Edebiyyat.az » Ədəbi tənqid » ŞVARTSMAN - Qoy işığı söndürüm(e s s e)

ŞVARTSMAN - Qoy işığı söndürüm(e s s e)

ŞVARTSMAN - Qoy işığı söndürüm(e s s e)
Ədəbi tənqid
admin
Müəllif:
08:31, 13 aprel 2022
1 346
0
Ş VARTSMAN - Qoy i ş ı ğ ı söndürüm (e s s e)





 

 

Məni sevişərkən görsəniz heyrətlənərsiniz.

Ayaqlarımı hirslə açaram. 

Kimsələr bilməz bir kişinin altında yatdığımda əslində 

harada... harada... harada yataram. 

Dilim bir ilan kimi uzundur. 

Yaladığı həşeyi yandırar. 

Qulaqlarım quyulardan dərindir. 

İçinə bilinməyən  səslər axar. 

Qabığımda böyük... böyük... böyük bir ləkə var. 

 

Minə Söyüt, “Dəli  qadın hekayələri”

 

 

Bir romana, hekayəyə, yaxud  bir esseyə başlamazdan əvvəl həmişə bunu düşünmüşəm: necə başlayım ki, oxucu üçün darıxdırıcı olmasın? Cavabım da bu olub ki, əgər oxuyarkən mən özüm darıxmıramsa, oxucu da darıxmayacaq. Aygün Kazımovanın 1999-cu ildəki “Sənsizliyim” mahnısından danışacağam. Sözləri Vahid Əzizin, musiqisi isə Rövşən Şərəflinin olan bu kədərli və gözəl  mahnının klipini rejissor Aqil M.Quliyev çəkib. Deyilənə görə, bir zamanlar işıq idarəsinin (BARMEK) belə qadağa qoyduğu, mətbuatın mahnının sözlərindən  yaratdığı uzun-uzun xəbərlər və dövrünün tənqid atəşinə tutulan Aygün Kazımovanın kliplərindən biri. Həmin dövrdə mənim səkkiz yaşım vardı, bu mahnı ilə bağlı xatırladığım budur ki, çox popular idi və hətta “Aygünün işığını söndürün” kimi parodiya da edilirdi. Bu mahnının tarixi haqqında çox dərin araşdırma aparmadan, Aygünün və yaradıcılığının simasında Müqəddəs Məryəmlər və Babil fahişələri haqqında danışacağam. Həmçinin ədəbiyyatımızda müqəddəslərin və fahişələrin varlığı haqqında gözdən qaçırılanları ilk dəfə mən yazmalı olacağam. Bu mənim üçün bir uğur, amma 200 illik müasir Azərbaycan ədəbiyyatı üçün isə uğursuzluqdur. Bəlkə ikisi də deyil, indi tam zamanıdır. 

 

Mahnının sözləri belədir:

 

Yanan işıq otağıma daşıyır sənsizliyi

Qoy işığı söndürüm.

Qaranlıq saçların kimi dağılsın yastığıma

Qoy işığı söndürüm.

Sənsiz dünyam tarimardır, dağınıq bir məkandır

Qoy işığı söndürüm.

Ayrılıq harayın olub, çırpınır otağımda

Qoy işığı söndürüm.

 

Sənsizliyim sabahıma bir sirdaş mənim

Sənsizliyim gözlərimdə bir təlaş mənim

Sənsizliyim ümidimə bir yoldaş mənim

Qoy işığı söndürüm.

 

Yanan işıq otağıma daşıyır sənsizliyi -işıq yananda mən sənsizliyimi görürəm. Yoxluğun hiss olunur. Yanan işıq mənim sənsiz olduğumu göstərir, qəlbim sənsiz olduğumun ağrısını hiss edir. Buna görə, icazə ver qoy işığı söndürüm ki, qaranlıq olsun, sənsiz olduğumu unudum. 

 

Qaranlıq saçların kimi dağılsın yastığıma – Qaranlıq yastığıma dağılsın, mənimlə yatsın, işıq, aydınlıqda mən səni xəyal edə bilmirəm. Burada “qoy işığı söndürüm” ifadəsi sevişmədən əvvəl alatoran, qaranlıq atmosfer yaratmaqdır. Çünki insan yalnız qaranlıqda özü ola bilir. İşıq göstərməkdir, qaranlıq gizlətmək. Bu mənada mənim özüm olmağı üçün “qoy işığı söndürüm”. Qaranlığın saçlar kimi dağılması yayılması deməkdir, genişlənməsidir. 

 

Sənsiz dünyam tarimardır, dağınıq bir məkandır – sənsiz mən dağınığam, xaotikəm. Səninlə dünyam nizamlaşır, harmoniya olur. Sənsiz dağılıram, özümü yığa bilmirəm. 

 

Ayrılıq harayın olub, çırpınır otağımda- bu ayrılıq haray, qışqırıq olub çırpınır otağımda, yəni qəlbimdə, vücudumda. Bu bədəndən çıxa bilmir, döyünür qəlbimdə, qəfəsdə olan quş kimi çırpınır. Qoy işığı söndürüm ki, hər şey sənin aydınlığına qarışsın. Bütün sənsizliklər, ayrılıqlar yox olsun qaranlığımda. 

 

Sənsizliyim sabahıma bir sirdaş mənim -sənsizlik mənim üçün sabahımla sirrimi bölüşməyimdir. Sənə aid bir sirri gələcəyimə saxlamaqdır. 

 

Sənsizliyim gözlərimdə bir təlaş mənim -mən sənsiz olanda gözlərim təlaşlıdır, narahatdır, orada-burada səni axtarır. Sənsizlik gözlərimdəki yaşdır, ağlamazdan əvvəl insanın gözlərinin künc-bucağa baxması kimi. Sənsiz mən rahat deyiləm. 

 

Sənsizliyim ümidimə bir yoldaş mənim -sənsizlik ümidimə dostdur, sevgilidir. Nə vaxtsa səninlə birlikdə olacağıma, o sabahkı ümidimə sirrdaş, yoldaşdır. Sənsizlik bir ümiddir, o şeyə ümiddir ki, mən bir də nə vaxtsa səninlə olacağam. Gerçəkdə səndən uzağam deyə xəyali olaraq səninlə olmaq üçün qoy işığı söndürüm. 

 

Müasir Azərbaycan musiqisinin yaradıcısı Aygün Kazımova bu mahnıda heç bir seksual kəlmə işlətmədən seks və tənhalığı harmoniyalaşdırıb. Mahnını dinlədikdə fondakı orqazmik səslərdən bəlli olur ki, bir insanın seksual tənhalığını “seks” sözünü işlətmədən də ifadə etmək olur. Ümumiyyətlə, SSRİ-nin çöküşü təkcə siyasi hadisə deyil, kulturoloji hadisədir həm də. Sanki 70 ilin Apollonu öldü və yerini Dionisosa verdi. 90-cı illərdə oxunan mahnıların bu dərəcədə erotikləşməsi sanki gizlədilmiş bədənin üzə çıxmasıdır. 

 

“Qoy işığı söndürüm” dən çox məna çıxarmaq olar. İşıq ağılı, başı, ilahi, uca olanı göstərir. İşıq kişidir. İşığı söndürmək isə bədəni, torpağı, dişi olanı oyatmaqdır. Qaranlıq burada sevişməyi, görünməyən tərəfi bildirir. İşıqlıqda edə bilmədiklərimizi işıq sönəndə edirik. Biz insanlıq həqiqəti işıqlıqda axtarırıq, əslində isə həqiqət qaranlıqdadır. 

 

Təkcə “Sənsizliyim” mahnısının klipi ilə deyil, “Məhəbbət üçbucağı”, “Şəklimi çək” kliplərindəki siqaret çəkməyi ilə də məşhurdur Aygün Kazımova. 90-cı illərin sonu, 2000-ci illərin dindar Azərbaycanında qadının maşın sürməyi, siqaret çəkməyi, köpüklü vanna görüntüləri nə deməkdir hər azərbaycanlı bilər. Belə deyim, səhraya yağış yağır: sevindiricidir, amma eyni zamanda təəccübləndiricidir. 

 

Qadının yeri patriarxal cəmiyyətlərdə, xüsusi ilə təkallahlı dinlərdə budur: ya Müqəddəs Məryəolacaqsan, ya da Babil fahişəsi. Müqəddəs Məryəm burada ana-bacılarımızı, arvadlarımızı, qızlarımızı təmsil edir. Müqəddəs Məryəm kimi bakirə, başı örtülü, mədəniyyətin qadın ikonası. Heç hiss etmisiniz ki, analarımızın, bacılarımızın, qızlarımızın uşaqları olur, amma bizdə elə təəssürat yaranır ki, onlar cinsi əlaqədə olmayıblar? Məntiqi baxımdan bilirik ki, seks ediblər, amma şüuaraltı bizə deyir ki, onlar Müqəddəs Məryəmdirlər. Həmçinin estradamızda Brillyant Dadaşova, Mətanət İsgəndərli kimi tanınmış müğənnilər də müqəddəs bakirəliyin simvoludurlar.  Babil fahişələri  isə Aygün Kazımova, Röyadır. Vəhşi təbiəti, anti-kulturanı, mədəniyyətdə nizami təmsil edən əxlaq anlayaşının tərsi olanın- “əxlaqsızlığın”, yəni xaotik yaradıcılığın nümunəsidirlər.  

 

Prezident yaradıcı adamları bir yerə yığıb problemləri ilə maraqlananda orada müğənnilər yox idi. Yalnız acından ölən tayfalar vardı: yazıçılar, aktyorlar, rəssamlar. Çünki Azərbaycan musiqisi canlı orqanizm kimidir, öz-özünə böyüyür, dövlət dəstəyinə ehtiyacı yoxdur. Kimlərin sayəsində? Aygün və Röyakimilərin. Adlarına fikir verin, ay və gün (yin və yanq) -təbiətin təcəssümü. Röya isə yuxudur. Röya kimi qadınlar bizim üçün yalnız yuxu ola bilər, Təhminə kimi beşmərtəbəli binanın olmayan altıncı mərtəbəsi. 

 

Faiq Ağayevin “Aldatdı məni” klipinə baxmısınız. Orada qəhrəman evlənəcəyi qadının ona xəyanət etməsini öyrənir. Maşında nifrətlə siqaret çəkə-çəkə evlənəcəyi qadının gəlinlik seçməsinə baxır. Və qadın onu  görür, gülümsəyərək əli ilə salamlayır. Faiq Ağayev nə edir? Froyda görə, fallusu (penis) təmsil edən siqareti nifrətlə qadın tərəfə atır. Yəni sən mənə xəyanət etdiyinə görə, “sik ölüsüsən”. Aygün Kazımovanın bu mahnının klipində siqaret çəkməsi falliksantrizmin göstəricisidir. Qadının siqaret çəkməsi onun şəhvətini və oral seksi göstərir. Bu səbəbdən kişilər siqaret çəkən qadın gördükdə heç vaxt düşünməzlər ki, bu da onun azadlıq seçimidir. O dəqiqə həmin qadının seksə daha asan razılaşan qadın, yaxud bakirə olmadığı, Babil fahişəsi olduğunu şüuraltında özünə inandırır. 

 

Aygündən sonra hansı qadın müğənni kliplərində bu qədər çox siqaret çəkdi? Varmı elə müğənni? Görməmişəm. Siz bir 90-cı illərdəki Azərbaycan qadınlarının geyiminə baxın, Müqəddəs Məryəmdən fərqlənmirlər və bir də Aygün Kazımovanın - Müqəddəs Fahişənin geyiminə baxın. Və sizcə hansı gözəldir?

 

 Babil Fahişəsi evli olmur, hər kişiyə məxsus olur və eyni zamanda, heç bir kişiyə məxsus olmur. Əlbəttə, İsaların, Şvartsların dünyaya gəlməsi üçün Müqəddəs Məryəmlər lazımdır. Amma bir var kimisə doğmaq, bir də var özün-özünü doğmaq. Aygünlər, Röyalar özləri özlərini doğanlardır.  Aygün “Yar yar” mahnısında  nə deyir? “Sən nə etsən də, onsuz da sevəcəyəm. Sən nə etsən də, seviləcəyəm”. Onu demək istəyir ki, sən nə etsən, bu bədən sevəcək, seviləcək, şəhvətin, qeyri-qanuni seksin qarşısını ala bilməyəcəksən. Bədən həmişə ağıla qalib gələcək. 

 

 Bu mənada Azərbaycan ədəbiyyatının Babil fahişələri – Aygün Kazımovları, Röyaları çatışmır. Yalnız indi mən Şopenhauerçi, Froydçu olanın üzə çıxmasıyam. 

 

 Azərbaycan ədəbiyyatının Müqəddəs Məryəmi Ülviyyə Tahirdir heç şübhəsiz. Müqəddəs Məryəm o biri dünyanı, Babil fahişəsi isə bu dünyanı təmsil edir. Ədəbiyyatımızın Babil fahişələri yoxdurmu? Qulağıma uzaqdan pıçıltılar gəlir: Günel Mövlud, Aysel Əlizadə… Yox, yox, məni çaşdırmayın. Unudun, o adları… Hələ onlarda müqəddəslik fahişələşərək sənətkarlıq səviyyəsinə yüksəlməyib. Bədənini gizlədən ruhunu da gizlədir. 

 

09.04.22

 

əllif haqqında

ŞvartsMan (Tamerlan) 1991-ci ildə Bakıda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuşdur (2011-2015). 19 yaşında “Məktub”adlı ilk hekayəsini,  29 yaşında isə ilk romanını –“Məhəbbət üçün ürəkbulanma”nı yazmışdır. Saytlarda “ŞvartsMan” imzası ilə bir çox esselər və hekayələri çap olunmuşdur. Hekayələr: “Ştaynerin evi”, “Əlcəyini çıxarmadın”, “Sukaşnik”, “Üçbucaq”, “Ailə komediyası”, “İyrənc” və s. Esseler: “Mənim üç muşketyorum: Bodler, Niçe və Şirvani”, “Dağıdıcılıqdan yaradıcılığa” , “Ecce homo: Jesus, yoxsa Nietzsche” , “Dronqo və Anti-Dronqo”, “Əsl dinin kitabı olmur” və s. 

 

Müəlliflə əlaqə: 

gschwarzmann@mail.ru 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)