İmarət Cəlilqızı - Hələ özüm yox ikən...
Hələ özüm yox ikən
bu məhəbbət var idi,
göylərdə səyyar idi.
Mən ruhuma qovuşdum
var olduğum bətndə,
Kəşf eylədim özümü
Vətən içrə vətəndə.
Fərq eylədim işığı
qapalıykən gözlərim,
Avazından tanıdım
doğma, şirin sözləri.
Sən məni hey çağırdın,
anamın xoş səsiylə,
Səni ilk dəfə duydum
mən onun nəğməsiylə.
Səbirsizcə gözlədim
ilk görüş günümüzü,
Doğuldum Bu Dünyaya
şaxtalı bir dan üzü.
Dünya minbir rəng imiş,
necə də qəşəng imiş,
Günəş qızıl, Ay gümüş,
ulduzlar çələng imiş.
O, var olan hər şeyin
sirli qalası kimi,
Mən yuvadan ayrılmış
bir quş balası kimi.
Boylandım ürkək-ürkək,
meh oxşadı telimi,
Sərin dodaqlarıyla
şəbnəm öpdü əlimi.
Yağışlara vuruldum,
səpildi incə-incə,
Çiçəklərə sarıldım,
açıldı qönçə-qönçə.
Riqqət dolu bir ürək,
heyrət dolu göz oldum,
Gözüm-könlümdən keçən
hər nə vardı, söz oldu.
Düşdüyüm bu işıqlı,
geniş qucağı sevdim,
dağı, düzü, meşəni,
gülü, yarpağı sevdim,
çayı, gölü, dənizi,
qaynar bulağı sevdim,
mənimlə ülfət quran
dili, dodağı sevdim –
hamısına birlikdə
baqi məskən deyilən,
Ana Vətən deyilən
doğma torpağı sevdim!..