Edebiyyat.az » Söhbət » Rövşən Yerfi ilə müsahibə

Rövşən Yerfi ilə müsahibə

Rövşən Yerfi ilə müsahibə
Söhbət
nemət
Müəllif:
12:35, 16 aprel 2019
3 215
0
“Xaqani küçəsindən kim keçir, üzvlüyə qəbul edilir…”

                     


  

“Xaqani küçəsindən kim keçir, üzvlüyə qəbul edilir…”


1.Rövşən bəy, Azərbaycanda yazıçı olmaq çətindirmi? 

- Əlbəttə. Yazar olmaq asandır, bir-iki hekayə, ya köşə yazırsan olursan yazar. Amma yazıçı kimi tanınmaq, cəmiyyətə yazıçılığını qəbul etdirmək çətindir. Təsəvvür edin ki, hər yüz adamdan üçü kitab alır (söhbət bədii ədəbiyyatdan gedir) on nəfəri oxuyur. Qalan 90 nəfər üçün sən yox kimisən. Nə istəyirsən yaz, xeyri yoxdu, bu adamlar üçün kitab almaq, ya oxumaq artıq pul itkisi, vaxt itkisidir. Kitabı yazırsan, çap, yayım, satış, reklam – hamısı da öncədən pulunu nağd istəyir, Bir fond ya təşkilat yoxdur ki, yazıçının kitabının nəşri ilə bağlı çətinliklərini bir az yüngülləşdirsin, vasitəçilik, kömək etsin. Qısası, şərait elə yaradılıb ki, kim necə bacarır, başını saxlasın. Belə bir mühitdə mənim üçün yazıçı o kəsdir ki, bazar üçün, maddi xeyir üçün yox, sinəsini boşaltmaq üçün yazır. Peşəkardır, sadəcə dayana, yazmaya bilmir..
 Nə yaxşı ki, internet, virtual aləm var. Şəxsən mən oxucularımı əsasən internetin hesabına qazanmışam. Hazırda fəal oxucularımın, yəni yüklənmə edənlərin sayı 3 minə yaxınlaşmaqdadır.    


 2. Yazıçılar birliyi ilə münasibətiniz nə yerdədir?  
 -Bilirsiz ki, əvvəllər də birliyə üzv olmaq üçün üç zəmanət tələb olunurdu. İstəmirdim kiməsə xahiş edim. 2004-cü ildə bu qayda ləğv olundu, qəbul üçün adları açıqlanmayan komissiya yaradıldı və mən ərizə yazdım. Düz bir il məni gözlətdilər. Niyə istəyirdim üzv olmağı?   Üzv olmaqla yazıçılığımın rəsmiləşdiyini, ədəbi mühitdə tanınmaq üçün imkanlarımın artacağını düşünürdüm.
 Doğrudur, “Azərbaycan” jurnalında “Sel” povestim normal dərc olunmuşdu, ardınca “Qadın düşərgəsi”ni apardım bəyənmədilər. “Lənətə gələnlər”i uzun müddət saxlayıb, sonra  təmir vaxtı itib deyibən dərc etmək istəmədilər. Narazılıq edəndə boyunlarına almadılar, qeyd kitabını qarşıma qoydular ki, bizə elə əsər gətirməmisən. Nəhayət beş illik fasilədən sonra “Ziyarət”i yarıbayarı ixtisarla dərc etdilər. Və mən həmin vaxtdan – 2011-ci ildən o redaksiyadan ayağımı kəsdim.
 Fərqi yoxdur, birliyin digər orqanlarında da bir yazının dərci üçün illərlə növbə gözləməli olurdun. Şükürlər olsun ki, 2010-cu ildən internetin imkanlarından istifadə etməyə başladım. Azadlıq radiosunun “Oxu zalı” mənə birliyin etmədiyi diqqəti göstərdi: povestlərimdən parçaları, ondan çox hekayəmi, məqaləmi, mənimlə müsahibə, yeni kitablarım haqqında xəbərləri dərc etdi. Davamlı olaraq başqa saytlarda da göründüm. Məhz bundan sonra bir qədər tanındım, özümə oxucu topladım və birliyin orqanlarına daha ehtiyacım qalmadı.
 Çox işlənən bir ifadə var:”sən vətən üçün nə etmisən ki, vətəndən də nə istəyəsən”... İndi bunu çevirib deyirlər ki, sən birlik üçün nə etmisən ki, nə də umasan? Axı, nə vaxtsa itirib-axtaran oldu ki, ay üzv sən nə işlə məşğulsan, sağsan, ya ölmüsən? Bir yandan da Xaqani küçəsindən kim keçir, üzvlüyə qəbul edilir, sonra da fəxrlə deyilir ki, filan qədər üzvümüz var…
 Təfərrüatına varmıram, illər öncə ev növbəsinə yazılmaq istədim, o qədər sənəd tələb etdilər, fikrimdən daşındım. Təqaüd üçün üç il getdim-gəldim, o “məxfi siyahıya” düşə bilmədim. Yəqin etdim ki, bu təşkilatdan öz abrınla nəsə gözləmək axmaqlıqdı: ya məlum dairənin adamı olmalısan, ya da gərək “vay-şüvən” qoparmağı bacarmalısan. Vay-şüvənlərdən bir neçəsini başağrısı gətirməməsi, həm də “demokratik” , “ədalətli” görünməsi üçün siyahılara qatırlar, vəssalam. Odur ki, daha indiki “birlikdən” heç nə ummuram – nə növbə, nə təqaüd, nə hansısa siyahıya düşmək… Özlərinə qismət!
 Xalqın sevimlisi Baba Pünhanın ömrüboyu ayağı Yazıçılar birliyinə dəymədi, nə də üzv olmaq istəmədi. Kaş ondakı qədər istedad məndə də olaydı. İndi bu sözlərimdən sonra deyəcəklər ki, “bu haçannan yazıçı olub, gördünüz istedadsızlığın da etiraf edir”. 

 

 3. Azərbaycan ədəbiyyatından hansı nümunələri dünya arenasına çıxartmaq olar?

-Klassiklərdən yadımda olanlardan Cəlilin “Ölülər”ini, Cavidin “İblis”ini, Çəmənzəminlinin “Qan içində”, İsmayıl Şıxlının “Dəli Kür”ünü çıxarmaq olar. Müstəqillik dövrünə gəldikdə isə kiməsə xoş gəlmək üçün adlar çəkərəm. ancaq bilirəm ki, oxucu güləcək, çünki, həqiqətən son dövrdə bütün xalq tərəfindən qəbul edilən, dünyaya tanıtmalı bir əsər hələ yazılmayıb. Ancaq yazılacaq, geciksə də yazılacaq.


4. Markez yazarkən kitab oxumurdu. Bəs, siz gənc yazarlara hansı tövsiyələri verərdiniz?

-Oxumaq olar, amma yalnız yazdığın mövzuya aid olanları, həmin zaman kənar mövzularla beyni yükləməyin əleyhinəyəm. Gənc yazarlara tövsiyəm çox oxumaq və səbrli olmaq, yazdığınızı tez bitirməməyi, tələsməməyi tövsiyə edirəm. Çap ediləndən sonra nəyi isə dəyişmək daldan atılan daşa oxşayır. 


5. Yazmaq, rəsm çəkmək yoxsa musiqi alətində ifa etmək?

-Hər üçü yaxşıdır, hərənin öz yeri var. Ən asan qavranılanı musiqidir, sonra rəsmdir. Mətnə gəldikdə məsələ bir qədər çətinləşir. Ona görə ki, geniş düşüncəsi olmayan adamın mətn oxumağa hövsələsi çatmır. Xüsusilə, bizim insanlar beş cümlədən artığı oxumağa tənbəllik edirlər. Bu səbəbdən Fb-də ən çox şəkilləri like edirlər, hamı instaqrama baxır, tvitterdə yazan isə çox azdır. Düşünmək istəmirlər, informasiyanı rahat, anında, “çeynəmədən udmaq” istəyirlər.
 Mən musiqi alətində ifa edən, həm şəkil çəkən, həm də yaza bilən adam görəndə həsəd çəkirəm. Şübhəsiz, hamısını eyni bacarıqla yerinə yetirmək mümkün olan iş deyil, gərək mütləq birində kamil olmalısan. 



6. Yazmaqdan başqa hansı maraqlarınız var?

-Cavan olanda futbol statistikasına marağım vardı. Klublar, çempionatlar haqqında bütün rəqəmləri, faktları toplayırdım. Sonralar həvəsdən düşdüm, güman ki, buna futboldan aldığımız məyusluğun təsiri oldu. Hazırda ciddi marağım olan heç nə yoxdur.


7. Zindan həyatından oxuyan gənclərin ora olan marağının artmasından qorxmursunuz?

-Baxır, kimin kitabını oxuyurlar. Mən inanmıram ki, mən yazan kitabı oxuyan gənc türməyə düşmək arzulasın. Maraq artıranlar lotuları tərifləyən, oğru dünyasından bəhs edən kitablardır. Əksəri sifarişlə yazılan bu sayaq kitabların qarşısı alınmalıdır. Oğru dünyası nə vaxt hörmətə minir? Qanunsuzluq baş alıb gedəndə. Qanunun aliliyi olan yerdə oğru dünyasına ehtiyac yoxdur, lazımsızdır. Çox arzulayıram ki, məktəbyaşlı yeniyetmələrimiz məhbəsin, azadlığın  nə olduğunu az da olsa anlamaları, bilmələri üçün “Üzdəniraq ada”, ya da “Residivist” sinifdənxaric oxu siyahısına salınsın, məktəb kitabxanalarına verilsin. Amma, heç inanmıram, bunun üçün gərək azından deputat olmalısan.


8. Hansı yazıçılar ilə, həmkarlarınızla münasibətiniz var?
 -Mətbuatda işlədiyim illərdə təzə-təzə dostlar tapmağa, münasibət qurmağa başlamışdım. Sonra 17 il Penitensiar Xidmətdə işləməklə hamıdan ayrı düşdüm, kənarda qaldım. Yenidən qayıtdıqda əvvəlki dostlarımdan bir neçəsi dünyasını dəyişmişdi, qalanlar da soyuyub, yadlaşmışdılar.
 Mən çoxluq sevən adam deyiləm. Bir yerdə dörddən çox adam oldusa, orda qərar tutmaram. Odur ki, heç bir dəstədə, qruplaşmada yoxam. Yaxın münasibətim olmasa da, salam-əleykümüm olanlar var. Virtualdakı yazıçı dostlarımın sayı isə yüzü ötüb.. 

 


9. Yazdığınız dövrdə, ədəbiyyat mühitində başınıza gələn bir maraqlı hadisə danışın.
 - Konkret hadisə indi xatırlamıram, ancaq yazıçı üçün o zaman maraqlı hal olur ki, haradasa tanımadığı bir şəxsin onun kitabını oxuduğunu görür, ya əsəri haqqında söhbətini eşidir. Oxucudan məktub alır, xoş söz eşidir, Bəzən də olur ki, oxucun sənə ehtiramını çatdırmaq üçün nəsə hədiyyə etmək istəyir – belə anlar yazıçının ən xoşbəxt anlarıdır, demək yazmağa, yaşamağa dəyər… 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)