Fyodor Tütçevdən (1803-1873) şeirlər
* * *
Başını suların üstünə əyib,
Nədir istədiyin, umduğun, söyüd?
Sənin canındakı bu nə həvəsdi –
Olmaya titrəşən yarpaqlarınla
Tutub saxlamaqdı axını qəsdin?
Yapışıb sulardan hər bir yarpağın
Ha tutub saxlasa, ha çırpınsa da
Bircə göz qırpımı dayanmır axın.
Qımışıb üzünə gün işığında
Eləcə durmadan axır ki axır…
* * *
Duyğudan əsər yox gözündə sənin,
Sözündə bir tikə haqdan işartı,
Sinəndə döyünən ürək də deyil.
Sonadək möhkəm ol, ürəyim mənim:
Nə bir yaradan var yaradılışda,
Nə də mənası var yalvarışların!
* * *
Bir dərin hikmətdir hicran, fərqi yox,
Bir gündən az çəksin, yüz ildən artıq:
Sevgi bir yuxudur, yuxu da – bir an.
Yatan nə zamansa ayılmalıdır,
Gec-tez bu yuxudan oyanacaqsan.
* * *
Gün olmur, yad edib ötən çağları
Ürək həzin-həzin inildəməsin.
Axtardığı sözü tapınca barı
Günbəgün sozalıb qəribsəməsin –
Necə ki, bir qərib yurd həsrətlisi
Qovrula-qovrula dərddən, ağrıdan
Bir gün eşidir ki, doğma yurdunu
Dənizin dibinə gömüb dalğalar.
Çevirəni Mahir N. Qarayev