Edebiyyat.az » Poeziya » Məhəmməd Çalğın - TƏBRİZ

Məhəmməd Çalğın - TƏBRİZ

Məhəmməd Çalğın - TƏBRİZ
Poeziya
admin
Müəllif:
02:12, 28 iyul 2025
73
0
Məhəmməd Çalğın - TƏBRİZ



I.


Hansı alverçin Babəkin qollarını satdı?

Hansı dabbağçın Nəsiminin dərisini aldı?

Hansı nanəcib cərrahın anamın dilini kəsdi?

Bizi Azəri səsləyən dilçinin başına daş düşsün

Sənin kəbinini kəsən mollanın ocağına su calanaydı

Səni tərifləyən aşığın səsi bataydı

Sən öz bacını qısqanarkən quyuya saldın

Sən öz qardaşının, bacı söyüşü eşitməsin deyə, canını aldın.


II.


Uşaqlığım qonşumuzun quzusu ilə böyüdü

Xatirələrimi otlayırdı evimizin böyründə

Bir gün,

Sallaqların quzunun başını kəsdi

Xatirələrimin başını kəsdilər sallaqların.

Bir gün,

Şirin yuxudaydım gecə yarısı

Atamı əlimdən aldın.

Bir gün,

Anam, ayaq yalın qaçırdı çörəyin ardınca qarın üstündə

Qar, anamın ayaqlarından utanırdı

Sən, utanmırdın Təbriz.


III.


Xeyir ola!

Ayna-daraq alırsan

Yaman yetişirsən Gəcilin¹ kəkəli

 qızına

Yenə kimin oğlunu yazıq eləyəcəksən Təbriz?


IV. 


Nə qədər gözəllikdə Yusifə bənzəsən də,

Nə qədər qəmin Yaqubun qəmi qədər olsa da,

Yusifin qardaşları qədər xainsən Təbriz.


V. 


Anam,

Gündüzlər sənə güllü xalçalar toxudu,

Gecələr, ayaqqabı tikdi.

Anamın,

Nə ayaqlarına başmaq geydirdin

Nə məzarının üstünə gül qoydun.

Atam,

Gündüzlər sənə alma dərdi ağacdan,

Gecələr bağ suvardı.

Atamın,

Nə ağzına bir dilim alma qoydun

Nə məzarının başında bir ağac əkdin.

Mən,

Gündüzlər sevdiyim qızları gəlin köçürtdüm yad qapısına,

Gecələr şeirlər yazdım

Mənim...

Mənim ahım səni tutsun Təbriz.


VI.


Bir gün,

İtə çörəyimi verdim

Barmağımın tuşundakı o küçənin başında.

Bir gün,

O qırmızı dağ uçurdu

Dağa kürəyimi verdim.

Bir gün,

Küçəndən keçirdim bir axşam üstü

Mənə bir göz vurdun

Sənə ürəyimi verdim.

İt,

Qapımda çörəyimi qoruyur illərdir.

Dağ,

Arxamda kürəyimi qoruyur illərdir.

İllərdir,

Ürəyimə xəncər soxursan Təbriz.


VII. 


Nə qədər səni İsfahana vermirdilər

Ayrılıq şeiri oxuyurdun hər səhər-axşam.

Nə qədər, Əmirəqız² barışmırdı Tehran ilə

Vətən şeiri oxuyurdun hər səhər-axşam.

Səni İsfahana verəndən sonra...

Əmirəqız Tehran ilə barışandan sonra...

Sənin şairliyinə nə gəldi Təbriz?


VIII.


Hansı  dildə sənə yalvarmalıyıq?

Mahnılarımızı hansı yurda köçürməliyik?

Rəqslərimizdə qollarımız göylərdə qalıb

Şeirlərimizi hansı qəbiristanlıqda basdırmalıyıq?

Bir gün, “İranşəhri”lərin arxamca hürürlər

Deyirəm, qurdun ardınca it hürər, olsun!

Bir gün, satqınların məni küçəndə döyürlər

Deyirəm, igidə yaralı gərək, boş ver!

Hər gün səni illərdir yıxırlar

Yıxılmaq ayıb olmasa da

Yıxılıb yatmaq ölümdür, Təbriz.


IX. 


Haydı!

Buxçanı bağla

Səni “Nobar hamamı”na götürürəm indi.

Keç içəri, ya Allah

Məşhədi Rəcəb səni kisələsin bir.

Oturmuşam hamamın qapısında

Bu şeirin ətəyində oturmuşam.

Yuyundun gəldin?

Afiyət olsun.

Əlimdən tut, qıvraq ol!

Turan xanım bizi qonaq çağırıb





¹. Gəcil: Təbrizdə məşhur məkan adıdır. “Gəcil qapısı” qədim Təbrizin doqquz darvazasından birinin adı imiş. 

². Təbrizdə məşhur məhəllə adıdıdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)