Edebiyyat.az » Təqdimat » Kənan Hacı - “Çat”dan sonrakı çat...

Kənan Hacı - “Çat”dan sonrakı çat...

Kənan Hacı  - “Çat”dan sonrakı çat...
Təqdimat
admin
Müəllif:
17:50, 22 mart 2021
1 424
0
Kənan Hacı - “Çat”dan sonrakı çat...





Ustad yazıçımız Azər Abdullanın ruhuna ehtiramla

Azər Abdulla mənim ağsaqqal dostlarımdan idi... Tale elə gətirib ki, ədəbi mühitdə həmişə özümdən yaşca üstün insanlarla ünsiyyət qurmuşam və bu qiymətli insanların sözü-söhbəti mənim ədəbi zövqümün formalaşmağına, sözün çəkisini, dəyərini daha dərindən anlamağıma çox böyük təsir göstərib. Azər Abdulla bu qəbil insanlardan idi...
Hansı şəraitdə tanış olduğumuzu da xatırlayıram. Ona qədər mən Azər Abdullanın povest və hekayələrini, ədəbi-publisistik yazılarını oxumuşdum və yaradıcılığına kifayət qədər bələd idim. Həmin ərəfədə onun “Azərbaycan” jurnalında “Söz havası” hekayəsi dərc olunmuşdu və hekayə məni möhkəm tutmuşdu. Azər müəllim bu hekayəni talesiz qələm adamı Mehdi Bəyazidə həsr etmişdi. Jurnalın məsul katibi, mərhum Tofiq Mahmudovun otağında nə barədəsə söhbətləşirdik, qapı astadan döyüldü və Azər Abdulla içəri girdi. Bu nurani çöhrəli insanla ilk tanışlığımız idi. Özündən əvvəl sözünü tanıdığım və sevdiyim yazıçı ilə bu qəfil görüş yaddaşımda unudulmaz iz buraxdı. “Söz havası”nın təsiri altındaydım və ürəyimdən keçənləri, hekayə ilə bağlı təəssüratlarımı müəllifin özüylə bölüşmək istəyirdim, amma çəkinirdim. 
Tofiq Mahmudov bizi tanış elədi:
-Tanış ol, bizim gənc yazıçı dostumuz Kənan Hacı.
Azər müəllim gülümsəyib əlini uzatdı:
-Ara-sıra yazıların rastıma çıxır, maraqlı yanaşmaların var.
Bir az həyəcan qarışıq təəccüb hissi də keçirdim; deməli, yazılarımı oxuyur, deyə düşündüm. O qısa, ayaqüstü görüşümüzdə Azər müəllimin sadə, mütəvazi davranışı həyəcanımı sovuşdurdu. 
-Azər müəllim, əgər mənə Azərbaycan hekayə antologiyasını tərtib etməyi həvalə etsəydilər, mütləq sizin “Söz havası” hekayənizi o antologiyaya daxil edərdim, - dedim. 
Təvazökarlıqla gülümsədi və təşəkkür etdi. Beləcə, bizim Azər müəllimlə mütəmadi ünsiyyətimiz yarandı. Hər dəfə “Azərbaycan” nəşriyyatına yolum düşəndə mütləq onu ziyarət edirdim. Bu görüşlərin hər biri haqqında ayrıca yazı yazmaq olar. Bir dəfə Ağa Cəfərli ilə birlikdə Azər müəllimin görüşünə getdik və Kulis.az üçün ondan müsahibə almaq istədiyimizi dedik. Müsahibəyə çətinliklə razılıq verdi, nəticədə müsahibədən çox son dərəcə səmimi bir söhbət alındı. Söhbətimiz uzun çəkdi, həmin söhbətin bəzi məqamları Kulisdə yayımlandı. O əsnada Azər müəllim jurnalistlərdən yüngülcə giley eləmişdi: “Jurnalistlər ümumi sualları ilə adamı yorur, bezdirirlər. İnanın ki, indinin özündə də “Dünyaya bir daha gəlsəydiniz, yazıçı olardınızmı?” sualını verirlər. Hamıya verilmiş sualları bir də sənə verirlər. Bu, bir az adamı incidir. Mənim yazılarım haqqında təsəvvürü yoxdur, amma müsahibə götürmək istəyir. Bu cür olmaz axı. Sənin yaradıcılığın, şəxsi həyatın haqqında heç bir məlumatı olmayan adam səndən müsahibə almaq istəyir. Bu, nə dərəcədə düzgündür?”
Jurnalistlərdən qaçmağının bir səbəbi də bu imiş. Ağa Cəfərli həmin yazının girişində belə bir ifadə işlətmişdi: “yazdıqlarına rəğmən heç bir iddiası olmayan adam”. Bir də iddiasızlığı, təmənnasızlığı... O, elə həmin söhbətimizdəcə iddiasız olmağı yazıçı üçün böyük nöqsan hesab eləmişdi və etiraf etmişdi ki, özünü təbliğ etməyi heç vaxt bacarmayıb. Belə bir düşüncə ilə yaşayıb ki, yazıçı sadəcə, əsərlərini yazmalıdır.  
Azər Abdulla böyük yazıçı idi. Təkcə “Qəmərlidən keçən qatar” povesti ilə Azərbaycan ədəbiyyatında hadisə yarada bilmişdi. Bu əsər Azərbaycan insanının zaman və məkan müstəvisində daxili yaşantılarının, dəyişimlərin və xaosun bədii təcəssümüdür. Erməni məkri, azəri türklərinə qarşı həqarətin kökləri həmin mətndə yazıçı qələmiylə sadə, boyasız dildə oxucuya çatdırılır. Bu mətndə sarsıntı var, gərginlik var və Azərbaycan xalqının əyilməz, sınmaz ruhu, zəngin mənəvi dünyası var. Həmin əsər haqqında yəqin ki, nə vaxtsa ayrıca bir yazı yazacağımı düşünürəm. 
Bir dəfə Azər Abdulla haqqında “Söz havasıyla yaşayan adam” adlı yazı yazmışdım. Həmin yazıda da “Qəmərlidən keçən qatar” haqda fikirlərimi yazmışdım: “Qəmərlidən keçən qatar”  əvvəldən başlayıb getdikcə güclənən, emosional ovqata malik, qatı psixologizmi və dərin dramatizmi baxımından Azərbaycan nəsrinin nadir nümunələrindən biridir. Əsərdə yazı texnikası, təhkiyə quruluşu, dolğun təsvirlər bir daha məni heyran etdi, çox şeylər öyrəndim”. (həmin yazıdan) 
Nəşriyyatdakı iş otağında masanın üzərində həmişə meyvə olardı. Alma, armud, üzüm... Tezcənə meyvə doğrayıb qoyardı ki, bunu mütləq ye, qaraciyərə xeyri var. Həmişə səhhətimlə maraqlanırdı, məsləhətlər, tövsiyyələr verirdi. Bir dəfə söhbətimiz çox uzun çəkdi, hiss etdi ki, siqaret çəkmək üçün vurnuxuram. Ağsaqqal ərki ilə məni danladı:
-Nahaq çəkirsən onu. Sənə olmaz, at getsin. 
Təpədən-dırnağa səmimiyyət mücəssəməsi idi Azər müəllim. Düşündüyünü çəkinmədən deməyi də vardı. Öz əqidəsinə sadiq adam idi. İnandığı, tapındığı dəyərlərə heç vaxt arxa çevirmədi. Nazim Hikmətə böyük sevgisi vardı, namizədlik dissertasiyasını onun yaradıcılığından müdafiə etmişdi. Nazimə poema həsr etmişdi, onun haqqında esselər yazmışdı. Bizi doğmalaşdıran həm də Nazim Hikmət sevgisi idi. Nazim Hikmətlə bağlı elə məqamlar var ki, ilk dəfə ondan eşitmişəm. 
Azər müəllimlə bağlı xatirələr işıq saçır. Bir dəfə inboksuma yazmışdı: 
“Bu gün olduğum kitab təqdimatında hamıdan yaşlı olduğuma görə evə dönərkən kədər məni haqladı. İnnən belə yığıncaqlara getməmək qərarına gəldim. Məndən çox yaşayıb bu hissi dadmağını arzulayıram...” 
Yazdım ki, gənclik sizə həmişə sayğıyla yanaşıb və sizi elə öz sıralarında görür. Kədərlənməyə əsas olmamalıdır, məncə. 
Öz aləmimdə guya təsəlli verməyə çalışmışdım. Zatən, Azər müəllim yaşına rəğmən, olduqca gümrah görünürdü. Qocalığı həndəvərinə buraxmayan adam idi. Amma içimdən narın bir qüssə keçmişdi...  
Son görüşümüz ötən ilin sentyabrında olmuşdu. Yenicə çapdan çıxan “Çat” kitabını mənə hədiyyə etdi və həmişə olduğu kimi, mer-meyvə də ikram etdi. Çəliklə gəzirdi. Dedim ki, Azər müəllim, bu çəlik sizə yaraşmır, atın getsin. “Bir az ayaqlarımda ağrılar var, düzəlsin, atacam” – dedi. “Ədəbiyyat qəzeti”ndə “Sağalmayan yaralar” yazısı dərc olunmuşdu, həmin yazıyla bağlı fikirlərimi dedim. Yazı ermənilərin illər boyu xalqımızın başına açdığı oyunlardan bəhs edirdi. Dedi orda yazdıqlarımın hamısının canlı şahidi olmuşam, böyük ürək ağrısı ilə yazmışam o yazını. 
Ondan da bir az əvvəl mənim “Sonuncu dərviş” romanım haqqında yazı yazmışdı Azər müəllim. Onun yazısı mənim üçün gözlənilməz olduğu qədər də sevindirici idi. Ustad yazıçı kitabım haqqında fikirlərini yazmışdı və bu, mənim üçün ən yüksək qiymət idi. 
Azər müəllimin mənə bağışladığı kitabı masamın üzərinə qoymuşdum, arabir götürüb vərəqləyirdim, asudə vaxt tapan kimi oxuyub fikirlərimi onunla bölüşməyi düşünürdüm. 
...Eşitdim ki, mənfur virusa yoluxub və xəstəxanada yatır. Oğlu, yazıçı dostum Azər Alpaya zəng vurdum. Sən demə, Azər də yoluxubmuş. Dedi mən evdə müalicə alıram. Dedim Azər müəllimin vəziyyəti necədir? Dedi əvvəlkinə nisbətən indi babatlaşıb. Çox şükür, dedim. Sevindim və xeyli rahatlaşdım. 
Bayram günləri sosial şəbəkəyə girmədim. Yaxın bir dostumuz var, Azər müəllimin də oxucularındandır. Hüquqşünas Mədail Fərzəliyev. Keçən günlərin birində mənə dedi ki, Azər Abdullanın “Kəpənək bayramı” kitabını oxudum, çox gözəl yazıçıdır. Söz vermişdim ki, sizi tanış edəcəyəm. Dünən zəng vurmuşdu. Səsindən anladım ki, nəsə olub.
-Xəbərin var? Azər Abdulla dünyasını dəyişib... 
-Ola bilməz! – dedim.
Dərhal feyzbuku açdım və... Azər müəllimin şəkli ümumi səhifədə bir neçə dəfə rastıma çıxdı. Xəbərin başlığını oxuya bilmədim, gözlərim toranlaşdı.
Ağsaqqal dostumun ürəyi çatlamışdı... 
“Gül yağışı” hekayəsini xatırladım... 

22 mart, 2021

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)