Edebiyyat.az » Proza » Yusif Yusifzadə - Dostum dəli

Yusif Yusifzadə - Dostum dəli

Yusif Yusifzadə - Dostum dəli
Proza
nemət
Müəllif:
00:20, 22 fevral 2020
1 826
1
Yusif Yusifzadə - Dostum dəli



Yaşadığım qəsəbədən xeyli uzaqdayam. Uşaqlığımı, gəncliyimi, demək olar ki, ömrümü keçirdiyim o balaca qəsəbədə mənə əziz olan, yaddaşımda əbədi kök salan, yüzlərlə hekayə var. Bu gün isə o hekayələrdən birini hamı üçün qələmə almağa qərar vermişəm. Bəlkə də, bu mənim şöhrətpərəstliyimdən, unudulmaq qorxumdan xəbər verir. Axı, mən heç evlənməmişəm də özümdən sonra bir soyad belə qoya bilməyəcəm. Hə, elə mən də hamı kimi şöhrətpərəst və unudulmaqdan qorxan biriyəm. Bunu etiraf etmək mənim üçün çətin deyil.

İndi mənim 76 yaşım var. Əsrin taunundan əziyyət çəkirəm. Xərçəng. Cinsiyyət orqanım artıq kəsilib. Bu prostatvəzi xərçəngi adlanır. Yadımdadır, prostatvəzi xərçəngi babamı da elə mən indi olan yaşlarda haqlamışdı. O zamana kimi mən cəmi iki xərçəng tanıyırdım. Biri uşaqlıq illərində TV-də izlədiyim, ekzotik təbiətli okean sahillərində yanakı yeriyən, qısqaçlı, çəhrayı, suda, quruda yaşayan və dəniz məhsulu kimi sevilən xərçəng. Digəri isə mənim yeniyetməlik və gənclik illərində allah kimi inandığım, astronomiya elminin balaca və özündən məşhur qardaşı olan astrologiyadakı on iki  bürcdən biri olan xərçəng. Babam bu vəbaya düçar olanda əlində sidik kisəsini əvəz edən, ucuna incə uzun şlanq taxılmış o "şeylə" özünün tualet ehtiyacını ödəməsini müşahidə etməyim məni üçüncü xərçənglə tanış etmişdi. Elə mən də son günlərimi babam kimi o "şeyi" daşıyaraq iyodoform qoxusu yayan, ağ xalatlı ölüm mələklərinin olduğu həmişəyaşıl ağaclarla əhatələnmiş onkoloji xəstəxanada keçirirəm. Nə böyük təzaddır?! İçərisində ölümü gözləyən xəstələrlə dolu bu tikilinin həyəti, ölümü qalsın qırağa,töküləcək yarpağı belə olmayan ağaclarla doludur. Əsl həyat, əbədi həyat nişanəsi kimi. Sanki bu ağaclar pəncərədən qaşları, saçları yarpaq kimi tökülüb, öz son qışını keçirən insanlara acıq verir. 

 Məni evə yazmışdılar. Amma son günlərimi evdə keçirmək istəmirəm, qorxuram. Böyüdüyüm evdə ölməkdən qorxuram. Hər küncdəki xatirələrdən,şkafların arxasına yastığımın altına soxuşdurduğum arzulardan, onların qəfil üstümə atılmasından qorxuram. Evdə ölə bilmərəm. 

Evimizdəki ölümüm təxminən belə olardı. Çox sevdiyim ağacları son dəfə görüm deyə yatağımı bacım uşaqları geniş həyətimizə çıxarardılar, yekə- yekə yastıqlarla belimi dikəldərdilər ki, uşaqlıqda yelləncək asdığım,yeniyetməlikdə hər gözəl qızdan aldığım rədd cavablarından sonra özümü asmaq istədiyim, qocalıqda isə özümə bənzətdiyim nəhəng tut ağacının ağalıq etdiyi bostanımıza tamaşa edərək ölə bilim. Həqiqətən bu xoşbəxt bir ölüm olardı. Amma məni başqa bir ölüm gözləyir. O da təxminən belə olacaq. Artıq ximyalar öz gücünü itirəcək, məndən gələn pis qoxu lap da çoxalacaq. Həyətə çıxa bilməyəcəm deyə, bu qoxu bütün palatanı əfsanəvi terakota ordusu kimi ələ keçirəcək. Tibb baciları isə (Onları SSRİ-də şəfqət bacısı adlandırırdılar. Sırf bu adı daşıyan xanımlar sənə xidmət göstərsin deyə yaşamağa dəyər) sanki ciddi bir tibbi araşdırma aparırmışlar kimi ağızlarına masqa taxıb içlərindən ölümümü arzulayaraq, öz Hippokrat andlarına sadiq şəkildə mənə qulluğa davam edəcəklər. Ölümlərimin heç bir fərqi yoxdu. Hər iki səhnədə də ölmüş olacam. 

Bizim evimiz S qəsəbəsinin cənubunda, şəhərə 20 dəqiqəlik məsafədə yerləşirdi. Bu məsafəni tələbə olub şəhərdə təhsil alarkən ölçmüşdüm. Təbii ki, bu məsafə bərasində eşitmişdim,amma özüm hesablayanda artıq yetkin biri kimi hiss edirdim və məhəlləmizdəki "körpələrə" bu barədə məlumat vermək xoşuma gəlirdi. 

- Ay yelbeyin, sənin o draz atan şəhərə öz maşını ilə gedir, ona görə də tez çatır. Bir yerdən başqa yerə olan məsafəni ölçmək üçün ən ibtidai nəqliyyatdan istifade edirlər. Ona görə də dəqiq məsafə mən deyəndir. Çünki mən marşrutla gedib gəlirəm. Bu marşrut kifayət qədər ibtidai bir nəqliyyatdir. 

 Son iki gün dostum barəsində düşünərək keçirdim. Onunla olan hər xatirə yaddaşımda bir-bir təzələndi. Sanki çoxdan tərk edilmiş, əşyalarının üstünə ağ örpəklər salınmış, bir mənzilə kimsə girir, toz basmış örpəkləri bir-bir qaldırıb kənara atır. Budur,kimsə yemək masasının üstündəki örpəyi qaldırdı. Ətrafı toz bürüdü...

-Ana, mən həyətə oynamağa çıxıram. 

 Deyib qaça-qaça çıxdım evdən. İsti, çox isti bir yay günü idi. Lap nənəm demişkən "yalov" yağırdı göydən sanki. Bu yalovların qarşısını ala biləcək nə bir bina, nə də kölgəsində daldalana biləcəyimiz bir ağac olurdu məhəlləmizdə. O zaman məhəlləmizdə evlərin sayı çox az idi. Olsa olsa 5 ev olardı. Bütün göz işlədikcə uzanan mənzərə isə yamyaşıl otlar inşaatdan uzaq düzənliklərlə örtülmuşdu. 

- Dostum, dostum! Səs necə də doğma gəlirdi. O saniyə çevrilib baxdım. Bu o idi. Dostum dəli.

Ayağında rezin çəkələk, əzik üzük qalın köynək,başında gündən yanıb saralmış hansısa seçkidən qalma şüarlı kepka və yaşıla çalan bir həsir kostyum şalvarı. Saqqalsız idi. Əlində də boyunun yarısı qədər bir çomaq, Ona söykənıb çənə döyməkdən beli donqar qalmışdı. Yaşını isə heç cür təxmin eləmək olmurdu. Otuz, otuz beş yaşlarında olduğunu isə kimdənsə eşitmişdim. Dostum bax belə görsənirdi. 

- Haralardasan, Səməd? Tez tök görüm nələr gətirmisən mənim üçün? Top var? Pultlu maşın var? Elə təlaşla, elə arzu ilə soruşurdum ki, hətta səsimın tonunda əmr ahəngi də duyulurdu. Yazıq Səməd isə məni razı salmağa çalışardı. Mən onun dostu idim o mənim yox. 

Səməd S qəsəbəsindəki bir internat evində yaşayırdı. Atası, anası, harada doğulması, S qəsəbəsinə necə gəlməsi barəsində heç bir şey bilmirdik. Bir səhər oyandıqbki , bu dəli məhəllədə öz çomağı ilə gəzir. Qaldığı internat bir cadugərin qəsri kimi idi bizim gözümüzdə. Evimizin arxa tərəfində yamyaşıl şam ağaclarının əhatəsində. Əbədi həyatın nişanəsi olan şam ağacları. 

- Çay ver də mənə. Amma qəndlə yox. O dəfə ki şirin çörəklərdən var? Tez ol, tez qoyunlar dağılışdı. Al bankanı. 

Başımı gətirdiyi oyuncaqlardan, xırda-xuruş əşyalardan qaldırıb ona baxdım. Günəş dərisini necə də qaraldıb. Yandırıb.  Əlimdəki balaca oyuncaq maşını cibimə basıb,əlindəki bankanı alıb evə qaçdım. Elə o da qoyunlarının arxasınca qaçdı. 

Çayı doldurub evdən çıxdım. Heç baxmadım qaynamışdı görəsən? Əsas odu şirin çörəyini aparıram. Bəsidi. Sonra top da alaram ondan. 

- Səməd ay səməd! Gəl, gəl çayını gətirmişəm.

Gəlir. İlahi, bir insanı necə bu qədər məzlum görünümündə yarada bilərsən?! Kirpiklərinə,dırnaqlarına, başındakı adda budda tüklərinə kimi,məzlumdur mənim dostum.

- Sağ ol, sağ ol. Gülə-gülə gözlərindən itaətkarlıq yağaraq,balaca yiyəsiz it kimi baxaraq dedi. Bu itin indi yiyəsi mən idim. 

- Bəs niyə top gətirməmisən? 

Əsl xozeyn ədası ilə dedim:

- Eldar döydü, aldı əlimdən. Çıxartmışdım evdən,amma o qoymadı.

Eldarı tanıyırdım. Səmədə dəli deyirdiksə,Eldara zır dəli deməli idik. 

O internat bu atılmış uşaqların evi idi. Həmən o qəsr! 

 Ora cəmi bir dəfə girə bilmişdim. Çox-çox ürküdücü, bir yanda qoyunlar,inəklər mələşir, bir yanda həqiqi dəlilər səs-küy salır, insan və heyvan səsləri bir-birinə qarışırdı. Yenə də hansısa örtü qaldırılır... 

- A bala nə gəzirsən burda? Geyimindən burdakı ən lazımsız adam təsiri bağışlayırdı. Tövlə qoxusu verirdi. 

- " Səmədin bankası bizim məhəllədə qalıb.Onu gətirmişəm": - dedim.

- Kül olsun elə onun dilənçi başına. Nə qədər deyəcəklər ona ki, daha bu qapıları gəzmə otar gəl. Tövlə qoxusu gələn adam əsəbləşdi. Bankanı da alıb əsəbi-əsəbi məni qəsrdən qovub. Qəsrin içinə doğru addımlayıb gözdən itdi. 

Qoyunlar bu internatın yiyəsinin idi. Elə internatın içində saxlayırdılar onları. Səməd kimi atılmış insanlar da onlara çobanlıq edirdilər. Bəlkə də,elə bu səbəbdən- bu qoyunları pul  almadan, yaz-qış demədən, istidə-boranda örüşə çıxardıqlarına görə S qəsəbəsində bu kimsəsizləri dəli adlandırırdıq.

Səmədin mənə gətirdiyi oyuncaqları da "evlərinə" gələn yardımsevər insanlar gətirirdilər. O yazıq da ordan çıxara bildiklərini qışda böyük  paltosunun, yayda isə qoca dişsiz qarıların ovurdları kimi sallanan   çirkli qara şalvarının ciblərində mənə gətirirdi. Bu qəsrə hər hansısa bir qrup insan fərqi yoxdu, dövlət səviyyəsində, ya da könüllü qruplar olsun təşrif buyuranda,qəsr orta dövr avropasının kübar cəmiyyətlərini keçirdiyi şənliklərin abu-havasına bürünürdü. Bu ziyafətlər S qəsəbəsində əvvəcədən duyulurdu. Ziyafət günlərində yatmış qəsəbəmiz, qəsrdən gələn zurna, saz, nağara səs-küyünə diksinib oyanırdı. Hamının dəli saydığı Səmədgilə həsəd apardığımız, onların yerınə olmaq istədiyimiz yeganə günlər o günlər idi. Mən də bu mərasimlərdən bir gün sonra dostumu, sanki, kəşfiyyatdan qayıdan, vətənə sadiq,xüsusi təyinatlı əsgər yolunu gözləyirmış kimi gözləyirdim. Özü də dostum əliboş gəlmirdi.

 Bu dəfə akkordları sıradan çıxmış qara royalın üstündəki dümağ örpək qaldırılır. Yenə də illərin tozu gözə, buruna dolur, saça qarışır,öskürək səsi köhnə evdə tapança kimi açılır...

Kimlər gəlmişdı? Nə gətirmişdilər? Necə keçdi ? Televiziya gəlmişdi? Elə bil,qeybətcil, artıqçəkili, xalatlı xalaların semiçka çırtlayan ruhları, birləşib bədənimi ələ keçirmişdi.

Müğənnilər,hədiyyələr - hər şey var idi. Bizi televiziyada göstərəcəklər, baxarsan. "Aztv-də şeir də demişəm!"- dedi, Səməd. Necə də həyəcanlı idi. Şənlikdə çalınan mahnılar hələ qulağında idi, deyəsən. Çünki, sümükləri dinc dayanmırdı. Cırıq şalvarından dizləri hər dəfə qatlandıqca, uyğunsuz rəqs nömrələri təkrarlayarkən, qabağa çıxır,tüklü dərisi görsənirdi,amma ayaqları təmiz idi. Onları belə tədbirdən əvvəl yaxşıca çimizdirirdilər. Onlar deyib-gülür, oynayır, kameranın foksuna gülümsəyirdilər. Yazıq dostum. Onun xoşbəxt olduğu anlar, bax, elə bu qədərdi. Çox istəyərdim, uzun-uzadı,sonu görünməyən okeanlar, ənginliklərində qeyb olunan kosmos təsvirlərinə bənzətdim,onun xoşbəxtliyini. Amma təəssüf. Elə bu. Səməd üçün bu xoşbəxtlik kifayət idi. Bundan artığını arzulamazdı. 

Günlər bir-birini əvəz edirdi.Məhləmizdə yeni evlər tikilirdi. Artıq mənim həmyaşıd dostlarım olurdu. Səməd daha məni əvvəlki kimi maraqlandırmırdı. Balaca qəsəbəmiz böyüdükcə diqqət çəkməyə başlamışdı. Bizim küçəyə  gəlib ad vermişdilər. Necə sevinirdik, həm də qürurlu idik, elə bil, yeni doğulan nəvəsinə öz adını vermiş eqoist mühafizəkar babalar idik. Siyahıya da almışdılar bizi. Bu balaca qəsəbə artıq Azərbaycana açılırdı. Qoyun-quzular daha arxa yollardan örüşə gedirdilər.  Səməd getdikcə daha da məzlum görkəm alırdı. Sanki,qoca bir adam görürdüm ona baxanda. Bu dəli qoyunlarla bizim balaca məhlədən keçib, günəşin polad kimi yayındırdığı əllərindəki çirkli bankada çay istəyəndə xoşbəxt idi. İndi isə onsuz da bu yaşına kimi böcək kimi yaşamış Səməd yenə də undulurdu. Arxa məhəllədə bizim əvvəllər unudulduğumuz kimi unudulan dostum o vaxt xoşbəxt idi. Biz xatırlandıqca unudulan dostum, bədbəxtliyə məhkum edilmışdı. 

  Həmyaşıd dostlarım onu ələ salırdı. Mən isə çox qəribə hisslər keçirirdim. Özümü satqın hesab edirdim. Bir azca belini dikəldən kimi daha yuxarılara baxan, aşağıdakıları tapdalayanlara dönmüşdüm. Çox uzatmaq istəmirəm bunları yazmaq mənim üçün yorucudur. Hər hərf nəfəs alır,hər sözdə köksümü ötürür, hər cümlədə həyatımı bitirirəm. Nəhayət,bu da Səmədlə bağlı son xatirəm. Bu dəfə bu kimsəsiz evin, hörümçəklərin yuva saldığı pəncərələri çölə açılır. Undulmuş bu evə illər sonra tərtəmiz hava parlaq günəş şüaları düşür. Ev artıq kimsəsiz deyil..

Qapımız döyülür.

" kimdir?"- soruşuram.

- Açın zəhmət olmasa. 8 saylı internet evindən gəlmişik, sizə bir neçə sual verəcəyik.

Qapını açdıq. Anam və mən qarşımızdakı hündür,gombul, saçları tökülmüş,amma yenə də xoş simalı bir kişini gördük. Əlində balaca bir qeyd dəftərçəsi, göyrəngli bir qələm var idi. Gəldiyi internat evi isə Səmədin yaşadığı qəsr idi. 

- İnternat evindən bir neçə uşağı çıxartmağa məcburuq deyə,- qarşımızdakı müfəttiş görkəmli xoş simalı kişi danışmağa başladı. O səbəbdən ötrü ki, bizə yeni kimsəsiz uşaqlar gətirirlər.Artıq bəzi yaşı ötmüş uşaqları bir müddət saxlaya biləcək könüllü ailələr axtarırıq. Onların sayı çox deyil,cəmi üç nəfərdilər.Eldar, Oktay və Səməd. Qapının ağzındadılar. Çox yox,sadəcə üç ay sizinlə qalacaqlar. Sonra isə sizdən alacağıq.Bunları deyib,- səslədi. 

- Gəlin, keçin içəri görək.

Hər üçü ensiz uzun darvazamızdan növbə ilə içəri keçdilər. Baxın, necə də zirək görsənirlər. Onlar üç ay sizə çox xeyir verə bilərlər.

-  Qoyununuz var? Onları otara bilərlər,buralarda market uzaqdı onlardan birini göndərə bilərsiz.Səslərini də çıxarmazlar. 

Hündür kişi danışmağa davam edirdi. Mən isə düşünürdüm. Səmədi evimizdə görmək istəyirdim? Bu dəlini dostlarımın arasına necə çıxaracaqdım? Axı,uşaqlar onu ələ salırdılar. 

Uşaq fantaziyası ilə çəkdiyim şəkillərdə şəfəqlərinin ucu-bucağı görsənməyən günəş,həmin gün necə də solğun idi. Səməd başını o qədər aşağı əymişdi ki,tökülən saçlarının yandırdığı günəş yeri mərmər kimi parlayırdı. Baxdım, baxdım. Anam xoşagəlimli kişi ilə hələ də danışırdı. Sovetlərdən yenicə ayrılan ölkəmizdə ailələr özlərinə güclə çörək tapıb yarı ac,yarı tox yaşayırdı. Heç kim kasıb stoluna bir əlavə boşqab qoymaq istəməzdi. Dostum bütün söhbət boyu baxışlarını bəzi yerlərində ot, bəzi yerlərində tikan, bəzi yerlərində toyuq zir-zibili olan həyətimizin torpağından qaldırmadı.

Yox, vallah, bizim üçün çox çətin olacaq bir nəfərə baxmaq. Onsuz özümüzün dolanışığı hamıya bəllidir. Yaxşısı budur,siz şəhərə gedəsiniz. Orda münasıb bir ailə tapılar,- anam dedi.

 Səmədgili yola saldıq. Üzümüzə də baxmadı,gedərkən. Günəş batdı,qəsəbəmiz qapqara qaraldı. Bütün gecə boyu gözümə yuxu getmədi. O gündən sonra bir daha Səmədi görmədik. Qəsrin sahibləri, qəsrin zədəganları, yəqin ki, onu uzaq-uzaq yerlərə sürgün etmişdilər. 

Bağışla məni, dostum. Əgər ölmüsənsə, görüşümüzə lap az qalıb. Əgər sağsansa, səni orda gözləyəcəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)