Edebiyyat.az » Ədəbi tənqid » Miri Rəsulzadə - Məhərrəm ayı

Miri Rəsulzadə - Məhərrəm ayı

Miri Rəsulzadə - Məhərrəm ayı
Ədəbi tənqid
admin
Müəllif:
16:46, 10 iyul 2024
644
0
Miri Rəsulzadə - Məhərrəm ayı



Çoxumuz bu adı eşidən kimi yadımıza məhərrəmlik, ağlamaq, qara bağlamaq, toy eləməmək düşür. Əsrlər keçməsinə baxmayaraq bu hadisənin günümüzədək qorunub saxlanması hamını düşündürür. Haqlı olaraq çox adam soruşur. Bizim o hadisədən götürəcəyimiz dərs nədir? 


Bugünkü  insan az qala anadan sualla doğulur. 


Yezid, Hüseyn, şər, xeyir...

Kərbəla, Zeynəb, iradə, hüzn...

Daim istəyən nəfs, ona bəhanələr tapan ağıl, yatmış vicdanlar və s.


Aşuraya məktəb kimi baxsaq görərik ki, bu əzəmətli ay insan şəxsiyyətində bərabərlik yaradan elmi-siyasi-ictimai tədqiqat müəssisədir. Kərbəla həm insan ruhunun güzgüsü, həm də dünyanın ucuz gözləntilərindən sıyrılaraq getməli olduğu ünvana dəqiq çatdıran xəritənin özüdür. Məsələyə ənənəvi yox, başqa pəncərədən baxsaq İmam Hüseynin öz qiyamı ilə içimizdə mövcud olan bütün böyük dəyərlərin və anlayışların surətini çəkdiyinin şahidi olarıq. Tarixin bizə miras qoyduğu bu fədakar müəllimi özümüzə prioritet seçsək, Allahla əlaqəmizi, bir-birimizlə və başqaları ilə peyğəmbərsayağı rəftarı öyrənmiş olarıq. 


Təəssüflə qeyd etmək lazımdır ki, zaman-zaman Aşuranın məfhum və anlayışları təhriflərə uğramış, müxtəlif qəliblərə salınmışdır. Ona çoxlu adət-ənənələr daxil etməklə durğunluq yaratmışıq. Sayəmizdə Kərbəla qiyamı zehinlərdə pas atmış və özünün ali həqiqətləri haqqında insanlarda aydın təsəvvür yarada bilməmişdir.

Düzdür, tarix onsuz da həmişə və hər zaman özünü təzələyir, amma biz buna ümidli olmamalıyıq. Özümüzü suallarla böyütməliyik. 


Görəsən post insan üçün, modern dünya üçün Hüseyni düzmü təqdim edirik?

Aşuranı məsciddən başqa bir yerə daşıya bilmişikmi? Kino üçün, mədəniyyət ocaqları üçün Kərbəla haqqında hazır vəsaitimiz varmı? Görəsən əlimizdə bədii əsər olmaq xüsusiyyətini özündə əks etdirən neçə mətnimiz var? İnsanlarda yaranan çaşqınlığın alt qatında hansı səbəblər dayanır? Ciddi platformalarda diskusiya bacarığı olan necə nəfər tanıyırıq? 


Aşuranın əziz tutmaq, diri saxlamaq bu suallara cavab tapmaqla mümkündür.


İl olub 2024, biz hələ də orta əsr klassik ədəbiyyatımızda yazılan nümunələrə sığınırıq. Dadımıza onlar çatır, onları yazırıq, onları paylaşırıq. Və yeni heç bir şey gətirmirik. Hələ də Füzulinin, Seyid Əzimin qəzəllərində təsəlli tapırıq.


Əzizlər, Kərbəla bizim üçün stimul mənbəyinə çevrilməlidir, motivasiya verməlidir, insanları ruhlandırmaq üçün vasitə olmalıdır.


Kərbəla... Hüzn, müsibət, yoxsa eşqə doğru səfər? 


Gəlin bu dəfə başqa addımlar ataq. İlahi episentrə elə yaxınlaşaq ki, qəlbləri yenidən alovlandıra bilək. Bəzən təşkil elədiyimiz məclislər insanı tərbiyə etmək əvəzinə, ona əzab verən bir işə çevrilir. Hər il bəzi məzhəb təəssübkeşləri ancaq öz xeyirlərinə nəticələnəcək dəlillər axtarır və bundan macəra kimi istifadə edirlər. Bunlar Aşura və onun sahibinin müqəddəs amalına ancaq xələl gətirə bilər.


Aşura əzadarlığının metodları dəyişilməli və yeni dəst-xətt yaranmalıdır. Arzu edirik ki, film, sərgi, teatr və s. kimi vasitələrdən istifadə etməklə xalqın böyük əksəriyyəti arasında sağlam düşüncə formalaşsın və Kərbəla məktəbinə laqeydlik buzları ərisin, insanımızda Hüseynlə yaxından tanışlıq fürsəti yaransın. 


Bunları bacara bilsək, yeni metodlar Aşuranın dərinliyi haqqında camaatda doğru təsəvvür yaratmağı bacaracaq.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)