Edebiyyat.az » Proza » Kənan Hacı - “Xosrov və Şirin”in dekonstruksiyası

Kənan Hacı - “Xosrov və Şirin”in dekonstruksiyası

Kənan Hacı - “Xosrov və Şirin”in dekonstruksiyası
Proza
nemət
Müəllif:
20:51, 15 aprel 2019
1 938
0
Kənan Hacı - “Xosrov və Şirin”in dekonstruksiyası



“Tanrının ruhu” kitabından 

    Biz uzun bir zaman müddətində Şərq dünyasına, Şərq fəlsəfəsinə avropalıların gözüylə baxmışıq. Hələ uzun illər bundan əvvəl, sovet sisteminin çöküşü ərəfəsində dəyərli fikir və düşüncə adamı, kulturoloq Aydın Talıbzadə Şərq dünyasının yenidən kəşf olunmasının zəruriliyi haqqında geniş və əhatəli bir yazı yazmışdı. Xatırlayıram, Aydın müəllim o yazıda Yaxın və Orta Şərq ölkələrinin mədəniyyət aləmini və onun ayrı-ayrı təzahür formalarını başqalarına şərqlinin anladığı kimi təlqin etməyin vacibliyini xüsusi olaraq önə çəkirdi. Amma başqaları deyəndə biz avropalıları düşünürük. Qərb ölkələri Şərqi mənəvi cəhətdən işğal etmək istəyirdilər, onun mənəvi xəzinəsi olan elmi-fəlsəfi irsini əsrlər boyu tərcümə edib öyrənir, şərqli beyninin məhsulunu Qərb zəkası ilə inkişaf etdirib nəzəriyyələr yaradırdılar. 


   Qərb fəlsəfəsi sözsüz ki, Şərq fəlsəfi fikrindən mayalanaraq inkişaf etdi. İbn Ərəbinin, Şeyx Mahmud Şəbüstərinin irfan yönümlü əsərləri zaman-zaman fikir assimilyasiyasına uğrayaraq qərb nəzəriyyələrinin təməl prinsiplərinə çevrildi. Diqqət etsəniz görərsiniz ki, Qərb fəlsəfi fikrində Şərqə heç bir istinad yoxdur. Şərq və Qərb sivilizasiyası arasında dialoqun yarandığı yeni dönəmin ən sonuncu filosoflarından biri Cübran Xəlildir ki, onun elmi-fəlsəfi irsi hər iki mədəniyyətin daşıyıcısı olmaqla bərabər həm də bu iki qütb arasındakı fikir, düşüncə sərhədlərini müəyyənləşdirir. Cübran Xəlilin fikir cəbbəxanası transsedentalizm təliminə söykənir ki, bu cərəyan da qədim hind fəlsəfəsindən əxz olunmuş ideyalarla zəngindir. Buddizmin ana kitabı hesab olunan “Dhammapada”nı oxuyarkən görürük ki, Budda həqiqətin dərkini nirvanada görür. Budda həqiqəti tapmaqdan ötrü saraydan imtina edib iyirmi il meşədə guşənişin yaşamışdı. İnsan ruhunun təbiətlə əlaqəsi Buddadan başlayır. Bəs sufilik nədir? Nəfslə mücadilə aparıb islah olunaraq haqqa yetmək. Mahiyyət eyni deyilmi? 


   Amerika yazıçısı və filosofu Ralf Uold Emerson hesab edirdi ki, fəlsəfənin əbədi problemi Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O, bu problemi “Ali ruh” əsərində belə cüz çözür: “Təbiət ruhun rəmzidir. Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır”. Beləliklə, bəşəriyyətin inkişafı boyu nisbi anlayışlar tədricən mütləq anlayışlara çevrilir. Nisbi anlayışların mütləq anlayışa çevrilməsində filosofların müstəsna xidmətləri olub. Bir çox Amerika, Avropa, rus yazıçılarının əsərlərində təbiət və insanı vəhdətdə görmək, insanın ruhuna xitab etmək cəhdi transsendentalizm nəzəriyyəsindən qaynaqlanır. L. Tolstoyun “Dirilmə”, Dostoyevskinin “Karamazov qardaşları”, Con Steynbekin “Qəzəb salxımları”, Alber Kamyunun “Yad”, “Çöküş” əsərləri qəhrəmanların mənəvi katarzisi xətti ilə inkişaf edir. Kamyunun absurd fəlsəfəsində belə insan ruhunun labirintlərində dolaşan narahat bir düha görürük. Kamyunun həyatını yaşayıb gedən, lakin bir işə yaramayan qəhrəmanları ruhi didərginlərdir. Nexlyudov (“Dirilmə”) sonda ali həqiqətə çata bilsə də Merso (“Yad”), Jan Batist Klamans vicdan ağrılarıyla qıvrıla-qıvrıla qalırlar. Tanrıya aparan yollar insanın içindən keçir. 


    Dünya ədəbiyyatında insan ruhuna xitab edən ilk böyük şair Nizami Gəncəvi olub. Onun “Leyli və Məcnun”, “Xosrov və Şirin” əsərləri İlahi eşqin zirvəsinə yüksəlmiş aşiqlərin nakam məhəbbətindən bəhs etsə də kamil insan axtarışlarıyla zəngindir. Nizamidən sonra çox “Leyli və Məcnun”lar yazıldı, amma onlardan çox az qismi insanın ruhuna toxuna bildilər. Məsələn, Nizami ənənələrini özünəməxsus şəkildə davam etdirən Arif Ərdəbilinin “Fərhadnamə”si indiki dillə desək, Nizaminin “Xosrov və Şirin” əsərinin dekonstruksiyasıdır. Ədəbiyyatşünaslar onun bu yanaşmasını ədəbiyyata gətirdiyi bir yenilik kimi qiymətləndiriblər. Nizami Fərhadı və Şirini göylərə qaldırmışdısa, Arif Ərdəbili onları yerə endirir. “Fərhadnamə”ni fars dilindən çevirmiş filologiya elmləri doktoru Xəlil Yusifli yazır ki, “Arif Ərdəbiliyə görə Nizami məhəbbətin özünü də real təsvir edə bilmir. Guya məhəbbət və eşqbazlıq işləri Nizamiyə tanış deyildi. Ona görə də o, kişi və qadınları həyatda olduğu kimi təsvir edə bilməmişdir. Guya Nizami üçün güman olanlar Arif üçün əyan imiş”. Arif Ərdəbili Nizamidən fərqli olaraq öz qəhrəmanını bir az da dünya qəmindən azad, eyş-işrət içində zövq-səfa keçirən arsız bir aşiq kimi təsvir edir. Klassik ədəbiyyatda arsız sözünü uzun ömür yaşayıb hələ də zənn ilə gümanın arasında qalan, yəqini tapmayan avara adama şamil edirdilər. Yəqini tapan adamlara isə həqiqət əhli deyilirdi. Sufizmdə Allaha qovuşmağın dörd mərhələsi var: şəriət, təriqət, mərifət və həqiqət. Bu dörd pillə ruhun təmizlənmə mərhələləridir. İnsanın batini işıqlandıqca o, həqiqətə yaxınlaşır. Arif Ərdəbili Nizaminin qəhrəmanlarını İlahi mərtəbədən endirib onları cismani ehtiraslarının qulu səviyyəsinə endirir. Fərhad bu əsərdə nakam deyil, əksinə, Şirinlə eyş-işrət keçirir, ona da xəyanət edir, Şirin də Xosrova xəyanət edir və sair. Bu xəyanətlər silsiləsi davam edir. Arif Ərdəbilinin qəhrəmanları kamil insanlar deyil. Onlar yerüstü dünyanın feyzlərindən doyunca kam alıb ömür sürürlər. Xəlil Yusifli haqlı olaraq qeyd edir ki, “Arif Ərdəbili eşqi yanlış başa düşür, onu ancaq əyləncə hesab edir. Ona görə də Nizamini düzgün qiymətləndirə bilmir”. 


    İnsan ruhu ilə güclüdür, yenilməzdir. İnsanı haqqa qovuşduran da həmin yenilməz ruhdur. XII əsr filosofu İbn Bəcca “Ruh haqqında kitab” risaləsində yazır: “Ruh haqqında elm hər baxımdan bütün digər fizika və məlumatverici elmlərdən yüksəkdə dayanır. Bundan başqa, hər bir elm ruh haqqında ruh haqqında biliyə ehtiyac duyur. ...ruhu öyrənmədən və onun tərifinin nədən ibarət olduğunu bilmədən elmlərin əsaslarını mənimsəyə bilmərik”. Demokrit ruhun hissələrə bölündüyünü deyirdi. Aristotel ruhun tədqiqini bir başqa yöndən aparırdı. O, hesab edirdi ki, qəlb qidalanmadan güc alır və ruh da qəlbdə bəslənir. İbn Bəcca yunan filosoflarının ruh haqqında postulatlarından çıxış edərək öz mülahizələrini ortaya qoyurdu. Onun bəsləyici ruh haqda fikirləri də Aristotel tezislərindən qaynaqlanırdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)