Edebiyyat.az » Poeziya » Vahid Əlifoğludan dörd şeir

Vahid Əlifoğludan dörd şeir

Vahid Əlifoğludan dörd şeir
Poeziya
admin
Müəllif:
20:35, 23 sentyabr 2024
538
0
Vahid Əlifoğludan dörd şeir




NƏ GETMƏYƏ, NƏ QALMAĞA ÜZÜM VAR

Kim çəkibsə bu çevrəni, sözüm yox,
   Ha axtardım, ha fırlandım, izim yox.
   Nə getməyə, nə qalmağa üzüm yox,
   Bir az qal var, bir az öl var içimdə.

   Dağın dibi, yalın dalı nağıldı,
   Gümanlarım it unu tək dağıldı.
   Sularında balıqları boğuldu,
   Kürüsü çürümüş göl var içimdə.

   Nə açarı, nə kilidi hasarın,
   Gor evinə çəkilidi hasarın...
   Bu gördüyün şəkilidi hasarın,
   Arxasına gizli yol var içimdə.

   Çoxdu tez qazanan, gec dolandıran,
   Durmadı qabağa heç, dolandıran...
   Qışda neçə sürü, köç dolandıran,
   Yayda örəniyən çöl var içimdə...

DOĞMA QAPILARDA YAD OLANDA

   ...Hər ağrının üstündə göz yaşı var,

   Selbəsi var, təpiyi var, daşı var.

   Bağlamağa boğazı var, başı var,

   Kim bağlayıb quyruğundan bu iti?



   Nəyi yesin, axı nəyi yalasın,

   Bir kimsə yox üzün tutub ulasın.

   İstəyir ki, quyruğunu bulasın,

   Kim bağlayıb quyruğundan bu iti?



   Qudurduqca bu dünyanın söz iti,

   Qənim olar yiyəsinə öz iti.

   Quyruq var ki, dolandırar yüz iti,

   Kim bağlayıb quyruğundan bu iti...



   ... Zülümmüş zəncirə ad olanda da,

   Doğma qapılarda yad olanda da.

   Quyruqsuz olasan, it olanda da,

   Kim bağlayıb quyruğundan bu iti?..
  

GÜVƏNDİYİM DAĞ QALMADI

... Bu dünyanın nədi dərdi, azarı,

   Ha gözlədim, bağlanmadı bazarı.

   Qazılıymış son gümanın məzarı,

   O da öldü, sağ qalmadı payıza...



   Yaman gündə tapılmadı, dost hanı,

   Çox oxuduq torpaq adlı dastanı.

   Kim əkmişdi yol ağzında bostanı?

   Dərilməmiş tağ qalmadı payıza.



   Söz meyvədi, qulaqlarda xallanıb,

   Sarı yarpaq budaqlarda ballanıb.

   Ağaclar da adamlartək allanıb,

   Duz yandırdı, bağ qalmadı payıza...



   Karıxmışam, ayım, ilim hansıdı,

   Heç bilmirəm dirim, ölüm hansıdı?

   Güvəndiyim hardan bilim hansıdı,

   Qar basmamış dağ qalmadı payıza...


FƏLƏSTİN UŞAQLARI

... Uşaq atasından güclü

   heç kimi bilməz.

   Atalarının

   Bir barmaq qurşun önündə,

   Nə qədər aciz olduğunu

   Öz gözləri ilə gördülər.

   Beşikdən tank olmaz,

   Yüyrükdən təyyarə.

   Gülləyə atılan ilan kimi,

   Qaldılar qıvrıla-qıvrıla,

   Qaynar qumun üstündə-

   Fələstin uşaqları...



   Bu dünyanın şərqində

   Güllələnən uşaqların

   qığıltısı himn deyil,

   Göz yaşları adi sudu,

   İçində bir ovuc duz ərimiş...

   Qışqıra-qışqıra,

   Hıçqıra-hıçqıra,

   Mərmilərin, raketlərin

   "Atdöşündə" qaranəfəs...

   Yerdə qaçanlardan,

   Göydə uçanlardan,

   Kürəyini, sinəsini

   Nişangahda saxlayandan,

   Hər kəsdən, hər şeydən,

   Aman dilər, mərhəmət umar-

   Fələstin uşaqları...



   ... Buşun da nəvələri var,

   Raysın bətni-

   Cəhənnəm dərəsi...

   ... Qərbin baş nazirləri,

   Dəmir nazirləri, daş nazirləri...

   Namussuzluğu, fahişəliyi ilə

   fəxr edən,

   İt nazirləri, quş nazirləri,

   Kişi olsalar da,

   ata deyillər...

   qadın olsalar da,

   ana deyillər...

   ... Cəlladdan törənən də

   cəllad olacaq, vallah...

   La ilahə illəllah...

   ... Nəyə nifrət,

   Kimə lənət?..

   ... Gözlərin görə-görə,

   Ağlın kəsə-kəsə

   Əlac edə bilməyəsən

   Sevdiklərinə, əzizlərinə...



   Bir gün baxırsan ki,

   Öz boy-buxunun

   dar ağacıdı özünə,

   Əllərin də kəndirdi boğazına.

   Və ayaq üstə,

   öz əllərinlə.

   Öz-özünü boğub öldürmüsən,

   Xəbərin də olmayıb...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)