ERİK HOFFER - FİLOSOF, YAZIÇI VƏ MARAQLI İNSAN
Təqdimat
ERİK HOFFER - FİLOSOF, YAZIÇI VƏ MARAQLI İNSAN
1951-ci ildə yazılan "Həqiqi inam sahibi" sosial psixologiya kontekstində kütlə hərəkatlarına istiqamət verən insan şəxsiyyətlərini təhlil edən kitabdır. Kütlə hərəkatları niyə yaranır, inkişaf edir və sonlanırlar? Müxtəlif kütlə hərəkatları arasında oxşar cəhətlər nələrdir? Hoffer kütlə hərəkatlarının birində o birisinə necə transformasiya olduğunu və necə daima motivasiya tapdığı haqda olduqca gözəl arqumentlər irəli sürüb. İstər dini olsun, istər siyasi, istər milliyətçi və istərsə də radikal fanatiklərin xülyalarına əsaslanan hərəkat olsun, hər bir halda onlar eyni vasitələri, nəzəri alətləri, strategiyaları və taktikaları istifadə edəcəklər. Kitab Faşizm, Kommunizm, Nasional sosializm, Xristianlıq, Protestantlıq və İslamdan parlaq nümunələr gətirir. Onu da qeyd edək ki, kitab 1951-2002-ci illər arasında 23 dəfə nəşr olunub.
Bəşər övladı böyük insan olmaq həvəsi ilə alışıb yanır, fəqət bir gün başa düşür ki, kiçik insandır, xoşbəxt olmaq üçün alışıb yanır, fəqət bir gün başa düşür ki, bədbəxtdir, mükəmməlləşmək istəyindədir, fəqət bir gün başa düşür ki, qüsurlarla doludur, insanlar tərəfindən sevilən və hörmət edilən birisi olmaq üçün ümid bəsləyir, lakin bir gün başa düşür ki, qüsurları səbəbiylə sadəcə insanların xoş münasibətinə möhtacdır.
Hissəvi olaraq epistemologiyanın və ümumi olaraq fəlsəfənin ən əsas suallarından olan "niyə inandığınıza qarşı inam bəsləyirsiniz?" sualı bir çox parlaq zehinləri məşğul edən əbədi sualdır. Razılaşarsınız ki, azyaşlı uşaqların dünyanı tanımağa başladıqları andan etibarən valideynlərinə və ümumiyyətlə böyüklərə hər daima verdikləri "niyə?" sualı ilk cavabından başlayaraq daha da xırdalıqlı hal alanadək başağrıdıcı və bulanıq bir şey olmağa başlayır. Azyaşlı uşaqlara verilən cavablar onların ilkin inanc sistemlərini əmələ gətirməyə başlayır. Bir çox halda bizlər istismarcı formada nəyə inanmalı olduğumuzu valideynlərimizdən öyrənirik, eyni zamanda da ətrafımızda olan süspenzik sosium bizə nəyə və niyə inanmalı olduğumuzu məcburi olaraq, seçim şansı təqdim etmədən öyrədir.
Adətən insanlarda öz varlıqlarını formalaşdıran gücləri mənlikləri xaricində axtarmaq meyilliliyi vardır. Uğur və uğursuzluqlarımızın səbəblərini çevrəmizlə əlaqələndirməkdən çəkinmirik. Elə bu səbəbdəndir ki, uğur qazanan insanlar bu dünyanı eynilə qoruyub saxlamağı, məyusluq yaşayanlar isə onu təməldən dəyişdirməyi istəyirlər.
Bütün kütlə hərəkatlarının yanacağını əmələ gətirən inamı təhlil etmək, suallar vermək olduqca təhlükəli cəhddir. Erik Hoffer bu vəzifəsinin öhdəsindən asanlıqla gəlib. Bəs yaxşı Erik Hoffer kimdir? Müəllifin olduqca maraqlı həyatı olub. 1902-ci ildə miqrant alman yəhudiləri ailəsində dünyaya göz açan Erik Hoffer, 6 yaşında naməlum səbəblərdən görmə qabiliyyətini itirir. 15 yaşında yenidən görmə qabiliyyətini əldə edən Hoffer, bərpa olunan bacarığını itirə biləcəyi qorxusu ilə yaşayır və bacardıqca çox oxumaq, öyrənmək qərarını verir. Montenin "Təcrübələr" əsərindən təsirlənərək yazmağa başladı. Gənc yaşlarında valideynlərini itirdi. Hərbi xidmətə getmək istəyi isə sağlamlığına görə təxirə salındı. Olduqca yoxsul həyat tərzi onu intihara belə sövq etdi. Həyatı boyu orta və ali təhsil almayan Hoffer satıcı, fəhlə, dağ-mədən işçisi, əkinçi və limanda yükdaşıyan qismində bir çox işlərlə məşğul oldu. 1938-ci ildə "Common Ground" jurnalına göndərdiyi məqalə diqqəti cəlb edir və belə olduğunu görən Hoffer ilk kitabını - "Həqiqi inam sahibləri" kitabını yazmağa başlayır. Kitab 1951-ci ildə milyonlarla satıldı. 1983-cü ildə Ronald Reqan onu Heri Truman tərəfindən əsası qoyulan Amerikanın ən vacib və ali mükafatı olan "Presidential Medal of Freedom" ilə təltif etdi. 1964-cü ildə isə Berkli Universitetində pedaqoji fəaliyyətə başlayan Hoffer, bu haqda dostlarına xəbər vermədən fəhləliklə də məşğul olmağa davam etdi. Erik Hofferin həyatı haqda oxuduqda onun sıradan bir yazıçı olmadığını başa düşürük.
Gələcəyə bəslənilən qorxu bizi bu günümüzə sarılmağımıza, gələcəyə bəslənən ümid isə bizim dəyişikliyə istəkli olmağımıza səbəb olur. Varlı ya da yoxsul, zəif ya da güclü, hamının gələcəkdən qorxmağı bir xeyli mümkündür.
Dörd əsas hissədən ibarət olan kitabın birinci hissəsi kütlənin başqa birisi olmaq, dəyişmək, özündən qaçmaq, yeni şəxsiyyət qazanmaq istəkləri, ikinci hissədə inanc dəyişdirmək istəyən kütlənin psixologiyasını təhlili, üçüncü bölmədə kollektiv düşüncə və hərəkatlar haqda təhlillər yer alıb. Dördüncü bölümdə isə müxtəlif mövzulara toxunan müəllif kitabı yekunlaşdırır.
Tarix boyu ən böyük əsərləri yaradanlar həmişə böyük şəhərlərdə ortaya çıxıb. İnsan şəhərdə insan olmuşdur. Şəhərləşmə olmasaydı, insan deyə bir qavram olmazdı. Maraqlıdır ki, insanları degenerasiyaya gətirib çıxaran da şəhərləşmədir. Əgər insanlar bu böyük şəhərlərdə həyata uyğunlaşa bilmirsə, deməli bəzi millətlərin yer üzündən silinmə ehtimalı var.*
"Həqiqi inam sahibləri" kitabı ilə Hoffer istər dini olsun, istərsə də siyasi kütlə hərəkatları olsun, çalışır ki, fikirlərini həyatını müqəddəs amal üçün qurban verməyə çalışan insan modeli vasitəsi ilə izah etsin. Kütlə hərəkatlarının kökündə dayanann zərif psixologiyanı izah etmək kifayət qədər dərin zəka və təcrübəli müşahidə bacarıqları tələb edir. Müəllifin və ortaya qoyduğu kitabın ən əsas xüsusiyyəti ondan ibarətdir ki, müəllif kütlənin içindən çıxmış, kütlənin bütün əziyyətlərini, ehtiyaclarını və yanaşmasını bilən birisidir. Adətən düşünən insanlar oxuyaraq, düşünərək özlərini kütlədən ayırırlar. O qədər ayırırlar ki, bir-birilərini tanımaz olurlar. Kənardan müşahidə edib ya aqressiya bəsləyirlər, ya da mişenə çevirib bombardıman edirlər. Öz fərziyyələrinin, hipotezlərinin və proqnozlarının hədəfinə çevirirlər. Əslində isə Erik Hofferin yanaşması daha doğru hesab etmək olar: kütləni tanımaq, onun ehtiyaclarını bilmək və onunla dil tapmaq lazımdır. Bunları etmək üçünsə indiyə qədər yol verilən səhvləri bir daha etməmək lazımdır.
Günlük işlərində uğursuzluğa düçar olanlar qeyri-mümkün hədəflərə köklənir. Bu, onların uğursuzluklarını kamuflaj etmək üçün vasitədir. Çünki adi uğursuzluğun səbəbi şəxsin özüdürsə, qeyri-mümkün uğursuzluğunun səbəbi reallaşma ehtimalının çətin olmasıdır.*
Düşünürəm ki, ixtisasından və maraq dairəsindən asılı olmayaraq istənilən intellektual "Həqiqi inam sahibi"-ni oxuyub başa düşə biləcək. Eyni zamanda onu da qeyd etməkdə fayda vardır ki, kitab günümüz etibari ilə olduqca aktualdır. Uyuşmuş cəmiyyətlərin oyanması və şəhər mədəniyyətinin deqradasiyadan xilası məhz belə müəlliflərin əsərləri sayəsində mümkün ola bilər.
İnanc (iman) bir kimlik qazanma prosesidir. Bu proses vasitəsilə insan, özü olmaqdan imtina edərək ölümsüz bir şeyin bir hissəsi olur. Bir dinin, millətin, irqin, siyasi partiyanın və ya ailənin müqəddaratına olan inanc…insanlığa, gələcək nəsillərə olan inanc, yox edilmə vəziyyətiylə qarşılaşmış olan mənliyimizi bu ölümsüz şeyə bağlamaqdan başqa nə ola bilərdi ki?*
Eqoistlər məyus olmağa daha çox meyillidirlər. İnsan nə qədər çox eqoist olsa, məyusluq o qədər şiddətli olacaq.*
Azadlıq məyusluq hissini azalda, bəzən də çoxalda bilir. Seçim azadlığı uğursuzluğun günahını fərdin çiyninə yükləyir. Həmçinin azadlıq, bir çox təşəbbüsü gerçəkləşdirmə cəsarəti yaratdığı üçün məyusluq və məğlubiyyət ehtimalını artırır.*
Nəyisə sevdiyimiz zaman bizim kimi onu sevən “tərəfkeşlər”ə ehtiyacımız olmur, əksinə ,sevmədiyimiz nəyisə sevənləri agressiv rəqib kimi görürürük. Nəyəsə nifrət etdiyimiz zaman isə bizim kimi eyni nifrəti daşıyan insanları axtarmağa başlıyırıq.*
Bir çox şeyə sahib olub daha çoxunu əldə edə bilmədikdə yaranan məyusluq, heç nəyə sahib olmayıb bəzi şeylərə sahib olmaq istəmənin məyusluğundan daha şiddətlidir.*
https://niftiyevibrahim.blogspot.com/2016/02/erik-hoffer-hqiqi-inam-sahibi.html
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Ziqmund Freyd fərziyyələrinin süqutu