Edebiyyat.az » Poeziya » Mahir N. Qarayev - ÇALDIRAN OPERASI, ÇƏNLİBEL ARİYASI

Mahir N. Qarayev - ÇALDIRAN OPERASI, ÇƏNLİBEL ARİYASI

Mahir N. Qarayev - ÇALDIRAN OPERASI,  ÇƏNLİBEL ARİYASI
Poeziya
admin
Müəllif:
04:56, 16 yanvar 2024
593
1
Mahir N. Qarayev - Ç ALDIRAN OPERASI, ÇƏNLİBEL ARİYASI





(“Oğuz boyları – Əcəl zəngləri” silsiləsindən fraqment)



Mənə boy boyladıb 

soy soylatdıran –

sən ey ulu Qorqud, ad göndər mənə;


Qılıncım taxtadan, 

atım qatırdan –

qılınc göndər mənə, at göndər mənə!


Biz – ağac əkməyən, ot göyərtməyən,

yaralı budağı əyənlərik biz;

Biz – bizə verilmiş ada dəyməyən,

adı qulağına dəyənlərik biz!


Sən gülsən, 

mən şəkər... 

gül və şəkər – biz;

gülmə, canım-gözüm, gülməşəkər – biz!


Sıxma ürəyini, 

bağda ərik var –

arada dağ boyda salam-əleyk var!


Sən ağa, 

mən ağa...

buyur keç, qağa!


De gəlsin! 

Süz – içim, süzüm – iç, qağa!


Sən öl, kişiyik biz! 

Mən ölüm, nərik!

Köhnə şəngülümlər, məngülümlərik...


Biz bığdan aşağı burun bəsləyən,

Saqqaldan yuxarı söz deyənlərik;

Boğazdan aşağı qarın bəsləyən, 

Boğazdan yuxarı tost deyənlərik.


Tütəyi qamışdan, 

qavalı daşdan –

yanıq Kərəmlərə toy tutanıq biz;

Tüstülü, nəşəli, havalı başnan

özgə havasına züy tutanıq biz!


Düşmən sevindirən, 

yağı güldürən,

iti üstümüzə hürdürən – bizik;


Bizik Çaldıranda 

bayraq qaldıran,

qardaşı qardaşa qırdıran – bizik...


Bizik Çənlibeldə qazan qaynadan,

fisincan-plov – biz... 

xəngəl-plov –  biz...


Bizik çəpik çalıb ozan oynadan,

özü öz başına 

əngəlkələf – biz...


Mağar toylarının dumbulçuları, 

nağara üstündə dınqıltıyıq biz;

Qazax baylarının kumıs içəni,

qırğız çöllərinin manqurtuyuq biz!


Bu şələ –

çox ağır şələdir, Dədə,

amma neyləyəsən, belədir, Dədə!


Həmişə –

hər zaman, hər vaxt, hər vədə

beləymiş, deyəsən, belədir, Dədə!


Fitnə-şər 

göyərən torpağımızda

ha göyərt – 

bir quru ot da göyərmir;


ha yırt boğazını, 

ha yort özünü,

ha sula-gübrələ,

ha sanc, 

ha bizlə,

ha tərpət – 

kütlədir, kütlə... göyərmir!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)