Edebiyyat.az » Poeziya » Mahir N. Qarayevdən iki şeir

Mahir N. Qarayevdən iki şeir

Mahir N. Qarayevdən iki şeir
Poeziya
admin
Müəllif:
19:52, 01 fevral 2024
592
0
Mahir N. Qarayevdən iki şeir




MƏNİ GÖZ TUTMAZDI, SÖZ MƏNİ TUTDU

(“Vəsiyyət məqamları” silsiləsindən)


                                Sevgi sevgiylə

                                dərd dərdlə unudulur...

                                        Vaqif Bayatlı Önər



Oğlum! Balam!

Mənə qalmayan, məndən qalan!


Ölən kimi,

üzlərdən-gözlərdən çəkilən kimi

unut, unutdur məni!


Mən ömrüm uzunu

ha çalışdım-vuruşdum –

unutdurammadım özümü;


Neylədim –

üzlərdən çəkiləmmədim,

Neylədim –

gözlərdən yayınammadım;


Keçəmmədim

üz vuranın üzündən,

Qaçammadım

göz qoyanın gözündən...


Sinəmə dağ  çəkdilər,

divan tutdular mənə

hara qaçsam haxlayıb,

üzümdən göz çəkməyib, gözümdən getməyənlər;


Boğazıma çökdülər,

qan uddurdular mənə 

qulağını şəkləyib,

canıma yerikləyib məni unutmayanlar...


Hamıdan çıx heyfimi!

Hamıdan al qanımı!


Ölən kimi,

qonur gözlərimə 

qara torpaqlar tökülən kimi

unut, unutdur məni!


Unutdur –

unutmayanlara qan uddur!!!


Məni söz öldürdü, 

bir şair sözü –

məni göz tutmazdı, söz məni tutdu!


Bir gül qoxusutək,

əcəl yuxusutək tez məni tutdu!

Bir qəfil ox kimi çıxdı yayından,

göydə durna kimi düz məni tutdu!


Gözüm açıq qaldı – 

çətin bağlana...

ağzımda son sözüm qaldı yarımçıq!


Neyləmək?!

Neyləmək?! Neyləmək daha?!


Üzümə oxşayan qərib üzünlə,

gözümə oxşayan qonur gözünlə,

səsinlə-sözünlə, 

dərdlə-hüznlə unutdur məni;


İnsan insanla,

dərd dərdlə unudulduğu kimi,

Musa İsayla,

İsa Məhəmmədlə unudulduğu kimi –


özünlə, 

özünlə unutdur məni...


                QARA MASKALI QATİL

                       

                                Qonur gözlərimə 

                                qara torpaqlar tökülməmiş

                                unutdular məni, unutdular...

                                        Vaqif Bayatlı Önər



Şair dostum! Qatil dostum!

Gözün aydın olsun, sözün mübarək!

 

Elə sözünlə də

sonuma çıxdın –

daha deyiləsi sözüm qalmadı;

 

Yetirdim –

bircə yol yoluna çıxdım,

İtirdin –

yolunda izim qalmadı...

 

Di buyur,

sözündən itir məni də –

unut və unutdur xatirəmi də!

 

Unut şah şeirinin

qəfil yaddan çıxan misrası kimi;

Unutmaq felinin

hamıdan peşəkar ustası kimi!

 

Unut məni –

qonur gözlü şairim,

qara maskalı qatilim!

 

Müstəntiq

ala gözlərini ağartsa da,

qara gözlərini bərəltsə də,

durna kimi çığırtsa da,

zurna kimi mələtsə də;

 

Lap hirslənib

kirpiyinlə od götürtsə,

kəlbətinlə dırnağını çıxartsa da;

 

Yüz hiyləylə

səni şoka,

şeir yazan barmağını

toka salsa belə –

yadına düşməsin adım...

 

Amandı!!!

 

Adımı yazmadığın

o son şeiri də yandır,

külünü ver küləklərə –

fələklər də duymasın;

 

Gecələr qaranlığa üz tutub,

dua pıçıldayanda

adımın bircə hərfini də işlətmə –

mələklər də duymasın...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)