yuxuları…
Bir üzündə sevgi yaşar,
Bir üzündə
bu sevginin
kəşf olunmamış xiffəti….
Qara qızların
ağ yuxularındadı
Dünyanın
ən saf,
ən pak
sevgisi,
Ən məsum
məhəbbəti.
Ey bir ömür boyu
səadət axtaranlar, –
Qara qızların
ağ yuxularındadı
xoşbəxtlik…
Bu yuxunu
yoza biləni,
Yozub da
gün işığına çıxara biləni
Dünyanın ən böyük
uğuru gözləyir…
Sevin, sevin
qara qızları,
Sevin ki, dincliyiniz,
Bir ömür boyu
gəncliyiniz
əlinizdən alınmasın…
Bir an belə
qəlbinizə
yaxın buraxmayın
Hissinizin, duyğunuzun
qara-qorxularını.
Sevin,
çin edin
qara qızların
ağ yuxularını…
AĞRILARIN SİMFONİYASI
Bir bomba partladı
qulaqlarımın dibində,
Gözlərimin önündə,
beş addımlığımda -
Beş addımlığımdamı?!
Bağışlayın, əfəndilər, bir yanlışlıq oldu, -
gözlərimin bəbəyində,
ürəyimin başında...
Qəlpələri səpələndi bütün bədənimə,
yayıldı cismimə, ruhuma,
canıma, qanıma.
Düz 25 ildir gəzdirirəm köksümdə,
ruhumda, cismimdə
canımda, qanımda bu qəlpələri -
şüşə kimi!
Bir də bu şüşə qırıntılarının içindən
yetim-yetim boylanan -
Şuşa kimi!
Bəli, əfəndilər,
Düz 25 ildir heç kimin gücü çatmır
çıxarmağa bu qəlpələri
bədənimdən!
Çünki haqdan, ədalətdən dəm vuran,
Özgələrin bədbəxtliyi üzərində
dəm quran
BÖYÜK-BÖYÜK məmləkətlərin
BÖYÜK-BÖYÜK başçıları
görə bilmir o yananı
gödənindən.
Bu, şeir deyil, əfəndilər!
Bu, hər tərpəndikcə
bədənimi deşik-deşik edən
və bu deşiklərdən
fışqıran ağrıların
nota alınmamış simfoniyasıdı,
Şüşə adında, Şuşa adında!
Məni bağışlayın, əfəndilər,
deyəsən yenə də bir yanlışlıq oldu.
08.05.2017.
EH, KOROĞLU... KOROĞLU...
Hər anası olmayandan
anasızlığın,
Hər atası olmayandan
atasızlığın
nə demək olduğu
sorulmaz ki, yavrum.
Hələ... Hələ...
Bu qədər qocalar evi,
ayaq izi dəyməyən,
kol-kos basmış,
didərgin ruhlu
məzarlar varkən.
Eh, Koroğlu... Koroğlu...
YA MƏN... YA DA...
Əllərimiz görüşdü…
Gözlədiyimin əksinə olaraq
alışıb külə dönmədi
barmaqlarım...
Ya mən...
əllərinin hərarətini
hiss etməyəcək qədər
soyuğam,
Ya da...
mənə qədər
çəkib aparıblar
bu hərarəti
özgələri....
HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ
Yerdən-göydən əllərini üzüb,
ümidin ətəyindən yapışanların
sayı çoxaldıqca,
Hər gün bir ilmə də süzülür
ümidin ətəyi.
Bir soran tapılmır ki,
bu əllərin bu ətəkdə ölümü nə?! –
Beləcə fərman verilir
ümidlərin ölümünə.
“Ən son ölən ümidlərdir” deyiminin
həqiqət olduğuna inansaq,
Demək ki,
sonu yaxınlaşır hər şeyin,
Sonu yaxınlaşır
içimizdəki sevgilərin,
pisliklərin, kötülüklərin.
Sonu yaxınlaşır
cəllad baltalarının,
Üstündə çubuq doğranan
kötüklərin –
Və beləcə... sonu yaxınlaşır
dünyanın.
Allah-taalanın işi başından aşacaq
innən belə,
Daha heç kim
mühakimə edə bilməyəcək
Uca Yaradanı,
Düşük-düşük
danışa bilməyəcək
Qurannan belə,
dinnən belə....
külək hamını saman çöpü kimi
qabağına qatıb,
Haqq divanına kürüyəcək...
Mütləq hakim isə - O!
Hələ iynənin ucu boyda olsa da
ümid qalıb, -
Heç kimin ümidini öldürməyin,
arxadaşlar!
Barı özünüzə yazığınız gəlsin...