Orxan Pamuk – Kimin üçün yazırsınız?
Ədəbi tənqid
Orxan Pamuk – Kimin üçün yazırsınız?
“Kimin üçün yazırsınız ?“ Bu, otuz illik yazıçılıq həyatım boyunca, həm oxuculardan, həm də jurnalistlərdən ən çox eşitdiyi sualdır. Sualı verənin niyyəti və öyrənmək istədiyi şey yerə və zamana görə dəyişir. Amma sualı verənin şübhəçi, dodaq büzən, hiyləgər ədası heç vaxt dəyişmir.
Romançı olmağa qərar verdiyim 70-ci illərin ortasında, Türkiyədə bu sual “pre-modern dərdlərlə əlləşən qərbdənkənar yoxsul bir ölkədə, sənət və ədəbiyyat lyuks bir işdir” şəklində səslənən məhdud dünyagörüşünü əks etdirirdi. Bu düşüncənin “sizin kimi təhsilli, mədəni bir adam ölkəsi üçün körpülər tikən mühəndis, yoluxucu xəstəliklərlə əlləşən həkim olub daha çox fayda verə bilərdi” şəklində bir növü də var. 70-ci illərin əvvəlində Jan Pol Sartr “Biafralı bir fikir adam olsaydım, roman yazmazdım” – deyərək bu düşüncəni kütləviləşdirmiş, bu düşüncəni hörmətə mindirmişdi. Sonrakı illərdə “kimin üçün yazırsınız?” sualı “cəmiyyətin hansı təbəqəsi tərəfindən oxunmaq, sevilmək üçün yazırsınız ?” şəklinə düşdü. Bu sualın bir tələ olduğunu hiss edib, “ən çətin vəziyyətdə olanlar üçün, yoxsullar üçün yazıram” deməsəm, Türk burjuaziyasının, torpaq ağalarının mənafelərini müdafiə etməklə günahlandırılacağımı bilirdim. Yoxsullar, kəndlilər, fəhlələr üçün yazdığını deyən ürəyi təmiz, saf yazarlar isə “onsuz da cəmiyyətin bu təbəqəsi oxuyub-yaza bilmir” cavabı ilə susdurulurdu. 70-ci illərin ortasında “kimin üçün yazırsan?” deyəndə anam şəfqət və üzüntüylə “gələcəkdə necə pul qazanacaqsan?” düşüncəsiylə dərdlənər, dostlarım isə mənim kimi bir adamın kitabını heç kimin oxumayacağına istehzayla eyham vurardılar.
Otuz il keçib, indi bu sualı hər gün daha çox eşidirəm. Bu dəfə sual romanlarımın qırxdan çox dilə çevrilməsiylə bağlıdır. Son on ildə getdikcə çoxalan “kimin üçün yazırsınız ?” sualını verənlər, sualı səhv başa düşəcəyimdən çəkinib əlavə edirlər: “Türkcə yazırsınız, təkcə türklər üçün yazırsınız, yoxsa artıq kitablarınızın tərcümə olunduğu başqa dillərdəki oxucuları da nəzərə alırsınız?” Həm Türkiyədə, həm də Türkiyədən kənarda həmin sualın içindəki otuz illik şübhəçi, hiyləgər gülüşdən çıxardığım nəticə budur ki, romanlarımın təbiiliyi, saflığı və həqiqiliyini sığortalamaq üçün bu səfər də “Ancaq türklər üçün yazıram” deməliyəm. Qətiyyən insani və real olmayan bu gözləntinin arxasında, əlbəttə ki, roman sənətinin yaranması ilə siyasi güc olaraq millətlərin formalaşması və milli dövlətlərin yaranmasının eyni vaxta düşməsi dayanır. XIX əsrdə ən parlaq örnəkləri bir-bir yazılarkən, roman sənəti tam mənada milli bir sənət idi. Balzak, Dikkens, Dostoyevski və Tolstoy formalaşmaqda olan milli orta təbəqə üçün, onların şəhərlərini, küçələrini, evlərini, evlərinin içini, əşyalarını görərək, zövqlərini bölüşərək və dərdlərini dartışaraq yazırdılar, romanlarını əvvəlcə milli qəzetlərin sənət əlavələrində, millətin ümumi gələcəyi barəsində mübahisə edən bir əda ilə çap etdirirdilər. Bu böyük romançıların təhkiyəçi səsində millətin ümumi gedişatına dərdlənən bir müşahidəçinin daxili əndişəsi, gördüklərini paylaşmaq istəyi dərindən hiss edilir. XIX əsrin sonunda roman oxumaq və yazmaq bir millətin öz içində öz dərdlərini müzakirə etməsinə qoşulmaq demək idi.
Amma bu gün həm roman yazmağın, həm də ədəbi roman oxumağın tamam başqa mənası var. Əvvəlcə XX əsrin əvvəllərində modernizmin təsiri ilə ədəbi roman yüksək sənət özəlliyi qazandı, son otuz ildə isə kommunikasiya və poliqrafiya sahələrindəki inkişaf yazıçıları təkcə öz milli orta sinfinə səslənməkdən çıxardı. Bu inkişaf imkan yaratdı ki, yazıçılar bütün dünyada “ədəbi roman” deyilən növü izləyən oxuculara üz tutsunlar. Bu gün Qarsiya Markes, Kutzeye, ya da Pol Osterin yeni bir kitabı dünyadakı ədəbi roman oxucuları tərəfindən, vaxtilə Dikkensin romanları gözlənən kimi gözlənir. Başqa bir çox ədəbi romançının başına gəldiyi kimi, bu yazıçıların romanları da doğulub-böyüdükləri milli dövlətlərin oxucularından daha çox, dünyadakı ədəbi roman oxucuları tərəfindən oxunur.
Niyyətlərinə baxsaq, yazıçılar sevgililəri üçün, ideal oxucu üçün, öz kefləri üçün, ya da heç kim üçün yazırlar. Bunlar əksərən düzdür. Amma yazıçıların oxucular üçün yazması da düzdür. Bu da bizə hiss etdirir ki, indiki dövrdə yazıçıların onları oxumayan milli çoxluqdan daha çox, gündən-günə dünyadakı kiçik azlıq üçün, ədəbi roman oxucuları üçün yazırlar. İynəli sualların yaranmasının, romançının həqiqi niyyətində şübhə axtarılmasının səbəbi son otuz ildə ortaya çıxan bu yeni mədəni vəziyyətdir.
Bundan ən çox narahat olanlar qərbdənkənar milli dövlətlərin və mədəni qurumların təmsilçiləridir. Yaradıcı romançıların tarixə və milli problemlərə milli olmayan bir baxış bucağından baxa bilmələri, milli kimlik, beynəlxalq arenada təmsil olunmaq kimi məsələlərdə özünə güvəni olmayan, tarixlərindəki qaranlıq nöqtələrlə və öz milli dərdləriylə üzləşmək istəməyən qərbdənkənar milli dövlətləri əndişələndirir. Yazıçının milli oxucu üçün yazmaması belə formulə edilir: deməli “yadlar” üçün mövzusunu ekzotikləşdirir, əslində, mövcud olmayan, uydurma problemlərdən yazır. Lokal ədəbiyyatların lokal, saf və milli qalmasını istəyən bir başqa məntiq isə qərbdən gələn, qərb mərkəzli bir düşüncədir: yazıçının dünya oxucusuna səslənə bilməsinin sirrini milli olmayan örnəkləri təqlid etməsi, saflığını, milliliyini itirməsidir. Bir başqa istək, bir romançının əsərini oxuyanda bir millətin dünyadan tamamilə qopmuş, öz içindəki saf və həqiqi problemlərinə, eynilə qonşuların ailə mübahisəsinə baxması kimi baxmaq fantaziyasıdır. Yazıçının başqa dillərdə, mədəniyyətlərdə onu oxuyanları da düşünərək yazması bu fantaziyanı öldürür.
Gəncliyimdən bəri eşitdiyim, arxasında yazıçıların “həqiqiliyi” ilə bağlı bir istəyin olduğu “kimin üçün yazırsınız?” sualını hələ də sevirəm. Amma yazıçının həqiqiliyi yaşadığı dünyanın gerçəkliyinə xoş niyyətlə qəlbini və həssaslığını aça bilməsindən başqa, həm də müəllif kimi öz dəyişən mövqeyini də realist şəkildə görə bilməsiylə bağlıdır. Milli dərdlərin, sirlərin, yasaqların və əfsanələrin boğucu yükündən, dar görüşlülüyündən qurtulmuş ideal oxucu, eynən ideal yazıçı kimi, bu gün bəlkə də dünyanın heç yerində yoxdur. Amma istər milli, istər qeyri-milli olsun, bu ideal oxucunu tapmaq, hər şeydən əvvəl onu xəyalında yaradıb, ona səslənərək yazmaqla başlayır.
Tərcümə: Qismət
mənbə: Sim-sim.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Edip Canseverin şeirləri Azad Qaradərəlinin tərcüməsində
ŞvartsMan - Sukaşnik (hekayə)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
ŞvartsMan - Başqasının dodaqları (hekayə)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə