Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse
1919- cu ildə, soyuq alman təbiətinə yad istiqanlılıqla Hesse yazırdı;
-Bu prosesdə özümə sadiq qalmağı tələb edirəm.
Və davam edirdi , ,,Demian” , ,,Muncuq oyunu “ , ,,Yalquzaq” , ,,Gertruda” , ,,Təkərlər altında” əsərləri ilə özünə sadiq qalan ədəbiyyatçı idi Hesse. Özünü bundan gözəl necə ifadə etmək olardı?
-Mən yalnız içimi qaynadıb təbii şəkildə çölə püskürən şeylərlə yaşamağa cəhd etmişəm. Bəs niyə onlar belə çətin olub ?
Məncə , bu fikri gəlib – getmiş bütün insanlar heç olmasa bir dəfə dillərinə gətiriblər ya da düşünüblər.Hesse insanın dərin qatlarına enməkdə Dostoyevskini ötüb keçir. Çünki Dostoyevskinin əzabla etdiyi işi ,Hesse qəribə alicənablıq ,zədəganlıqla edir.İnsanların ruhunu incəliklə , nəvazişlə qazıyır.Biz ona qəlbimizi adı bilinməyən bir qüvvə ilə könüllü açırıq.
,,Hər kəsin içində ruhun sürəti , əzab çəkən canlı bir rəzil , çarmıxa çəkilən xilaskar var. Söyləyəcəklərim artıq aldanmaq istəyən birinin iç qiyamı ,sayıqlamasıyla doludur.”
Məgər biz hər birimiz vaxti ilə Demiən olmaq üçün Emil Sinkler olmamışıqmı ?
Sinkler kimi özümüzü qətl törətdiyi halda oğurlanmış bulkaya görə təqsirli bilinən cinayətkar rolunda hiss etmişik.
İnsanın özünü tanıması üçün dağıdılması lazım olan dirəyin silkələnməsində - iki yol ayrıcında qalmışıq. Dərinlikdə yaşamağa və qapanmağa davam etmişik.
Məktəbsiz səhər saatlarının çəkici və nağıla bənzər nəsnəsəsini yaşamııq.
Evimizdəki düzənli həyat tərzi , yaxınlarımızın yaşadığının tam iştirakçısı ola bilməmək ,qısa müddətdə azğınlaşma ,bizdən izahat tələb edənlərə özümüzəqapılma və soyuqluq nümayiş etdirmişik.
Sniker elə mən idim.Diqqətlə oxusan özünü səndə onda tapacaq ,itirəcək və yenidən daha kamil şəkildə tapacaqsan.
Mən Sniklerdən danışım , sən özünü axtar.
,,Mən yeniyetməlik dövrümü yaşayırdım ,dələduz məktəb yoldaşımın real həyatda başıma gətirmədikləri belə ondan asılı təxəyyülümün hesabına ,,həyata keçir” əmri məni bütünlüklə öz quluna çevirdi. Onun davranışları məni incidir və sönükləşdirirdi.
Demiən həyatıma gəldi və dedi;
-O ki qaldı qorxaqlara ,qorxmaq onların peşəsidir.Əgər nə vaxtsa , kimdənsə qorxmusansa ,deməli , həmin kimsənin sənə hakim kəsilməsinə şərait yaratmısan.
Hesse Demiəni qısa və gözəl xarakterizə edir.,,Nəsə baxışlarında ədalətə bənzər şey vardı.”
Həyatımızın müxtəlif dövrlərində elə adamlarla yaşamağa məcbur olmuşuq ki , ,,azadlığı son damlasına kimi içimizə çəkmək “ məcburiyyətində qalmışıq.Sinkler də bu dövrü yaşayırdı.Daxili qarşıdurması ailəsi ilə ,məktəblə , bütün ətrafı ,hətta özü ilə davam edirdi.Tarazlıq və rahatlığını itirmişdi.
Hessenin bu əsərinin hər səhifəsində özünü tanımaq üçün olan misallar sonda qəhrəmanla birlikdə məni də böyütdü. ,,Solğun və riqqətsiz anlam kəsb edəcək hər hansı hadisə sənə məhsuldarlıq gətirəcək .”
“ Heçnə insanı onun özünə aparacaq yolla getmək qədər iyrəndirə bilməz !”
Biz vərdiş edilmiş dairədən çıxıb ,yeniliklərdən xəlvət məmmunluq alanda ikili hala düşürük..Xəyallar o vaxt hücuma keçir ki ,dayanıqsız bəndimiz olur.
Biz nə qədər etiraf etmək istəməsək də ,cəhənnəm dadı verən arzularda ərimək istəyirik.Bunu istəyirik ,dindar da ,oğru da ,özünü ləyaqətli hesab edən də ,ömrü boyu tərbiyəli yaşayan hər kəs qadağan arzuları real etməyi istəyir.
Həyatın elə anı çatır ki ,bizi çox istəsələr də ,yaxınlarımız nəsə ede bilmirlər ,köməksiz qalırıq. Sevdiyimiz hər şeyin bizi tərk etdiyi vaxt bütün vücudumuzla tənhalığı və boşluğun ölümcül soyuqluğunu hiss edirik.Ömrün zolağı günah dolu olmaq üçün ikili halımızdan birini seçməli oluruq. Bizə gözgörəsi meydan oxuyanlara etirazın bu formasında cavab vermək düz olmasa da edirik.
Bizə söylənilən sözlər gözəl və qiymətli ola bilər ,canlı olmayacaqsa , yetərincə həyəcan verməyəcəksə , bizi cəlb edənin arxasınca gedəcəyik.
İradəmizi sözəbaxan at kimi yəhərləmək istəməyəcəyik.Əgər bildirmək istədiyimizdən qat – qat çox fikirləşiriksə , bu bizim tam şəkildə öz fikirlərimizlə yaşamadığımızdan xəbər verir.Yaşadiğimiz fikirlərin qiymətli olduğunu söyləyir Hesse.Deyir ki , elə Allah yaratmalıyıq ki , o özündə həm Allahı ,həm şeytanı birləşdirsin və yer üzündə təbii şəkildə baş verənlərdən utanmasın , onlara göz yummasın.
Qadağalar əbədi deyil , dəyişə bilər.Hər birimiz özümüz müəyyən etməliyik nə bizim üçün qadağalıdır yaxud icazəlidir.Bunu valideyn ya da din edə bilməz. Ömründə qadağa qoyulmuş şeyləri etmədən də əclafın yekəsi olmaq mümkündür.Kim rahat olanı seçirsə , istənilən qaydaya tabe olur.
On beş yaşlı qəhrəman işi içinə dalmaqdan , qadağalı və qaranlıq axına tabe olmaqdan , uşaqlığın şirinliyini yaşamamaqdan ibarət idi . İlk sərxoşluğu ürəkbulandırıcı , şirin ,cəzbedici və qiyamçı idi.
Özü haqqında düşünürdü ki , mən dünyaya nifrət edən , vəhşi , əxlaqsız , iyrənc , heyvandan fərqlənməyən , içi murdar ehtirasla çırpınan biriyəm..
Əsərin qəhrəmanı tənha olmağı özünə qayıtmaq yolu seçmişdi.Pərəstiş etmək və boyun əymək hissi güclü idi.Ürəyəyatımlılığını və iç sakitliyini çoxdan itirmişdi.Demiən ona başa saldı ki , nə vaxtsa sənə zəruri olanı tapırsansa , bunun səbəbkarı təsadüf yox , sənin öz şəxsi tələbatın , şəxsi qeyri – iradiliyin səni buna doğru aparır.Özündə dünyanı daşımaq və onu daşıdığını bilmək tamam ayrı – ayrı şeylərdi. Sən o vaxt dəyişəcəksən ki , bu dəyişilmədən xəbər tutacaqsan və bu imkanı yaxalayacaqsan.
İstənilən gücün mənbəyi adamı qorxuya salır.Dəhşətli təhlükə hissi yaradır.Bu səbəbdən çoxları uçuşdan imtina edib geriyə , qanunlara uyğun qaydada getməyə qərar verir.Cizıqdan çıxan , uzağa uçan adam tədriclə uçuşa yiyələnir , hələ üstəlik uçuşa balaca şəxsi gücünü də qatır.
Hessə bizə öyrədir ki , özümüzü heç vaxt başaaları ilə müqayisə etməyək , təbiət bizi yarasa yaradıbsa , dəvəquşu olmağa can atmayın.
Biz kiməsə nifrət edəndə onun timsalında içimizdə oturanı bəyənmirik.İçimizdə olmayan isə bizə təsir etmir.İçimizdə daşıdığımız reallıqdan özgəsi yoxdur.İnsanlar çoxu ona görə qeyri – real şeylərlə yaşayır ki , xarici təsvirləri reallıq kimi qəbul edirlər , daxili dünyalarını qımıldamağa qoymurlar , özü də bu zaman xoşbəxt olurlar.
Hesse o güclü qələmi ilə bizə bildirir ki , başqasını dərk edirsənsə , çoxluğun yolu ilə gedə bilməzsən , çoxluq asandır.
On beş yaşlı Emil düşünür , niyə cinsi ehtirasını boğan biri diğərindən ,,təmiz “ sayılır ki ? Olmaya seksuallığı fikirlərindən və yuxularından da qova
Biləcəkmi?
İnsan uşaqlığından və bütün yaş keçidlərindən bağlılıq iplərini qırmalıdır və bu parçalanma labüddür.Ayılan adamın bu vəzifələri olduğunu Hesse qarşımıza qoyur; özünü axtarmaq , içində tapdığını möhkəmləndirmək , hara aparıb çıxartdığından asılı olmayaraq öz yolunda irəliləmək.
Dünyaya rəssam , yazıçı , peyğəmbər olmaq üçün gəlmədik . Bu əsas məram deyil , sonunda əhəmiyyətsiz olur. Hər kəsin işi bu deyil , əsas iş taleyini tapmaq , ona daxilən və bütünlüklə qətiyyətlə sarılmaqdır.
Yalnız o insan qorxur ki , özü ilə dil tapa bilmir. Özünü qəbul edə bilmir.Həyat qanunlarının zibilliyə tullamaq lazım olduğunu bilməlidir.
Demiən və Emilin qovuşduğu nöqtəni , həmin yolu Hesse ev adlandırır.Çoxluq arasında tənha birisi , tənhalığın dibinə getmiş biri ümumiliyin mümkünsüzlüyünü dərk edir. Bu zaman digərlərinin birləşməsini görüb , onlara qovuşa bilmədiyi üçün nə paxıllıq , nə darıxma hissi keçirmir.
Sonda , mənim ən sevimli yazıçım Hesse arzuya sona qədər inan deyir.Belə deyilsə ona yapışıb qalma.Özündən düzgün xahiş etməyi öyrənsən , içindəki arzunun həyata keçməsinə tam inamın olsa , o çin olar.Arzunla yanaşı peşimançılıq hissin olmasa real olacaq və qorxuya çevrilməyəcək .Emil Sinkler kimi.
Özünüzü bu kitabla tapa bildinizmi?
Anladınızmı , sevgi istəmək , tələb etməklə olmur.Sevgi özündə inamın olarsa , özü sənə gələcək.Bu zaman onu nəsə cəzb etmir , o özü cazibə qüvvəsinə malik olur.Sevgində özünü tapırsan. Çoxluq isə özünü itirmək üçün sevir.
Hessenin ,,Demiən” i haqqında yüz belə yazı yazmaq olar və onun gözəlliyini , dərinliyini ifadə etməkdə aciz qalarıq.
Məncə , bu kitabı oxuyub , özümüzü taparıqsa , bu Hessəyə ən layiqli mükafat olar.