Cavid Musadan iki şeir
Aləmlər od tutub istidən yanır.
Təbiət varlığın danır.
Hər tərəf od, alov, atəş.
Bu dünyanın əvvəlini
öyrənmişəm kitablardan,
bu dünyanın axırını biləydim kaş.
Dəyişdikcə çərxi - fələk
Göydən od yağır, alov yağır.
Yağış yağmaq yerinə
İnsan - göy üzünə çıxmalıykən
Girir yerin dibinə.
Torpağın da canı sudu
Yağış yağmadı.
Kəsildi göylərin nuru
Çaylar qurudu.
Bir damcı su gəlmədi.
Təbiət hər nə desən doğdu,
insan doğa bilmədi.
İnsanın həyatı,
onun fikirlərindən asılıdır.
Yerin dünya olmağı da
Göy üzündən deyil,
yer üzündən asılıdır.
Bilmirsən insanın məqsədi nədir?
Çəkir elə insanın ürəyinə dağ.
İnsan nə təəccüblü, nə qəribədir?
Düzəltmək istəyir, dağıdır ancaq.
Dağıdır dünyanı almayır vecə.
Nə oldu bu insan vəhşiyə döndü?
Bu odun - alovun içində necə?
İnsan buz bağladı, soyuqdan öldü.
Öldü, bu əclafin nəfəsi gəlmir.
Qoy ölsün, qurtulsun dünyanın canı
İnsan yaşayanda tənha deyildi
Öləndə yaşayır tənhalıq anı.
Necə öldüyünü görə bilirmi?
Gördüyü şeyləri deyə bilirmi?
Hər işin içində günahı vardır
Bəlkə ölməyi də günah olardı.
Bədənə insanın toxumu əkilib.
Yetişə də bilər, yetişməyə də
Nə oyun çıxarır dəymə çıxarsın.
Bircə gedib Allaha ilişməyə də.
Allahın vətəni insan qəlbidir
Dünyanın rəsmini yaradan çəkib.
Bəs niyə qəlbləri tərk edib Allah?!
Bəlkə o əclafi Allah öldürüb
Tərk edib Vətənin göyə çəkilib.
***
Tək başına yenə səssiz gecələr
Oturmuşam bax ruhunla üzbəüz.
Gözlərimin önündən keçir nələr
Yalan dediklərim də çıxıbdır düz.
Danışıram öz - özümə səninlə
Xəyallarla dolub mənim otağım.
Durub gedə bilməyirəm səninlə
Fikirlərlə zəncirlənib ayağım.
Əllərin yapışır mənim yaxamdan
Dartışdırır nə soruşur bilmirəm.
Sənə qovuşduğum günü öləcəm
Yoxluğunla yaşayıram ölmürəm.