Edebiyyat.az » Proza » Jasmin Jasmin - Anamın əlləri

Jasmin Jasmin - Anamın əlləri

Jasmin Jasmin - Anamın əlləri
Proza
nemət
Müəllif:
21:59, 09 fevral 2020
1 611
0
Jasmin Jasmin - Anamın əlləri





Onun eyvanının altında oturacağımı qərar verəndə, havanın belə soyuq olacağını düşünməmişdim. Get-gedə, daha da soyuyurdu. Zəhrimar hava, başqa vaxt belə soyuq olmazdı. İndi, elə bil, əksinə, iliyimə işləyir soyuğu, əynimdə də nazik gödəkcə. Düşünməyin ki, fors edirəm, sadəcə bu ay rayona bir az  daha çox pul göndərməli oldum. Müalicə baha başa gəlir. Anamı deyirəm. Bir il öncə “şiş xəstəliyi” demişdilər. Tibb Universitetindən aşağıda, Onkologiya binasına bizi niyə göndərdiklərini anlamamışdım. Onda da hava soyuq idi, amma bir fərq var idi, mən paltoda idim və indikindən çəkim çox idi. İndi arıqlamışam, yox, dərdən deyil, dərd  çəkməyə  vaxt qalır ki?! İki, bəzən üç işdə işləyirəm. Sonra gəlib, ölü kimi yatıram. Hə, bu yuxu var ha, hər şeyi unutdurur adama, “ölü kimi” ona görə deyirəm, axı ölülərin dərdi olmur. Dərd sağ qalanındır, “sağ”, əgər bu sağlıqdırsa. Söhbətdən uzağa düşdüm, deməli, onkologiya binasına göndərdilər bizi. Binanın çölü qəşəng idi. İçərisi isə bir o qədər də bərbad. Təmiri demirəm.. insanları deyirəm. Ölü insanları. Binanın içində nə qədər adam var idi, amma bu adamların üzləri....bu qədər ölümün simalarda məskunlaşmasını təsəvvür etmək qorxuncdur, mən isə onların üzünə baxırdım. Daha doğrusu, onlar mənə baxırdılar. Bu baxışlarla məni belə öldürməyə qadir idilər. Sanki, sağlam olub-olmadığımı aydınlaşdırmaq istəyirdilər. Sağlam olduğumu aşkarlasaydılar, onlardan fərqləndiyimə görə məni də öldürə   bilərdilər. Bəlkə də yanlış idim, bilmirəm, amma bu baxışların məni necə məhv etdiyini hiss edirdim. Anamın həkimin yanına keçməsinə hələ çox var idi. Uzun bir növbənin quyruğunda idik və get-gedə orta hissəyə keçirdik. Yox, növbə azalmırdı, əksinə, ardımızca insanlar artırdı. Qum saatı kimi sanki tökülürdülər üstümüzə. Nəfəsimin kəsildiyini hiss edirdim. Onsuz da uşaqlıqdan xəstəxanaları sevməmişəm. Çox qəribə iy olardı dəhlizlərdə. Mən buna “xəstəlik iyi” deyirdim. Gülməlidir, xəstəxanaya şəfa üçün gəlirdilər əslində, mən isə bu iyi xəstəlik kimi qavrayırdım. Sonra hansısa tanışım bunun dərman iyi olduğunu demişdi. Hətta dərmanların adını da çəkmişdi. Yaddaşım həmişəki kimi “mükəmməlliyi” ilə məni utandırırdı.  İndi həmin o “xəstəlik iyi”, bir də ölü adamların sayının get-gedə artması məni az qala boğacaqdı. Anamı orada qoyub, çıxdım sıradan, çəkildim divarın küncünə, ovlanmağa düçar olan heyvan tək qısılmışdım əl izlərindən çirklənən ağ divara. Başımı qaldırıb nəfəs almağa çalışırdım. Anam olmasa idi, qaçardım bəlkə də, bu yeri lənətləyib qaçardım. Amma həyat daha cəld tərpəndi və bizi lənətləyib, saldı bu dəhlizə.. lənətləyib... Sözə bax... Biz bu dünyaya düşəndən bəri lənətliyik əslində, sadəcə özümüzü meyarlara sığdırdığımızı “xoşbəxtlik” xülyası ilə aldadırıq. Və bu aldatma əsrlərlə çox bacarıqlı şəkildə davam etdirilir, inkişaf olunur, böyüyür, valideyni ötüb keçən uşaqlar kimi. Və bu yalanı mən qarışıq hamı necə də çox sevir. Amma bu həqiqət danılmazdır – biz bu dünyaya göndərilən lənətlənmiş varlıqlarıq. Bunu düşünmək belə, insana necə də mənəvi əzab verir. Sırf bu əzablardan qurtulmaq üçün gözlərimlə anamı axtarmağa başladım. Saçının yığım tərzindən tez aşkarladım onu. Əslində, fərqli yığmırdı saçını, eyni qayda – uzun saçını ortadan qatlayaraq saç sancağı ilə arxadan bərkidirdi. Amma, əllərinin toxunuşu fərqli idi, mən o toxunuşları, sanki, hiss edirdim. Bir anda o əllərə toxunmaq istədim, siz də bilərsiniz, ana əllərinin verdiyi xoşbəxtliyi heç bir əl verə bilməz. Arada hətta düşünürdüm, arvadım olsa, “olsa” deyirəm, çünki bu xasiyyətlə it belə yaxın durmaz. Arvadım olsa, ilk əllərinə baxacam, oxşarlıq axtaracam. Ən azı anamı xatırlatması ilə məni xoşbəxt etməli idi. İndi o xoşbəxtlik üçün elə burnumun ucu göynədi ki, bəyaqdan məni divarlara məhkum edən nə o “xəstəlik iyi”, nə ölü adamlar vecimə olmadı. Anama sarı yürüdüm. Ehmalca əllərini tutub, “yorulmusanmı?”, soruşdum. O da hər zaman ki, mələkləri xatırladan xəfif gülümsəməsi ilə baxdı və başımı sığalladı. Onda mənə nə demək istədi, bilmirəm. Ancaq mən o toxunuşdan xoşbəxt idim. Artıq önümüzdəki sıra boşalırdı, son iki nəfər, arxama baxıb vahimələnməmək üçün gözlərimi həkimin qapısına dikmişdim. Qapının küncündəki lövhədə həkimin ad və soyadı yazılmışdı . Adı Lalə idi, indiyədək yadımdadır, “Lalələr” mahnısından. Amma soyadını heç cürə xatırlaya bilmirəm. Demişdim axı, “mükəmməl” yaddaşım. Həkimin otağı isə, sanki məhkəmə zalı idi və yeganə hökm oxunurdu – “ÖLÜM”.  Dediyim o ölü adamlar orada bir daha ölü olub, çıxırdılar. Növbə anama çatdı. Məni soyuq tər basdı. Xatırlayıram, imtahana girəndə də belə olurdum. Birlikdə girdik kabinetə. 

  • Salam, Lalə doktor
  • Salam, əyləşin. – dedi və anama yer göstərdi. Həkimin ətrafında, sanki oxunacaq hökmün daha ağır olmasını düşünən əl altıları ağzından çıxan hər sözü, əl işarələri, adi üz mimikasını güdürdülər. Birdən həkim mənə baxıb, dedi:
  • Sən çölə çıx və gözlə. Ananı müayinə edəcəyik – dedi. 

Məndən olsa idi, o otaqdan çıxmazdım. Bircə anamın “Rəşad, çöldə gözlə” deməsi, döyüşmək üçün hazır duran məni tərki-silah etdi. Qapını açıb çölə çıxmağımı hansı saniyələrə necə sığışdırdığımı özüm belə anlamadım. Gözləmək məcburiyyətində qalmağı heç zaman sevməmişəm, ancaq həmişə gözləmişəm. Bilmirəm, nə qədər vaxt keçdi, ayaq üstdə durmaqdan ayaqlarımın yorulduğunu hiss etdim. Birdən qapı açıldı, həkimin “əlaltılarından” biri məni çağırdı, anama isə çöldə gözləməyi tapşırdı. Anamın üzündəki ağrı məni yıxmışdı. Otağa keçib, qapını arxamca örtdüm. Həkim üzümə baxmadan kağızda nə isə yazırdı. Sanki adam deyildi qarşısında duran. Birdən başını qaldırıb, dedi: 

  • Şişdir. – dedi. Səs başıma vurulan küt alət kimi dəydi və biraz səndələdim. Həkimin mimikası isə dəyişməmişdi. Üzümə baxıb, sanki qalib ədası ilə təkrarladı:
  • Şişdir. Sizin ananızda bədxassəli şişdir, oğlum. –dedi. 

 

Sonda bu “oğlum” xitabına nə gərək var idi? Artıq anasız qalmağa öyrəşməli olduğuma işarə edirdi,

ya verdiyi xəbərdən müyəssər olmasa da, mülayimlik qatmaq istəyirdi. Hissiyatsız qadın. Axı bunu necə rahatlıqla demək olar?!  Necə bu qədər vecsiz olmaq olardı?! Qapının arxasında həyatımın bütün anlamı, mənə həm analıq, həm də atalıq edən bir varlığa bu sözü necə yaraşdırmaq olardı?! Yerimdə quruyub qalmışdım, yox, özümü zorla ayaq üstə saxlayırdım, yerə çökməmək üçün bütün gücümü səfərbər etmişdim. Aman Tanrım, bu söz bir zəhər kimi ilişdi boğazımda, nə uda bildim, nə də ki, qusa. Məni necə boğduğunu hiss edirdim. Huşumun gedəcəyinə əmin idim. Ancaq olmadı... kaş oradaca öləydim, bu qapıdan çıxmağa lüzum qalmazdı. Otaqdan daha bir ölü çıxdı – MƏN

Bilirsiz, mən həmişə sevdiklərimi itirməkdən qorxmuşam. Deyirlər, qorxan gözə çöp düşər. Məni o çöp kor edirdi. Yavaş-yavaş həyatın rənglərini soldururdu. Hər dəfə yola xərclədiyim vaxtlarda bu fikir məni məhv edirdi – mən itirəcəm...

Anamın cənnət qoxulu əlindən tutub bu cəhənnəm binasını tərk etməyi tələsirdim. Sanki, bu yaşananlar kabus idi və mən ayılacaqdım. Həyatın bir zarafatı idi, qara yumor, gülüb-dağılışacaqdıq. Ancaq heç biri olmadı. Mən anamla binadan çıxdım, ölü kimi çıxdım. Əlində həkimin hökm qərarı var idi və bu hökmün yerinə yetirilməsi zamanı daha az ağrı olması üçün vasitələr. Yolumuzun üstündə olan aptekdən girib, həmin vasitələri aldım. İndi artıq iki ildir ki, bu vasitələrdən daha çoxunu alıb, göndərirəm rayona. Bəzi vaxtlarda anam gəlməli olur və hər gəlişində mən onu tanımıram. Bircə saç yığımı və toxunuşları eynidir. Amma siması get-gedə ölümü xatırladırdı. Bunu hər dəfə görmək məni də anamla bərabər məhv edir. İkimiz də arıqlamışıq, amma anam daha çox....gözləri batıb, sanki quyudan zəif işıqlar mənə baxır. Dərisi sümüklərinin cizgilərini daha qabarıq nümayiş etdirir. Paltardan bədənin arıqlığını görmürəm, amma əynində boş qalması gözdən yayınmır. Bir də o əllər... İndi onlara toxunanda diksinirəm, mən get-gedə cənnətimi itirirəm, İLAHİ, bu dəhşətdir. Anam isə məni xoşbəxt etmək üçün hər zamankı xəfif gülüşünü üzünə qondurur. Buna görə ona minnətdaram. 

Dedim axı, artıq iki ildir ki, ölüm hökmünün ağrılarını azaltmaq üçün qazancımın böyük hissəsini göndərirəm rayona, ona görə nazik gödəkçədəyəm, özümü göstərmirəm əsla. Bakının da bu iliyə işləyən küləyi olmaya. Məni eyvanın altında bir təhər etdi. Zalımın qızı, bir çıxsa eyvana. Heç nə istəmirəm, əllərinə baxacam. Sonra evə gedib, ölü kimi yatacam. 

Axı onun əlləri anamınkına oxşayır...

 

04.02.2020 

21:14

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)