Edebiyyat.az » Poeziya » Yelisaveta Baqryanadan şeirlər

Yelisaveta Baqryanadan şeirlər

Yelisaveta Baqryanadan şeirlər
Poeziya
admin
Müəllif:
18:59, 22 avqust 2024
272
0
Yelisaveta Baqryanadan şeirlər



Mənim nəğməm

Apar məni qayıqçı, apar o yelkəninlə
Qoy yaraq dalğaların sonsuz üfüqlərini.
Elə bil uçur göyə ağ şırımlar səninlə
Uçur qağayılartək önündə şəfəqlərin.

Yetək göy dənizlərə, əlvida bu körfəzə
Öpsün dodaqlarımız dalğaların duzunu
Cənub yelindən coşan yelkəninlə üz-üzə
Ağappaq ilğım kimi üzək sular uzunu.

Dənizdə mən, qayıqçı söylərəm o nəğməni.
Vətənimiz haqqında, özü də lap təzədir.
Adı buludlar kimi üstümə kölgə salan
Nəğməsi bal dadıyan, hər kəlməsi gözəldir.

Hər qız nəğmə oxuyur orda, o zəmilərdə
Oğlanlar da axşamları bağçalarda, bağlarda…
Toylarda oxuyurlar, qışda bütün gecəni.
Analar da dərdini bölüşür ağılarda.

Eh, bizim nəğmələr də çox qəmli- qüssəlidir
Nə sən eşitmisən beləsini, nə də biz
Axı qisməti belə firavan, xürrəm olan
Dərdi dağtək ucalan bir xalq siz görməzsiniz..

Bizim dağların qarı heç yayda da ərimir
Bizim dənizimiz də “Qara Dəniz” adlanır.
Qara dağın zirvəsi əlçatmaz, zəhmlidir.
Bizim qara torpağı göz yaşıyla suvanır.

Götür məni, qayıqçı, yelqanatlı qayığa
Yox, onun avarları qorxutmaz bu suları.
Qoy getsin sonsuzluğa ağşırımlı yolumuz
Qucaqlayaq göylərdə bəyaz qağayıları.


Divanəlik 

Güclü tufan- həyəcanlı əlamət
Bu gecə gör nələr gizlədir hələ
Qovaqlar nə üçün belə çırpınır?
Nədir bu haraylar, dualar, dinlə!

Susub inləyəcək yenə də zülmət
Kiminsə ruhudur, can atır bizə.
Meşə də qorxudur bizi düşməntək
Ulduzlar parlayır gözlərimizə.

Ah, belə gecələr əzabdır dostum!
Dəhşətdir yanğının alovlu gözü
İntihar edəni səsləyir ölüm
Allahım! Gecikir yaman dan üzü…

Xoruzlar nə qədər banlayıb artıq
Külək də fit çalır, titrəyir səsi.
Səs gəlir… ah, atlar… deyəsən batdıq… 
Sanki arxamızca gəlir birisi.

Nə mən şahzadəyəm, nə də sən kral
Nə taxt istəyirik, nə də ki, biz tac
Nə əzab saçırıq, nə də ağrılar
Sirli elmlərə olmadıq möhtac.

Bizə gərək deyil günahkar qanlar
Baxırıq dünyaya nəmli gözlərlə.
Bəlkə də sevgili, duyğulu anlar
Bizə qismət ola doğma üzlərlə..


Həyəcanlı nəğmə

Gəl ey yeni baharım, öz şövqün, həvəsinlə
Əsrarəngizliyinlə təşvişə sal bizləri.
Günəş nə qədər parlaq olsa yenə sirlidi
Mənim nəğməsiz keçən günlərimin izləri…

Ağaclar yelləyəcək parlayan başlarını
Oyadılmış arılar yenə vızıldaşacaq.
Hər çiçək açılacaq, arılarla öpüşüb
Zərli ləçəkləriylə zəmilərə uçacaq.

Bu bayram süfrəsində, bu bayram şənliyində
Hər toxum göyərəcək, hər dənə böyüyəcək
Yaradılmış nə varsa eşqin ənginliyində
Sevgisini bizlərə sağlıqlarla deyəcək.

Doğurdanmı o gündən – günəş doğandan bəri
O vaxtdan – yer üzünə səhər açılan gündən
Bu qırğınlar dayanmır, bitmir döyüş səsləri
Amansız burulğantək yapışıb meşələrdən

Mənim bu duyğularım bir gün sönüb gedəcək.
Zərif zəncirotutək yayılcaq hər yana.
Elə ki, göy gurladı, elə ki, tufan qopdu
Mərmilərin dalınca partlaycaq mərmilər.

Bədəli çox amansız yaşanmış yalanların
Həyat üçün döyüş var, mən hələ döyüşdəyəm
Doğma torpaq, sənintək cismim əsir, fırlanır
Verdiyim nəfəslərim sənə mənim hədiyyəm…


Körpü

Keçmişə aparan, gedən körpülər
Uçub dağılıbdı, geriyə yol yox.
Yerdən göylərdəki buludlaradək
Alovlar ucalır, yanan şəhər çox.

Yer üzü sarsılıb, əldən düşübdü
Uçurum görünür dərindən dərin
Tufan da o qədər güclənibdi ki,
Bəlkə də əcəli olar bizlərin….

Hərlənir çərxi də öləcəklərin
Hərlənir irəli, ah, qayitmırlar.
Alnı ləkəlidir, minlər, milyonlar
Cansız cəsədlərlə döşənib yollar.

O, ucsuz- bucaqsız, çox dəhşətlidir
Amma bir sonu var köpüklər üstdə
Közərmiş lavadan daha zalımdır
Ordan gələcəyə yol dəstə- dəstə…

Onun özülünə minlər, milyonlar
Talelər, könüllər, qəlblər qoyulub.
Ki, o dəhşətlərin üstündən keçsin,
Heç vaxt dağılmasın dibdən yuyulub


Poeziya

Gözlərim səninlə boylanmasaydı
   bu yer üzünə
Zülmətlər içində çaşıb qalardım.
Mənim baxışlarım qanad açaraq
Süzə bilərdimi o göy üzündə?
O zərif, utancaq ləçəklərdə mən
Görə bilərdimmi belə təmtəraq?
Qona bilərdimmi baxışlarımla
Uzaq ulduzların bumbuz səthinə?
Gözlərim gör nələr itirəcəkdi…
Əgər varlığımda sən olmasaydın,
Yetməzdim sirrlərin şirin fəthinə.
Hissimi, duyğumu oyatmasaydın
Sədalar duymazdım lal sükutlarda
Gücümü özümə qaytaran sözü,
Mənlə nəfəs alan, mənlə çağlayan
O sözü könlümdə tapmazdım düzü
Mən duya bilməzdim o yaxın, uzaq
Əbədi göylərdən gələn səsləri
Eşidə bilməzdim qonşu küçədən
Mənə tərəf uçan öz dərdləriylə
O lal harayları, od nəfəsləri.
Ömrüm necə tənha, yoxsul olardı
O ilk gəncliyimdən bu günlərəcən
Hakim olmasaydın mənim qəlbimə,
Əgər ürəyimi ovutmasaydın
Nəğmələrlə sən
Mən də bu həyatda yaşayım deyə
Bütün kədərləri, ayrılıqları
Mən bir yelqanadlı ümidlər kimi
Elə ürəyimdə daşıyım deyə
Zülmət gecələri elədin aydın
Mən hardan tapardım bu gücü, söylə.
Əgər ürəyimdə sən olmasaydın…

Tərcümə: Səhlədar Hidayətoğlu

Mənbə: Avanqard.net



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)