Tərlan Əbilovdan bir şeir
Qaraciyərim 3,5 sm şişib,
anam bilməsin deyə gizlədirəm hər kəsdən,
hər gecə çevrilirəm
içimdəki küt ağrıdan, lal səsdən.
Hər səhər stəkanıma beş qaşıq şəkər tozu salır,
deyirəm, bəsdir, ay ana, "şəkər" tapacağam yoxsa,
"şirin balamsam, şəkər balamsan"-deyir anam,
üzümdə uzaqlara baxa-baxa qocalır...
Sənin nə vecinə harda ölmüşəm,
sinəsi dağlıyam, qapısı bağlı.
"Mən sənsiz ölə də bilmirəm, neynim,"
mən sənsiz qala da bilmirəm, hayıf,
qapımda ağactək qollu-budaqlı.
Baxır uzaqlara üzümdə anam,
atamın adına salavat çəkib.
Bir qadın "ox"lanır başımın üstə,
bədənimdən qopan neçə ad çəkib.
Təbəssüm eləyir üç-beş daş mənə,
qızımın çəkdiyi qəbristanlıqdan.
...Yüz yerdən tikirəm varağa sözü,
tikirəm, sökülür başım üstə dan.
Qayıdır uzaqdan anamın gözü:
-A bala, soyudu çayın, iç, tərpən.
Müharibə kimi bitmir sevgi də
gəzir, gəzir məni canımda qəlpən.
...Mən necə qaytarım onun əlini,
mənə çörək olmaz, yağlı ət olmaz.
Cəhənnəmə olsun bu ömür onsuz,
lap düşüb ölsəm də qiyamət olmaz.
Utanır, utanır soruşmur səni,
düşünür, qəlbimə dəyər, üzülləm.
Büdrəyər ayağım, büdrəyər əlim,
mən sənsiz sürüşsəm...yıxılıb ölləm.
Əzizim bala dağı,
Çəkiblər, qala dağı...
Tanrı oğul öldürür,
bir ömür qala dağı.
Yeyirəm sonuncu tikəmə kimi,
deyir, "sınıxmısan yaman, can bala.
Yatağın çevrilib xarabalığa,
can bala, səni öldürdü
ev dərdi,
çöl dərdi,
iş dərdi.
Gecələr yerində bayquş ulayır,
mən səni bayquş yox, tərlan doğmuşdum.
Səni nə pis vurdu bu qara sevda,
sən eşqə düşəndə hara çıxmışdın?"
Əzizim ana dərdi,
Yar ola, qana dərdi.
İpim üstə oduntək
yığmışam cana dərdi.
Əzizim yaxıb gedər,
Yar yarın yıxıb gedər.
Ölsəm, üstümə gələn
ardımca baxıb gedər...