Edebiyyat.az » Söhbət » Folknerin gənc yazıçılara tövsiyələri.

Folknerin gənc yazıçılara tövsiyələri.

Folknerin gənc yazıçılara tövsiyələri.
Söhbət
nemət
Müəllif:
16:22, 05 fevral 2019
2 006
0
FOLKNER VİRCİNİYA UNİVERSİTETİNDƏ GƏNC YAZIÇILARA TÖVSİYƏLƏR VERİR (24 aprel 1958-ci il)

   Yəqin ki, hər bir yazıçı “sinəsinin dolu” çağında həddən artıq çox işləyir, qəlbində yığılıb qalanları tez bir zamanda ifadə etməyə çalışır, gənc müəllifləri, ondan sonra yazmağa başlayanları oxumur – bəlkə də, bunun səbəbi eynilə sprinteri, yaxud stayeri idarə edən motivlərdi: onların arxadan gələnlərə, hətta yanaşı qaçanlara dönüb baxmağa vaxtı olmur, onlar yalnız qabağa baxırlar. Hər halda, mənim başıma bu gəlib, iyirmi il ərzində müasir yazıçıları, demək olar ki, oxumamışam. 

   Buna görə də lap bu yaxınlarda müasir ədəbiyyatı oxumağa başlayarkən, mənim ona yanaşma tərzimə təkcə məlumatsızlıq deyil, həm də bir növ səmimilik, önyarğılardan azad şəxsi rəy, maraq adlandırıla biləcək yeni baxış xas idi. Eyni zamanda, oxuduğum ilk hekayə məndə elə bir təsəvvür oyatdı ki, bu, sonralar da inadla təkrar olundu və onun əsasında ümumi bir nəticə çıxarmağı özümə rəva bilirəm. Yəni bizim mədəniyyətin müasir durumu – mən məhz bunu müəyyən etməyə çalışırdım – gənc yazıçını elə yazmağa məcbur edir ki, elə bil, onun üçün, ümumiyyətlə, insanlıq mövcud deyil. Onun personajları adi insan əzab-əziyyəti və həyəcanları ilə yaşamır, mübarizə aparmırlar, halbuki bizim öz işinin ustaları olan sələflərimiz – bu peşəni öyrəndiyimiz ustad yazıçılar məhz belə eləyirdi, onlar bir legiondu: Dikkens, Fildinq, Tekkerey, Konrad, Tven, Smollet, Hotorn, Melvill, Ceyms... Onların yaratdıqları personajlar varlığı tükənməz və inadkar insan optimizminin təsdiqi olan adi insan əzab-əziyyəti və həyəcanları ilə doğulub, bəslənib. Bu kişilər və qadınlar, hətta ikrah hissi doğuran hərəkətlərə yol verəndə, adam öldürəndə, soyğunçuluq və satqınlıq edəndə belə onları yaradanların özləri kimi aydın və doğmadılar, çünki onlarda həmin adi insan ehtirasları, ümidləri və qorxuları görünür. Bu hissləri təşkilat, yaxud məcburiyyət boğmayıb, onlar bütün insanlığın əzab-əziyyət və həyəcanlarını yalnız qorxu-ürküsüz deyil, həm də həvəslə, məmnunluqla və ziyan çəkməkdən qorxmadan qəbul ediblər. Zira onların başına gələ biləcək ən pis şey başlarına yalnız başqa birisinin başından, dirsək və yaxud dizlərinə başqa birisinin dirsək və ya dizindən dəyəcək zərbə ola bilər. Bu adi insan əzab-əziyyəti və həyəcanları içərisində yaşayarkən onlar müxtəlif baxışları deyil, mənəvi prinsipləri qəbul edir, onlara hörmətlə yanaşırlar və həqiqət onlar üçün birdi, kiminsə ona hansı nöqteyi-nəzərdən baxmasından asılı deyil, nəsə dəyişilməz bir xassə, təzahürdü: yəni əgər bu həqiqəti qəbul etməsəniz, yaxud ona, ən azı, hörmətlə yanaşmasanız, o, sadəcə beyninizi dağıda bilər.

Müasir yazıçıların personajları, bir qayda olaraq, təkcə insanlardan uzaq deyil, həm də əsl təcrid şəraitində yaşayırlar; bütün insan qəlblərinin əzab-əziyyət və ümidlərinə nüfuz edən milyon-milyon digər insanlarla birlikdə deyil, bir neçə sadə, aydın həqiqət və mənəvi prinsipin mövcud olduğu dünyada deyil, vakuumda, özlərinin seçmədikləri faktlarla birlikdə yaşayırlar və tərsinə çevirilmiş qədəh altına salınan milçək kimi, bu faktlardan heç cür qaça, qurtula bilmirlər.

Bir daha təkrar edirəm: mən indiki nəslin bütün kitablarını oxumamışam; hələlik buna vaxtım olmayıb. Buna görə də yalnız bildiyim kitablar haqqında danışacam. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”ını xatırlayıram, mən bu kitabı ən yaxşı kitab hesab edirəm, bəlkə də ona görə ki, o, indi mənim burda deməyə çalışdığım şeyi tam ifadə edir, bu kitab gələcəkdə bir çoxlarından ağıllı və zərif olacaq, olmalı olan, sevən (o özü “instinktiv” deməzdi, çünki bəlkə də, Allahın ona bəxş etdiyi bu keyfiyyətə malik olduğundan xəbərsizdi), insanları sevən və insanlığın bir hissəsi olmaq, insanlığa qarışmaq istəyən, insan cinsi ilə birləşməyə çalışan və bunda uğursuzluğa düçar olan yeniyetmə bir oğlandan bəhs edir. Mənə görə, onun faciəsi bunda deyil ki, insanlığın onu qəbul etməsi üçün özünün də hesab etdiyi kimi, dözümü və cəsarəti çatmır. Onun faciəsi bundadı ki, o, insan cinsi ilə birləşməyə cəhd edəndə insanlıq orda olmadı. Buna görə də ona şiddətli bir yalqızlıq içərisində, milçək kimi altında qaldığı qədəhin divarları arasında qeyzlə vızıldamaqdan – özü dayanana, yaxud da özünü məhv edənə qədər vızıldamaqdan savayı heç nə qalmır. Burada adamın yadına dərhal başqa bir yeniyetmə, indi artıq xeyli yaşa dolmuş gənc insanların atası ola biləcək Hek Finn düşür. Amma Hek yalnız öz boyunun qısalığı ilə mübarizə aparır, bunu isə zaman düzəldəcək, vaxtı gələndə o da əvvəllər münaqişədə olduğu adamlarla eyni boyda olacaq. Axı böyük dünyasının ona vura biləcəyi zərər yalnız burnunun yüngülcə əzilməsindən ibarətdi. İnsanlıq, insan cinsi onu qəbul etməyə hazır idi və qəbul etdi də, ondan yalnız bir şey – böyümək tələb olunurdu.

   Mənim fikrimcə, gənc yazıçıların problemi məhz bundadı. Və təkcə onların deyil, bizim hamımızın qarşısında insan qəlbini xilas etmək, ayğırları, donuzları yaxud öküzləri axtaladıqları kimi onu axtalamalarına imkan verməmək, hələ vaxt var ikən və insan deyilən məxluqda insanlıq hələ yox olmamışkən fərdiliyi simasızlaşmaqdan xilas etmək vəzifəsi durur. Axı insanlığı yazıçıdan, şairdən, sənətkardan savayı kim xilas edə bilər, onlardan çox kim insanlığın itirilməsindən qorxmalıdı?! Zira insanlıq yaradıcılığın qaynar qanıdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)