Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÇAYIN ALTINDAKI LABİRİNT (uzun hekayə)

AZAD QARADƏRƏLİ - ÇAYIN ALTINDAKI LABİRİNT (uzun hekayə)

AZAD QARADƏRƏLİ - ÇAYIN ALTINDAKI  LABİRİNT (uzun hekayə)
Proza
admin
Müəllif:
14:23, 25 sentyabr 2022
1 718
0
AZAD QARADƏRƏLİ - ÇAYIN ALTINDAKI LABİRİNT (uzun hekayə)




 

                                                                                                                        

        “ İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir; deməli, o parçalana bilməz. Millətimiz  yalnız ərazi baxımından parçalanıb.”

                                                                                                                                                                                                        Ə.Elçibəy 

                                                

 

 

                                                MÜƏLLİF

 

            Onunla Ankarada, Sincan istasyonundakı  kafelərin birində təsadüfən rastlaşdım. Üzü divara tərəf oturmuşdu və siqaretini tüstülədə-tüstülədə qarşısındakı parçdan pivəsini qurtumlayırdı. Mən də pivə içirdim və onu görməsəydim, axırıncı qurtumumu içəndən  sonra çıxıb gedəcəkdim. (Ankaralı dostumun işı çıxmışdı və mən yeni gəldiyim bu şəhərdə bir saata yaxın vaxtı belə öldürməyi düşünürdüm.) Amma o bəs niyə üzü divara əyləşib?

            Aramızda iki masalıq məsafə olduğundan hərdən dönüb ona baxırdım. Qəfil məni hiss etdi və bir an nəzərlərini üstümdə saxladı, cəld ayağa qalxıb masama yaxınlaşdı. 

            -Azərbaycandansan? – Həyacanla soruşdu.

            Çaşdığımdan özümü itirdim. Çünki onun mənə tərəf gəldiyini yaxşı analiz edə bilməmişdim. Elə düşünmüş¬düm ki, ona tez-tez baxdığıma görə əsəbləşib, buna görə də cavabım bir qədər gecikdi:

            -Hə-ə...

            -Vay səni! Bu saat ürəyimnən keçirdi ki, bir bakılı ola burda, bir az dərdləşəm. Qurdumu tökəm... Gəl səni qucaqlayım bir!..

            İri qollarını açıb məni qucaqlayır. Birtəhər ayağa qalxıb mən də qarşılıq verirəm...

            Sonra ordan-burdan danışırıq. Heç nə danışdığımızı da doğru-dürüst bilmirik. Eləcənə bu adam mənim səsimi eşitmək istəyir. Arada üzü divara oturmağının da sirrini açır – o tərəf Azərbaycanmış! O yatanda da üzü Azərbaycana yatırmış...

            Öyrənirəm ki, adı Nazimdir, bizimlə qonşu rayondan¬dır. Burada bir şirkətlə ortaq alver işi qurub. Bakıda, İstanbulda, Ankarada, Dubayda mağazaları, obyektləri var. Məndən on yaş cavan olsa da, saç-saqqalı ağappaqdır. Hər ikimizin rayonu, kəndi erməni işğalındadır...

            Sonra rakı sifariş veririk – pivə yanğımıza kömək et¬mir. Və bir də gördüm ki, həmyerlim ağlayır... Göz yaşla¬rını boğub başlayır 25 il qabaq olanları danışmağa. Rayon-larının necə işğal edildiyini, rayonu necə tərk etmələrini danışır... Rakı içə-içə danışır...      

                                                  

 

NAZİM

 

           Hamı qaşqabaqlıydı. Adamlar gülmürdülər. Çoxdandı toy da olmurdu kəndimizdə. Heç ölən də yox idi. İki əsgər şəhid olmuşdu, onları da aparıb rayon mərkəzində salınan Şəhidlər Xiyabanında dəfn etmişdilər. Nigarançılıq çarəsiz dərd kimi qəfil almışdı üstümüzü.

            Qonşu rayonlar bir-bir işğal olunsa da, biz rayo-numuzdan çıxmamışdıq. Atam deyirdi ki, yerli batalyonun komandiriylə danışmışıq: bədəbəddə bir gecəyə Meğrini aradan götürüb Naxçıvanla birləşəciyik. Nənəm də qəmli-qəmli əlini yelləyirdi atamın sözlərinə. Bu nə əl yelləməsiydi, anlamırdım.

            Biz uşaqlar atalarımızın bu qorxmazlığını qazlı-qazlı müzakirə edən vaxtlarda kəndin dəlisi Dınış turş almasını duzla yeyə-yeyə ağzını marçıldadıb dedi ki, dədənizin başı haqqı İraşul Quluyev telefonnan deyib ki, maa belə gəlir ki, Mığrı Dağlıq Qarabağın ərajisi dəyil, orya girməy olmaz... ATƏT biji tutub şi...əcəy... 

            (Dəli Dınış “s” yerinə “ş”, “z” yerinə “j” deyirdi.)

             Sonra da ləzzətlə bir “març” eləyib davam elədi ki, bəş bijimkilər də götürüb təjə prejident şeçilən Heydər Əliyevə jəng eləmək iştiyiblər ki, necə yanı Mığrı Dağlıq Qarabağ ərajisi deyil? Bəş Cəbrayıl, Qubadlı Dağlıq Qarabağın ərajisidimi? Yo-ox! Onda niyə onnar oranı tutdular? Bəş ATƏT onnarı niyə tutub şi..mir? 

           Dəli Dınış  növbəti “març”dan sonra ağzının suyu¬nu qoluyla silib çiynini çəkdi: “Dəən, ATƏT də erməniyə işdiyir, İraşul Quliyev də, hələ... Dədənijin başı haqqı...”

 

***

 

            Neçə gün idi ki, kimlərsə Bakıdan rayonumuza yük maşınlarından ibarət   karvan  göndərirdi. (Üstündən iyirmi iki il keçib, hələ də bilmirik o maşınları kim göndərirdi? Özləri gələ bilməzdi, ona görə ki, hamısı bir rəngdə, bir markada olan bu maşınların sürücüləri də bir-birinə oxşayırdılar.) İlk vaxtlar adamlar bu maşın karvanlarını daşa basır, sürücüləri döyür, qovurdular. Amma elə ki, qonşu rayonlar bir-bir işğal olundu, bizim rayonun da “köçməyəcəyik!” deyib möhkəm dayanan adamlarının cərgəsinə xal düşdü. Əvvəllər gecələr gizlincə köçməyə başlayanlar, indi günün günorta çağı evlərinin ağır-yüngülünü yük maşınlarına doldurur, arvad-uşağı da üstünə qoyub rayondan çıxarırdılar. Kimi Bakıya (təbii orada qohum-qardaşı olanlar), kimi də təhlükəsiz rayonlara aparırdı köçünü. Rayon mərkəzi və rayonun ikinci böyük yaşayış məntəqəsi olan dəmiryolçular qəsəbəsi tamam boşalandan sonra kəndlərə də ayaq açdı bu yük maşınları. Əvvəllər köçü pulsuz daşısalar da, indi  neçə manatsa pula, bir balon (3 litr) tut arağına, yaxud bir quzuya aparırdılar köçləri. 

             Bir dəfə anam bu köçlər barədə atamla danışanda kişi elə bozardı   yazığın üstünə, xırp səsini kəsdi. Amma xəbər çıxanda ki, Qaradiz yolu bağlana bilər, kişi hava-lanan kimi oldu. Özünü-sözünü bilmir, ora-bura çovuyur, siqareti siqaretə calayırdı. Nəhayət,   bir gün atamın bu halına dözməyən nənəm onun yaxasından tutub silkələdi:

            -Nədi, ə?! Niyə özüu gözgörəti hələk eliyirsən?! Tata nə gəlib, türkə də onnan gələcək, nolub?

            Kişi udqundu, udqundu, handan-hana dedi:

            -Qızdardan, sənnən, Gülannan qorxuram... Ələ düşər-siniz... Onda gərək elə ermənidən qabax özüm sizi güllə-liyəm...

            Kişi ağlamaq istəsə də, ağlaya bilmədi. Elə ayaq üstəcə içi keçmiş, gözlərinin işığı sönmüşdü. Nənəm bu dəfə lap hökmlə çığırdı:

            -Bə niyə durmusan?! Bir maşın tab, arvad-uşağını çıxart bu xaraba qalmışdan... onsuz da yiyəsizdi...

            -Qabaxcan quru fors dolmuşdu içimə, çıxarda bilmir-dim... indi də maşın tapayilmirəm... O gələn maşınnar da indi qəfil yoxa çıxıblar...

            -Get Cümşüdgilə! Nə təhər olmasa da qahımıx... nolsun aramızda soyuxlux var... biz onnarnan qan qahımıyıx... get...

            Cümşüd atamın dayısı oğluydu, bir az sonra sizə tanıdacağım Məti kişinin atabir, ana ayrı ögey qardaşıydı.  Qapısında iki maşını vardı. Biri oğlunun sürdüyü yük maşını, bir də QAZ – 69 villis. Amma bu ailəylə bizim əskidən ədavatımız vardı. Cümşüdün  böyük qardaşı  Xanlar  mənim bibim Narışı (əslində atamın bibisiydi, amma biz də ona bibi deyirdik)  alıb iki uşaqla boşamışdı. Bizdə bu ən ağır təhqir sayılırdı. Atam and içmişdi ki, ölüncən onlarla barışmayacaq. İndi nənəm ona işarə vururdu.

            -Kəs ay arvad, kəs!.. Batalyona  gedirəm, komandirdən  maşın istiyəcəm...

 

***

            

     Yola hazırlaşanda atam məni çağırıb evin arxasına apardı. Özünə tərəf çəkib qucaqladı, üzünü üzümə söykəsə də, öpmədi. Bunları qulağıma fısıldadı:”Nazim! Səni  arvad-uşağın   üstündə kişi qırığı kimi qoyuram. Yolda-kolda özünü kişi kimi apar. Sən Babalı tayfasından Fərhadın oğlusan. Hələ bir adam mənim – atanın yayını əlləyə bilməyib. Bir adama bir manat borcum yoxdu. Sən də kişi ol!”

            (Hə, az qala unutmuşdum: Nazim mənəm. Fərhad atamın, Babalı da tayfamızın adıdır.)

 

            Gecə saat birə işləyəndə yola çıxdıq. Kabinədə nənəm və balaca qardaş-bacım oturmuşdu. Biz anamla maşının banında yorğan-döşəyin arasında özümüzə yer eləmişdik. Sağımızda bibim və qız nəvələridir. Maşın dar-vazadan çıxanda anam ağı deyirmiş kimi gumuldanmağa başladı. Mənasını başa düşmədiyim bu sözlər içimi-iça-latımı sızıldatdı. Aşağıdan nənəm də onun səsinə səs verdi. Elə bil patefonun iynəsi valın sonunda fırlanır və çox mənasız, amma qəlbə toxunan səs çıxardırdı...

                                                              

***

 

            Maşın təzəcə kənddən çıxmışdı ki, dayandı. Nənəm  kabinədən başını çıxardıb anamı səslədi:

            -Eynihayat, ay Eynihayat...

            Anam cavab vermədən səssizcə maşından düşdü. Onlar ağız-ağıza bir xeyli danışandan sonra  maşını kəndin lap çıxacağındakı evə tərəf sürdülər. Pəncərədən zəif lampa işığı görünürdü. Anam elə maşındanca cağırdı:

            -Ay Məti dayı!

            Quyunun dibindən  gələn səsə oxşar,  o lampa işığı təki zəif bir səs eşidildi:

            -Heyyyy...

            -Bir çölə çıx...

            Nənəm də  maşından düşdü. Kişiylə bir xeyli danışdı, öcəşdi, hələ bir onu acıladı da. Axırda kişi hıqqıldaya-hıqqıldaya içəri girdi, kiçik bir bağlama əlində  geri qayıtdı və sürücünün köməyi ilə bizim yanımıza çıxdı. Maşın tərpəndi. Kişi birdən vaysına-vaysına dedi:

            -Pəh! Ləmpəni söndürmədim...

            Mən onun solğun işıq saçan lampasının işığına ötəri də olsa baxıb qəhərləndim. Zəif mehin əsməsinə dözməyəcək dərəcədə öləzimiş o lampa işığı zülmətdə əriyən kəndimizin son nişanəsi kimi yadımda qaldı. İllər sonra belə o zəif lampa işığı qədər də olsa ümid yaşayır içimdə: o işıq hələ də sönməyib. Biz qayıdıb o lampanın işığını artıracayıq...

                                                                     

***

 

            Həəə, bu Məti kişi ki var, bizim babamızdır. Amma nə biz ona baba demişik indiyəcən, nə o bizə yaxın düşüb. Eləcə, yad adam kimi olub bizə. Təkcə nənəmiz Xasa arvadın həftədə bir dəfə  məni onun evinə göndərməsini nəzərə almasaq. Göndərəndə də qoltuğuma iki-üç büküm (dörd sulanmış lavaşı tək-tək qatlayıb üst-üstə yığanda buna bir büküm deyərdilər) cunanın arasına qoyulmuş çörək verər, deyərdi: “Ağrın maa gəlsin, get o Məti kişinin evinə, bı çörəyi də ver ona, bir də gör halı nə təhərdi, ölər-elər, biyabır olarıx el içində...”

            Kişi çörəyi məndən alar, heç sağ ol da deməz, amma geri qayıdanda gizlicə arxamca baxıb fərəhəoxşar bir hiss keçirərdi. (Bilmirəm, ya bəlkə bu mənə belə gələrdi.) Nədənsə bu qoca haqda məndə də qəribə duyğu baş qaldırardı bir anlıq. Onun yanına qaçmaq, oturub söhbət etmək, buyruğuna baxmaq keçərdi könlümdən. Amma bir anlıq olardı bu hiss. Və o bir an ötəndən sonra çıxıb gedərdim.

            Axır ki, bir gün nənəmin saqqızını oğurlaya bildim. Yalvardım, yaxardım, soruşdum ki, Məti kişi bizim nəyimizdir, niyə tək yaşayır, niyə mən ona hər həftə iki-üç büküm lavaş aparıram? Niyə hamı deyir ki, o bizim babamızdır? Babamızdırsa, niyə tək qalır?

            O da üzünü anama tutub acı-acı gülümsündü, üz ifadəsiylə sanki “nə eləyim?”  demək istəyirdi. Anam qaş-qabağını töküb bozardı nənəmə:

            -Ayrısı beşin də qoyub üstünə danışacax havaxtsa, onda yaxşı olacax? Yaxşısı budu, qoy düzünü sənin ağzınnan eşitsin... On dörd yaşı var e. Day uşax dəyil...

            ...Məti kişi ilə mənim nənəm Xasa dayıoğlu-bibiqızı imişlər. Bir-birilərindən ötrü dəli-divanə olsalar da, adlı-sanlı adam olan babam qızını bacısı oğlu Mətiyə vermək istəməyib. “Kökü yoxdu bunların deyib. Bacımı   verdim o nəsilə, qızı bədbaxt elədi. Getdi Mığrıda gündə bir erməni həçiyinə atıldı, o da iyrəndi, tüpürdü üstünə. İndi gözüm görə-görə uşağımı bu biqiryətin balasına necə verim?! İt qursağı yal götürməz! Mən ölərəm, bu işə qol qoyma¬nam!”

            Nənəm demişkən, sən saydığını say, gör fələk nə sayır. Daha doğrusu, Mətiynən Xasa nə sayır! Bir axşam üstü Xasa nənəm atasının atını hörükdən açır, Mətini də çağırır, tərkləşib çapırlar Baharlı çayına. Ordan da Meğriyə gedən qatara minib qaçırlar Mətinin qardaşı Xanların yaşadığı Lehvaz kəndinə.

            İki  ilin tamamında nənəm Xasa qucağında da mənim atam qayıdır kəndimizə. Bunu görən atası elə durduğu yerdə, ayaq üstəcə ölür. Xasa nənəm and içirdi ki, kişi yıxılmadı, elə divara söykəli ayaq üstəcə öldü...

            Bir il sonra Məti də qayıdır kəndə. Amma nənəm onu qəbul eləmir. Bu da ailə-zad qurmur, nənəmin bir gün onu bağışlayacağını gözləyir. Kəndin ayağında özünə bir otaqlı ev tikir, elə o vaxtdan tək yaşayır...

            Bəs babamla nənəmin arasında nə olub ki, ayrılıblar? Bax bunu hələ də bilmirəm.

                                        

***

 

              Zil qaranlıqda əli silahlılar yolu kəsdilər. Sürücü düşüb nə isə danışır, hirsli-hirsli geri qayıdıb  deyinir: “Surətin adamlarıdı, yalan-gerçək deyirlər ermənilər Qaradiz yolunu bağlayıblar, getsəniz əsir düşərsiniz”. Sonra maşını geri sürmək istəyir. Məti kişi əli ilə maşının kabinəsinin üstünə döyəcləyir və sürücüdən nəsə soruşur. O da içəridən “Xudafərin səmtdəyik” deyir. Onlar  nə barədəsə danışırlar. “Tiriynən Qumlağın arasından bir yol var, ora sür” deyir Məti kişi. Sürücü maşını fırlayıb geri sürür. Hərdən başımı qaldırıb zil qaranlıqda ətrafa baxıram. Maşının zəif işığı olmasa adamı vahimə basar. Tərslikdən sürücü də biz tərəf adamı deyil – yol-yolağanı düz-əməlli tanımır. Arada saxlayıb Məti kişidən yolu soruşur. Maşın isə ağlayırmış kimi səs çıxardaraq çınqıllı-daşlı yolla harasa irəliləyir. Anamın ağlamsınan səsi məni lap hövülləndirir: 

            -Ay Məti dayı, sən yola fikir ver, elə bil gəldiyimiz yol dəyil axı... Aparıb bizi erməni postuna-zadına çıxardar, ələ düşərik... Həm qırılarıq, həm də... 

            Dalısını demir. Deyə bilmir. “Həm də” özü boyda bir daşa dönüb üstümə çökür. Atam axı bu külfəti mənə tapşırıb. Mənim isə bu heyndə kipriklərimdən daş asılıb. Yuxulamamaq üçün barmağımı dişləyirəm, üzümə şapalaq vururam, xeyri olmur. Göz qapaqlarım yumulur...

            ...-Ə, ə, ay uşax! Bir saxla görüm!... 

     Məti kişi kabinəni döyəcləyir və mən səsə oyanıram. Hiss edirəm ki, nəsə olub. Sürücü maşından düşür. Məti kişi əli ilə zil qaranlıqda gümüş kimi bərq vuran çaya işarə edir:

            -Bu, Arazdır. Demək, gəlib Dəlləkli səmtə çıxmışıq. Yuxu ölümdü deyiblər. Özgə vaxt yuxum gəlməzdi. Bir quş yuxusu kimi  azar endi kipriyimə. Havaxt mürgülə-mişəm, bilmirəm. Sən də elə qazı basmısan, əvi tikilmişin oğlu!.. 

            Kişinin səsi dəyişir. Az qalır ağlasın. Maşının işığında hiss edirəm ki, qəhər dolub boğazına. Siqaret yandırıb əlini hara isə qaranlığın içinə  uzadır:

            -Bax, ora bizim kənddi... O zayıf işıq da mən xanə-xarabınkidi... Gör taleyə bax: neçə sahatdı yol ölçürük, kəndimizin başına dolanmışıx... Bırdan, bı yiyəsiz torpaxdan uzaxlaşa bilmirik... Əyə, əyə, mən niyə vaxtında ölmədim?! Ay Eynihayat, nağayrım?! Hayana gedəy?! Başımıza haranın daşın tökəy?!.

            Nənəmin hıqqıltısını eşitsəm də, nə dediyini anlaya bil-mirəm. Amma başını kabinədən çıxardıb astadan nələrsə pıçıldadığını hiss edirəm.

            Kişi bir qədər sonra toxdadı. Papirosunu sümürüb tamam ciddi səslə dedi:

            -Sür geriyə. Bayaxkı yerı – Surətin  gədələrinin durduğu posta sür. Qalanıynan işin olmasın...

           Bir xeyli – təxminən bir saata yaxın - yol gedəndən sonra hansısa kəndin girəcəyində dayanırıq. Kənddə tək-tük evlərdən zəif lampa işığı gəlir. Orda-burda it hürür, eşşək anqırır. Anam azaylanır: ”İttərə, eşşəklərə qalan ellərimiz vayyyy,”

            Bir azdan Məti kişi (heç bilmirəm buna baba deyim, Məti kişi deyim, eh...) sürücünün köməyi ilə maşının banından enir. Sürücüyə qoşulub Araza tərəf düşürlər. Sürücü əlindəki fənərlə haranısa işıqlandırır. Təxminən yarım saatdan sonra sürücü tək geri qayıdıb bir daşın üstündə oturaraq siqaret çəkir. Nənəm həyəcanla soruşur:

            -Ədə, bala, bu kişini hara azdıdın? Bizim axırımız noolacax? Bəlkə geri qayıdaq xarabamıza?

            Sürücü əli ilə qeyri müəyyən səmti göstərir:

            -Bu kişiyə agent deyirdilər, yadımdadır... İndi maa dedi ki, fanarı ver, buralardan Arazın o tayına yeraltı yol var... Mən oranı tapım, sonra gəlib sizi də apararam... Vəziyyət pisdir, dünən ermənilər rus tanklarıynan bizim pazisiyalara yaxınlaşıblar. Qaradiz yolu da bağlansa, bizi Araza tökəcəylər... Geri hara qayıdax, ay xala? Gerimi var?

            Təxminən iki saat yarım vaxt ötüb. Uşaq-muşaq yatıb. Təkcə sürücü, anam, nənəm, bibim və mən oyaqıq. Handan-hana Məti kişi qayıdır. Fanarın işığında görürəm ki, paltarları yaşdır. Fanarı söndürüb, üzünü nənəmə tutub deyir:

              -O termosda varsa, maa bir istəkan isti çay verin, canım qızsın, düşək yola... Neçə illərdi bu yol işdək dəyil. İçini ilan-çayan basıb. Amma mən yarıyacan gedib qayıtdım... Bəzi yerlərə su sızıb. Gərək elə eliyək ki, uşaq-muşaq suya düşməsin... Ağırdan-youldan  götürün,   düşək yola...

                                                                       

***

 

            Üstünü böyütrkən kolu basmış lay dəmiri  kənara çəkirlər. İki adam keçə bilən  dəlik açılıb, amma yük-zad keçməz axı. Nənəm, anam, bibim hərəsi bir dəst yorğan-döşək şəllənib. Ona görə mən də kömək edirəm, dəmiri lap sonacan basıb dəliyin ağzını böyüdürük.  Əvvəl Məti kişi, ardınca da biz aşağı düşürük. Beton divarlarla (sonra bildim ki, beton deyilmiş, qədimi ağ daşdan tikilib) əhatələnmiş adamboyu   yeraltı yolla  təxminən iki yüz metr rahat getdik. Sonra alayı-dolayı pillələr gəlir. Bakıda eskalatorla metronun içinə necə düşürsən, elə. Fərq ondadır ki, burada yol o qədər fırlamadır ki, adamın başı gicəllənir. Bir də ki, ayağımızın altını Məti kişidəki fanar çox zəif işıqlandırır. Qaranlıqda yerimək olmur. Bir onu bilirəm ki, həm fırlanırıq, həm də aşağı enirik.

            Bəzi yerlərdə dik ayaq üstə gedə bilsək də, bəzisində əyilə-əyilə irəliləyirik. Bəzən çaşıb başını qaldırırsan, “tarap” başın dəyir yuxarıdakı tağbənd divarlara. (Bir usta əl daşlardan elə oval şəkilli hörgü hörüb ki, ağzım açıla qalır.) Bu hörmə divarlardakı daşın rəngindən bilinir ki, çox qədimi hörgüdür. Xudafərin körpüsünün daşlarını görən gözünüz bu daşları görsün. Eynən elədilər: paxır basmış mis rəngində. 

            Bir az gedəndən sonra Məti kişi divardakı palıdrəngi bir  tuf daşın üstünü işıqlandırır və əski əlifbayla yazılmış mətni höccələyə-höccələyə oxuyur:

 

                                  Ussun varsa, ey akıl,

                          Aldanıb kıl zinhar mala.

                          Şol nəsnə ya ki, sən koyub,

                          Gidəsin ol bunda kala... 

            Mənasını yaxşı başa düşmədiyimiz bu kəlmələri cibimdəki dəftərimə yazıram. Sonra yenə irəli gedirik

     Gəlib bir yerə çıxmışıq - iri  otaq kimidir. Divarla¬rından  hörümçək toru sallanır. Və iş ondadır ki, burdan belə iki yol var. Məti kişi isə hansıyla gedəcəyimizi unudub. Daha doğrusu, onun dediyinə görə qabaqlar cəmi bir yol varmış, bu ikincini yəqin sonradan qazıblar. Bəs niyə qazıblar? 

               (Nənəm kişinin bu halını görüb mızıldanır: “Hhhhh-ıııı... Hap-haplamısan day, qabaxki yernən-göynən əlləşən Məti dəyisən... Belə olarsan e...” 

        Kişinin qulağı nənəmin mızıldanaraq  dediklərini alır və elə bu zıppıltının içində gülümsünür. Anamla bibim bir-birinin yanlarını basırlar. Yəni işin içində iş var. Əcəba, nə iş? Heyf ki, yaşım-başım, bir də canımı çuğlamış qorxu hissi bundan ötəsini anlamağa imkan vermir.)

              -Belə ola bilər ki, köhnə yol ya batıbmış, ya da İran sərbazları o yolun yerini bilibmişlər. Ona görə bu ikinci lağımı atıblar... Siz oturub dincinizi alın, mən bir qabağı yoxlayım, gəlim...

            Nənəm içini çəkir:

            -Ay Məti, amanın günüdü, muğayat ol...

            Zəif işıqda qocanın dodağının qaçdığını gördüm. Nənəm kişini gözdən qoymaq istəmirdi. Ay səni, nənə, nənə... Deyəsən, mən də nələrsə qanmağa başlayıram axı?

            Biz qaranlıqda otururuq, Məti kişi yollardan birinə girib yox olur.      Qoca  təxminən iki saatdan  sonra bu biri yoldan gəlib yanımıza çıxır. Fanarı yandırıb-söndürür və üzünün ifadəsindən görünür ki, pərtdir. Həm də yorğun. Kibrit çəkib siqaretini yandırır. İşıqda bığları titrəyir, əli əsir. Sanki pərtliyini gizlətmək üçün yanan çöpü tez üfürür.

            -Bu yolların ikisi də hərlənib-fırlanıb bura gəlib çıxır...  Heç nə başa düşmürəm? Bu nə işdir? Mən səhv eliyə bilmərəm axı?! Bu yolla azı iyirmi dəfə gedib-gəlmişəm e mən...

            Anam dizinə döyür:

            -Vaşşş, vaşşş, bu nə iş idi düşdük?! 

            Nənəm də azaylanır:

            -Ə, nağayraq? Gerimi qayıdaq?

            Kişi hirslə lağıma dönür və gedə-gedə:

            -Yox, qocalıq fəhmimi bir heylə apardı? Tapacam o yolu! – deyib bu dəfə o biri yolla gedir. 

           Uşaqlar qaranlıqda nənəmlə anama qısılıblar. Təkcə mən ayaq üstəyəm. Məti kişinin kibrit çöpünü yandırması yadıma düşür. Elə ayaq üstdəcə yadıma   kimya dərsində apardığımız bir təcrübə düşür: indi kibrit çəkəcəm, əgər  axıracan yansa, demək yaxında haradasa bayıra yol var və oradan hava gəlir. (Tək bir giriş bu boyda yeraltı  tuneli oksigenlə təmin edə bilməz axı. Elə bayaqdan rahat nəfəs almağımızdan da şübhəliyəm.) Tez sönsə?...

            Kibrit çəkirəm və bircə anda bu otaq kimi yer işıqlanır. Gözləyirəm, sönmür! Sevincək qışqırıram:

            -Buradan bayıra yol var hardasa! Kibrit axıracan yandısa, demək yaxında hava çəkir...

            Nənəm də haranısa qurdalayıb şam çıxardır və ikinci cəhddə şamı alışdırıram. Bu işıq burada bir möcüzə kimi olur. Hamının eyni açılır. Hətta nənəm düyünçələrindən çörək, pendir, yumurta çıxardıb uşaqlara verir. Mən də bir dürmək alıb dişimə çəkirəm.

 

***

            Burada nə qədər qaldığımızı anlamağa çalışıram. Zaman durub elə bil. Fəhmnən duyuram ki, gecə keçib, bir gün gedib, yeni gecə gəlib. Və bu daş divarlar arasında taleyimizin necə olacağını heç cür anlaya bilmirəm. Bir onu bilirəm ki, özünü ora-bura çovuyan bu qocadan mənə güclü bir enerji axır. Nədənsə onun adi adam olmadığı qənaətindəyəm. Sanki mən də  labirintə oxşayan, üstündən nəhəng bir çay keçən bu yeraltı yolla bir dəfə gedib-gəlmişəm. Mənə yad gəlmir buralar. Uşaq ağlımla xəyalımdan keçən düşüncələrimə özümün də gülməyim gəlir.

            Əllərimlə divarları yoxlaya-yoxlaya kibrit işığında qabağa gedirəm. Təxminən  iyirmi addım   gedəndən sonra  fanar işığı düşür və Məti kişinin ayaq səsləri eşidilir. Qoca yorğun halda lağımın divarına söykənir. Mən ona baxıram və bayaqkı fikrimi ona da deyirəm. “Doğrudan?” deyib sevincək o da mənimlə bərabər divarları barmaqlarıyla yoxlayır və bir azdan məndən bir xeyli aralıda qışqırır:

            -Nazim! Bura gəl, deyəsən tapmışam!

            Bu, bir kanalizasiya qapağına oxşayan, amma ondan bir az iri olan dəmirdir. Üstündə qəribə oymalar var – paslansa da fanar işığında aydınca oymalar görünür. Kişi barmaqlarıyla dəmirin üstünü təmizləyir və fanarı ora tutur:

            -Bu qapaq tuncdan tökülüb. Təzə şeyə oxşamır... Bax bir, bu yazıdı elə bil?

            Mən də baxıram və heyrətlə qışqırıram:

            -Hə, təzə əlifbayladır... Bu qapağın  köhnəliyin, təzəliyin bilmirəm, amma yazılar təzədi!

            Kişi pencəyinin qoluyla dəmirin üstünü təmizləyir və mən səkkizguşəli ulduzun içərisindəki yazını soldan sağa hərfləyə-hərfləyə oxuyuram:

            -Az-ər-bay-can...

            Sonrası da var, amma ərəb əlifbasıyladır. Bunu da ki mən bilmirəm axı. Amma Məti kişi bilir! O döş  cibindən eynək çıxardıb gözünə taxır və eynən mənim kimi, amma sağdan sola barmağını qoyub   höccələyə-höccələyə oxuyur: 

            -Təb-riz... Ba-kı... Bir olsun...

            Kişi sevincək deyir:

            -Dayan... Bizə çekistlər belə şeyləri öyrədirdilər o zaman... bu elə-belə yazı deyil... Bu həm də açardır... Sağdan sola oxunursa... “bir olsun”... Bəlkə bu bir dəfə bur deməkdir, hə? Gəl köməkləşək, bu qapağı bir dəfə sağdan sola buraq... Dayan, burda tutacağı da varmış ki! Hə, fırla!

            Pas elə tutub ki, qapaq tərpənmir. Artıq anam da bizə köməyə gəlib. Kişi disrəyi ilə qapağın üstündən döyəcləyir, bir dəfə buran kimi qapaq açılır və açılmağıynan da təmiz hava ağzımıza dolur! Gözümüz təzə şəraitə alışır. Alaqaranlıqdan başa düşürük ki, hələ səhər tam açılmayıb. 

            Qocanın köməyi ilə mən qapağın içindən çölə çıxıb ayağımı torpağa vururam. Təxminən əlli metr aralıda şəfəqdən gümüş kimi parıldayan Araz axır. O tayda isə bizi gətirən maşının silueti güclə seçilir. Mən tez geri dönüb gördüklərimi Məti kişiyə danışıram. Kişi “ssss” eləyib məni başa salır ki, İran sərbazlarının diqqətini özümüzə çəkməyək. Və biz sevincək anamgilin yanına qayıdırıq.

 

                                      ***

            Məti kişi (ha istəsəm baba deməyə hələ də dilim dönmür) nənəmlə diz-dizə oturub. Hərdən başını qaldırıb arvada baxsa da, nənəm gözünü yerə zilləyib. Nəhayət, onların pıçıldaşmalarını eşidirəm:

         -A Xasa, yadındadı sən maa sual verərdin ki, gejələr hara yoxa çıxırsan? Bax, məni  gah pala ilə Arazın üstünnən, gah da bu yeraltı yolla Arazın altınnan İrana keçirirdi bizim kekebeynən urus saldatdarı... Orda Sovet hökümətinin propaqandasını aparardım, adamlara partbilet paylayardım... Amma onda saa bunnarı deyə bilməzdim... Desəydim, məni öldürərdilər... Sən də ayrı şey fikirləşdin, həyatımızı korladın, o boyda kişini də infakt eləyib öldüdün... Oğlumuzu   da atasız qoydun... Amma sağ ol ki, ərə getmədin... Könlümü qırsan da, ordan o tərəfini eləmədin...

            -Eliyə bilməzdim axı... Mən sənnən ayrı kişiylə baş yastığa qoyamməzdim... Sənin də zalımın çıxsın... Heç olmasa, ucunnan-qulağınnan çıtızsaydın, bəlkə səni annıyardım... nəvlim axı... Savadsızdıx belə şeydi... Oxumuş olsaydım, səni annayardım...

 

            ...-Haydı, qalxın! Sizinkilər bir az yuxarıdadılar!

            İran sərbazlarıdır. Gəlib bizi tapıblar. Elə bilirlər, Araza toxuyub keçmişik. Xəbər verirlər ki, rayonumuz artıq ermənilər tərəfindən bu iki gündə işğal olunub. Bizim camaat da Arazdan adlayıb 20-25 kilometr aralıda  – Buyduz kəndinin yan-yörəsindədilər. 

            Bizi maşına yığıb atamgil düşən yerə apardılar. 

            Yolda Məti babam əlini əlinə vurub bir “pəh!” dedi. Nənəm ona sarı döndü:

            -Noldu, ə genə?

            Kişi siqaretini odlaya-odlaya o taya boylandı:

            -Bu üzdəki lağımın ağzını bağladım, o üzdəki açıq qaldı... Ədə bala saxla maşını...

            Kişi qıvraq addımlarla lağıma tərəf yönəlir, sərbazlara baxıb şalvarının qabağını açır. (Guya ki, subaşı eliyəcək.) Az aonra o qayıdır.

            Anam hirslənir:

            -Onsuz da qaldı erməniyə!

            Qoca siqaretini odlayıb ona  tərəf baxmadan qaralandı:

            -O lağımın neçə yüz  yaşı var. 1924-də balşeviklərnən vuruşanda Bəhlul Əfəndi ordan addamışdı İrana. Sohra Sovet hökuməti məni yolladı oruynan... Sohra urusdan ayrıldıx, ayrıca hökümət oldux...  Elçibəy prezident olanda adam göndərmişdilər yanıma... Yolun yerini soruşurdular... Su gəlmiş arxdı...

            

***

            

            (Bayaqdan təsvir etdiyimiz o alayı-dolayı yeraltı lağım kimi bizim də yazının səmti dəyişdi burda. Mənə bunları babam Məti kişi danışmışdı.   O da Bəhlul Əfəndinin əsgəri olmuş, sonradan qaçaqlara qoşulan Keçəldən eşitdiyini deyirdi. Yazıya aldım ki, itib-batmasın.) 

           Ağır döyüşdən sonra atlı dəstənin üzvlərinə Araz qırağına çəkilmək əmri verilir. 

            Niyə dağlara deyil, məhz Araz qırağına? Axı Zəngəzurun uca zirvəli dağlarında, qalın ormanlarında daha rahat gizlənmək olardı? Əlbəttə, belə ağır vaxtda sorğu-sualın yeri deyildi. Onlar haqqında əfsanələr dolaşan rəhbərlərinin nəyə qadir olduğunu bilirdilər. Cəmi bir-iki il əvvəl onun dini islahatlarına qarşı çıxan çolaq bir seyidi əlinin və nəfəsinin gücü ilə bir saatın içində sağaltmamışdımı? Sapasağlam olan seyid çəliyini tullamış, onun ayaqlarına düşüb biət etməmişdimi? (Həbsxana yoldaşları danışırmışlar ki, həbs olunaraq Bayıla gətiriləndən iki gün sonra Əfəndinin qaldığı kamera əsl şəfa evinə bənzəyirdi. Buradakı xəstə dustaqlara yardım edir, bayırdan gətirtdiyi ot-ələfdən hazırladığı məlhəmlə döyülməkdən taqətdən düşən dustaqları həyata qaytarır, onlara şəfadan başqa, həm də mənəvi ruh aşılayır, sınmalarının qarşısını alırdı. Mir Cəfər Bağırovun özünün şəxsən baş çəkdiyi bu kamera həbsxana kamerasından çox, həyat mənbəyi imiş.) Camaatın hörmət əlaməti olaraq Əfəndi dediyi bu adam dövrünün görkəmli alimi, din xadimi, indi isə düşmənə qarşı vuruşan silahlı dəstənin başçısı Bəhlul Əfəndi Behcət  idi. Əmr ondan gəlmişdi. 

               Dəstə Araz qırağına çatanda bir göz qırpımında Bəhlul Əfəndi də ağ atın üstündə yerdən çıxıbmış kimi peyda oldu. Yaralıların yaralarını sarıtdırdı. Sonra bir-bir hamısının yarasını əli ilə sığadı, güclərinə güc qatdı.

              Əfəndi  hündür bir daşın üstünə çıxıb dedi:

            -Qardaşlar! Siz dinimiz və vətənimiz uğrunda gavurlara qarşı igid kimi vuruşdunuz. Buna görə həpinizə cani-gönüldən təşəkkürümü bildirirəm! Vətən və tarix bu şücaətinizi unutmayacaq, bunu bilməyiniz gərəkir. İndi isə məni dinləyin: Qaçaq Fərzalı mənə xəbər göndərmişdi ki, üstümüzə rus alayı gəlir. Onsuz da biz iki cəbhədə vuruşurduq: həm özümüzün satqın bolşevik dəstələrimizlə, həm də erməni daşnak-bolşevik bölükləri ilə. Üçüncü cəbhəyə təhəmmülümüz qalmazdı. Ona görə Araz qırağına çəkilmək əmri verdim. Biz atlardan enib İran Azərbay-canına – oradakı dil və din qardaşlarımızın yanına gedirik. Amma bu gediş könüllüdür. Kim istəsə buradakı üç yüzdən artıq atın gücü çatan hissəsini götürüb kəndlə¬rimizə qayıda bilər. Amma bilin: orada sizi həbs, edam gözləyir... Ən yaxşısı dostumuz  Qaçaq Fərzalının dəstəsinə birləşməkdir. Qərar sizindir...

          Hadisənin şahidi olmuş və Arazın o tayına get¬məmiş Keçəl ayamalı bir nəfər danışırmış ki, üç yüzəcən döyüşçü atdan endi. Bəhlul Əfəndi əllərini göyə açıb ərəbcə bir dua oxudu. Sonra Əfəndi ayağını yerə vurdu, yer yarıldı və əvvəl özü, sonra döyüşçülər qeyb oldular...

            Bu əhvalat kəndlərda adamlara necə təsir etmişdisə, onlar ümidlə yerə batmış Bəhlul Əfəndinin öz dəstəsi ilə bir gün zühur edəcəyinə inanırmışlar. Hətta onu da danışırmışlar ki, bolşeviklərin nökəri olmuş bir Xanlıq sakini güdükçü kimi Əfəndinin dəstəsinin ətrafında bir xeyli aralıdan fırlanır, NKVD-yə məlumat ötürürmüş. Deyilənə görə, o mürtəd də döyüşçülərin bircə anda yox olmasını görmüş, o hadisədən sonra havalanaraq küçələrə düşüb dəli olmuşdu. Adı unudulsa da, kənd-kəsəyi ayaqdan salaraq ayağını yerə vurub, “Əfəndi ha, Əfəndi!” deyə qışqıran bu adamın adı da elə Əfəndi qalıbmış – Dəli Əfəndi...

            

                                                      ***    

         Bir gün sonra İran höküməti biz qaçqınlara maşın verdi, İmişlinin Çaxırlı kəndindəki keçiddən adlayıb öz tərəfimizə gəldik. Bir-iki nəfər Arazda boğulmuşdu, bir-iki nəfərin ürəyi partlamışdı, bir-iki nəfər girov düşmüşdü.  Rayonumuzun yerdə qalan bütün əhalisi sağ-salamat İrandan keçib gəlmişdi. Təkcə Dınış gəlməmişdi. Elə kəndin arasıyla o baş-bu başa qaçır, “dədənizin başı haqqı erməni-zad yoxdu” deyirmiş. Amma Dınışın sözü olmasın, kimi dindirdimsə, “erməni gördüm” deyən olmadı. Deyirəm, bəlkə onlar gözəgörünməz imişlər? Gərək bunu daha baba dediyim Məti kişidən soruşam bir.

          Hə, bir zabit də danışırmış ki, axırıncı dəfə Dınışın yanına gedib onu dilə tutdum ki, gəl gedək, əhalinin Arazdan addamasını  gözləyirik, bir azdan bizim əsgərlər də Arazı keçəcəklər, onda ermənilər gəlib səni tutacaqlar. Üzümə baxıb ağladı. Gözünün yaşını qoluyla silib dedi:

            -Rəiş, bəş təhvil-təşlimi kim eliyəjək? Bijdən bir nəfər qalıb buraları düşmana təhvil verməlidi axı? Deyirsən yanı, bir kopolu da olmaşın o zaman? O anqıran eşşəklər, o uluyan itdər, o yiyəşiz torpax... Yox, rəiş, yox... Mən qalıram...

                                                                                                 

 

                               MÜƏLLİF

 

            

        Bu yazı adi hekayə kimi (yəni uzun hekayə deyil) dərc olunandan sonra facebook ünvanıma bir mesaj daxil oldu: ”Salam. Mən sizin hekayənizi oxudum. Sağ olun, yaxşı yazmısınız. Amma adam birindən yazanda, deməz ki, ay adam, ay köpəy oğlu, sənnən yazı yazmışam, bir qulaq as, gör qələti-zadı yoxdu ki? Ya bəlkə sən də bu gədə-güdələr kimi üstümüzü unnu görüb adımızı dəyirmançı çağıracaxsan?!”

            Yazan dostluğumdakı biri deyildi. Sadəcə, messen-gerdən girib yazmışdı. Adı da beləydi: ƏLİ ƏLDƏN ÜZÜLƏN.

            Əvvəl fikir vermək istəmədim. Çünki hətta dostluğumda olan bəzi kəmsavadlar da vardı ki, hekayə ilə məqalənin fərqini bilmirdilər. Hər hansı bir hekayəmdəki ad oxşarlığına görə axmaq-axmaq sözlər yazırdılar. Hətta biri yazmışdı ki, Eteri mənəm (“Eteri” adlı hekayəm var – müəllif), amma siz orda düz yazmamısınız. Mən sizinlə heç vaxt eşq-filan yaşamamışam və həkaza... 

            Amma burda açıq ittiham vardı: “adam birindən yazanda...”, yaxud “bir qulaq as, gör qələti-zadı yoxdu ki...”, yaxud “gədə-güdələr kimi...” və bunun imzası”: “Əli əldən üzülən...”

            Götürüb cavab yazdım: “Sizi tanımıram. Bu hekayədəki hadisələrə bir iradınız varsa, mənə yazın, görüşək. Onu da deyim ki, hekayədə  təxəyyül məhsulu olan yerlər də var. Amma özək tamamən olmuş hadisədir. Sayqıyla: Müəllif.” Sonra telefon nömrəmi yazdım.

            Üstündən bir neçə saat keçmiş mobil telefonuma zəng gəldi. Salam-kəlamdan, qısa tanışlıqdan sonra bunları dedi: ”Hekayədəki Məti kişi mənəm. Adımı bir az dəyişmisən, canın sağ olsun. Adım Məhidir. Çox şeyi olduğu kimi yazmısan. O labirint dediyin yeri isə düzgün təsvir eliyə bilməmisən. Neyniyəsən ki? Görməmisən axı? Hə... Əyəm, vaxtın varsa, görüşək, mən saa daha düzgün məlumat verərəm...”

            Vədələşdik. İki gün sonra onunla Əcəmi metrostansi-yasının yaxınlığındakı çayxanada görüşəcəyimizə söz ver-dik.

 

***

 

            ...-Qardaşoğlu, onnan başdıyax ki, bu əhvalatı saa kim danışıb? Yanı ki, bu elə bir sirdi ki, onu bilən ya bir olar, ya iki? O mahnıda nə təhər deyir? “İsmi Pünhan ya bir olar, ya iki...” – Kişi gülümsünür və sanki buna peşman olub qaş-qabağını tökür. Qalın bığı sallanıb ağzını tamam örtür. Arıq sifəti bir az da ölgünləşir. Onsuz da quyunun dibində olan gözləri daha da dərinə çəkilir. Canımdan üşütmə keçir. Bu adamı agent kimi təsəvvür etməyə çalışıram...

            -Bilirsiniz... axı... 

            -Hə, bilirəm, deyəssən ki, maa daldada hamı Agent Məhi deyirmiş... nolsun, ona qalsa mənnən barabar bu işdə iki adam da vardı... Birin urus saldatdarı vaqonnan atıb öldüdülər, biri də Arazda boğuldu... Əslində onu boğub ora atmışdılar saldatdar... amma maa dəymədilər. Bilirsən niyə? Ona görə ki, mən onnara nömrə gəlmədim. Dilimi saxladım... Sən yeganə adamsan ki, indi olanları eşidirsən... Amma...

            -Hə, amma sz bir başqasına da danışmısınız axı...

            -Hə, lap... az qala yadımnan çıxmışdı... 

            -Məti... Məhi dayı, bəs niyə feysbukdakı adınız “Əli əldən üzülən”dir?

            -Sən gərək biləydin axı? O ölənnən sonra... – Kişinin yarasına elə bil duz basmışdın. İçini çəkə-çəkə, isti çaydan sonra ağzı yanmış adam fasonu soyuq havanı özünə çəkirmiş kimi gah üfürür, gah ufuldayırdı. Anladım ki, bu adam möcüzə sayəsində həyatda qala bilir bu anlarda. Əgər yazıçı marağım güc gəlməsəydi, ona sual verməz¬dim.

            -Həəəə... Bakıya gələnnən sohra cəmi on il yaşadı. Mən getdim yanına, ayağına düşdüm, danışdım başıma gələn-nəri... O da məni bağışdadı... Amma bir şərtnən: onlarla bir evdə yox, bir az aralıda tutduğum bir otaqlı mənzildə qalacaqdım... Belə də elədim. Di gəl, allah bunu da maa çox gördü. Onca il bir göyün altında qala bildik. Sohra yaman dərd tapdı onu. Mənim gözəl qadınım bir dəri, bir sümük oldu... – Kişi hönkürür. Elə ağlayır ki, məni də qəhər tutur. Çayçıdan su alıb ovcuna tökürəm, isladır üzünü. 

            -Sən bilirsənmi nooldu sohralar? – Atrıq özünə gəlib. Dili söz tuta bilir. – Doxsan ikiydimi, ya üçüydümü, bilmirəm, bizdə bir seyid vardı, cəbhəçiydi, məni çağırdı ki, bəs Əbülfəz Elçibəy gəlib. Səni görmək istiyir...

            -Prezident olan vaxtıydı?

            -Hə...

            -Görüşdünüz?

            -Geciynən gəldilər bizə. Məni maşına qoyub apardılar Cəbreyildə bir adamın evində görüşdürdülər. Ev sahibi hərbçiydi. Soyuq bir gündü. Çay içdik. Sonra ərişdə gəldi. O kişi ərişdəni görəndə gözləri bir işıqlandı ki!.. Həə... Mən də bir qab içdim utana-utana... Ürəyimdə dedim, ə, ayıbdı, ə! Bu kişiyə bir əmliy quzu kəsərəm, şişlərə çəkərəm, Əbdüləzimin zoğal arağınnan da qoyaram stola... Amma sonralar eşitdim ki, o kişi ərişdəni özü sifariş veribmiş... Nəysə... Çörəyimizi yeyib, Səlyan istəkanla¬rında  çayımızı işdik, qalxdıq ayağa. O evdə mənnən bir kəlmə də söz soruşan olmadı. Mən, əslində niyə çağırıl¬dığımı bilirdim. Amma bənsitmirdim. Bizim agentura işçilərinə urus çekistləri də, özümüzünkülər də ayrıca dərslər keçirdilər. Belə vəziyyətlərdə susmaq və işin axırını gözləmək lazımdır... 

           Yola çıxanda maşında ikimiz oturduq. Şofer yerdə qaldı. Bəy üzünü mənə tutub dedi ki, maşını sən sürəcəksən. Az qaldım soruşam ki, maşın sürməyimi hardan bilirsən, soruşmadım. Bu üzü üzlər görmüş villisi işə salıb düz Araz qlrağına sürdüm. Yolda dedi:

            -Mən tapşırmışdım ki, sənin Sovet hökümətinnən aldığın aylığı bərpa eləsinlər. Elədilərmi? Alırsanmı?

     Başımla “hə” işarəsi verdim. Sonra dedi:

            -Mən sənin kimliyini yaxşı bilirəm. Bu ölkənin prezidenti kimi Azərbaycanda sənin kimi 10-12 nəfər  qiymətli adamın olduğundan xəbərdaram. Başımızı çox qatırlar... Sizin kimi adamlarla özüm ilgilənə bilmirəm... Amma  səni görməliydim. Özü də təkbətək. Dünya etibar-sızdır... Mən o yeraltı sarayı – keçidi görmək istəyirəm. Göstərə bilərsənmi?

            Yenə başımla “hə” elədim. Gülümsündü. Maşını xeyli aralıda saxladım.

            -Burdan belə ayaqla getməliyik.

            -Nə qədər məsafə olar?

            -Bir kilometr.

            -Niyə maşınla... Hə aydındır. Gedək...

            Arxamızca gələnlərə “burada gözləyin” deyib qabağa düşdük. Bu vaxt ev sahibi bizə yanaşdı. Çiynindəki balaca avtomatı çıxardıb mənə uzatdı. Mən prezidentə baxdım, o da başıyla “hə” dedi və avtomatı çiynimə salıb qabağa düşdüm. Əbülfəz bəy də ardımca... Daha qalanını bilir-siniz... Yəni oranı bir dəfə təsvir eləmişəm... Yazdıqları-nız...

         -Mənə maraqlıdır, siz necə eləmisiniz ki, o yolu sizdən başqa bilən olmayıb? Ən azından uşaq-muşaq, çoban-çoluq tapa bilərdi?

         -Yer  elə seçilib ki, o səmt tamam böyürtkən kolla-rıyla çərhalğa əhatəyə alınıb... Yəni istəsən də, o kol-kosun içindən bir şey tapa bilməzsən... O ətraf həm də sirli bir məkan kimidir. Bir az aşağıda iki Xudafərin körpüsü var. O tayla burun-burunasan az qala. Bu yerlərdə Qurbani gəzib, Xətainin ayağı dəyib bura, Nadir şah keçib bura-lardan... Burda hər daş, hər ağac da dil olub dillənə bilər... Əyəm danışdıra bilsən...

            Bu miskin görkəmli qocada sözlər varmış! Mən də səhərdən buna acıyıram ki, indicə yıxılıb öləcək. Amma gör bu nələr danışır. Həm də qoca özünə mübhəm söhbətin içinə girənnən, fikir verirəm ki, elə bil gümrahlaşıb. 

            -Bəs o biri tayda?

            -Elə orda da hər yan böyürtkənlikdir. Onu qazanlar, içəridə tikinti aparanlar bunları qabaqcadan fikirləşiblər yəqin.

            -Bəy səninlə o yeraltı yolu gəzəndə nə dedi? Oranın tarixi-filanı barədə danışdımı? O rəhmətlik tarixçiydi axı?

               -Hə, dedi nələrsə. Lağım daha qədimdir qədimliyinə. Amma içdən tağbəndlərlə hörgü  Nadirşahın dövrünə aiddir dedi... İçəridə işlədilən daşlara fikir vermişəm, məncə birinci Xudafərin körpüsünü tikən adam tikib o yeraltı yoldakı tağbəndləri, divarları. Niyə? Ona görə ki, daşlar eynidi...

            -Bəs?..

            Sözümün dalısını gətirməyə qoymur:

            -Bəsdir. Day mən heç nə danışmıyacam. Mən tarixçi deyiləm. Bir də bunları, hələ yazmaq olmaz...

            -Heç mən də soruşmayacam, narahat olma. Gördüyümü gördüm. Arxayın oldum. Bu labrinti mənə danışmışdılar... Amma bir əfsanə kimi, rəvayət kimi bilmişdim. İndi anladım ki, hər əfsanənin də kökündə bir reallıq var... 

            -Bəy lağımları gəzdikcə şövqə gəlirdi. Elə bil tamam dəyişirdi. Ayrı adam olurdu. Gözləri alışıb yanırdı. Əlini o tağbənd daşlara sürtə-sürtə deyirdi ki, buranı, başımız aydınasın, bir yaxşıca təmir eləmək lazımdır... Amma hələlik gizlicə, gecələr eləməliyik ki, farslar duyuq düşməsinlər... Ehhhh... Məhi kişi, hələ görüləsi işlərimiz çoxdu. Lap çox... Siz isə bu sirri necə qorumusunuz indiyəcən, elə də qoruyun... Biz yenə görüşəcəyik...

            Qoca kövrəldi. Əyilib gülün dibindən bir parça daş götürüb mənə uzatdı:

            -Bu daşın da dərdi var. Hansısa qayadan qopub bura düşüb... Bizim dərdimiz isə çox böyükdür... Elə bu daşınki kimi...

            Ayrılanda lap astadan dedi:

    -Bəyin bir dostu vardı – Talehdi adı. Bir gün hardansa gəlib məni qaldığım yataqxanada tapdı. (Bəylə görüşəndə o da orada idi. Bir-birimizi tanıyırdıq.) Xoş-beşdən sonra mənə bir açar verib dedi:

            -Mən kəndimizə qayıdıram. İki otaqlı evim var. Onu sənə bağışlayıram. Get, rayonunuz alınana qədər yaşa...

            -Dedim, birdən allah eləməsin, rayonumuz alınmasa?

            Dedi, evi onsuz da sənin adına keçirmişəm. Mən də evi nəvəm Nazimə verdim... O da satdı,  o pulla çıxdı getdi Türkiyədə biznes qurdu... İndi namxuda, beş kişidən biri olub. Bəyin nəfəsi toxunan yerdə bərəkər var, artım var... Yeri behişt olsun.

            

                                                             ***

             Qar yağıb. Özü də çox. Buralar bəlkə də belə qarı yüz il qabaq görməyib... Yox əşşi, nə yüz il?!. 

          Yaddaşını qurdala. Sən Bakıya gələndə neçənci il idi? Dayan? Yetmiş bir? Hə. Yetmiş birinci il idi. İnstitutdan kəsildin, neftayırma zavodunda işləyirdin. Yetmiş ikinin yanvarında bir qar tutdu ki, zavoda işə ayaqla gedəsi oldun... Sonralar danışırdılar ki, kəndinizdə Səttar kişi ilə Həsənalı kişi ölübmüş. Qəbirin əhlədinə döşəmək üçün sal daş lazım olub, qar hər tərəfi basdığından gedib çayın içindən uzun daşlar çıxardıb gətiriblər qəbirsanlığa... 

          İndi molla deyir ki, niyə qəbirin əhlədini bu qədər gen qazmısınız? Ağ lay daşlar ki, əhlədə döşəmisiniz, sınar, qəbir batar axı?

          Kimsə dillənir:

          -Ay molla əmi, qəbir gərək itsin, batsın də... Qoy itsin. Biz o boyda el, torpaq itirmişik... Bu qəbir nədir onların yanında?!

          -Molla əmi, meyid şişmişdi... Qorxduq ki, qəbirə yerləşməz.... Ona görə əhləd elə gen qazılıb... –Kimsə az qala pıçıltıyla deyir.

          Bu kimin səsidir? Dayan, dayan. Həəə... Məti kişinin – ölən adamın oğludur bu. Hekayəmizin əvvəlində başını itirmiş adam... Bəs onun arxasında qara gözlüklü kimdir? Mən bu adamı harda görmüşəm? Bəyaz saçları, çal bığları, sivri burnu var. Gözlərini qara gözlük örtməsəydi kaş... Mənim ona baxdığımı sezib başını yerə dikir elə bil. 

     -Salam. – Gözlüklü adama yaxınlaşıb salam verirəm. Gözlüyünü çıxarmadan salamımı alıb əlini uzadır. Mənim israrla onun gözlüklə qapanmış gözlərinə baxdığımı görüb gülümsəməyə çalışır.

     -Mən Talehəm... Bəyin dostu. Sizi yaxşı tanıyıram. Bəy haqqında yazdıqlarınızı oxumuşam. Tam ürəyimcə deyilsə də... amma yenə də sağ olun...

     -Onlar ədəbiyyatdır... Hekayələr... Nəsr... Proza... Orda hər şey həyatdakı kimi olmaya bilir...

     -Hə, elə olmağına elədir... Amma bu Bəydir hər halda...

     -Düzdür... Amma Bəy sizin, bizim gördüyümüz Bəy idimi?

     Səksənir. Gözlüyünü çıxardır. Siqaret yandırır.

     -...Vəhdəhula şərikələ...-Molla meyid duası verir. Biz səsimizi bir az da qısırıq.

     -Yox, təbii. Biz Bəyin 20, uzağı 30 faizini görür və dərk edirdik. O bu zəmanənin adamı deyildi... Bu Məti kişini bilirsinizmi hardan tanıyıram?

     -Siz də Bəylə getmişdiniz o yeraltı labrintə?

     Səksənir. Nədənsə gözlüyünü taxır. Siqaretini qarın içinə atır. Cızıldayan qarda siqaret qəribə sarı ləkələr buraxır. Biz qəbiristanın yüz metirliyindəki Yanardağ vulkanına tərəf addımlayırıq. Vulkan iki il əvvəl aktivləşibmiş. Yaxındakı qəbirlərin bir çoxunu palçıq basıb, itiblər. Bizim kənddən də burada basdırılan bir neçə qəbir yoxa çıxıb. Acı-acı gülümsünürəm.

     -Dəhşətdir. Bizim adamların bir çoxu bu vulkanın o üzündə qeyri-qanuni satılan torpaqlarda icazəsiz evlər tikib qorxa-qorxa yaşayırlar. Sonra da ölüb bu üzdəki qeyri-qanuni qəbiristanda basdırılırlar və vulkan püskürəndə qəbirlərini basır, silir yer üzündən... Bu Məti kişinin də qəbri bir gün itəcək... Elə bil bu sözü bu bədbəxtlər üçün deyiblər: ”Müsəlmanın qəbri itməlidir.”

       -Siz bilirdiniz ki, vaxtilə Həkəri çayının altı ilə Şəhri-Şərifandan Məmmədbəyli türbəsinə yeraltı yol varmış?

       -Yooox, - deyə heyrətlə cavab verirəm. O vulkanın bayıra atdığı parlaq süxurları ayağı ilə tərpədib gülüm-sünür.

       -Bəyin anası siz tərəfdən, Qafanın hansısa kəndindən idi... Onunla bir dəfə sizin rayonu gəzə-gəzə gedib Şəhri-Şərifanın xarabalıqlarına çıxdıq. Əlini çayın o tayındakı Məmmədbəyli türbəsinə uzadıb dedi ki, bax, bu çayın altından o türbəyə yol varmış. Babəki o qalaçada dustaq saxlayıblar. Sonra o yeraltı yolla gətirib Şəhri-Şərifandan Samirəyə aparıblar... Məti kişi danışırmış ki, o yolu da bilir. Bəy düşünürdü ki, Xudafərindəki yeraltı yolu da, Şərifandakını da təmir etdirsin... Bir tarixi abidə kimi... Əksər arzuları kimi o da həyata keçmədi... Məti kişi ilə biz hərdən görüşürdük...

       Hirslə dillənirəm:

       -Nolsun?! Mən də görüşmüşəm... Söz qopartmaq olmurdu ki?!

       -Həəə... O peşəkar idi... Eləsi sirr verməz...

       -Siz Məti kişi ilə dost ola bildinizmi?

       -Yox, canım! Adamı yaxına buraxırdı ki!?.. Sözü maqqaşla çəkirdin elə bil... Çekistlərin bir çoxu beləydi... Onun kapitan rütbəsi varmış.  Amma əlində heç bir sənədi yoxuymuş. Sovet vaxtı hər ay paketlə nə qədərsə təqaüd alırmış... Müstəqillik zamanı düz altı ay o təqaüd kəsilir. Və bəy hardansa xəbər tutur, kişinin təqaüdünü bərpa etdirir... Fikir verirsiniz? Əgər təqaüd bərpa olunmasaydı, səsini çıxartmayacaqdı... Adam   öz işinə, andına necə də sədaqətliymiş!?. Bilirsiniz də, çekistlər işə qəbul zamanı and içirlər. Adam andına necə sadiq qalıb... Bəy belələrinin aşiqi idi. Deyirdi ki, bizim ən böyük çətinliyimiz kadr məsələsidir. Gərək on iləcən bu məsələni qəti həll edək. Türkiyəyə göndərilən tələbələr, əslində buna hesablanmışdı... 

                     Səsi qırılır. Hiss edirəm ki, qəhər tutub. Əyilib bir çəngə qar götürüb üzünə sürtür. Elə bil bədəninə dolmuş odu bu yolla qovmaq istəyir.

                    -Bu günlərdə o gənclərdən biri ilə görüşdüm. Saqqal buraxıb, təsbeh sallayır. Soruşdum bu nə haldır? Dedi ki, neyniyim, iş vermirlər, bir türkiyəli iş adamıyla burda biznes qurmuşam... O da dindardır. Deyir gərək halal biznes quraq. Bunun da yolu dindən, imandan keçir... Günümüzə bax də...

                   Xəbərimiz olmadan danışa-danışa gəlib vulkanın lap ağzına çıxmışıq. Taleh pıqhapıqq qaynayan vulkanı görüb maraqla ona doğru gedir. Mən: “Çox irəli getməyin, təhlükəlidir” demək istəsəm də, özümü saxlaya bilmirəm və onun kimi düz vulkanın gözünə yaxınlaşıram. Bu zaman hala gəlmiş xəmir kimi qəfil qalxan vulkan üstümüzə sıçrayır... Şalvarımızın ayaqlarına ləkələr düşür. Amma geriləmirik. Bu sönmüş vulkan bizi özünə çəkir...

                  Bir qədər aşağıda isə bir zaman püskürmüş vulkanın gümüş kimi parıldayan qalıqları bərq vurur...

 

  2015 - 2017

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)