Günel Rəcəbin şeirləri
Rənglər
On dörd gecəlik ay bilir
Yaz yağışının sirrini.
Yeni səhifədən başlayanlar
Bakirə, ağ vərəqlərə
Döşəyər təkliyini.
Ağ divar kağızı
Ağ divan...
Üşütdü ruhumu
Bakirliyin soyuqluğu
İllər sığalladıqca
Bu sevdanın telini
Qısıldı ürəyimə
Ürkək körpələr kimi.
Bürümə məni xəyallarına!
Gerçəyim ol!
Geyinim əynimə.
Şərfim ol!
Rəngbərəng
Təpədən dırnağadək
Bürünüm rənglərinə!
4. 04.2019
Təklik
Təkliyimi gəzdirirəm
Çanta kimi özümlə.
İçində bir az sükut
Bir az da küskünlük var.
Sonuncu sevgidən miras
Xatirələr, sətirlər
Bir də bu kədərli şeirlər…
Məsafələr uzandıqca
Yoxluğun ağır gəlir
Daşımağa gücüm çatmır.
Təkliyim məni əzir.
Qanadımı qıranlar
Öz qanımdan idilər.
Qanadlarım əvəzi
Mənə çanta verdilər…
Boz maddə
Yenə çıxıb getdi küləklər
Tənha qaldı bu şəhər.
Buludlar da gəlincə
Yağışların göz yaşın
İçdi torpaq doyunca.
Yağış yağa bilərmi,
Çətirlər açılınca?
Gecə doğa bilərmi,
Ay Günəşə çatınca?
Həyat eşqin odlayan
Onu elə qaladı,
İki əks tərəfi
Bir-birinə caladı.
Ürəyə qan veribdir
Qırmızıya boyansın
Ağıla boz maddə ki,
Məntiqiylə oynasın...