Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - GÖZƏGÖRÜNMƏZLƏR

AZAD QARADƏRƏLİ - GÖZƏGÖRÜNMƏZLƏR

AZAD   QARADƏRƏLİ - GÖZƏGÖRÜNMƏZLƏR
Proza
admin
Müəllif:
20:12, 03 mart 2021
1 187
0
AZAD QARADƏRƏLİ - GÖZƏGÖRÜNMƏZLƏR






 

                                    Hekayə

 

 

 

   Vətən Müharibəsi şəhidi kapitan Elçin İsmayılovun xatirəsinə

 

 

 

 

 

                                                    “Dərviş, gələcək həyatın ölüm anına qədər insana əyan olması –   

                                                      böyük səadət, sərhədsiz işıqdı! İnsanlar bu barədə heç nə bilmirlər. 

                                                      Əgər bilsəydilər, o işığı gecə-gündüz axtarar, onu görməyə 

                                                      çalışardılar ki, ölümlərinnən sonra qayıdacaqları məkanı tanısınlar.  “

                                                                                                        Əziz əd-din ibn Məhəmməd Nəsəfi

 

 

 

 

 

 

            Bura qədim dərviş təkkəsinə oxşayır. Şəhərin tünlüyünnən uzaq, rayonlara gedən yolun üstündə bir məkandır. Aşpazlar da, qulluq edənlər də, hətta qabyuyanlar da kişidir. Spirtli içki və manqal yeməkləri verilmir. (Bu da kafenin sahibinin fəlsəfəsinə görədir: yol üstündə olan yeməkxanaya hər cür adam gələ bilər. Kababların qoxusu imkansızların narahatlığına səbəb olar. İçki isə normal adamı asanlıqla təbi-halınnan çıxardar, yol adamları dava-şavaya ürcah olar.) Ensiz, amma uzunası bir xeyli olan zalda iri odun sobası yanır. Üstündə də saxsı piti qabları vam odda bişməkdə. İçəridən-içəriyə kimidir otaqlar. Amma yox, dəhliz ümumidir, 3, 5, 7... nəfərlik evciklərdə sakitlikdir – bunlar da dərviş hücrələrini xatırladır. 3, 5, 7... də adi rəqəmlər deyil. Təkliyə işarədir sanki. Buranın qonaqları təklərdir. Əgər girişdəki yazıya – ən hündür yerdəki səmənd rəngli mərmərə həkk olunmuş ornamentə diqqətlə baxsanız, orada da TƏK yazıldığını görəsiniz. Qəribədir ki, heç kim buranı öz adıyla deyil, adətən saat beşdən sonra köhnə mersedesiylə təşrif buyuran qoca sahibinin – hamının “General” deyə müraciət etdiyi kişinin ləqəbiylə tanıyır. Deyilənə görə, kafeyə ən çox hərbçilərin, daha çox zabitlərin – yaxınlıqda hərbi hissə var - gəldiyi yer olduğuna görə, sahibinə də “general” ləqəbinin verilməsi buradan qaynaqlanır...

            (Amma daha ağılabatan versiya da söylənir: bu “General” 44 günlük müqəddəs Vətən Müharibəmizə qədər işğalda olan rayonlardan birinnəndir və 1-ci Qarabağ savaşında döyüşüb, bir ayağını da orada itirib – amma yeriyəndə taqqıltısı eşidilməsə, ayağının qobul* olduğunu qəti bilməzsən. Orada, məşhur dəmiryolunun üstündə onun atasının işlətdiyi və Sovet vaxtı deyildiyi kimi bir bufet varmış. O bufetdə də atası dadlı-ləzzətli küftələr, pitilər verərmiş qonaqlarına. Ermənilər onların rayonuna soxulanda həmin bu “General” başına dəstə roplayıb könüllülərdən ibarət batolyon yaradır. Gündüzlər ermənilərlə döyüşər, gecələr də həmin o məşhur bufetdə yığışıb məşvərət edirmişlər. Döyüşçü dostları ona general deyərmişlər. Hətta belə bir əfsanə də gəzir indiyəcən ki, əgər “General”ın  ayağını qəlpə aparmasaydı, düşmən çətin ki, onların rayonunu işğal edə biləydi... Elə o zamannan adı qalıb “General”... Əsl ad-soyadını bəlkə özü də unudub.)

 ----------------------------------------------------------------------------------------------------------------------

*Qobul – yerli ləhcədə ayağa taxılan protezə verilən ad.        

 

             Biz zalda əyləşib çay içirik. Pitinin qoxusu burnumu qıcıqlandırsa da, fikrim qonaqdadır. Hələ ilk görüşümzdən bilirəm ki, onun çox danışan adamnan xoşu gəlmir. Ona görə hərəyə iki armudu stəkan çay içsək də, salam-sağoldan o tərəfə getməmişik. Onu da bilirəm ki, qonağım sualı da özü verir, cavabı da. Zira bu sirli adamı elə dindirməsəm yaxşıdır. Özüyeriyən aparat kimi  haçansa “işə düşsə düşəcək.”

            Odun sobası da bir ayrı sirdir. Elə bil bura bu istini canımıza çəkməyə gəlmişik. 

            “Müharibə başdan-ayağa sirdir. O sirri daha tündləşdirənlərsə, Xüsusi Təyinatlılardır. Əgər Xüsusi Təyinatlı şəhid olub, dəfn olunubsa, üstünnən bir ay, beş ay, lap elə bir il keçənnən sonra xapdan durub gəlsə, heç təəccüblənmə” – deyir və məni də heyrətdə qoyub siqaret yandırır. Mən “nə əcəb siqaret çəkirsiniz, axı sizlər adətən bunnan uzaq olursunuz?” sualını verməyə hazırlaşanda yerə baxıb davam edir: “Bilirəm, siqaret çəkməyim səni təəccübləndirib. Bu müharibədə olduqca qiymətli tələbələrimi itirmişəm. Öz oğlum da içlərində... Gəncliyimdə cəmi bir il çəkib, sonra buraxdığım siqareti də yenidən başlamağıma səbəb onları itirməyim oldu... Hərəsi bir ordu idi... Ruhları şad olsun...”

            Siz onu tanıyırsınız. Xudayar haqqında da o danışmışdı, Cəbrayıldan da yana-yana söz açmışdı, Arəstədən isə öz qızı kimi bəhs etmiş, danışanda ona yaraşmayan tərzdə ufuldamışdı. Adını-soyadını, kimliyini heç mən də düzəməlli bilmirəm. Tələbələri “Baba” deyirmişlər. Məni onunla calaşdıran da tələbəsi imiş. İndi hərbidə yüksək vəzifə tutur – qarın, çovğunun içində vətən torpağını qorumaq vəzivəsi. Yalnız onun xahişinnən sonra mənimlə danışmağa razı oldu. Düzü, bilmirəm ki, “Baba” adıdır, yoxsa gizli ləqəbidir. Ya bəlkə çal saqqalına görə baba deyirlər? Nə bilim? Adam başdan ayağa sirr qoxuyur...

            “Elçin haqqında mən sizə ancaq hamının bilə biləcəyi şeyləri deyə bilərəm. O tutduğu mövqeyə görə nə qədər qaranlığın, görünməzliyin, bilinməzliyin  içərisəndə olsa da, ruhu tamam od idi, işıq idi. O, 300 nəfərin içərisinnən çeçilən 20-likdə olub. Əsasən Türkiyə ordusunun xüsusi təyinatlılarının tipində təlim alırdılar onlar. Yəni NATO standartlarına uyğun... Ali təhsilli zabit idi. Gözüyumulu 30-40 nəfərlik düşmənin üstünə tək gedib, hamısını məhv edib geri qayıda bilənlərdən idi. Ermənicə, rusca, ingiliscə təmiz danışa bilirdi. İndi bunu demək olar: bir neçə dəfə o üzə keçib qayıtmışdı. Elçin gözəgörünməzlərdən idi.”

            Telefonuna zəng gəlir. Çox qısa danışır və “hə”, “hı” eləyib susur. Sonra mənə sarı baxmadan cibinnən bir bloknot çıxardıb baxır və deyir:

            “Bizim uşaqlara – kəşfiyyatçıların içərisində xüsusi adla işarələnmişləri vardı ki, söhbət onlardan gedir - getdikləri əməliyyat, kəşfiyyat səfərləri, təlimlər barədə kimlərəsə danışmaq, hətta ailə üzvlərinə məlumat vermək qadağan idi. Ola bilərdi ki, bizdən biri əməliyyat zamanı şəhid olardı, amma onun harada və necə şəhid olması barədə dəqiqi məlumat verilməzdi. Hətta təltif olunanların siyahısında da onlar olmaya bilərdilər... Olurdular, əslində, sadəcə bunu bir qism adam bilirdi. Mətbuata-filana sızmazdı. Onların varlığı belə sirr idi. Sadəcə bir fakt deyim: əgər Elçin və Elçin kimi kəşfiyyatçılar yola çıxanda atası belə görsə, onu tanıya bilməzdi. Son dərəcə maskirovka olunurdular. Onların rütbəsi olmurdu. Əslində olurdu, amma paqon daşımazdılar. Sadəcə, kod adları vardı.” 

            “Baba” kədərlənsə də, Elçinnən danışdıqca kədəri də yox olur. Sanki diri adamnan danışır.

            “Elçin bir hücumda təkbaşına 23 erməni zabitini məhv etmişdi. O, əfsanə idi. Mən artıq onnan özüm də çəkinirdim, baxmayaraq ki, o və onun kimiləri ustadına qarşı mistik bir şəkildə müti idilər. Ortada prinsip vardı: “öl – öl, qal – qal”!.. Başqa seçənək yox idi... “Çəkinirdim” kəlməsinə, deyəsən bir az aydınlıq gətirməliyəm: o, ustadını, müəllimini ötənlərdən, qabağa gedənlərdən idi. Həyati təcrübə ona mənim öyrətmədiklərimnən də çox şey öyrətmişdi...”

            Mənə sual verməyə imkan vermir. Adam, elə bil ürəkləri oxuya bilir. Ağzımı açmamış sualımı özü səsləndirir:

            “Gördüm gözünüzdəki sualı. Bu, qabaqcadan onlara bildirilmişdi... Ailə onların sirrinin bir faizinnən belə xəbərdar deyildi. Hətta həyat yoldaşları da ərlərinin nə işlə məşqul olduqlarını bilə bilməzdi. Əgər bilsələr, bir nəfərin deyil, bütöv bir heyətin həyatı risk altında olardı... Təbii ki, söhbət bütün Xüsusi Təyinatlılardan getmirdi... Onların içərisində də XÜSUSİLƏR vardı... Elçin onlardan idi...

            Yadımdadır, Elçin bir nəfəri qovmuşdu. Səbəb isə o idi ki, həmin Xüsusi Təyinatlı ezamiyyətdə olanda rəhbərliyə xəbər vermədən evlənmişdi... Bu, qəti qadağan idi. Evlənə bilərsən, lakin o toyda ən azı on nəfər bizdən iştirak edəcəkdi; video çəkilişləri, fotoaparatçı da bizim nəzarətimizdə olmalıydı... Nəzərə alın ki, o toy Aprel döyüşləri ərəfəsində baş tutmuşdu. Dəstə üç gün sonra döyüşə girmişdi, həmin əsgər isə toy ab-havasındaydı...

            Mənə başqa sualınız var?”

            Boğazım qurumuşdu. Nə sual, qardaşım? Beləsi ilə həmsöhbət olmaq nə qədər təhlükəlidirsə, bir o qədər də maraqlıdır.

            “Mən sizin danışdıqlarınızdan nə dərəcədə yararlana bilərəm?” – yenə sualımı gözləmədən gülümsünür:

            “Nə demişəmsə,  hamısınnan... Axı... (Səsi qırılan kimi olur. Baxışlarını mənnən gizlətməyə çalışır – Müəllif.) O indi şəhid olub... Ona görə bəzi sirləri açmaq olar... Bir şey də əlavə edim: Elçin və Elçin kimilər ailəyə, nəsilə, kəndə, rayona deyil, millətə və dövlətə məxsusdurlar... Hə, lap unutmuşdum: Elçin danışırdı ki, ən azı 200 erməni döyüşçüsü öldürüb... O tam bir ordu idi...”

 

                                                                        ***

 

            Həmişə düşünürdüm ki, niyə axı bizdə də Türkiyə, Rusiya, Britaniya kimi olmasın? Dərin dövləti, gizli agentura şəbəkəsi olmayan ölkənin və dövlətin gələcəyi dərin ola bilməz. İkinci, gözəgörünməz “dövlət” mütləq olmalıdır... SSRİ-ni 70 il yaşadan çekistlər olmadımı? Böyük Britaniyanı illərdir ayaqda tutan gizli agentura deyilmi? Osmanlını, sonra indiki Türkiyəni bütün çaxnaşmalardan dərin dövlət qorumadımı?.. Bizdə niyə olmasın?

            “Baba” ilə ikinci söhbətimnəm sonra bir şeyə əmin oldum: arzuladıqlarımnan o da varmış, bu da... Hələ onun dərinliyi də... Çox şükür ki, məni içdən ağrıdan, narahat edən mətləblərdən agah ola bildim. Hərbçi dosta zəng edib təşəkkür edirəm. O da son vaxtlarda yazdığım hekayələrlə tanış olub və öz növbəsində minnətdarlıq edərək bir xeyli xoş söz söyləyib kefimi açdı. Axırda dedi ki, Elçin buralarda – şəhid olduğu yerdə, bu qarlı-çovqunlu havada da bizimlədir. 

            “Anlamadım?” deyəndə ucadan güldü:

            “Biz adımızı da, özümüzü də bu dağlara, bu çöllərə fəda etdik. İndi durduğumuz yüksəklik Füzuli rayonunun ən hündür nöqtəsidir. Bu təpəyə Elçinin adını vermişik – Elçin dağı...” 

 

                                                                        ***

 

            “Şəhid olsam, ağlamayın... Hələ sevinin ki, o məqama ucala bilmişəm” – kəşfiyyatçı kapitan Elçinin sözləridir. Ailəsini, övladlarını doyunca görmək, nazlarını çəkmək nəsibi olmadı. Oğlunun 1-ci sinfə getməsini belə görə bilmədi. Aprel döyüşlərində Elçin və dəstəsi qəhrəmanlıq göstərmiş, düşmənə sarsıdıcı zərbə vurmuşdu. Zira bu barədə də heç yerdə qeydə rast gəlməzsiniz. Onlar özlərinnən sonra iz buraxmırdılar. Hətta Vətən Müharibəsinədə döyüşən qardaşları Nurlan və Elvin də Elçinin harada döyüşdüyünü, nə işlər gördüyünü dəqiq bilmirdilər.

            Elçin amerikalıların təlimlərinə qatılmış, sonra isə Türkiyədə Xüsusi Təyinatlıların “Anadolu Tatbikatı”nda iştirak edərək böyük təcrübə toplamışdı.

            Vətən Müharibəsi Elçinin içində yatmış pələngi oyadır.O, Murovun fəthində elə pələng kimi vuruşur. Tanıyanlar deyirmiş ki, bu zabitin arxasınca irəliləmək hər bir əsgərçün şərəf imiş. Cəbrayılda isə Elçin təkcə dəstəsi ilə düşməni fiziki cəhətdən məhv emir, onlara mənəvi zərbəni də öz əlləri ilə vurur – Cəbrayılda ilk bayrağı o yüksəldir.

            Vətən adlı bir əsgərin dediklərindən:“Biz 44 günlük müharibədə niyə qalib gələ bildik? Bu sualın bir neçə cavabı var. Amma biri dəqiq budur: əvvəllər hücuma keçən əsgərlər qorxmurdular, ona görə   ki, “arxamızda yüksək çinli zabitlərimiz dayanıb” deyirdilər. Bu müharibədə isə məsələ daha fərqliydi. İndi əsgərlər belə deyirdilər: “Biz irəli getməyə qorxmurduq, ona görə ki, önümüzdə, bizdən qabaqda yüksək çinli zabitlərimiz gedirdi. Biri elə Elçin İsmayılov. O əsgərini ardınca aparardı döyüşə.”

            23 yüksək çinli düşmən zabitini təkbaşına məhv edən bu igid döyüşçü Füzuli uğrunda vuruşmalarda qəhrəmancasına şəhid olub. Ucardakı Şəhidlər Xiyabanında uyuyan kapitan Elçin İsmayılovun igidliyi və şücaəti hələ çox-çox illər sonra tam bəlli olacaq. Nədən, bilirsinizmi? Onnan ki, onlar etdiklərini bildirməyən, gördüklərini göstərməyən hər kəsə qapalı, ancaq Vətənə açıq olan Xüsusi Təyinatlılar idilər... Atasının üzünü doyunca görə bilməyən Mübariz belə onun əslində kim olduğunu  doğru dürüs bilməyəcək bəlkə, amma qanına Mübarizlərin ruhu ötürüldüyünnən bir igid kimi böyüyəcək. Bu Vətən torpağı igidlərin ayaq səsləri üçün yadırğamasın deyə...

                                                                                                                        18.02.2021.

 

            

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)