Edebiyyat.az » Söhbət » Xəyal Bayramlının şəhid Əsədullah Həsənovun qardaşı ilə müsahibəsi.

Xəyal Bayramlının şəhid Əsədullah Həsənovun qardaşı ilə müsahibəsi.

Xəyal Bayramlının şəhid Əsədullah Həsənovun qardaşı ilə müsahibəsi.
Söhbət
admin
Müəllif:
10:40, 04 noyabr 2024
875
0
Xəyal Bayramlının şəhid Əsədullah Həsənov qardaşı ilə müsahibəsi.



 Qubadlı rayonunun Fərcan kənd sakini, şəhid Bəhruz Vəliyevin qardaşı Mübarək bəyin Sumqayıtda yerləşən evində həmkəndlisi, dəyərli ağsaqqal Nizami əmi ilə qonağıq. Bu evdə Mübarək bəydən şəhid qardaşı Bəhruz Vəliyev, Mübarək bəyin qonşusu, həm də yaxın qohumu olan Nailə xanımdan isə şəhid oğlu Hikmət Zamanov haqqında reportajlar götürüb sizlərə təqdim etdim. Bu dəfəki reportajım isə Fərcan kəndinin başqa bir şəhidi haqqındadır.


Nizami əminin zəng vurmağı ilə qapının döyülməsi, demək olar, bir oldu. Hündür, yaraşıqlı bir kişi bizi qarşıladı. Süfrə arxasında yemək yediyimizdən ev sahibi gələn qonağı da yeməyə dəvət etdi. Həcər xanımın bişirdiyi Qubadlı plovunu bəh-bəhlə nuş edirik. Üstündən də noxudlu dovğa içirik. Dovğanın dadı da plovdan heç geri qalmır.

Söhbətimizin gedişində məlum olur ki, qonağımız Fərcan kəndindən olan başqa bir şəhid- Əsədullah Nuşirəvan oğlu Həsənovun qardaşıdır. Yeməyi yekunlaşdırıb şəhidimizin qardaşı ilə reportaja başlayırıq.


- Özünüzü zəhmət olmasa, təqdim edin.

- Həbullah Nuşu oğlu Həsənov. Atamın adı Nuşirəvandır, amma şəxsiyyət vəsiqəmdə atamın adı Nuşu olaraq qeyd edilib. Şəhid qardaşımın sənədlərində isə atamın adı olduğu kimi - Nuşirəvan olaraq qeyd edilib.

- Şəhid qardaşınız nə vaxt dünyaya gəlib?

- Qardaşım Əsədullah Nuşirəvan oğlu Həsənov 1963-cü ildə dünyaya göz açıb. Sovet dövründə hərbi xidmətini Əfqanıstanda keçib. Əfqanıstandan  orden və medallarla qayıdıb.


- Əfqanıstandan qayıdanda da doğma yurdunun üzərini qara buludlar almışdı.


- Azərbaycanda müharibə başlamışdı. Əfqanıstan müharibəsi iştirakçılarından ibarət də polk yaradılmışdı. Qardaşım 1994-cü ilin yanvar ayında Sumqayıt şəhər hərbi komissarlığına müraciət etdi və könüllü şəkildə cəbhəyə yollandı. Əfqanıstan müharibəsi iştirakçıları döyüş təcrübəsinə malik idilər və avtomat görməyən cavan oğlanlardansa özlərinin müharibəyə çağırılmağını tələb edirdilər. Hərbi komissarlıqdan qardaşımgili Neftçala rayonunun Bankə qəsəbəsinə aparırlar. Orda müəyyən hərbi təlim keçdikdən sonra Gəncəyə aparırlar. Nizami poliqonuna, sonra da Gorana gedirlər. Murova yollayırlar daha sonra. Fevral ayının 13-ü bizə xəbər gəldi ki, Murovda qar uçqunu olub. Elə o vaxtdan da qardaşımın axtarışına başladıq. İndiyə qədər də bir xəbər yoxdur..


- Qardaşınıza şəhid statusu verilibmi?


- Bəli. Qar uçqunundan 6-7 ay sonra çətinliklə verdilər. Onun bir oğlu yeddi yaşında balkondan yıxılıb öldü. Həmin oğlunun adı Elvin idi. O biri oğlunun adı Ziyadır. Ziya sağdır. Ailəlidir.


- Qardaşınızın axtarışı barəsində bir az danışaq.


- Axtarışla bağlı çox əziyyət çəkdik. Suda boğulan saman çöpündən yapışar. 1995-ci ilin may ayında əsir və girov götürülənlərimizdən bir qrup şəxs geri qaytarılmışdı. Onların içərisində Füzuli rayonundan olan Həsən adlı bir mülki şəxs var idi. Qardaşımın şəklini göstərəndə dedi ki, bu oğlanı tanıyıram. Qardaşın Xankəndidə saxlanılır. Sağ ya sol qıçından da yaralıdır. Çox sevinirdik. Həmin əsir və girovluqdan azad edilənləri Daxili İşlər Nazirliyinin hospitalına gətirmişdilər. Həmin bu hadisədən bir neçə gün keçdi. Həmin adamları təhlükəsizlik orqanlarımız dindirdi. Sonra yenə həmin Həsənlə məni görüşdürdülər. Bu dəfə qardaşımı gördüyünü boynuna götürmədi. O kişi sonra getdi İmişli rayonunun Muradalılı kəndinə. Məcburi köçkün düşəndən sonra ailəsi ilə həmin kənddə məskunlaşmışdılar. Nə qədər yalvar-yaxış etdik, amma görmüşəm demədi. O vaxt qayda belə idi: şəxsin əsir və ya girov olmağını təsdiq edən bir nəfər canlı şahidin olmağı bəs edirdi ki, həmin adamın arxasınca komissiya göndərilsin. Qırmızı Xaç, Qızıl Aypara cəmiyyətlərinə nə qədər müraciətlər etdik, amma faydası olmadı. Tərcüməçi də tutmuşdum ki, xarici dillərdə danışar beynəlxalq nümayəndələrlə, amma Həsən adlı o kişi bütün planı pozdu. Dedi ki, görməmişəm.

- Qardaşınızın uşaqlığından danışa bilərsiniz?

- 1963-cü ilin iyun ayının 1-də dünyaya göz açıb. Uşaqlığından çox cəsur uşaq olub.

- İdmanla məşğul idi?

- Hə. O vaxtı karate qadağan edilmişdi. Əsgərlikdən qayıdandan sonra İnşaatçılar stadionunda gizli şəkildə karate ilə məşğul idi. Çox qüvvətli idi. Tale belə gətirdi..

- Musiqi alətlərində ifa edə bilirdimi?

- Çox gözəl əl qabiliyyəti var idi. Rəssamlığı var idi.

- Çəkdiyi rəsmlərdən hazırda qalan varmı?

- Bəlkə, indi evində qalar. Əfqanıstandan qayıdandan sonra 4-cü mikrorayondan birotaqlı mənzil vermişdilər ailəlikcə onlara. 42-ci kvartalda başqa bir mənzilə dəyişdilər.

- Orta  məktəbdə necə  oxuyurdu?

- Orta. Sumqayıtda işlədi. Sonuncu iş yeri Sumqayıtdakı kompressorlar zavodu olub. Ordan gedib müharibəyə.

- Necə bir ailədə böyümüsünüz?

- Atam rayonda yol idarəsində fəhlə işləyirdi. Əvvəl  kolxozda çoban olub. Qardaşım 8-ci sinfi bitirəndən  sonra Sumqayıtda işləyirdi. Gözəl əl qabiliyyəti var idi. Təmir işləri ilə bacaran elə güclü ustalar yox idi o vaxtlar. Şənbə- bazar günlərində qonşuda ya  tanışda təmir işi ilə məşğul olardı qardaşım. 

- Ailədə neçə övlad olmusunuz?

- 3 bacı, 6 qardaş olmuşuq. İki qardaşım Əfqanıstan müharibəsi iştirakçısı olub. O biri qardaşım  Sadıq dünyasını dəyişib.

- Fərcana hücumlar  başlayanda  qardaşınız  da orda idi?

- Xeyr. Rayonumuz işğal ediləndən sonra könüllü şəkildə yollandı müharibəyə. Qardaşım əvvəllər dəfələrlə müraciət etmişdi, amma yaş həddinə görə aparmırdılar. Əvvəl 30 yaşa kimi aparırdılar. Sonra Əfqan polku yaradıldı. Elə gedə bildi.

- Qardaşınızın axtarışı ilə bağlı nə deyə bilərsiniz?

- Axtarışla  bağlı Gürcüstanın Qardabani şəhərinə getmişdik. Orda dedilər ki, Ermənistanda yaşayan Artaşat rayonunun prokuroru var. Qadındır. Onun qardaşı mayor Lova Goranboyda tutulub, Qobustanda saxlanılır. Gürcüstana həmin prokurorla görüşməyə getdik. Mən burdan gedəndə evdə ağlaşma düşürdü. Biri getdi, bu da gedir deyirdilər, amma gedirdim.Ölümə də olsa, getməyə hazır idim qardaşım üçün. Getdik orda bir erməninin evinə. Qapıdan içəri girəndə bunun iki oğlunu gördüm. Şkaf boyda idilər. Azərbaycan dilində də bizdən təmiz danışırdılar. Qorxu hissi hamıda var. Qış günüdür, palto geyinmişəm, bıçağı da itiləyib gizlətmişəm paltonun içində. "Narahat olmayın, keçin" - deyib mətbəxə çağırdılar. "Paltonuzu soyunun" -  dedilər. Dedim, yox, soyunmuruq. Məndə ayaqqabıda da bıçaq var idi. Müşahidə etdim ki, bizə zərər yetirmək fikirlərində yoxdur. Üç nəfər idik: biri Tovuz rayonu Əsrik Cırdaxan kəndindən idi, bacısı tutulmuşdu. Həmin prokuror qadın gəldi. Gəldi və dedi ki, qardaşım yaralıdır, şəklini gətirin mənə, yazsın yaşayıram. Məktub lazım deyil. Kimləri axtarırıqsa, onların siyahısını yazıb verdim. O vaxtı yanacaq yox idi, yolun çoxunu piyada getdik.  8-ci mikrorayonda birotaqlı mənzilim var idi, borc-xərc pul tapırdım və qardaşımın axtarışına gedirdi. Mənə bir dəfə bir ağıllı məsləhət verdilər. Dedilər ki, qardaşınla bağlı hansısa məlumatı bilərəkdən səhv yaz. Məsələn, Nuşirəvan yox, Əli oğlu yaz. Əgər ordan cavab gəlsə ki, burda Əli oğlu yox, Nuşirəvan oğlu var, deməli, qardaşın həqiqətən onların əlindədir. Mən qardaşım haqda bütün məlumatları düzgün qeyd etdim. Cavab gəldi ki, bəli, burdadır. Artıq başa düşdüm ki, bu ermənilər bizi aldadırlar. Onlar  bizdən benzin istəmişdilər, əlavə şeylər də istəyirdilər.  Biz də benzini verməyə razı idik ki, təki itiklərimiz geri qayıtsın. Axtarışlarla əlaqədar əldən düşüb xəstə yatdım. Haşım Qobustanda erməni mayor Lovanın şəklini çəkmişdi. Bacısı dedi ki, qardaşımın qıçı yaralı idi, ayağı qanqren versə, burdakı əsirlərin hamısının ayağını kəsdirəcəyəm. Qardaşımı dik vəziyyətdə ayaq üstdə çəkin. Sonunda bilindi ki, ermənilər tərəfdən həmin bu adamlar fırıldaqçıdırlar.


Bir dəfə  radioda eşitdim ki, qardaşım tapılıb. Sevincdən göylərə uçuram mən də. Sonra dedilər ki, qardaşın tapılmayıb, yanlış informasiyadır. Çox adamın qəbulunda olurdum qardaşım üçün. İçlərində ümid verib dəstək olanlar da olurdu, ümidimi qıranlar da. Rövşən Cavadovun qardaşı, Xətai rayon prokuroru Mahir Cavadovun qəbulunda oldum.  Mahir Cavadov dedi ki, sənin qardaşın təkcə sənin qardaşın deyil, hamımızın qardaşıdır. 

Sumqayıt Şəhidlər Xiyabanında itkin düşən hərbçilər üçün barelyef var. Qardaşımın da adı ora həkk olunub. Bu yaxında Murovda qardaşımla eyni vaxtda itkin düşən hərbçilərdən ikisinin sümükləri tapıldığı üçün qızıl suyu ilə adları silindi barelyefdən.


- Qardaşınızın Murovdakı qar uçqunundan sağ çıxdığına inanırsızmı?


Mən qardaşımın kömək etdiyi bir çox adamla danışmışam. Onlar deyirdilər ki, batalyonun o uçqundan sağ çıxmamağına inanarıq, amma Əsədullahın  yox. Qardaşım Əfqanıstanda çətin dağ relyefində xidmət etmişdi. Peşəkar hərbçi idi. Qardaşım döyüş yoldaşlarına deyirmiş ki, hərəkət edin ki, donmayasınız.


- Qardaşınızı yuxunuzda görürsünüz?

- Görürəm.

- Danışır sizlə?

......... (səssizlik)


Müsahibimin gözlərindən qeyri-iradi yaş süzülür. Ürəyimdə özümü qınayıram: kaş axırıncı sualı verməzdim. Mənzildən həyətə düşəndə müsahibim ev sahibi ilə birgə siqaretin tüstüsünü ciyərlərinə alır. Siqaret çəkənlər bəhanə olaraq çox vaxt dərddən çəkdiklərini deyirlər. Müsahibim isə elə dərdindən çəkir... Sonuncu sualıma görə üzrxahlığımı bildirirəm. Onlarla sağollaşıb Nizami əmi ilə birgə Bakıya qayıdıram.

Vaqonda Nizami əmi görün nə deyir: "Fikir verdin, qardaşoğlu, şəhidlərin üzlərinə? Hamısının üzündən nur yağır, hamısı da bir-birinə oxşayır..."

                                                            


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)