Edebiyyat.az » Proza » Rafiq Tağı - İlk düşmənim (memuar)

Rafiq Tağı - İlk düşmənim (memuar)

Rafiq Tağı - İlk düşmənim (memuar)
Proza
nemət
Müəllif:
10:23, 30 iyul 2019
1 571
0
Rafiq Tağı - İlk düşmənim (memuar)
 



 Həsənağa 10 yaşında öldü. Öldü də yox, gəbərdi, gəbərdi də yox, xosunvay oldu. İndi mən öz həmyaşımdan, ilk düşmənimdən düz 45 il böyüyəm.“O, rəhmətə getdi”, “o, haq dünyaya qovuşdu”, – onun barəsində bu cür-bu sayaq şirin-şəkər cümlələrə də dilim gəlmir.
Dəyməz. Üstəlik, onsuz elə yalançı-əttökən mədəni sözlərə məndə səbir-qərar qalmayıb.
“Mədəni” deyəndə – çürük və boş, bayağı-şit, süni-bürokratik sözlər.
Hə, yalançı-əttökən…
Oğlan ad günündən bircə həftə sonra suda batdı. Pudluq daş kimi çayın lilli-palçıqlı dibinəcə getdi. Qarnı başına bəla oldu, “çox yediyindən tez batıb”, dedilər. …Boğulanda, onu bir uşaq görübmüş.
Həmin uşaq indi durur və 50-sini hələ təzə haqlayırsa da, yüz ilin müsinn qocalarına oxşayır.
Əzrayıl canına dəyməsin, Həsənağanın ölüm anlarından bir tək “bul-bul” yadında qalıb. Deyir, “bul-bul” onun vəsiyyəti kimi bir şeydi.
Ölümü təntənəsiz baş verib. Ya dayan, batarkən çay səthinin lillənməsini təntənəyə bənzətmək olar. Sarı-bulanıq dairə narıncı xəttə çevrilərək çay aşağı axırmış. Güman, bu minvalla bəd xəbər gedib dənizə də çatıb.
Hər halda, Həsənağanın həlakı bu ötəri təbiət mənzərəsini uşağın yaddaşına həkk edə bilib.
Bu dünyanın ən ötəri mənzərəsi də əbədiyyətə qalandır.
İlk düşmənimdən yeddi gün kiçik olduğumdan, ölümü düz gəlib ad günümə düşdü. Göylərdən bir hədiyyə kimi. Tamamilə təsadüfən.
Bir zərurət kimi də o gün anam bayramlar yaraşığı zəfəranlı plov asmışdı.
Plov qıpqırmızı boranısıyla buludlu-yağışlı qara bir gündə Günəşi rəmzləndirirdi.
İlk düşmənim əcəb tez çıxdaş oldu; ölümüylə məndə gələcəyə böyük ümidlər doğurdu.
Yadımdadı ki, xəbəri eşidəndə, kürəyimdən enli-zolaq gizilti keçmiş, bədənimə xoş bir istilik yayılmışdı. İndən belə rahatca məktəbə gedib-gələr, hələ sonra instituta da girərdim.
Mən ilk xoşbəxtliyi düşmənin birdən-birə heçə-puça çıxmasından duymuşam. Elə bil Həsənağa düşmən deyilən kəsin kimlik və necəliyini mənə anlatmaq üçün həyata gəlibmiş.
Gəldi, anlatdı, getdi. İnsafən, o, həyata gəlməsəydi, gəlib də tezbazar getməsəydi, məndə “gələcəyə ümidlər” hardan doğacaqdı!
Onun köməkliyilə ümidin şəhdi-şəkərini çəkdim, həyatdan ləzzət tutdum.
Düşmən ölümü qələbə sayılırsa, bu qələbə mənə havayı-kalam nəsib olmuşdu.
Kimin yadında deyil: uşaqlıqda düşmən adama qorxunc görsənir. İlk düşmən bir-iki həftəyə mifolojiləşir. Tösbərəkdisə, caydaq olur, caydaqdısa – tösbərək. Gecələri saymazyana gəlib yuxuna girir, orda azad-asudə gəzir.
Yuxularda onun addımları cingiltili, əks-sədalı olur. Məncə, ilk düşmən insana ömürlük pusqu qurur. O istəsə, yuxularda qurduğu pusqudanca sənə xətər-xəsarət, bir sədəmə yetirə bilər.
Əfsus, ilk düşmənimin ölümündən gələn sevinc uzun sürmədi – vur-tut bir il çəkdi. Mağıl özüm üçün şellənə-şellənə gəzirdim. Həsənağanın mənə sataşmalarını yamsılayıb da, ona-buna sataşırdım.
Birinin qulağını çəkir, başqasının burnundan tutub dartırdım. Orasını deməzlər ki – qorxa-qorxa, yalandan. İçimi yeyərdim ki, indi-bu saat motalımı sərəcəklər yerə.
Hardasan-burdasan, Həsənağa sonrakı ad günümdə, keçəl başı da sanki yağlanıb, yumşaqca və səssiz gəlib, fikir-xəyalıma soxuldu. Bütün günü onunla səngsar oldum; əlində əsir-yesir qaldım.
Bəlkə də bildirki ad günümdə ölməklə, mənə yaxşılıq etdiyini anlayıb, indi əvəzini almağa gəlmişdi. Bu, açıq zorakılıq aktı, qəsbkarlıqdı. Bay, gələn il də belə, o birində də.
Həsənağanın zorakılıqları hər dəfə yeni halqada, təzə keyfiyyətdə üzə çıxırdı. Artıq 15 iyullar mənim ad ğünüm yox, bu yetimçənin xatirə günləri sayıla bilərdi.
Plov da hər il – həmişəki kimi qırmızı. Deyirdin, əlbət, keçən ilin bu ildə rəngli kserosurəti çıxarılıb.
Başağrısı olmasın, Həsənağa bu dünyadan 10 yaşında itmişdisə, artıq ad günlərimdə illik-ömürlük bitmişdi. O mənim hesabıma ildə bir gün həyata öz əlavəsini yaşamaqdaydı.
Dost-doğmaları unutmaqda, gözünün düşmənisə onu get-gedə daha parlaq xatırlamaqdaydı. Bu saat ən xarakterik cəhəti ölülük olan Həsənağa ad günlərimin güldəstəsiydi. İndən belə də otuz il yaşayam, otuz il ömr edəcək, əlli il – əlli.
Əl çəkənə də oxşamır. Sağlığında ad günlərimə vız atmazdı, öləndən sonra… – mazata minmişəm. O, o dünyadan qaça-qaça, dəvətsiz gəlir. Ölüb nəcibləşib. Ad günümə hədiyyəsi də nə ola – gətirib ürəyimə sancdığı uzun-uzun ağrılar.
Ox-ox, mil-mil, nizə-nizə.
Artıq ad günlərimi ancaq onunla keçirirəm. Kim demiş, tet-a-tet. Buna məcburam. Evdəkilər gözümdə – kölgə misallı.
Düşmən real, doğmalarım – irreal.
Doğrudan ha, Həsənağanı məndən başqa hamı unudub.
Hələ kəndçilər heç, evdəkiləri də. Durub soruşsan, bir cüt qara-qarğa bacısı, hətta qarnından çıxdığı anası da, onun doğulduğu və boğulduğu ayı-günü, barı ilisə, hətta üz-gözünü də dumanlı xatırlayar.
Mənsə unutmaq nədi, hər şeyi saatına-dəqiqəsinəcən deyə bilərəm. Sağlığında vaxt-bivaxt məni vəhşətlər qarşısında qoyub (elə indi də qoyur).
Burnumu sındırıb-ovub, beynimi didib-eşib.
Sinəmə hər çökəndə, elə bilmişəm işim bitdi – əlvida, həyat.
Düşmən dostdan unudulmazdır.
İllah da belə birisinin ölümü gəlib sənin ad gününə düşə…
Əcəb insan həyatında ilin bütün günləri ola, təkcə ad günündən savayı!
Pərvərdigara, mən ad günləri nevrozuna tutulmuşam! Ovuclayıb atdığım trankvilizatorlar da kar eləmir. Həsənağa qarabasmalarımın epik surətinə çevrilib. Dərman-zad onun da yanından yel olub ötəmmir.
Onu nəinki yatırtmır, heç mürgülətmir də. Amma istərəm barı ad günümdəsə o yata-ölə. Mənimlə birgə. Ad günümü heç də şad günüm kimi keçirmək istəməzdim. Mənim ad günümün onsuz çoxdan yalnız adı ad gündür.
Zəfəranlı-boranılı plov Günəşi rəmzləndirirsə də, şadlığı zərrəcə əks etdirmir.
Ad günlərimin bir günündə “Həsənağa”nı leş-bağırsaq edər, onu qətlə yetirərəm, inşallah! Bıçağı reallıqdan virtuallığa – birbaşa ürəyinin ortasına saplayacağam. O, 4-5 yaşlarından qudurğandı.
İndi baxar! Göz-başı civə kimi qaynayardı. İndi görər! Qızlara dəyməzdi, yox.
Oğlanlarasa göz verər, işıq verməzdi: ona-buna badalaq atar, kimisə itələyib xəndəyə yıxardı. Bay, görürdün yıxılan durub zır-zır, bəzən zar-zar, ağlamağa başladı və getdi ata-anasına şikayət eləməyə.
Həsənağa əsas da başıaşağı-əlaçı uşaqların qənimiydi.
O, kəndin qoç-qoyununu at kimi minib çapardı.
Bizləməyə hövsələsi çatmadığından, bir tək eşşəyə minməzdi. Eşşəklərə ölənəcən biganə qaldı. Onlar da – buna.
Gendən baxanda, Həsənağanın başı – hazır kub. Həvə dişləri üst dodağını önə itələyib; ağzı əksərən açıq. Üzdən ana söyüşü söyənə oxşayırdısa da, insafən, heç vaxt dilindən elə bir söz qaçırtmadı. Əksinə, ana söyüşü söyənləri bərk dınbızlayardı.
Hamının ondan it kimi qorxması mənə bir təsəlli idi. Qorxaqlıqda tək deyildim. Döymək Həsənağaya, döyülməksə ayıb-ayıb bizə xasdı.
Son nəfəsinəcən də mən onun, bit düşməmək üçün, anasının yay-qış daz qırxdırdığı, başına elgözünə bir çırtmasa vurmadım. Əksinə, özüm onun yumruq-təpiklərini, şillə-qapazlarını “iştahla” yedim.
Barmağının tiniylə təpəmi döyəcləyəndə, az qalıb beynim göyə fontan vura. Şalvarım təpik yerlərindən alabəzəkdi. Ayaqqabılarının altı dalımda möhür izləri buraxardı. Bir dəfə də təpiklərindən sonra qayışımın arxasından quş lələyi sallanırmış.
Hamı ağzını ayırıb qaqqanaq çəkir, “buna bax, lələkləyib,”- deyirdi.
Hüquq qanmayan uşaqlarda hər şey vəhşi təbiətlə həmahəngdir.
Hər bir insanda döyüləni döymək instinkti var.
…Həmişə də evə şalvar-köynəyimi çırpıb-təmizləyəndən sonra qayıdardım. Qorxurdum ata-anam onun danışığı dava olan anasıyla (deyirdilər, atası evdən qaçıb, ruslaşıb) dilləşər. Həsənağanın beş parça kənddə yeganə arvad mürdəşiri olan anası onlara cırmaq ata bilərdi.
Təhqirlərə dözməklə dünya müharibələrinin də qarşısını almaq mümkündür.
Əcəb Həsənağa xortdayıb gələ, bir onu salam təpiyimin altına. Dəli mal kimi ayaqlaram onu. Qabırğalarını xıncımlamaqla dərsini verərəm. Qoy elə məni qınasınlar: bığ-saqqallı, qıllı-əjdaha bir kişi sarıqılçıq bir başıkubun üstünə düşüb.
Nə onun dişlərini qırıb qarnına tökərdim! Boynuma alıram: vücudumda at gücüylə hesablanası qüvvətlər yatır. Ə, mən onu ovuclarımda atıb-tutub oynadaram-e! İstəsəm, üzü yuxarı da elə tullayaram, qarnı gedib göy qübbəsinə yapışar.
Bir yandan da – xofu hələ canımda. Qorxurdum hər şey tərsinə alına: gədə uşaqlığı-ölülüyüynən diriliyim-böyüklüyümlə arxamı yerə vura.
Hər ad günümdə mən Həsənağanı bir başqa cür xatırlamışam. 30-35 yaşlarım onunla haqq-hesabı çürütmək üçün ən münasib vaxtdı. Onda qayışbaldır kişiydim. Bilmədim niyə, xəstəliklər məni tez haqladı, dalınca da – qocalıq. Güc-müc getdi işinin dalınca. Havaya uçdu elə bil.
Onunku əcəl yox, əcəl-mayallaq oldu. Adam da 10 yaşında ölərmi? O, böyüyərdisə, bir vaxtların ona-buna xox gəlməkliyi öz-özünə keçib gedəcəkdi. Uşaqlıqda ağzı gen yerdəydi, quyruğu bircə yol qapı arasında qalardısa, boynunu qısacaqdı.
Həyat kopoyoğlu şeydi, sıxıb suyunu çıxaracaq, onu muma döndərəcəkdi. Vallah, Həsənağanın ondakı qoçaqlığı anlamazlıqdandı. Başı daşdan daşa dəyəndə, qorxağın-tülkünün yekəsi olacaqmış.
Qara kənd işlərində beli əyilər, donqarları köynəyini yırtar, uşaqlıqda döydüklərinə irişə-irişə salam verəndə, iki əli, bir başı olardı. Nədənsə, mən onun yaşlı çağlarını məğmun təsəvvür edirəm. Əsas sosial problemləri də nə olacaqmış – qida çatışmazlığı, avitaminoz.
Vərəm dispanserinin pasiyenti olub da, nəfəsindən saçılan tubazid qoxusuyla rayonu-Bakını gəzəcəkdi.
Təzəlikcə mən onu özümə dost seçmişəm (ölümündən sonra). Yəqin artıq qəbri itib, ya durursa da, üstünü ot-ələf basıb.
Qəbri üstündə güllü qanqallar – qərənfillər əvəzi…
Binəva nə yatdı ki, nə də yuxu görə. Gözlərini dünyaya açıb, divarları göbələkli, uçuq-nəmişkən evlərini gördü. Əyləncəsi bir yanı salxaq, bir yanı qalxaq, cırıltılı eyvanda sürüşmək, əfəl uşaqlara söz atmaq, ekskursiyaları, barı Lənkərana-Masallıya da yox, qonşu kəndə oldu: xalasıgilə.
Hə, bir də kiçik qardaşı doğulanda, həmin göyçək xalasıyla Prişib bazarına, beşik almağa getmişdilər.
Heyranlığı böyük təbiətin ancaq öz sovetliyimizə düşən parçasına oldu.
Onun həyatda gördüyü ən ekzotik şey “Bakı-Astara” qatarı sayıla bilərdi.
Mən artıq Həsənağanın hər yamanlığına “neynək” deyirəm. Oldu, keçdi. Torpaq altda sümükləri iynə-iynə düzülü bir cinbalayla kin-küdurət saxlamaq adıma yaraşmaz. Məni eşşək kimi çırpmaqda pislik güdməyib ki.
Eləcə məzələnirmiş. Təbiət qanunları, qanda cilvələnən güc insanda məzələnməyi də ehtiva edir. Bu qanuna əsasən güclü gücsüzü əzişdirməli, yumruqla burnunu qulağına yapışdırmalıdır, di qurtardı getdi.
Nə olsun, mən də pişikləri döyərdim; çünki gücüm bir tək onlara çatırdı. Heç nə onun özündən asılı olmayıb. Bəli, mənə əl bulaşdırmağı qəbahət-zad yox, təbiətə uyğun gözəllik hadisəsi imiş.
Böyüdükcə də, ondakı bu gözəllik tədricən itəcək, tərzi-hərəkətləri sosiallığa köklənəcək, belə deyək, ayı boyda bir kişi siçanbəyi birisinin qabağında quzuya dönəcəkmiş.
Ancaq hərdən yenə beynimin qurdu tərpənir, “elə yaxşıdı, vaxtında gorbagor olub”, deyirdim. Yoxsa killerdən-reketdən olar, ziyanxah bir varlığa çevrilərdi. Bəşəriyyət gələcək mümkün diktatorun 10 yaşında ölməsiylə irəli düşüb. Mən heç fərz edə bilmirəm də ki, o, sağ qalsaydı, indi ölkəm hansı tarixi bataqlıqlarda eşələnirdi.
***
Bir gün qızım, hardan yadına düşdüsə, “Gündəliy”ini mənə oxumağa verdi. Orda dörd gözlə öz ad günlərimi aradım.
1-ci 15 iyul:
Bu ğün atamın ad günüdür. Biz bu ad gününü yubiley adlandırdıqsa da, atam buna sevinmədi. Nədənsə, o, nigarandı. Gözləri yol çəkirdi. Yəqin bu həm də ona görəydi ki, 50 illiyi maraqsız keçdi. Bir qazan plovla yubiley olmaz.
Mən atamda yubileylərə biganəlik kəşf etdim.
2-ci 15 iyul:
Atam həmişə özü deyər ki, plov bayramlar çırağıdır. Neçə-neçə illər fikir verib nə gördüm: həqiqətən də, plovun boranılısı qırmızı, boranısızı ağ lampaya bənzəyir. Amma işə bax, bu əziz gündə atam iştahsızdır, “qırmızı lampa”ya gözucu da baxmır. “Elə bil dipdiri bir cöngəni yeyib durmuşam”, deyir.
Yox, bu dəfə də plov evimizə bayram gətirmədi.
3-cü 15 iyul:
Bu gün o, sübhün gözü açılandan özünü sevincək göstərirdi ki, biz də ona baxıb sevinək. Atam sevinəndə, biz həmişə atılıb-düşürük. Hətta anam da. Gülməlidir, anam atılanda, döşləri az qalır gedib burnuna dəyə.
Bir sözlə, atamın dodağı qaçdımı, evimizdə toy-bayramdır. Hamımız qanad taxıb uçmağa qalırıq. Qaş qaralıb, evlərdə işıqlar yananda, yanan pəncərələr kəndi təzəcə yaraşığa mindirəndə, onun sevinci söndü.
Atam yaxşıca maska taxıbmış; mən ondan belə şey gözləməzdim.
4-cü 15 iyul:
Atam öz ad günündə ağladı. Bəhanəsi də nə ola: mahnıdan təsirlənib. Axı, hanı mahnı? Hansı mahnıdan? Biz kar deyilik – elə bir şey eşitmirdik. Birdən dalağım sancdı ki, mahnını ürəyində oxuyurmuş.
Qəribə işdi, atam başqa günlərdə şad, ad günlərindəsə qəmgin olur. Bu hoqqalar nəyə gərək.
5-ci 15 iyul:
Atamız ad günlərində dişlərini xırçıldadır. Görən, niyə? Uşaq da deyil ki, deyəm qurdu var. Sual: ay camaat, böyüklərdə də qurd olurmu?
***
Burda yorulub dayandım. Ad günlərim Həsənağanın sağ günləri idi. Görürdüm də ki, o, qızımın “Gündəliy”ində açıqca öz təsbitini tapıb: kədər şəklində. Ancaq qızım hər ilin məhz bu əlamətdar günündə ovqatıma soğan doğranmasının motivini tuta bilməmişdi.
Tuta bilməzdi də. Həsənağa çayda batandan düz 30 il sonra dünyaya gəlmiş, atasının bu biabırçı tarixçəsindən xəbərsiz qızcığaz bunu hardan biləydi.
Həsənağa boğulan gün selləmə yağış yağır, sarayımız damır və orada musiqiyə oxşar boğunuq, bir az da qorxunc səslər yaranırdı. Inəyin belinə düşən damcılar çiliklənib ətrafa səpələnirdi. …
Kəndin aşağı başında nagahan şivən qopdu. Ağızların hansı səmtə düşməsindən asılı olaraq da, səslər artıb-azalırdı. Üstəlik, ağlaşma damcılarda əks-səda verir, qənşər evlərə dalğa-dalğa səpələnirdi.
Əcəb oldu ona. Xam tapmışdı məni! Əclafın yumruğu elə də ağırdı.
Daşdı elə bil. Bir yol sol qulağımın dibini necə alışdırdısa, eləcə üstdən aşağı – ürəyiməcə ağrılar doldu. Düz üç ay ürək tərəfdəki həmin qulağımdan cin-şəyatin səsləri əskik olmadı.
İndi mənim Həsənağa boyda nəvəm var. Allah sizinkiləri də saxlasın, nəvə deyil bu, təmiz cingənədi. Hərdən elə də zirəkləşir, məni yumruqlayır. Döymür ki…, elə-belə… məzələnir. Mən nə döyüldümsə, elə uşaqlıqda döyüldüm.
Daha döyülmək vaxtım ötüb. Qurana əl basaram ki, bu saat quldurbaşılar dövrəyə ala, mənə çırtma da vurmazlar. Bunu ayıb bilər, “ə, ağsaqqala dəyməyin”, – bir-birinə təpinərlər.
Təsadüfən üst-üstə qalaqlanmış illər məni xilas edir, hər cür travmatizmdən uzaqlaşdırır. Mənə əl qaldıran oğlan tapılarsa, dərhal qınaqlara tuş gələcək.
Qocalığımın qalan hissəsi də əmin-amanlıqda keçər, inşallah! İlin təkcə bir günü – mənim ad günlərimdə sag qalan, elə həmin günlərdə də o dünyadan başını qovzayıb gözlərimin düz içinə baxan
Həsənağanın varlığı da artıq məni qorxutmur.
İldə bir gün sağdısa, demək, hələ qarşıda Həsənağanın bir ölümü də durur. Ancaq tərslikdən, o heç vaxt xəstələnmir ki, axır ölə də. Onu nə qınayasan: axı, nə vaxt xəstələnsin? Onun xəstələnmək imkanı məhduddur: hər il bir dəfə, bircə gün – mənim ad günümdə.
Xəstəliyi ölümə gətirib çıxaranacan onun sağlıq müddəti qurtarar. Belə getsə, mən özüm ölənəcən o, sağ qalacaq. İstədi-istəmədi də, onu yalnız mənimlə bir qəbrə quylayacaqlar.
Güman var, mənim üstümdə ayda-ildə bir yol ağlayalar, onunkunda – əsla. Mən indidən qəbrim üstə töküləcək göz yaşlarından ona beş-on damcı ərməğan edirəm. Bəlkə ölməzdi o: mənim badıma gedəcək.
Hayıf.
20.06.2005 – 13.10.2006
(yenidən işlənib: 2008, oktyabr)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)