Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından

Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından

Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından
Proza
admin
Müəllif:
17:04, 19 fevral 2022
1 533
0
Lətif Şüküroğlu - “Taleyin izləri” kitabından






 

Tale dostları

Həyatda bir nəfər də olsa ürək dostunuz yoxdursa, məni başa düşməyə bilərsiniz. Yaxın qohumlar arasında olan dostlarımı nəzərə almasam, onların üç nəfərindən başqa, hamısı ilə tələbəlik dostuydum. Bugünədək də münasibətlərimiz nəinki davam edir, hətta ailələrin hesabına dairəsi daha da genişlənib. Bu dostluğun təməli beş illik tələbə həyatının birgə yaşanmış acılı-şirinli günlərində qoyulmuşdu. Əslində, daha çox şirin xatirələr kimi yadda qalan bu dövrü mübahisə və müzakirələrlə dolu günlər adlandırmaq daha düzgün  olardı. Eyni qrupda oxuyan 6 nəfər idik. Ayrı-ayrı yerlərdən gəlsək də, bizi birləşdirən o qədər çox şey vardı ki. Hamımız daşıdığımız adı kimin, yaxud nəyinsə hesabına deyil, özümüz qazanmışdıq. Həyata baxışlarımız, xarakterimiz də cüzi fərqlərlə uyğun gəlirdi. Biz sadə zümrəyə mənsub, maddi durumu da təqribən eyni olan ailələrdən çıxmışdıq. Əməyin, çətinliyin, hətta ehtiyacın nə olduğunu yalnız kitablardan oxumamışdıq. Birinci kursun ortalarında sıramıza eyni Universitetin qonşu Şərqşünaslıq fakültəsində oxuyan, dostumuzla kirayədə yaşayan bir nəfər də qoşuldu. 

İlk aylardan aramızda yaranan səmimi münasibətlərin bizi nə vaxt yaxın dostlara çevirdiyini dəqiq xatırlamıram. Dostlar da heç vaxt bunu hansısa tarixə bağlamayıblar. Təkcə onu bilirəm ki, yaxın dostluq münasibətlərinin uzun müddət tələb etməsi barədə mülahizələri nə onda, nə də indi qəbul etməmişəm. Bu məsələdə hansısa vahid yanaşmanın, yaxud reseptin olmasına da münasibətim eynidir. Bəzən bir neçə saatlıq ünsiyyət dostluğa körpü saldığı kimi, bir neçə illik yaxınlıq bu münasibətlərə çevrilməyə də bilər. 

Fərqli cəhətlərimiz də az deyildi. Birimizdə səbir, başqasında güzəşt, üçüncüsündə, dördüncüsündə də nəsə çatmırdı. Ancaq aramızdakı səmimi, açıq, dürüst münasibətlər bu çatışmazlıqları islah etməyə yetərli idi. Gəncliyə xas hər şeyə irad tutmaq, əksərimizin kimsəni bəyənməmək xasiyyəti də zamanla keçib getdi. Nihilizmdən, subyektivlikdən tam olmasa da, uzaqlaşa bildik. Bunların baş verməsində şəxsi təcrübə qədər də qarşılıqlı təsirlərin rolu da az olmadı. Biz birlikdə  böyüdük, həyata birgə, qol-qola atıldıq. Mübahisələrdə, müzakirələrdə, tələsik çıxarılan nəticələrdə püxtələşdik. İncidiyimiz, haqlı-haqsız küsdüyümüz, hər şeyin bitdiyini zənn etdiyimiz vaxtlar da oldu. Ancaq başqasını nə qədər səhv bilsək, bəzi məqamlarda səbrsiz olsaq belə axır sözümüzü əvvəldə demədik, özümüzü təmizə çıxarmaq üçün kimisə nahaqdan suçlamadıq.

Müzakirə və mübahisələrimizin ilk mövzusu ədəbiyyat və  qismən tarix idi. O vaxt 1960-cılar nəsli deyilən nasir və şairlərin yaradıcılıqlarının ən məhsuldar dövrü idi. Onların əsərlərinin işıq üzü görməsi ilə müzakirələrə səbəb olması, ən müxtəlif rəylərin səslənməsi bir olurdu. Ədəbi mühit qaynayırdı, sonralar da heç vaxt olmadığı qədər canlı və maraqlı idi. Baxmayaraq ki, bu müzakirələrin mühüm bir hissəsi kampaniya şəklində deyil, mətbuata çıxarılmadan, ictimai diqqətdən tamamilə kənarda baş verirdi. Tələbə elmi cəmiyyətləri adlanan təşkilatların üzvləri isə bu prosesin önündə gedirdi. Biz ilk aylardan bu cəmiyyətin təcrübəli üzvləri ilə hansısa əsərlərin müzakirəsində qızğın mübahisələrə girişir, orjinal hesab etdiyimiz mülahizələrlə öz aləmimizdə guya onları arqumentsiz qoyurduq. Bir çox hallarda ifrata varmağımız, radikal yanaşmalarımız yuxarı kurs tələbələrində istehza doğursa da, öz fikrimizdə qalır, bir addım belə geri çəkilmirdik. Belə hallarda o vaxtlar ədəbiyyat sahəsində əksəriyyətimizin nüfuz sahibi saydığı   Fikrətə müraciət edir, onun daha çox bizi haqlı saymasından ruhlanırdıq. Onun “cəsarət istedadın məhək daşıdır” fikri başlıca devizimizə çevrilmişdi. Həmin dövrdə cəsarətin nə demək olduğunu müasir oxucuya izah etməyə, yəqin ki, ehtiyac yoxdur. 

Dünyaya “oxuya-oxuya, yaza-yaza işıq əlifbası öyrətdi”yi barmaqlarının “gözü ilə baxan” Fikrət güclü mütaliəsi olan, dərin təfəkkürlü bir insan idi. Bəzən yorulanda kitabları ona müxtəlif kurslarda təhsil alan tələbələr və daha çox da bir yerdə qaldığı, dostu milliyyətcə gürcü Giya Paçxataşvili (onu “Givi” deyə çağırırdıq) və sonralar tanınmış jurnalist olacaq Məmməd Nazimoğlu oxuyurdular. Məni Fikrətlə dostum Hafiz tanış etmişdi. Biz imkan düşən kimi onun fakültəmizin yerləşdiyi əraziyə yaxın olan mənzilinə gedir, maraqlı, orjinal söhbətlərindən nəsə öyrənir və bir neçə saatlığa gözlərini “əvəz edirdik”. Fikrət yeniliyin, cəsarətin, obyektiv fikirlərin təşnəsi idi. Qısa, həm də dərin mühakimələri ilə razılaşmamaq mümkünsüzdü. Ədəbi prosesləri özünəməxsus orjinallıqla təhlil edir, sovet, hətta dünya ədəbiyyatından gətirdiyi paralellərlə elə məsələlərə toxunur, əsərin elə məziyyətlərini üzə çıxarırdı ki, buna mat qalırdın. Diqqətlə oxuduğuna əmin olduğun bir əsər sənin üçün tamamilə yeni mahiyyət kəsb edirdi. Onunla yersiz mübahisəyə cəhd edənlərə səbrlə qulaq asar, qarşı tərəfin gətirdiyi arqumentlər təsirsiz qalanda, sadəcə: “hərə öz fikrində qalır, başlıcası da fikrin olmasıdır” deyirdi. İstənilən məsələni dəfələrlə izah etməkdən yorulmur, ancaq təfəkkür sahibi saydıqlarına qarşı daha tələbkar olurdu. Heç nəyi diqqətdən qaçırmayan, bu sadə təbiətli, saf ürəkli, alicənab insanı əksəriyyətimiz ozümüzə müəllim hesab edirdik. Onun vaxtsız ölümü bütün tanıyanlar, həmçinin, cəsarətlə demək olar ki, Azərbaycan tənqidi fikri və şeiri üçün ağır itki oldu. 

Giya Paçxataşvili da maraqlı və istedadlı adam idi. Yaradıcılıqla məşğul olan, Azərbaycan və rus dillərində şeirlər, hekayələr yazan Giya Fikrətin özündən asılı olmayan narahatlıqlarına (bunlar nə qədər az olsa da) dözür, onu hər yerdə müşayiət edir, şeirlərini itib-batmağa qoymurdu. Sonralar Fikrətin yeganə şeirlər kitabı “Təsəlli” də məhz onun, Fikrətin qardaşı Musa Mursaqulovun, tələbə dostlarımız Məmməd Nazimoğlunun, İlham Abbasovun və Qulu Kəngərlinin səyləri ilə 2007-ci ildə işıq üzü gördü. Kitaba ön sözü İlham Abbasov yazmışdı. Təəssüf ki, müəllifin özünə həmin günü görmək nəsib olmadı. Həmin kitabdan götürdüyüm “İçimə saldım” və “Səni sevə biləydim” adlı şeirləri, Fikrəti daha yaxından tanıyasınız deyə, sizlərlə paylaşmaq istəyirəm.

 

İçimə saldım (Doğmalarıma)

Toyunuzda oynayammadım,

Vayınızda ağlayammadım.

Hamısını,

Hamısını içımə saldım.

Çölümü görmədim,

İçimi görmədiniz,

Yaşadıq üz-üzə,

Durduq üz-üzə, bir-birimizi görmədən.

Məndən yarıyanınız oldumu?

Məni yanıyanınız oldumu?

Qolunuzdan tutammadım, 

gözünüzün yaşını qurudammadım,

Hamısını, hamısını içimə saldım.

Toyunuzda oynayammadım,

Vayınızda ağlayammadım.

 

Səni sevə biləydim

Səni sevə biləydim, ömrümdə bircə dəfə

dodağımdan qaçaydı

bircə kəlmə “sevirəm”.

Aramızda ehtiyat

tükənəydi, sönəydi,

Yoxluqlara dönəydi.

Sən də mənə bir dəfə

“sən mənimsən” deyəydin;

sevincdən ağlayaydım,

göz yaşımı siləydin.

Səndən nə görüş yeri,

nə də görüş umardım.

Qolun üstə əbədi 

gözlərimi yumardım,

dünyadan kam alardım.

Bircə anlıq ömürdə 

sənin, sənin olardım.

Bu gün Giya yazıb-yaratmaqla yanaşı, dəyərli bir işlə də məşğuldur. O, Azərbaycan şairlərinin əsərlərini orjinaldan rus və gürcü dillərinə tərcümə edib nəşr etdirir.

... Biz 1960-cıları özlərindən əvvəlki nəsillə müqayisə edir, əvvəlkilərin daha çox təsərrüfat və təbliğat qoxusu gələn əsərlərini amansız tənqidə məruz qoyur, insafsızcasına “makulatura” adlandırırdıq. Dərslərdən sonrakı söhbətlərdə isə əsasən 1960-cıların yaradıcılığını saf-çürük edir, öz aramızda onları ən güclülərə və nisbətən zəiflərə ayırırdıq. Belə söhbətlərin xarakterik cəhətlərindən biri, bəlkə də birincisi mülahizələrimizdəki ifrat kəskinlik, hətta radikal fikirlər səsləndirməyimizdi. Bəyəndiyimizi göylərə qaldırır, əks münasibət sərgilədiklərimizin isə daşını-daş üstə qoymurduq. Hər iki halda əndazə gözləmir, qoruq-qaytaq tanımırdıq. Digər məsələlərə, hətta insanlara, hadisə və proseslərə münasibətdə də eyni yanaşmanın bizi obyektivlikdən uzaq saldığını isə ağlımıza gətirmirdik. Təəssüf ki, bu xüsusiyyət nihilist ruhuna görə bağışlanması mümkün olan gənclərlə yanaşı, əksər yaşlılara da məxsusdur. Təriflədiyimizi az qala göylərə qaldırdığımız kimi, tənqid etdiyimizi də o qədər kiçiltməyə, aşağılamağa meyilliyik. 

Tarixlə bağlı müzakirələrimiz sonrakı illərdə fakültənin cəsarət simvolu sayılan müəllimimizin, bütün ölkənin yaxşı tanıdığı Şirməmməd Hüseynovun mühazirələrinin təsiri altında başlandı. Şirməmməd müəllim Jurnalistika fakültəsində “Mətbuat tarixi” və “Jurnalist sənətkarlığı” fənlərini tədris edirdi. Ancaq bu mühazirələr fənn çərçivələrini xeyli aşır, tariximizin yasaq sayılan, tədris kitablarına salınmamış səhifələrinə çıraq tuturdu. Mühazirələrini tarixi paralellər üzərində quran müəllimimiz o vaxta qədər adını eşitmədiyimiz şəxsiyyətlərin fəaliyyətindən danışır, onların ideyalarını, mübarizələrini anladır, bütün bunları mətbuat tarixi ilə məharətlə bağlayırdı. Məhz onun sayəsində tələbələr milli kimliklərini, hansı irsin sahibi olduqlarını ilk dəfə öyrənirdilər. Hərdən də müasir dövrdən bəhs edir, cəmiyyətin eybəcərliklərini, salındığımız vəziyyəti anladırdı. Hakimiyyətin ünvanına tənqidi qeydlərini isə adətən aramızda kimlərinsə harasa çatdırdığına işarə ilə bitirir, sanki bizə belə məsələlərdə ayıq olmağı öyrədirdi. Azərbaycan Xalq Cümhuriyyəti adlı bir dövlətimizin olduğunu, Azərbaycanın Rusiyaya könüllü birləşmədiyini, milli faciələrimizin haradan qaynaqlandığını, azadlıq, müstəqillik uğrunda mübarizələrin iştirakçılarının kimlər olduğunu da ilk dəfə həmin mühazirələrdə eşidib öyrənmişdik. 

Gözümüzü açan, bizi hələ təxmin etmədiyimiz gələcək hadisələrə hazırlayan bu dərsləri hamımız səbirsizliklə gözləyirdik. Başqa vaxt auditoriyada tapılmayan tələbələr də onu dinləmək imkanını əldən buraxmır, dərs başlamazdan xeyli əvvəl peyda olurdular. Saat yarımın necə keçdiyindən heç kim xəbər tutmur, dərsin tez bitməsinə təəssüflənirdik. Əlbəttə, bunda Şirməmməd müəllimin maraqlı və orjinal təhkiyəsi, hadisələri düzgün təhlil etmək bacarığı, tarix və şəxsiyyətlər barəsində danışarkən ilk baxışda diqqəti cəlb etməyən məqamları, incəlikləri tutmaq və çatdırmaq bacarığı, şirin danışıq tərzi  də az rol oynamırdı.

Tarixlə bağlı söhbətlərdə fikir ayrılıqları çox nadir hallarda olsa da, biz öyrəndiyimiz hər yeni faktı dərhal dostlarla bölüşməyə tələsirdik. Mübahisələrimiz əsasən o dövrün əsas mövzularından olan Azərbaycanın Rusiyaya birləşdirilməsinin ətrafında gedirdi. Artıq həmin illərdə bəzi alimlərimizin bu məsələnin araşdırılmasına həsr edilmiş məqalələri, daha çox da auditoriyalarda səslənən fikirləri qaranlıq məqamlara müəyyən aydınlıq gətirmişdi. Ancaq bunların bəzilərindən, eləcə də orta əsrlər tarixi ilə bağlı fərqli yanaşmalardan az hissəmiz, həm də qismən xəbərdar idik. Bu azacıq məlumatlılığa görə də biz müəllimimizə borclu idik.

Tələbəlik illərindən danışıb, maraqli mühazirələri bu gün dinləyirmiş kimi yaddaşımızda qalmış bir neçə müəllimimizi də xatırlamamaq olmur. Onların hamısına etiramımızı bildirərək, yalnız üçü haqqında bəhs edəcəyəm. Onu da qeyd etməyi özümə borc bilirəm ki, 1970–1980-ci illərin Jurnalistika fakültəsində o dövr üçün xarakterik sayılmayan, bəlkə də mümkünsüz olan demokratik bir mühit vardı. Bu, hər şeydən əvvəl fakültə müəllimlərinin bir çoxunun geniş dünyagörüşünə malik yaradıcı insanlar olması ilə bağlı idi. Onlar bizim səhvlərimizə, hətta yersiz, bəzən çılğınlıq həddinə çatan hərəkətlərimizə səbrlə, dözümlü yanaşırdılar. Belə münasibətin əsl məqsədini o zaman tam mənası ilə başa düşməsək də, sonralar bu xeyirxah insanların bizi həyata hazırladıqlarını, fikirlərimizi, düşüncələrimizi ifadə etməkdən çəkinməməyi, ancaq buna müəyyən çəki-düzən verməyi öyrətdiklərini anladıq. Bizim gəncliyə xas maksimalist düşüncə tərzindən uzaqlaşmağımız, başqalarını dinləməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı mənimsəməyimiz və əxz etdiyimiz neçə-neçə digər xüsusiyyətlərimiz  də onların əməyinin nəticəsi idi. Dostlarımızdan ən gəncinin hansısa məsələ haqqında az qala hökm formasında danışmasına münasibət bidirən müəllimlərimizdən birinin “universitet tələbəsi heç bir halda qəti hökm verməməli, fikirlərini mütləq həqiqət kimi təqdim etməməli, yanıla bıləcəyini də istisna etməməlidir” kimi öyüdünü biz illər sonra da unudulmaz dərs kimi xatırlayırıq. Fakültəmizin universitetin əsas korpusundan aralıda yerləşməsinin, necə deyərlər, rəhbərliyin sərt nəzarətindən kənarda qalmasının da belə bir demokratik mühitin formalaşmasında rolu az deyildi.

Mübaliğəsiz demək olar ki, XIX əsr rus ədəbiyyatını tədris edən müəllimimizin, professor Şamil Qurbanovun mühazirələri bəlkə də bütün universitetdə ən maraqla dinlənilənlər sırasında ilk yerdə gəlirdi. Biz ondan Puşkinin, Lermontovun, Dostoyevskinin, Tolstoyun, Çexovun, digər ədiblərin  həyat və yaradıcılığına aid heç bir dərslikdə rast gəlmədiyimiz faktlar, məlumatlar eşidirdik. Puşkinin həyatının gizlinlərini, liseyin ən güclü riyaziyyatçılarından olduğunu, kriptoqrafiyanı (şifrələmə) mükəmməl səviyyədə mənimsədiyini və Rusiya Xarici İşlər Nazirliyində şifrələyici işlədiyini, yaradıcılığında da bundan məharətlə istifadə etdiyini, onun gizli mətnlərinin bəzilərinin sirrinin çox sonralar açıldığını, təkcə Moskva və Sankt-Peterburqda 30-dan çox ünvanda “Puşkin bu mənzilin arzulanan qonağı olmuşdur” lövhəsinin asılmasını (bu ünvanlarda söhbət yalnız ədəbiyyatdan, incəsənətdən və siyasətdən getmirdi), Dostoyevskinin bəzi əsərlərini nədən diqtə etmək məcburiyyətində qalmasını, Lev Tolstoyla münasibətlərinin hansı səbəbdən soyuq olmasını və başqa məlumatları sonralar məşhurların həyatından bəhs edən kitablar seriyasından oxuduq. O vaxt isə bu seriyadan olan kitabların böyük əksəriyyətini tapmaq mümkün deyildi. Şamil müəllim xüsusi ilə nəsr əsərlərinin məzmununu o qədər canlı çatdırırdı ki, elə bilirdin, Raskolnikov öz cinayətini indicə, sənin gözlərin qarşısında törədib. Bundan kiminsə xəbər tutacağı qorxusu ilə onun hər şeyə necə şübhə ilə baxdığını, qəzetlərdəki xəbərləri həyəcanla izlədiyini, Anna Kareninanın özünü qatarın altına necə atdığını da sanki öz gözünlə görürdün. Yaxud elə təsvir edirdi ki, knyaz Mışkinin keçirdiyi psixoloji sarsıntılar istər-istəməz sənə də sirayət edir, Oblomovun necə tənbəlliklə ayaqlarını çarpayıdan yerə uzatmasının, 6 nömrəli palatada baş verənlərin canlı şahidi olurdun. O, sadəcə, dərs demirdi, tədris etdiyi fənni sevdirir, bizi o vaxtadək bildiyimizə əmin olduğumuz əsərləri bir daha, ancaq bu dəfə öyrənmək naminə, özü də həvəslə oxumağa sövq edirdi. Rus ədəbiyyatının qızıl dövrünün nümayəndələri ilə eyni vaxtda yazıb-yaratmış Avropa, daha çox da fransız müəlliflərini müqayisə etməsi, onların öz müasirləri ilə yazışmaları, özlərindən sonrakılara təsiri barədə dedikləri bir başqa aləm idi. Şamil müəllimin həm də o qədər ürəyəyatan səsi vardı və elə həvəslə, içdən gələn bir duyğu ilə danışırdı ki, qulaq asanı sanki tamam başqa aləmə aparırdı. O da, bizə “Ədəbi redaktə”dən dərs deyən, təkcə dekan deyil, həm də bütün fakültənin hamisi olan müəllimimiz, Tofiq Rüstəmov da, Şirməmməd müəllim də indi haqq dünyasındadırlar. Allah hər üçünə rəhmət eləsin.

İlk baxışda quru bir elm təsiri bağışlayan “Ədəbi redaktə” Tofiq Rüstəmovun tədrisində tamam başqa mahiyyət kəsb edirdi. Müəllifin üslubunu saxlamaqla mətnin daha oxunaqlı hala gətirilməsi, haqqında bəhs edilən hadisə, yaxud şəxs barədə faktların dəqiq çatdırılması və digər redaktə tələblərinin yerinə yetirilməsi göründüyü qədər də asan məsələ deyilmiş. Biz bunu ilk dərsdəcə başa düşsək də, ədəbi redaktənin sirlərinə az da olsa, yiyələnmək aylar tələb etdi. Ancaq Tofiq müəllim bütün bunları bizə öyrətmək üçün mümkün olan hər şeyi etdi. Əvvəlcədən seçdiyi mətnləri necə redaktə etdiyimizi diqqətlə nəzərdən keçirir, onların üzərində necə işləmək lazım olduğunu səbrlə hər birimizə ayrıca izah edir, bəzən bu işləri təkrar görməkdən usanmırdı. İndi aralarında 25-30 və daha artıq kitabın redaktoru olan dostlarım bu xeyirxah insana borclu olduqlarını dönə-dönə söyləyirlər. 

2020-ci il mayın 18-də əziz müəllimimizin doğum günü münasibəti ilə sosial şəbəkə üzərindən aşağıdakı qeydlərimi paylaşmışdım: “Bu gün böyük insan, əsl ziyalı və elm adamı, ADU-nun (indiki BDU) Jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmovun doğum günüdür. Tofiq müəllim bütün tələbələrinin yaddaşında ən isti xatirələrlə, səmimi minnətdarlıq duyğuları ilə yaşayır. O, nəinki jurnalistika fakültəsində, bütün universitetdə müqayisə olunmayacaq sadəlik, təvazökarlıq, humanistlik etalonu idi. Biz onu öz doğmamız bilirdik. Hansısa problem yarananda çəkinmədən müraciət edəcəyimiz birinci şəxs O idi. Tofiq müəllim mədəniyyəti, davranışı, bir sözlə hər baxımdan yüksək səviyyəsi ilə öz həmkarları üçün də nümunə sayılacaq insan idi. Qoy, heç kim inciməsin, Jurnalistika fakültəsinin nə ondan əvvəl, nə də sonra onun kimi dekanı olmayıb. Bu əvəzolunmaz insanın oğlu Abbas Rüstəmovla bir qrupda oxumağımız, dostluq etməyimiz bizə Tofiq müəllimi bir qədər də yaxından tanımaq imkanı yaratmışdı. Məişətdə şahidi olduqlarımız belə bu böyük insanın ucalığının, sadəcə, daha bir təsdiqi idi. Bizim hər birimizin əziz müəllimimizə onunla bağlı ürəyimizdəkiləri nə vaxtsa qələmə almaq kimi bir borcumuz da var. Tanrı imkan versin. Ruhun şad olsun, əbədi müəllimimiz, işıqlı xatirəsi ilə bizə bu gün də yol göstərən gözəl İnsan!”

Haqqında bəhs etmək istədiyim sonuncu müəllimimiz Zeynal Məmmədli Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bir neçə il əvvəl bitirib, həmin universitetin aspiranturasında oxumuşdu. Aralarında mənim də olduğum Televiziya və radio qrupuna ixtisasdan dərs deyirdi. Özü ilə auditoriyaya Moskva mühitinin ab-havasını da gətirmiş bu gənc müəllim mühazirə və seminarları ən müxtəlif ünvanlarda, hətta çay süfrəsi arxasında keçir, dərsləri əsil diskussiya şəraitində aparırdı. Bəzi həmkarlarının iradına baxmayaraq, sona qədər bu tədris tərzini dəyişmədi.   Biz sərbəstliyi, qəliblərdən uzaq olmağı daha çox ondan öyrəndik. Digər ölkələrin əsasən, televiziya proqramlarındakı, müəllif verilişlərindəki yeniliklərdən, uğurlu tapıntılardan nümunələr gətirir, bizi müstəqil şəkildə süjetlər hazırlamağa və aparıcılıq etməyə alışdırırdı... 

Dostlarımızdan biri radikal mövqeyi ilə hamımızdan seçilirdi.  Daha çox tələbə yataqxanasında keçən qızğın siyasi müzakirələrin ən fəal iştirakçısı o idi. Xarakterinin bu cəhəti sonradan onun milli azadlıq hərəkatına qoşulmasında az rol oynamadı. Yerlərdə ilkin etirazların təşkilindən başlanan həmin yol dostumuzu Azərbaycan Xalq Cəbhəsinin regional rəhbərlərindən birinə çevirdi. Ancaq bu xidmətlərindən heç vaxt vəzifə və səlahiyyət naminə yararlanmadı. Jurnalist kimi başladığı fəaliyyətini hakimiyyət dəyişikliyindən sonra elə jurnalist kimi də davam etdirdi. “Biz vəzifə üçün deyil, millət üçün çalışanların yolunda və yanındayıq”. Tam səmimiyyətlə deyilən bu sözlər onun həyat amalı, gündəlik yaşantılarının ifadəsidir. 

Bəzi hallarda dostlarla söhbətin arzuedilməz məcraya yönəlməsi, siyasi çalar kəsb etməsi kimisə narahat edir, mövzu dəyişilirdi. Ancaq daxilimizdə etiraz ruhu yavaş-yavaş böyüdükcə, mövcud reallıqların oxuduqlarımızla daban-dabana zidd olduğunu daha aydın dərk etməyə başlayırdıq. Sonralar xalq hərəkatı başlananda bəzilərimizin bu proseslərdə fəal iştirakının təməli də o illərdə, 1980-lərin durğunluq dövründə qoyulmuşdu. Bu cücərtilər məlum hadisələrdən və həqiqətlərin çılpaqlığı ilə üzə çıxmasından sonra daha münbit şəraitə düşərək inkişaf etdi. 

Şəxsiyyətlər ətrafındakı müzakirələrin əsas mövzusu onların tariximizdəki yeri ilə bağlı olurdu. Dostlardan biri hansısa tarixi şəxsiyyətin fəaliyyətini milli mənafelərə uyğunluq baxımından qiymətləndirir, digəri isə tamam başqa faktlara istinadən hadisələrə və şəxsiyyətlərə tarixi şərait daxilində qiymət verməyin daha doğru olduğu fikrini üstün tuturdu. Ancaq hər ikisinin tarixi faktlara əsaslanmasına baxmayaraq, mübahisələr əksər hallarda nəticəsiz bitir, hər kəs öz mövqeyində qalırdı. 

Bir fikirdə isə hamımız yekdil idik və illər sonra da bu fikrimizdə qalırdıq ki, tarixə subyektiv və birtərəfli yanaşma doğru deyil. Məsələn, bir dostumuz Səfəvilər dövlətininin qurucusu Şah I İsmayıla münasibətdə, xüsusi ilə Osmanlı Sultanı I Səlimlə 1514-cü il avqust ayının 23-də apardığı məşhur Çaldıran döyüşü ilə bağlı qeyri-obyektivliyə yol verir, türk dünyasını zəiflətmiş bu müharibədə birmənalı olaraq onu günahkar bilirdi. O, sonralar da bu fikrində qalsa da, Şah I İsmayılın, Səfəvilər dövlətininin Azərbaycan, ümumən türk xalqlarının tarixində oynadığı böyük rolu artıq etiraf edir, hətta başqa bir dostumuzun gətirdiyi arqumentlərlə müəyyən qədər razılaşır, bu tarixi şəxsiyyətin xidmətlərini sırf təriqətçilik zəminində qimətləndırməyi doğru saymırdı. Artıq bu gün Türkiyə tarixçilərinin belə Şah I İsmayılın Türk dünyası qarşısında böyük xidmətlərini etiraf etdikləri bir vaxtda onun xidmətlərinin məhdud təriqətçilik zəminində qiymətləndirilməsi ən azı qəbuledilməzdir. Çünki Şah I İsmayılın məqsədi ayrı-ayrı türk tayfalarını birləşdirib vahid dövlət yaratmaq idi və o, bunu bacardı. Bu yolda bütün rəqiblər dini mənsubiyyətindən asılı olmayaraq, ya məğlub edilib tabe etdirilməli, ya da məhv olunmalı idi. Təəssüf ki, tarix o zaman da başqa seçim qoymamışdı. Eyni zamanda, mərkəzləşmiş dövlətlər yaratmış digər xalqların tarixində də oxşar hadisələr olub və onlar buna görə öz tarixi şəxsiyyətlərinin xidmətlərini kiçiltmirlər. Digər tərəfdən, Sultan I Səlimin Ədirnədə çağırdığı fövqəladə divanda sünni üləmaların qızılbaşları kafir elan etmələri və verdikləri fətvaya əsaslanan Sultanın əmri ilə Anadoluda 40 minə yaxın qızılbaşın qılıncdan keçirildiyi də nəzərə alınmalıdır. Doğrudur, bu əmrin verilməsinin başlıca səbəbi Səfəvi dövləti ilə gözlənilən müharibə ilə əlaqədar həmin ərəfədə görülən ehtiyat tədbirlərindən biri idi. Müharibə başlayacağı təqdirdə qızılbaşların silahı onlara qarşı çevirməsinə yol verməmək üçün onlar qılıncdan keçirilmişdilər. 

Tələbə dostlarla bağlı xatirələr arasında birgə tədbirlərin, istirahət üçün təbiət gəzintilərinin, müxtəlif əyləncə və oyunların bir özgə yeri var. Dostumuz Hafizin təşkil etdiyi şahmat oyunlarının səsi-sorağı universitetin bütün yataqxanalarına yayılmışdı. Uşaqlıqdan şahmat həvəskarı olan Hafiz bu oyunun nəzəriyyəsini müxtəlif şahmat kitablarından öyrənmiş, orta məktəbin 9-cu sinfində oxuyarkən artıq idman ustası səviyyəsində mənimsəmişdi. Ancaq rəhmətlik atasının qəti qadağası onun şahmat istəyinin qarşısına sədd çəkdiyindən, kitablardan öyrəndiyi oyun üsullarını öz-özü ilə məşq etmək məcburiyyətində qalmışdı. “Atam nə ilə məşğul olduğumu bilmək üçün otağa girənədək macal tapıb şahmat taxtasını çarpayının altına itələyir, tez dərs kitablarını götürürdüm. Tək qaldığıma əmin olan kimi yenidən taxtanı çıxarır, partiyanı sona çatdırırdım”. 

Hafiz taxtaya baxmadan bizim ikimizlə, üçümüzlə eyni vaxtda şahmat oynayır, hansı gedişi etdiyimizi soruşub, öz gedişini elan edirdi. Bir dəfə Şərqşünaslıq fakültəsinin bir tələbəsi dalbadal üç oyunu uduzduqdan sonra, ona “diqqətlə oynasam, səni udaram”, demişdi. Təmkinli və yaxşı yumor hissinə malik Hafiz onun bu iddiasına soyuqqanlı yanaşsa da, yataqxanada qonşu otaqda qalan və onun necə oynadığına yaxşı bələd olan başqa bir şahmat həvəskarının xahişi ilə həmin şəxslə taxta arxasına əyləşməyə razılıq vermişdi. Şərtə görə onlar Hafiz hesabı 20:0-a çatdırana qədər oynayacaqdılar, əgər həmin iddiaçı bu oyunlardan yalnız birini udsa, yarışın qalibi sayılacaqdı. Bu gərgin yarış fasilələrlə bir aydan çox davam etmiş, hətta bir dəfə onlar oyunu səhər saat 7-nin yarısında bitirmişdilər. Nəhayət, yarış 20:0 hesabı ilə başa çatmışdı. Oyuna hakimlik edən tələbə yoldaşımız sonralar hərbi xidmətdə olduğu Əfqanıstandan dostumuza göndərdiyi hədiyyənin üstündə həmin günləri xatırlayaraq, bu sözləri yazmışdı: “Böyük şahmatçıya”. 

Bizim şahmat partiyalarımız bir qayda olaraq həmişə Hafizin qələbəsi ilə başa çatsa da, məhz onun sayəsində bu oyunun sirlərini az da olsa öyrənə, bəzi qaydaları mənimsəyə bildik.

... Ötən günlərin yaddaşımda qalan ən isti xatirələri arasında tələbə dostlarla mübahisələrin, bizi narahat edən məsələlərlə bağlı bəzən saatlarla çəkən müzakirələrin bir özgə yeri var. Tələbəlik illərindən sonra imkan tapıb görüşdüyümüz vaxtlarda da bu müzakirələri davam etdirirdik. 1990-cı illərin əvvəllərindən başlayaraq belə görüşlərimiz daha da intensivləşdi. Ayda azı bir dəfə baş tutan bu qızğın mübahisələrdən biri 1990-cı illərin ortalarında yeni Konstitusiyanın qəbulu ərəfəsində olmuşdu. Əsasən xalqın dili və adı ilə bağlı məsələlər ətrafında gedən bu müzakirələr geniş xarakter almış, ona mütəxəssislərlə yanaşı, cəmiyyətin fəal hissəsi də qoşulmuşdu. Jurnalist dostlarımızı da maraqlandıran və bir müddət görüşlərimizin əsas mövzusunu təşkil edən bu müzakirələrin əsas məqamlarını təqribən belə ümumiləşdirmək olar.

- Bir millət ki, XX əsrin sonunda belə öz adını deməkdən çəkinir, düşməni onu özündən yaxşı tanıyır, demək, o millət hələ tam formalaşmayıb. Özünü tanımayan millət olmur. 

- İndiki vəziyyətdə bizim daxildə narazılığa səbəb olacaq hər hansı addım atmağımız ağılsızlıq olardı. Bizi ayıran deyil, birləşdirən ideyalar lazımdır. “Azərbaycanlı” adı məhz bu məqsədə xidmət etdiyi üçün çox doğru seçimdir.

- Mənə ikinci bir millət göstər ki, özünə yaşadığı yerin adını götürsün. Yoxdur belə hal, olması da absurddur.

- “Azərbaycanlı” sözünün nəyi xoşuna gəlmir? Biz sən deyən addımı indi dörd bir yandan real təhlükələrlə üzləşmək ehtimalının mövcud olduğu vaxtda  deyil, ötən əsrin əvvəllərində atsaydıq, daha doğru olmazdımı? Onda dünya da indiki qədər təhlükəli durumda deyildi. Mütləq çoxluğun bu güzəşti yalnız ölkəni təhlükələrdən qorumaq, milli ədavətə rəvac verməmək məqsədi güdür. Bu düzgün seçimə alternativ yoxdur.

- Alternativ həmişə var. 

- Bir də, bu addım işğal altında olan torpaqlarımızın azad edlməsində vacib amil olan milli birliyə hesablanıb. Sadəcə, bunu başa düşmək lazımdır. 

- Bizim indi bir şeydə bəxtimiz gətirib ki, sonuncu işğal dünyada beynəlxalq hüquq   normalarının və qaydalarının mövcud olduğu dövrdə baş verib. 

- Bəxtimiz gətiribsə, niyə bu beynəlxalq hüquq indiyədək münaqişənin ədalətli həllinə nail olmayıb. Ancaq mən bunsuz da torpaqlarımızın azad ediləcəyinə inanıram.

Bu söhbət 20 il əvvəl olmuşdu.

Tələbəliklə vidalaşandan sonra da dostlarla əlaqələrimiz kəsilmədi. Xeyirdə-şərdə Zərdabdan Ordubada, Laçından Masallıya, Zəngilandan Ağsuya, Mingəçevirə uzanan yollarımız dostluğumuzun daha da möhkəmlənməsinə gətirib çıxardı. Bəzən imkan düşəndə bir-birimizə baş çəkməyimiz, 3-4 gün də olsa, bir yerdə vaxt keçirməyimiz, harasa birgə səfərlərimiz də oldu. Ailələrimizi, uşaqlıq dostlarımızı bir-birimizə tanıtdıq, bu, bizi bir az da yaxınlaşdırdı, bir az da doğmalaşdırdı.

... Dostların hamısı Bakıda işləməyə başlayandan sonra biz daha tez-tez görüşməyə, boş vaxtlarımızın çoxunu bir yerdə keçirməyə çalışırıq. Artıq dostlardan ikisi baba olub. Ancaq hərdən adama elə gəlir ki, auditoriyadan, bizi doğmalaşdıran günlərdən hələ təzə ayrılmışıq və dünənki qaynar təbiətli, bir az da ipə-sapa yatmayan həmin gənclərik. Bizi bir-birimizə və həyata bağlayan tellər qırılmadıqca bu belə da qalacaq. Mənim yaddaş ortaqlarım, tale dostlarım...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)